“Din tolerantlıq, qarşılıqlı
ehtiram gündəlik həyat tərzimizdir”
HACI MİRƏZİZ SEYİDZADƏ:
“TOLERANTLIQ DÖVLƏTÇİLİYİ MÖHKƏMLƏNDİRƏN
XALQIN BİRLİYİNİ VƏ SIRALARININ SARSILMAZLIĞINI TƏMİN
EDƏN AMİLLƏRDƏN BİRİDİR”
Dini tolerantlıq baxımından ölkəmizin örnək
olduğunu söyləsək, heç də yanılmarıq. Həqiqətən
də Azərbaycan bir çox digər sahələrdə
olduğu kimi, dini tolerantlıq baxımından da nümunəvi
ölkələr sırasındadır. Bunu
tez-tez ölkəmizə təşrif buyurun nüfuzlu qonaqlar
da təsdiqləyərək, Azərbaycandakı dini
tolerantlıq, dinlərarası münasibətlərlə
bağlı xoş sözlər söyləyirlər. Qafqaz Müsəlmanları İdarəsinin Fətva
şöbəsinin müdiri, qazi Hacı Mirəziz Seyidzadə
ilə söhbətimizi də bu mövzuda qurduq.
– Ölkədə
mövcud dini tolerantlıq mühitini, dinlərarası
münasibətləri necə qiymətləndirirsiniz?
– Hər
şeydən əvvəl qeyd edim ki, haqqı deməyin
özü çox gözəldir. Peyğəmbərimizin
çox yaxşı bir kəlamı var: “Çətinlikdə
haqq sözün demək özü bir qəhrəmanlıqdır”.
O mənada bu gün görülən işlər göz
qabağındadır. Sovet dövrü ilə
indiki dövrü müqayisə etdikdə biz gərək
Allaha şükr edək. O dövrdə bizi “qapı
arxasında saxlayıb”, həddindən artıq çox
incidib, təqib ediblər. Bu gün biz müstəqilik.
Hazırda yuxarıda sadalanan heç bir çətinlikləri
yaşamırıq. Məscidlərimiz, mədrəsələrimiz,
məktəblərimiz, digər dini ocaqlar var. Bakı İslam
Universiteti, onun şöbələri fəaliyyət göstərir.
Bu, böyük bir azadlıqdır. Vaxt var idi, müqəddəs Quranı köynəyimizin
içində gizlədib samanlıqda dərs keçir, səhəri
isə məktəbə gedərdik. Nə
qədər böyük fərq var. İndiki zaman, şərait
çox gözəldir. Ata-babalarımız
belə bir zamanı görmədən, həsrətlə bu
dünyadan köçdülər.
Ölkə rəhbərliyinin yürütdüyü
siyasət nəticəsində insanlar vicdan azadlığı
əldə ediblər – məscidlərimiz açıqdır,
ibadət yerlərinə getmək üçün heç
bir problem yoxdur. Hazırda təkcə İslam dini deyil,
ölkəmizdə ümumiyyətlə dini durumla
bağlı heç bir problem mövcud deyil. Bu gün bizim əqidəmizə həbs qoyulmur.
Bütün vətəndaşlarımız dini
ayinləri açıq şəkildə yerinə yetirir.
Azərbaycanda olan tolerant mühit hazırda
dünya ölkələrinin əksəriyyətində
mövcud deyil. Bu isə Azərbaycanın
dini, milli və irqi ayrıseçkilik məsələlərinə
nə dərəcədə həssas yanaşmasının
nümunəsidir. Tarix boyu din cəmiyyətin
rifahının və sabitliyinin yeganə qarantı olub. Etnik və dini cəhətdən rəngarəng
dövlət olan ölkəmizdə əsrlər boyu azərbaycanlılarla
yanaşı, müxtəlif başqa millətlərin
nümayəndələri də bərabər şəkildə
yaşayıb. Onlar bu gün müstəqil
Azərbaycanın bərabərhüquqlu vətəndaşlarıdır.
Müxtəlif konfessiyaların nümayəndələri
arasında əlaqələr həmişə dostluq
münasibətləri səviyyəsində mövcud olaraq,
tolerantlıq ənənələri ictimai şüurda
möhkəm bərqərar olub.
Azərbaycanda
müxtəlif millətlərin və dinlərin nümayəndələrinin
bir ailə kimi yaşadığı faktını heç kəs
dana bilməz. Sözügedən
məqam ölkəmizin inkişafı üçün
çox mühüm bir amildir. Bu, bir tərəfdən
insanların ürəyindən gələn bir duyğu, bir tələbdirsə,
digər tərəfdən din xadimlərinin fəaliyyətidir
və əlbəttə ki, dövlət siyasətidir. Azərbaycanın hansı istiqamətdə
inkişaf edəcəyi məhz bu üç əsas amildən
asılıdır. Tolerantlıq dövlətçiliyi
möhkəmləndirən, xalqın birliyini və
sıralarının sarsılmazlığını təmin
edən amildir. Təbii ki, tolerantlıq
bizim milli sərvətimizdir və bu, düşmənlərimizi
rahatsız edir. Borcumuz bu sərvəti var
qüvvəmizlə qorumaq, aramıza nifaq toxumu səpmək
istəyənlərin qarşısını hər vəchlə
almaqdır.
