Yaradıcılıq aləminin sənət fütuhatları

 

Milli mədəniyyət hər bir xalqın bəşər sivlizasiyasına özünütəqdim imkanlarından biridir.  Bu baxımdan Azərbaycan  xalqı böyük   mənəvi-yaradıcılıq potensialına malikdir. Azərbaycan mədəniyyəti bəşər tarixi  qədər qədimdir. Azərbaycan  ərazisində hər bir daşda yaddaşımız əbədiləşib. Mədəniyyət bir sənətkar əməlindən daha çox, bir daş yaddaşı, qan yaddaşı, gen yaddaşı, vətəndaş yaddaşı və ağrı yaddaşıdır. Ona görə də mədəniyyətlə bir  predmet kimi rəftar etmək olmaz.  Azərbaycan mədəniyyətinin və incəsənətinin son bir qərinədə məhz bu yaddaşların ən ülvi sərvəti kimi yaşadan, yaradan, tədqiq, təbliğ və tədris edən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 yaşı tamam olur. 1987-ci ildən üzü bəri bu  unikal təhsil ocağına rəhbərlik edən filologiya elmləri doktoru, professor Timuçin Əfəndiyevin “Mədəniyyət və İncəsənət Məbədgahı” (Bakı, 2013) kitabında bu ali məktəbin yaranması, inkişaf yolu, fakültələri, təlim, tədris və yaradıcılıq strukturları barəsində ətraflı məlumat verilir,  onların fəaliyyət istiqamətləri qeyd olunur. Mədəniyyət və  incəsənətimizin müxtəlif sahələrini əhatə edən 8 hissədən ibarət bu fundamental  kitabı oxuyub başa  çıxır və hiss edirsən ki, uzun illər  kollektivə rəhbərlik etmiş müəllif onu böyük məhəbbətlə təsvir etmiş, sanki heç bu dünyaya – ətraf aləmə dəxli olmayan qeyri-adi  yaradıcılıq dünyası yaratmışdır. Beləliklə də “Mədəniyyət və İncəsənət Məbədgahı” kitabının birinci məziyyəti  müəllifin – hörmətli rektorun milli mədəniyyət və incəsənətimizə, onu  yaradanlaryaşadanlara sevgi və məhəbbətidir.

Timuçin Əfəndiyevin  kitabı təkcə mədəniyyət və incəsənətə ehtiramla yox, həm də yüksək millətçilik və dövlətçilik duyğusu ilə yazılıb. Böyük bir  insanın – şəxsiyyəti və yaradıcılığı Azərbaycan ədəbiyyatı  tarixində möhtəşəm epoxa olan, XX əsrin ikinci yarısını əhatə edən Xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində dünyaya gəlib onun sərt səsi və dahiyanə əsərlər yazmış mehriban əlinin  sığalı ilə böyümüş Timuçin Əfəndiyev atasından və nəslindən əxz etdiyi bütün ülvi duyğularla bu kitabı yazıb desək yanılmarıq. Bu kitab 90 illik tarixə malik, böyük sənətkarların işlətdiyi, aktyor, rejissor, rəssam, musiqiçi, sənətşünas, kulturoloq kadrlar yetişdirdiyi həqiqi elm-sənət məbədi haqqında  oranı özünün ömürgahı hesab edən bir ziyalının  əsəridir.

Əsərin gücü də, dəyəri də məhz bundadır. “Mədəniyyət və İncəsənət Məbədgahı” ötən 90 il ərzində burada  çalışmış alim və sənətkarların hər biri haqqında kitab və hər birinin ömürnaməsidir. Bünövrəsi 1923-cü ildə böyük şəxsiyyətlər tərəfindən teatr məktəbi kimi qoyulmuş bu unikal ali məktəb bu gün diplomatları bütün dünyada tanınan və Azərbaycanda ikinci olaraq  Universitet adı almış ali təhsil ocağıdır.

Müəllif öncə diqqəti  məktəbin yaranması tarixinə, təşəkkül tarixinə və  yaradıcılıq  mənşəyinə yönəldir. Kitabda qeyd olunur ki, 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə  Bakı Teatr Məktəbi kimi əsası qoyulan bu  təhsil ocağı ilk professional opera müğənnisi  Milan sənətkarlıq məktəbinin  yetirməsi Şövkət Ələkbərovanın  təşəbbüsü ilə yaradılıb. Təşkkül dövründə bu  məktəbdə Ə.Haqverdiyev, C.Cabbarlı,  H.Cavid, A.Şərifzadə, Ü.Rəcəb, M.Kirvanşahlı, A.Tuqanov, R.Sarabski kimi böyük  şəxsiyyətlər dərs deyib.

