Ürəklərdə yerin var, “Cazibədar
şeytan”...
Bəri
başdan deyim ki, başlıqda dırnağa
alınmış ifadələr adı Azərbaycan voleybol
idmanının salnaməsinə qızıl hərflərlə
həkk edilmiş Oqtay Ağayevə ünvanlanıb və bu,
keçmiş SSRİ yığma komandasının əsas
üzvü olan məşhur soydaşımızın oyunundan
vəcdə gələn pərəstişkarlarının qəlbdən
qopan şirin duyğularının ifadəsidir. Sonradan həmin kəlmələr dillər əzbəri
olacaq. Ölkədən-ölkəyə,
eldən-elə dolaşacaq və dünya şöhrətli
idmançıya olan sonsuz sevginin sinoniminə çevriləcək.
Oqtay Ağayevin 77 yaşı tamamlanır. Əlamətdar
gün ərəfəsində onu bir daha andım, fikirləşdim
ki, böyük voleybol ustası barədə bildiklərimi,
eşitdiklərimi, yazılanları çözələyim,
şahidi olduğum unudulmaz matçlardan aldığım zəngin
təəssüratlarımı oxucularla
bölüşüm. İstədim ki, bu
ötəri, qısa qeydlər Oqtay Ağayevin ad gününə
gül dəməti qismində hədiyyə olsun.
... Oqtay Ağayevin idman zirvəsinə
qalxdığı, yaşayıb fəaliyyət göstərdiyi
o çağlarda Bakımızın özünəməxsus
aurası vardı. Qədim tikililər,
abidələr, qalalar, məhəllələrlə bir
sırada yaradıcı sənətkarlar və
idmançılar arasında da elələri vardı ki, rəmzlərə
çevrilmişdi və bunlarsız gözəl şəhərimizin
tam mənzərəsini bütün çalarları ilə təsəvvür
etmək mümkünsüz idi.
Doğrudan da Bakı anılanda dərhal “arşınmalçı”
Rəşid Behbudov, “Yeddi gözəl”ə həyat verən
Qara Qarayev, təkrarsız cazmen Vaqif Mustafazadə, səsi ilə
bütün planeti məftun edən Müslüm Maqomayev ...
öncə göz önündə dururdu.
Bakı
deyəndə şöhrətli idmançılarımız
İbrahimpaşa və Muxtar Dadaşov qardaşları, sevilən
futbolçularımız Ələkbər Məmmədov,
Anatoli Banişevski də anılırdı. Məhz bu
sırada Oqtay Ağayev xüsusi yer tuturdu.
Tanrı ondan heç nəyi əsirgəməmişdi-hündür
boyu, gözəl qədd-qaməti, cazibəli sifəti ilə
o, min cavanın içində seçilirdi. O çağlarda – şəhərimizin
içində “Torqovı” kimi tanınan Nizami
küçəsində ilin bütün fəsillərində
axşamlar xüsusi qələbəlik olurdu. Səliqə-səhmanlı
gənclər, dəstə-dəstə küçənin o
başından bu başına var-gəl edirdilər. Bakının müxtəlif nöqtələrindən
olan cavanların özlərinə məxsus “dayanacaq sahələri”
vardı. Məsələn, İçərişəhərdən
və ona yaxın olan yerlərdən olanlar “Azərbaycan”
kinoteatrının yanında, “Beşmərtəbə” tərəflərdəkilər
“Fəvvarələr” meydanında, Bayıl uşaqları
“Zoomağaza” qarşısında, Montini (indiki N.Nərimanov
rayonundakı yaşayış sahəsini) təmsil edənlər
Dövlət Bankının yanında “qərarlaşırdılar”...