– İslam dinində dini tolerantlıqla bağlı
yanaşma necədir? Eləcə də ölkəmizdəki
dini tolerantlığın tarixi ilə bağlı nə deyə
bilərsiz?
– Əslində müxtəlif mədəniyyətlərin
bir arada olmasını uca Yaradanımız özü istəyib. Hesab edirəm
ki, Azərbaycan bir çox millətlərin və dini
konfessiyaların dinc yanaşı yaşamasının unikal
nümunəsidir. Bu ənənənin
kökləri tarixin dərinliklərinə gedib
çıxır. Hələ
eramızın birinci yüzilliyinin ortalarında
xristianlığın ilk ardıcılları Azərbaycana pənah
gətirərək, sonradan burada yaranan Alban kilsəsinin əsasını
qoyublar. İslamın Azərbaycana gəlişi
ilə dini dözümlülük ənənələri daha
da möhkəmlənmiş və müsəlman
tolerantlığının əsasını Qurani-Kərimin
surə və ayələri təşkil edir. Qurani-Kərimin
Əl-Hücurat surəsinin 13-cü ayəsində buyurulur:
“Ey insanlar! Biz sizi bir kişi və bir
qadından (Adəm və Həvvadan) yaratdıq. Sonra
bir-birinizlə tanış olasınız
(kimliyinizi biləsiniz) deyə, sizi (ayrı-ayrı) xalqlar və
qəbilələr etdik. Allah yanında ən
hörmətli olanınız, Allahdan ən çox
qorxanınızdır. (Pis əməllərdən ən
çox çəkinəninzdir) Həqiqətən
Allah (hər şeyi) biləndir, (hər şeydən) xəbərdardır”.
Sovet rejiminin dağılması regionda dini
dözümlülük ənənələri
üçün əsl sınağa çevrildi. Bu proseslərin
nəticəsində keçmiş müttəfiq
respublikaların xalqları müstəqilliklə
yanaşı, əsl dini etiqad azadlığı da əldə
etdilər. Bəzi dövlətlər bu azadlıqdan
başqaları üçün təxribat məqsədilə
istifadə edərək guya Azərbaycandan “İslam təhlükəsi”nin gözlənildiyini bəyan edirdilər. Şübhəsiz ki, belə hərəkətlər
dinlərarası dialoqun möhkəmlənməsinə xidmət
etmirdi. Lakin bu hadisələr
respublikadakı dini konfessiyalar arasında olan münasibətlərə
həlledici mənfi təsir göstərə bilmədi.
Azərbaycan ərazisində yaşayan çoxsaylı
etnik və dini qruplar arasında möhkəm əlaqələrin
formalaşmasında onların tale ümumiliyi amili də
böyük rol oynadı. Tarix boyu Azərbaycanda
yaşayan xalqlar dəfələrlə qüdrətli dövlətlərdən
asılı vəziyyətə düşmüş və yaranmış
şərait onları, dünya görüşlərindəki
fərqlərə baxmayaraq, biri digərinə
yaxınlaşmağa vadar edərək, bir-biri ilə
yaxın ünsiyyətdə olub.
Bu, bir həqiqətdir ki, dünyanın üzləşdiyi
bütün problemlərin kökündə mənəvi dəyərlərin
böhranı durur. Unutmaq ölmaz ki, Allahın
yaratdığı ən böyük dəyər insan həyatıdırsa,
onun xilası tolerantlıqdan – müxtəlif millət və
dinlərə mənsub insanların qarşılıqlı
anlaşma və ehtiramından keçir. Ümummilli
lider Heydər Əliyevin də İslam dini haqqında
maraqlı fikirləri var idi. O, belə deyirdi:
“Quranı-Kərimin bütün kəlamları bu gün Azərbaycanda
Allahın yolu ilə getməyimiz üçün məşəldir.
Qurani-Şərifin bizə verdiyi tövsiyələr,
dərs, göstərdiyi yollar paklığa, düzlüyə,
doğruluğa, sədaqətə, qəhrəmanlığa,
cəsarətə, cəsurluğa dəvət edən tələblərdir,
tövsiyələrdir”. Heydər Əliyev
dinin, xüsusən də İslamın inkişafına
çalışan şəxsiyyət idi. Onun dini-mənəvi
dəyərlərə qayğısı bu gün də hiss
olunmaqdadır.
– Mərhum
Prezident Heydər Əliyev də dini və milli dəyərlərin
qorunub-saxlanması üçün mühüm addımlar
atıb...