XX əsrin 20-30-cu illəri  Azərbaycanda teatr sənətinin vüsətli inkişaf dövrü idi. M.F.Axundzadə, N.Vəzirov, Ə.Haqverdiyev, C.Məmmədquluzadə kimi klassiklərlə bərabər həm onların müasirləri, həm də yeni dramaturgiyanın baniləri romantik şairfilosof Hüseyn Cavidmilli dramaturq Cəfər Cabbarlının əsərləri  teatrlarımızın repertuarında əsas yer tuturdu.

Olduqca dəyərli fotoşəkillərlə  zəngin bu kitab böyük əyani və nəzəri  informasiya yükünə malikdir. Məntiqi olaraq kitabın birinci hissəsində Azərbaycanda peşəkar teatr təhsilinin yaranması və inkişaf mərhələləri nəzərdən keçirilir. Tərəddüd etmədən demək olar ki, fakt və məlumat bolluğu baxımından kitabın birinci hissəsini Qulam Məmmədlinin teatr salnaməsindən  sonra maraqlı teatr təhsili  salnaməsi hesab etmək olar.

1923-1945-ci illərdə, Bakı Teatr Məktəbi Azərbaycan Dövlət Teatr İnstitutu adlanana qədər əsas diqqət aktyor, rejissor kadrlarına yönəlir. Müəllif yazır: “1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradıldı. Burada rejissorlardan Aleksandr Tuqanov, Adil İskəndərov, Mehdi Məmmədov, Məhərrəm  Haşımov, aktyorlardan Hacağa Abbasov, Kazım Ziya, İsmayıl  Dağıstanlı, Müxlis  Cənizadə, nəzəriyyəçi alimlərdən Mikayıl  Rəfili, Əli Sultanlı, Feyzulla Qasımzadə, Əkbər Ağayev və başqaları dərs deyiblər”. Etiraf edək ki, teatr sənəti (və  teatrşünaslıq!) əsası Teatr Məktəbinin bazasında qoyulan indiki ADMİU-nun bel sütunudur. T.Əfəndiyev çox haqlı olaraq teatr  təhsilinə önəm verir. Taleləri və yaradıcılıqları bizim universitetlə bağlı olan  üç böyük rejissorAdil İskəndərov, Mehdi Məmmədov və Tofiq Kazımov, aktyor sənətimizin  korifeyləri – Abbasmirzə Şərifzadə, Kazım Ziya, Müxlis Canızadə, Rza Təhmasib, İsmayıl Dağıstanlı və b. bu ali təhsil ocağı ilə bağlı olmuşlar. Bu günteatrkino sənətinə  xidmət edən  (bəziləri dünyasını dəyişib – G.Ə.K.) S.Aslan, H.Turabov, A.Pənahova, Ş.Məmmədova, H.Xanızadə, Ş.Ələkbərov, S.Rzayev, Y.Nuri, R.Balayev, M.Mirzə, Ə.Qədirov, H.Qurbanov, V.Fətullayeva, F.Poladov, S.İbrahimova, K.Xudaverdiyevb. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin yetirmələridir. Öz kitabında professor T.Əfəndiyev  adları çəkilən rejissor  xadimlərinə və aktyorlar nəslinə dürüst ədəbi-tarixi qiymət verir. Azərbaycan aktyor məktəbinə məxsus bir xüsusiyyət də nəzərə  çatdırılır ki, bizim aktyorlar həm  səhnə, həm də  ekranda öz böyük sənətkarlıqlarını qoruyub saxlayırlar.