Beləliklə, bakılı cavanlar vizual olsa
da, bir-birlərini tanıyırdılar. Gəzintiyə
çıxanlar arasında məşhurları da tez-tez
görmək mümkün idi. Onları
hamı ehtiramla salamlayırdı. Voleybolumuzun
canlı əfsanəsi Oqtay Ağayev də salamlananlar
arasında idi. O, bir axşam gəzintisində on dəfə
o baş-bu başa addımlasaydı hər dəfə rəğbət
və sevgi dolu
baxışlarla qarşılaşırdı. Mənim onunla şəxsi
tanışlığım da elə ötən əsrin
qaynar 60-cı illərinin əvvəllərinə təsadüf
edir.
lll
... Azərbaycanın özünəməxsus voleybol ənənələri
vardı. Yeri gəlmişkən yada salım ki, məmləkətimizdə
bu idman növünün təşəkkül tapıb
kütləviləşməsində- həm kişi və həm
də qadın voleybol komandalarımızın o zamankı
SSRİ məkanında möhtəşəm
yarışlardakı misilsiz qələbələrində,
xüsusən milli usta voleybolçu kadrlarımızın
yetişməsində İosif Kiblitski, Samir Şamxalov, Feliks Məmmədov,
Lev Milman kimi görkəmli məşqçilərin əvəzsiz
xidmətləri danılmazdır. Məhz bu adları çəkilən
mütəxəssislərin məqsədyönlü,
dolğun fəaliyyətlərinin nəticəsi idi ki, o
zamankı sovet voleybolçularının parlaq ulduzları –
Q.Qaykova, A.Şirkov, Y.Vengerovski, V.Mixalçuk, V.Teressuk,
V.Vinoqradov və başqaları ilə bir sırada Azərbaycan
voleybolunun yetirmələri – Oqtay Ağayev, İnna Rıskal,
Vera Lantratova kimi dünya şöhrətli oyunçuların
da adları ehtiramla çəkilirdi. Bakının öz
olimpiya çempionları, dünya və SSRİ kubokunun sahibləri olan
voleybolçuları vardı və bu da, əlbəttə, təsadüfi
deyildi. İftixarla deyə bilərəm ki, Azərbaycan
o zamankı SSRİ məkanında ən güclü
yığma komandaya, “Burevestnik”, “Neftçi” kimi çox
qüvvətli voleybol klublarına malik idi.
Əlbəttə, bir idman növü kimi voleybol o qədər
də qədim tarixə malik deyil. Buna baxmayaraq XX əsrdə “vətəndaşlıq
hüququ” qazanan voleybol az zaman içərisində Azərbaycanda
geniş yayılaraq
sürətlə inkişaf etdi. Dünyanın
bir sıra kütləvi informasiya vasitələri Oqtay
Ağayevi Azərbaycan voleybolunun kralı, İnna
Rıskalı isə qadın voleybolunun “Pelesi” kimi səciyyələndirmişdi.
SSRİ voleybol
yığmasının üzvü, iki dəfə
olimpiya çempionu Georgi Mondrolevski Oqtay Ağayevi “voleybolda
bütöv bir əfsanə” kimi səciyyələndirməkdə
haqlıydı. Onun yeniyetmə çağlarından
tutmuş SSRİ yığma komandasındakı misilsiz
çıxışlarını birər-birər
araşdırsaq, həmin fikrin doğruluğu bir daha təsdiqlənir.
Oqtay da bir çox həmyaşıdı kimi idman aləminə
futbol oynamaqla gəlmişdi. Məsələ
burasındadır ki, futbol digər kollektiv idman növləri
ilə müqayisədə daha kütləvi hal
daşıyır. Vaxtı ilə Bakıda da
küçə futbolu mövcud idi və orta məktəblərin
həyətində, bağça-bağlardakı sahələrdə,
məhəllələrdə səhərdən axşamadək
top qovan uşaqlar gözə dəyirdi. Əgər
bir qədər diqqət etsək, aydınlaşar ki, Azərbaycanda
ən məşhur futbolçular elə küçələrdə
“kəşf olunaraq” böyük idmana gəliblər.
