Türkdilli Duhalar – yox olmaq təhlükəsilə
üz-üzə
Monqolustanın şimalında yaşayan,
maralçılıqla məşğul olaraq köçəri
həyat sürən Türk tayfası Duhalar türk dillərinin
Sibir qolunda Sayan qrupuna aid bir dildə danışmaqdadırlar. UNESCO-nun
yayımladığı təhlükə altında olan dillər
atlasında Duhaların dili “ciddi şəkildə təhlükə
altında olan dil “ kimi göstərilib.
Monqolustan
əhalisini təşkil edən 24 tayfadan dördü türk
tayfasıdır: Kazak, Hoton, Tuva və Duhalar (Tsaatanlar).
Duhalar
Monqolustanın Hövsgöl elinin şimalında, Tsagaannur ( Duhaca “Ağ göl”) qəsəbəsində
və tayqalarda yaşayırlar . Bu bölgə
şimali-şərqdə Buryat Özək Cumhuriyyəti,
şimali-qərbdə isə Tuva Cumhuriyyəti ilə
qonşudur. Duhalar üç fərqli bölgədə
yaşamaqdadırlar: Qərbi və Şərqi Tayqa olaraq ayrılan
yüksək tayqalarda; Harmay və Hogrok çayları
bölgəsində; Tsagaannuur qəsəbəsində.
Tayqa bölgəsində yaşayan Duhalar köçəri
həyat tərzi sürür, Ren maralı bəsləyir,
ovçuluq edir, meşədən meyvə və giləmeyvə
toplayır, bəzən isə balıq tutmaqla məşğul
olurlar. Tsagaannuur qəsəbəsində və çay
yaxınlığında yaşayanlar isə monqolların
yaşamına oxşar həyat tərzi sürürlər.
Onlar heyvançılıqla məşğul
olub sığır, at, dəvə, qoyun, keçi bəsləyirlər.
2010-cu ilin məlumatına görə, Duhalar 282 nəfərdirlər. Təqribən
44 ailədən ibarətdirlər. 2000-ci
ildəki siyahıya almada Duhaların sayı 303 nəfər
olmuşdur. Rəqəmlər Duhaların
sayının ilbəil azaldığını göstərir.
Duhalar özlərinə “Tuha ulas” – “Duha xalqı” deyirlər. Tuha isə
Sibirdə yayaılmış tuva/ tuba kəlmələrinin
fonetik variantıdır. Ancaq Monqolustanda
onları tsaatan “Ren maralı sahibləri” (tsaa – Ren maralı və
isimdən isim düzəldən + tan şəkilçisi)
adlandırırlar. Monqol qaynaqlarında Duhaları
Uranhay, Tayqa Uranhay, Taigin İrged “tayqa xalqı” , Oin İrged
“Orman xalqı” və Soyat olaraq adlandırıblar. Monqollar rəsmi olaraq Duhaları və
Monqolustandakı müsəlman olmayan digər türk
xalqlarını ümumiyyətlə Uyğur
adlandırırlar.
Bəzi türkoloq və tarixçilərin fikrincə
“tuva/tuba etnoniminə sahib xalqlar əslən Samoyed və
Yeniseyli olub tarixin çeşidli dönəmlərində
türkləşiblər.
Du-bo –
Tu-po etnonimi ilk olaraq VII yüzilliyin əvvəllərində ( 581- 618 illəri əhatə edən) Çin
Sui-Şu təqvimində qeyd edilib. Çin Tang-Shu (618-906)
kitabəsində bu xalq , Uyğurlar və
bir qism Oğuz boylarının da mənsub olduğu T ieh-le
boylar birliyində göstərilmişdi. Bu mənbələrə
görə Tu-po xalqı Birinci ilə İkinci Göytürk
Xaqanlıqları (551-744) və Uyğur Xaqanlığı
(744-840) dönəmlərində Qırğızların və
“kiçik göl”ün ( böyük ehtimalla Baykal
Gölü) cənubunda, Uyğurların isə
şimalında yaşayırdılar. Bu
coğrafiya bugünkü Tuva və cənub
Hövsgölü ərazisini əhatə etməkdədir.