ADMİU-da həm kino sənətinin  nəzəriyyəsi, həm də teatrşünaslıq vüsətlə inkişaf edirbu yolda alimlik fəaliyyətləri və gənc  yetirmələri ilə  tanınan  ustadlar var: Oqtay Mirqasımov, Eldar Quliyev, Ağakişi Kazımov, Bəhram Osmanov, İlham Rəhimli, Məryəm Əlizadə, İsrafil İsrafilov, Aydın Talıbzadə və başqaları. Kitabın müəllifi özü  tanınmış ədəbiyyatşünas-filoloq olmasına rəgmən ADMİU-nu bu tarixi  salnaməsində çağdaş  filoloqlarımızın əməyini də xüsusi  qiymətləndirir, universitetdə elmi-nəzəri səviyyənin artmasında xüsusi rolu olan Həsən Quliyevin, Nizaməddin Şəmsizadənin,  Aqşin Babayevin, Aydın Abıyevin, Vəfa Əliyevin, Aydın Dadaşovun adlarını və əməyini qeyd edir. ADMİU-da  səmimiyyət və sədaqətlə xidmət göstərən, zəngin musiqi  mədəniyyətimizi tədris edən böyük sənətkarların – Canəli Ələkbərov, Azər Zeynalovun,  tarzən Vamiq Məmmədəliyevin, İslam Rzayevin, Mələkxanım Əyyubovanın adları və fəaliyyəti kitabda layiqli yer alır. Yeri gəlmişkən kitabın olduqca dəyərli bir  cəhətini də qeyd etməliyik. T.Əfəndiyev hansı sənət sahəsindən bəhs edir etsin, istər teatr, istər musiqis. olsun, o, hər dəfə bu sahələrin tədris və təkamülünü 1923-cü ildən – teatr məktəbinin təşəkkül tapdığı dövrdən başlayır. Məsələn, musiqi sənətindən bəhs  edərkən həm 20-30-cu illərə qayıdır,  həm müasir dövrdən bəhs edir, həm də Azərbaycanda fəal yaradıcılıq axtarışlarının keçdiyi 60-80-ci illər üzərində dayanır.

Etiraf edək ki, teatr, aktyorluq, rejissorluq, kino sənəti, rəssamlıq, musiqi sənəti, sənətşünaslıq, kulturologiya kimi sahələrin hamısından eyni səviyyədə yazmaq çətindir. Fəqət professor Timuçin Əfəndiyevin ADMİU-da əvvəlcə dekan, 1987-ci ildən isə  rektor kimi səmərəli fəaliyyət sahəsində qazandığı böyük   təcrübə kitabda özünü göstərir. Çevik bir üslubla, eyni zamanda nəzəri baza əsasında yazılmış bu  monoqrafiya oxucunu bədii-fəlsəfi əsər kimi cəlb edə bilir.

Doxsan il öncə, 1923-cü ilin avqust ayında qəbul olunmuş Əsasnamədə qarşıya qoyulan vəzifələri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bu gün yeni tarixi şəraitdə, sivil dünyanın tələbləri səviyyəsində əzmlə yerinə yetirməkdədir.bu gün biz qətiyyən unutmuruq ki,  bu ali məktəbin təməlini qoyan sənət xadimlərinin sırasında görkəmli ədəbiyyat adamları da var idi: Hüseyn Cavid, Cəfər Cabbarlı, Əli Sultanlı, Məmməd Cəfər, Mikayıl Rəfili, Feyzulla Qasımzadə, Əkbər Ağayev... Tarix bu gün onların xidmətlərini, şərəf və ləyaqətlərini inadkar bir inamla təsdiq etməkdədir. Bu fakt bir daha göstərir ki, yarandığı gündən bədii ədəbiyyat, mədəniyyət təhsilin təməlində dayanıb. İnsan zəkasının və istedadının möcüzələri içərisində bədii ədəbiyyat müstəsna yer tutur. Əbədi solmayan ilhamla yaradıldığı üçün ədəbiyyat – əbədiyyətdir deyiblər. Və o, əbədilik imkanları ilə bütün sənət növlərinin əsasında dayanır; onları formalaşdırır, yaşadır. Bu günADMİU-da ustadların ənənələri yaşadılır.

Bu dəyərli monoqrafiyada alim təkcə sənət sahələri haqqında yox, eyni zamanda ictimai humanitar elmlərin və kulturologiya elminin tədrisi, təbliği və mahiyyəti barəsində də eyni  səriştə ilə yazır. Bir filoloq kimi  minnətdarlıqla qeyd edirəm ki, bu ensiklopedik xarakterli monoqrafiyada 1945-ci ildə əsası qoyulmuş “Ədəbiyyat və dillər” kafedrasının fəaliyyətinə geniş yer verilir. Universitetin bütün  ixtisaslarında dərs aparmış bu kafedraya müxtəlif dövrlərdə rəhbərlik etmiş Əli Sultanlının, Rəhilə Rəhimovanın, Həsən Quliyevin, Nizaməddin Şəmsizadənin və bu sətirlərin  müəllifinin fəaliyyəti monoqrafiyada geniş yer alır. Vaxtı ilə böyük tənqidçi  V.Belinski yazırdı ki, “Bütün sənət növlərinin əsasında bədii ədəbiyyat dayanır” Bu danılmaz həqiqətdir. Ədəbiyyat xalqın milli qürur mənbəyi, onun zəngin dil abidəsidir. Vaxtı ilə Azərbaycanın ümummilli lideri Heydər Əliyev deyirdi: “Hər bir xalqın milliliyini, mənəvi dəyərlərini yaşadan onun dilidir, ədəbiyyatıdır”. Ədəbiyyat xalqın mənəvi ideallarının və əxlaqi ucalığının aynasıdır. Dilimiz milli varlığımızın, dövlət müstəqilliyimizin, milli ideologiyamız olan azərbaycançılığın tükənməz məxəzidir.