– Həqiqətən
də Azərbaycan dövlət müstəqilliyini bərpa
etdikdən sonra ölkəmizdə bütün azadlıqlar
yaradıldı, o cümlədən vicdan azadlığı,
dini azadlıqlar. Müstəqillik dövründə
ölkəmizdə mindən çox məscid tikildi, yüzlərlə
tarixi, dini abidələrimiz bərpa edildi.
Ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlişindən
sonra bu münasibətlər daha da yaxşılaşmağa
başladı.
Dözümlülük ruhunun qorunub
saxlanılmasında müsəlman ruhanilərinin də
danılmaz xidmətləri oldu. “Azərbaycanda
dövlət-din münasibətləri modeli çərçivəsində
bütün dini konfessiyalar qanun qarşısında bərabərdir
və eyni statusa malikdir” prinsipi xalqlar arasında səmimiyyət
yaratmağa səbəb oldu. Ölkə vətəndaşlarının
əksəriyyətini təşkil edən müsəlmanların
hüquqlarının təmin olunması ilə yanaşı,
dövlət respublikada mövcud olan digər dinlərə də
qayğı göstərməyə başladı.
Azərbaycanda
səfərdə olan Moskvanın və bütün
Rusiyanın Patriarxı II Aleksiy 27 may 2001-ci il
tarixdə ölkəmizdəki Rus Provoslav kilsəsini müqəddəs
elan edərək, ona baş kafedral kilsə statusu verdi. Açılış mərasimində ulu öndərimiz
Heydər Əliyev, hökumət üzvləri, səfirliklərin
nümayəndələri və dini icmaların
başçıları iştirak etdi. 1999-2001-ci
illərdə paytaxtda digər pravoslav məbədi – Müqəddəs
Məryamın Miladı Baş Kilsəsi də bərpa olundu.
Bu gün katolik icmasında Vatikanın təyin
etdiyi iki keşiş xidmət göstərir. Respublikanın paytaxtında layihəsi Vatikan ilə
razılaşdırılan katolik kilsə inşa olunub. Ölkəmizdə qədim ənənələrə
malik olan yəhudi icmasının mədəni irsi də Azərbaycan
hökumətinin qayğısı ilə əhatə olunur.
Ümummilli lider Heydər Əliyev 15 noyabr 1998-ci il tarixdə yəhudi icmaların rəhbərləri
ilə keçirilən görüşdə bunu söylədi:
“Respublikada yəhudilərlə bağlı xoşagəlməz
hadisələr baş vermir və biz onların yaranmasına
heç vaxt imkan verməyəcəyik”. 2000-ci
ilin sonunda isə dağ yəhudiləri dini icmasının sədri
Semyon İxiilov “Şöhrət” ordeni ilə təltif olundu.
Azərbaycanda
əsasını Heydər Əliyevin qoyduğu bir ənənədə
mövcuddur – hər il Ramazanın iftar mərasimində
Azərbaycanda mövcud ənənəvi dini icmalar bir araya gəlir
və dövlət başçısı ilə bir süfrə
arxasında otururlar.
Dinin tolerantlıq, qarşılıqlı ehtiram bizim
gündəlik həyat tərzimizdir. Tolerantlıq mədəniyyətdir.
Ulu öndər hələ 1992-ci ildə Təzə Pir məscidində
bir tədbir zamanı bu sözləri söylədi: “Müsəlmanlarla
yanaşı, başqa dinlərə mənsub olan vətəndaşların
da yaşadığı çoxmillətli Azərbaycan
müstəqil, demokratiya prinsiplərinə mənsub olan bir
dövlət kimi bütün millətlərə dilindən,
dinindən, irqindən, siyasi mənsubiyyətindən
asılı olmayaraq azadlıq, hürriyyət imkanları
verir”. Onun bütün sonrakı addımlar bu
sözlərin təsdiqi oldu.
Azərbaycanda sovet hakimiyyətinin qurulmasına qədər
Quba rayonunun “Krasnaya sloboda” qəsəbəsində 11 sinaqoq
var idi. Sovet dövründə onlardan yalnız biri fəaliyyət
göstərirdi. 1996-cı ildən sonra
dövlət tərəfindən daha iki sinaqoq
qaytarıldı. 2001-ci ilin oktyabr ayında
Azərbaycanın hökumət nümayəndələri və
dünyanın bir çox ölkələrindən gələn
qonaqların iştirakı ilə ikimərtəbəli,
altıgümbəzli sinaqoqun bərpasına həsr
olunmuş təntənəli mərasim keçirildi. Məhz bütün bunlar ulu öndərin bu sahədə
göstərdiyi xidmətlərin, həyata keçirdiyi tədbirlərin
bir hissəsi, eləcə də onun dini tolerantlığa necə
qiymət verməsinin nümunəsi idi.
(Ardı var)
Aqil LƏTİFOV
525-ci qəzet.- 2013.-
8 fevral.- S.6.