Əslən Samoyed və Yeniseyli, ya da digər
qeyri-türkdilli xalqlardan olduğu, Uyğur
Xaqanlığının (744-840) tabeliyində ikən
türkləşdikləri qəbul edilir. Bir çox
arxeoloji qazıntılar və runik yazılı Uyğurca abidələr
də bu düşüncəyi təsdiqləyir ( Ragagnin 2011. 13-21).
Duhaların
adı ilk dəfə Çində hakimiyyətdə olmuş
Tan sülaləsi ( 618- 907)
dövrünün salnamələrində anılıb.
On üçüncü yüzillikdən etibarən bu
bölgə Monqol İmperatorluğunun hakimimiyyəti
altına girmişdir. 1240-cı ildə yazılmış, Çingiz
xanın şəxsiyyəti, yürüşləri, bir
sıra ölkələri, o cümlədən
Türküstanı istila etməsilə bağlı
“Monqolların gizli tarixi “ əsərində
Tubas və Tuqas ( – s monqolcada cəm şəkilçisidir)
adlı xalqlardan bəhs edilmişdir. Bunlar
Çingiz xanın oğlu Cuçiyə (Joçi) tabe olan
şimaldakı orman toplumlarından olduğu göstərilir.
Duhaların ən ünlü tədqiqatçısı
Elizabeta Ragagnin belə hesab edir ki, kitabda adı keçən
Tuqaların indiki Duhalar olması ehtimalı
böyükdür: “Tuqa sözündəki içsəs q-nın – h- < *p
və *q səsini təmsil etdiyi açıq
göründüyündən Duhaların bunlarla
bağlılığı ehtimal oluna bilinər. On üçüncü yüzillikdə tuqa və
tuba xalqlarının ayrı xalqlar olduğu söylənə
bilinir. Bəzi boyların
monqollaşması və bəzilərinin də bəlkə
monqollaşdıqdan sonra Türkləşmələrinin bu
dönəm və ya bu dönəmdən qısa bir vaxt
öncə var olduğu düşünülür.”( E.
R. “ Kayıp olmayan bir türkofon halk”)
XIX əsrdə Sayan bölgəsində ekspedisiyada olan
Fin dilçisi Matias Aleksandr Kastren türkləşmiş olan
Samoyed boylarından yazmış, onların əski dillərini
hələ unutmadıqlarını qeyd etmişdi.
1732-ci ildən
1911-12 illərə qədər monqollar və Tuva Çinin
hakimiyyəti altında idi. 1911-1912 –ci illərdə
hər iki ölkə müstəqilliklərini elan etdilər.
1926-1927 –ci illərdə Monqolstan və Tuva arasında
şərti sərhədlər müəyyən edilir. Bu sərhəd
Duhaların köçəri yaşadıqları əraziləri
iki hissəyə ayırır. 1947-ci ildən
isə Tuva Sovet İttifaqının tərkibinə daxil olur və
Monqolustan ərazisində yaşayan Duhalarla onların əqrabaları
arasında əlaqələr kəsilir. 1947-ci
ildə Duhaların Tuvada qalan yaşlı insanlarının
çoxu Monqolsutana qaçdılar.
Duhalar yalnız 1956-cı ildə Monqolustan vətəndaşı
olublar.
DUHA DİLİ
Duha dili
türk dillərinin Şimali-Şərq Sibir qurupu içində
yer alan Sayan türk dillərinin tayqa
altqrupuna mənsubdur. Digər Tayqa Sayan türk dilləri isə
İrkutsk oblastında yaşayan Tofaların dili – Tofalarca, Tuva
Respublikasının Şərqində Toca və Tere-Höl
bölgələrindəkilərin dilləri Toca-Tuvacası və
Terə- Höl Tuvacası ilə Buryat Respublikasının Oka
bölgəsində yaşayan Soyotların dili Soyotcadır.
Duhacada əsas
sözlərin əksəriyyəti türkcə kökənlidir
;gis “qız” , hün “ gün”, utə- “uyu-”, per- “ver” və s.
Duhaca əsas
saylar aşağıdakılardır : pir və piree “bir”, ixə
“iki”, üş~üüş “üç”, tört~
töört “dört” ,peş~peeş “beş” , altə
“altı”, jetə~jeetə “yeddi”, ses “səkkiz” , tos “doqquz”, on
“on”, jeer~jeersə “iyirmi” , üjon~üjön ~üjen “otuz” ,
törton~törtön ~törten “qırx” ,pejon~pejön~pejen “əlli”
, alton~altan “altmış”, Jeton~jetön~jeten “yetmiş”,
seson~sesen “səksən”, toson~tosan “doxsan” , jüs “yüz”, min
“min”, saya “on min”.