Beləliklə,
bir gün o, yenə məhəllə uşaqları ilə
küçədə “top qovanda” tanımadığı bir adam Oqtaya yaxınlaşdı. Onunla
xeyli söhbət elədi, yenyetiməni inandırdı ki,
boyuna, qamətinə görə voleybolla məşğul olsa
daha faydalı nəticə verər. Və
Oqtayı aparıb voleybol bölməsinə yazdırdı.
Həmin məqamda futbolçu dostlarından heç biri zənn
etməzdi ki, qısa müddət keçəcək və
Oqtay Ağayev özünün tükənməz enerjisi,
misilsiz oyunu, böyük istedadı ilə dünya
şöhrətli idmançıların sırasına
yüksələcək.
Voleybol – ağır zəhmət, mütəmadi məşq,
universallıq tələb edir və yalnız bu zəhmətə
qatlaşanlar arzularına çatırlar. Oqtay Ağayev
yüksək idman zirvəsinə beləcə
qalxmışdı.
Rəhmətlik atam voleybol azarkeşi idi. Bakının
“Burevestnik” komandası SSRİ çempionatının növbəti
turunda Tbilisidən olan həmklubları ilə
görüşürdü. Oyun Respublika
stadionunun idman salonunda keçirilirdi. Atamla
həmin oyunu izləyən tamaşaçılar
arasındaydıq. Bakı komandası rəqibindən
xeyli güclü olsa da, yarış çox gərgin idi.
Tbilisililərin heyətində Vaya Kacarava kimi
çox güclü oyunçu vardı və o, bütün
gücünü ortaya qoymuşdu. Hesab
arasındakı fərqlər tez-tez dəyişirdi. Ancaq azarkeşlərin, hətta qonaqların belə əsas
diqqəti Oqtay Ağayev “möcüzəsinə” yönəlmişdi.
İlahi, həmin oyunda o, nələr etmədi?
Akrobatik tullanışlarla topa yiyələnmək,
ən çətin vəziyyətlərdə belə topu həmkarına
dəqiq ötürmək bacarığı, xüsusən qəbul
etdiyi topa güclü zərbələrilə tbilisililəri
elə çaş-baş salırdı ki, rəqiblər nə
edəcəklərini bilmirdilər. Meydanda
sanki əsl dramatik tamaşa göstərilirdi. Oyun 3:0 hesabı ilə həmyerlilərimizin xeyrinə
başa çatdı. Bu məqamda
gürcü voleybolçular, onların məşqçiləri
ənənəvi olaraq rəqib komanda üzvlərinə əl
verib təbriklərini yetirdilər. Oqtay Ağayevi isə
dövrəyə alıb fantastik oyununa görə xüsusi minnətdarlıqlarını
bildirdilər. Qonaqların məşqçisi isə öz
yetirmələrinə ürək-dirək verərək dedi:
“Uşaqlar, dilxor olmayın. Siz öz
bacarığınızı ortaya qoydunuz. Ancaq nə edək, Oqtay Ağayevlə bacarmaq
mümkün deyildi”. Bu, 1957-ci ildə baş tutmuşdu. Artıq həmin dövrə qədər Azərbaycan
komandası 1955-ci ildə SSRİ birinciliyində ilk dəfə
olaraq yüksək yerlərdən birində 5-ci pillədə
qərar tutmuşdu. Yarış indiki
Sankt-Peterburq şəhərində təşkil olunmuşdu.
Elə bundan sonra
Azərbaycan voleybol komandası barədə
yüksək fikirlər söyləyir, ayrı-ayrı
idmançıların ustalığını dəyərləndirir,
Oqtay Ağayevi isə xüsusilə qeyd edirdilər. Məşhur “Sovetski sport” qəzeti komandamıza
bütöv bir səhifə həsr etmişdi. Ümumi
başlıqda isə yazılmışdı: “Afərin, azərbaycanlılar!”
1957-ci ildə isə SSRİ Kuboku uğrunda gərgin
yarışlar keçirildi. Bax, elə bu zaman
İosif Kiblitskinin rəhbərliyi altında Azərbaycan
voleybolunun gücü özünü göstərdi.