Dünyanın ən qədim və zəngin bədii sərvəti olan Azərbaycan ədəbiyyatı bütün dünyaya səpələnmiş 50 milyonluq Azərbaycan xalqının misilsiz bədii sərvətidir. Bu ədəbiyyatda xalqımızın kimliyionun etnogenezi, etnoqrafiyası, qəhrəmanlıq tarixi, adət və ənənələri, milli psixologiyası öz parlaq bədii əksini tapır. Xalqımızın kimliyini tanıtmaq, onun tarixdə yerini müəyyən etmək üçün Azərbaycan ədəbiyyatını öyrənmək kifayətdir. Ədəbiyyat milli dövlətçiliyimizin mənəvi dayağı kimi öyrənilməli, onun cəmiyyətdə mənəvi tarazlıq yaratmaq funksiyası ön plana çəkilməlidir. Təkcə Azərbaycanda deyil, ümumiyyətlə, qloballaşan dünyada, humanitar düşüncədə bədii ədəbiyyatın rolu getdikcə artmaqdadır. Bu hər şeydən öncə çağdaş insanın fikri, mənəvi tələbatı ilə bağlıdır. Ulu öndər Heydər Əliyev müasir dünyada bədii ədəbiyyatın artan rolunu və əhəmiyyətini qeyd edərək yazırdı: “Azərbaycan ədəbiyyatı bizim həyatımızın, tariximizin bütün mərhələlərində yaşayır və bu günöz tarixi missiyasını yerinə yetirir”. Məhz bu səbəbə görə də H.Əliyev bədii ədəbiyyatı öz dövlət siyasətinin, müstəqilliyin və onun məfkurəsi olan azərbaycançılığın əsasına gətirdi.Bu fundamental monoqrafiyada müəllifinin “Ədəbiyyat və Azərbaycan dili” kafedrasına, Azərbaycan, rus, qərb və Türkiyə ədəbiyyatlarının tədrisinə önəm  verməsi təbiidir.

Monoqrafiyada tədris prosesi  yaradıcılığa xidmət edən qurumların işi təhlil olunur, onların fəaliyyətinin istiqamətləri barəsində məlumat verilir.

Əlbəttə, müəllif əsas diqqəti ADMİU-nun  müstəqillik dövründə xüsusilə genişlənən beynəlxalq əlaqələrinə yönəldir. Məhz bu məsələyə həsr olunmuşUniversitetimiz dünya  meredianlarında” adlı VIII hissə ilə də “Mədəniyyət və İncəsənətimizin Məbədgahı”  kitabı tamamlanır.

Timuçin Əfəndiyevin “Mədəniyyət və İncəsənət Məbədgahı” adlı kitabı Azərbaycan təhsili tarixində müstəsna yer tutan unikal ali  məktəbin 90  illik fəaliyyəti haqqında sanballı tədqiqat əsəridir. Təbii ki, bu kitabda çətin sahə olan mədəniyyət və incəsənət təhsili, onun təşəkkül tarixi və təkamül mərhələləri önəmli yer tutur. Tərəddüdsüz olaraq bu əsəri Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin 90 illik tarixi haqqında salnamə adlandırmaq olar. O, həm  tələbələrin – gənc nəslin  həm də geniş oxucu kütləsinin ADMİU haqqında  məlumatlanması işinə xidmət edəcək.

Professor Timuçin Əfəndiyevin “Mədəniyyət və İncəsənətimizin Məbədgahı” monoqrafiyası biblioqrafik məlumat toplusu deyil, cazibədar yaradıcılıq  aləminin sənət fütuhatları haqqında  əsərdir.

 

 

Gülşən ƏLİYEVA-KƏNGƏRLİ,

Filologiya elmləri doktoru,

Professor

 

525-ci qəzet.- 2013.- 8 fevral.- S.4.