Məlumdur ki, türk dillərində saylar çox
cüzi fonetik dəyişikliklərlə bir-birindən fərqlənir. Duha dilində
sayların digər türk dilləri ilə eyniliyi, əsas
sözlərin türk kökənli olmağı bizi
Duhaların türk kökənli olmaması fikrinə
şübhə ilə yanaşmağa vadar edir.
Duha dilinə monqolcadan da çox sayda söz toplanıb. Son
altmış ildə Duha dilinə monqol dilinin basqısı
daha aydın görünməkdədir. Çünki
Duhalı uşaqlar monqol məktəblərində və
monqol dilində tədris alırlar. Hazırda
uşaqlar və gənc nəsil Duha dilini, demək olar ki,
bilmirlər. Onlar dili bilməməklərini
məktəbdə monqolca təhsil almaqları ilə əsaslandırırlar.
Duhaca yalnız yaşlı adamlar öz
aralarında danışırlar və bu da yaşlı nəsil
dünyanı tərk edəndə Duha dilinin də öləcəyi
ehtimalını və təhlükəsini yaradır. Elə buna görə də Duha dili ölməkdə
olan dillər siyahısına salınıb.
DUHALARIN YAŞAM TƏRZİ.
Duhalar ,
Duhaca alajə öy “dirək evi” deyilən çadırlarda
yaşayırlar. Bu çadırları Çum da adlandırırlar . Oval şəkildə
tikilən monqol çadırlarından fərqli olaraq,
Duhaların çumları şişucludur. Duhalar bundan
2 min il öncə necə
yaşayırdılarsa, indi də o şəkildə
yaşayırlar. Toplum içində başçı, lider
yoxdur, ovdan əldə etdiklər qidanı, ova
qatıldı-qatılmadı, bütün ailələr
arasında bölürlər, qadınlar kişilərdən
və yaxud da kişilər qadınlardan heç nə ilə
üstün sayılmırlar, təbiəti öz
çumlarından da təmiz saxlayırlar, çayda əllərini
yumurlar ki, çay çirklənməsin, evlilik olmadan da
uşaq dünyaya gətirilə bilər, bütün
canlılara və cansızlara sayğı duyur, hörmət
edirlər. Duhalara görə, canlı, ya
cansız, hər şeyin ruhu var. Onlar ovladıqlar ovun ruhundan
üzr istəyirlər.
Yuxarıda qeyd olunduğu kimi, köçəri həyat
sürən Duhaların əsas məşğuliyyəti
maralçılıqdır. Onlar maralın
südündən qidalanır, dərisindən geyim kimi istifadə
edir, buynuzundan və sümüyündən müxtəlif əşyalar
hazırlayırlar. Ancaq onlar, xüsusi zərurət
olmasa, maral ətini yeməzlər. Ov əti,
nadir hallarda balıq və dağdan topladıqları bitki və
yabanı meyvələrlə, giləmeyvələrlə
qidalanarlar.
İNANCLARI
Duhalar Şamanizmə tapınırlar. Şamanlar
ruhlarla Duha dilində danışırlar və onlar belə
hesab edirlər ki, çağırdıqlar qüvvələr,
ruhlar başqa dildə bilmirlər. Yeni nəsil
Duha dilini bilmədiyi üçün, onlar şamanlıq edə,
ruhlarla anlaşa bilməzlər. Duha mədəniyyətində
dil və şamanizm bir-biri ilə sıx surətdə
bağlıdır. Gənc nəsil dili
bilmədikcə, öyrənmədikcə ayinlərdə
deyilən dualar, xüsusi sözlər də işlədilmədiyi
üçün unudulacaq. Uzun müddət
şamanizm Monqolustanda qadağan edilib və şamanlar
sürgün olunub.
Duhaların dillərinin qorunması, bütün dillərin
qorunması kimi, sadəcə onlara deyil, bütün
insanlığa aid bir məsuliyyətdir. Duhaların
timsalında bir xalq, bir həyat tərzi, bir dil məhv olmaq təhlükəsi
ilə üz-üzədir.
Şahnaz Kamalova
525-ci qəzet.-
2013.- 8 fevral.- S.7.