Oqtay Ağayevlə bir sırada Anatoli Makaqonov, Yaşar Abbasov,
Roman Eydelman, Qennadi Rudnov, Xəyyam Zülfüqarov, Həsən
Ələkbərov, Tofiq Kazımov, Fazil Rzayev və
başqaları misilsiz ustalıq və əla texnika ilə
meydanda əsl möcüzələrə imza atdılar. Hər
bir top uğrunda amansız mübarizə aparan komandamız
özünün temperamenti, şücaəti, dəqiqliyi,
böyük ruh yüksəkliyi, fiziki hazırlığı,
çevikliyi ilə fərqlənirdi. Artıq
bakılı idmançıların qarşısını
almaq mümkün deyildi. “Azərbaycan qartalları”
(“Komsomolski pravda” qəzetinin yazdığı kimi) dağ zirvəsinə
qalxmaqda idilər. Bir sözlə, SSRİ Kuboku
Bakıya gətirildi. Şəhərimiz
bayram büsatına bürünmüşdü, bütün
şəhər sakinlərinin, xüsusən də voleybol
azarkeşlərinin sevincinin həddi-hüdudu yox idi.
Qəhrəmanları doğma şəhərdə təntənə
ilə qarşıladılar. O.Ağayev fenomeni
haqqında geniş dairədə söhbətlər getdi.
Yığma komanda tərkibində o,
dünyanın ən möhtəşəm idman salonlarında
çıxışları ilə saysız-hesabsız pərəstişkarın
qəlbini ovsunladı. 1958-ci ildə Avropa birinciliyinin
mükafatçısı oldu, bir il sonra isə üç dəfə
dalbadal qeyri-rəsmi dünya çempionatında fəxri kürsünün ən
yüksək pilləsinə qalxdı. Oqtay turnirin ən
yaxşı müdafiəçisi adına
layiq görüldü. Xüsusi mükafatlar
aldı. Elə Parisdəcə qəzetlərdən
biri bu yaraşıqlı voleybolçuya həsr etdiyi məqaləsində
ona “Cazibədar şeytan” adını vermişdi. Rusiya mətbuatında isə o, “Krasavets Oqtay” – deyə
tez-tez anılırdı.
Oqtay
Ağayev SSRİ yığma komandası tərkibində
dünyanın 20-dən çox ölkəsindəki
yarış meydanlarında möcüzələrə
imza atıb. Hər yerdə də bir
idmançı, bir azərbaycanlı olaraq Vətəninin
imicini, şöhrətini ucaltmağa çalışıb.
Dünya şöhrətli bu voleybolçu
karyerasını başa vuran məqama qədər
saysız-hesabsız mükafatlara, ödüllərə,
diplomlara, ən yüksək fəxri adlara layiq
görülüb. Onun bir sıra xarici ölkələrdəki
məşqçilik fəaliyyəti də məhsuldar və
təqdirəlayiq olub. Doğma Azərbaycanda bu idman
növünün tərəqqisi naminə də bir pedaqoq kimi
o, az iş görməyib. Ali
məktəblərdə uzun müddətdir dərs deyir.
Əməkdar idman ustası, əməkdar məşqçi,
“Şöhrət” ordenli bu böyük idmançı,
professor Oqtay Ağayev hazırda Azərbaycan İdman
Akademiyasında fakültə dekanıdır.
Xalqımızın
fəxri, dünya voleybolunun parlaq ulduzlarından biri, Azərbaycan
voleybolunun canlı əfsanəsi, “Cazibədar şeytan” ləqəbli
Oqtay 77 yaşında da şux görkəmini saxlayıb. Onunla hər bir görüş şəxsən məni
voleybol meydançalarındakı o unudulmaz məqamlara
qovuşdurur. Bunun üçün də
Oqtaya çox minnətdaram.
Fazil Rəhmanzadə
525-ci qəzet.- 2013.-
8 fevral.- S.8.