A-dan Z-Başlanğıcdan Sona...

 

Uzun müddət bir-biri ilə görüşməyən bütün normal adamlar kimi, əvvəlcə salamlaşaq. Mən həddindən artıq yaxşıyam, əziz oxucu, sənin belə olmağını diləyirəm.

Bu uzunmüddətli səssizlik məndə o qədər söz birikdirib ki, qaçaqovla yazıb nəfəsinizi kəssəm, üzrlü sayın məni. Adamın sözü çox olanda bunu qoyub o birinə keçir həmişə. Belə, çox uzatmadan, keçirəm əsas mətləbə.

Keçən ilin sonlarında, o vurhavurda – 3-5 mayyalının bizi girinc-giriftar qoyduğu dekabrın 21-nə bir gün qalmış, məni xeyli sevindirən bir xəbər aldım. Bir neçə ay idi ki, üstündə ciddi-cəhdlə işlədiyim kitab – - “Qanunnəşriyyatında çapdan çıxdı. Əvvəla, deyim ki, tərcümə zənn etdiyimdən daha çətin məəsuliyyət tələb edən imiş. Dillərdəki üslub fərqləri, ifadə müxtəlifliyi, məna çalarları, bəzən heç bir şəkildə çevirə bilmədiyim, çatdırmaqda əməlli-başlı çətinlik çəkdiyim birləşmələr sairə. Həm nəzərə alsaq ki, son dövrlər tərcümədəki qüsurlar mövzusu gündəmdədir, lap qəlizləşir. Təbii, tərcümənin əsas şərti orijinalı olduğu kimi oxucuya çatdırmaqdı, yəni, bir dilin sintaksisinin digəri ilə üst-üstə düşməməsi, bir dilin digərindən daha zəngin olması heç bir halda səni vəziyyətdən çıxarmır. Məşhur alman tərcüməçisi Ralf Maheimin təbirincə desək, tərcümə surətçıxarma sənəti deyil, Borxesin öz tərcüməçilərindən tələb etdiyi kimi, müəllifin dediyini yox, demək istədiyini oxucuya çatdırmaq sənətidir.

Böyük həyəcanla gözlədiyim kitabın tərcümə prosesi haqqında uzun-uzadı heç yazmayacağam. Ancaq kitabın özü haqda bir az məlumat vermək, fikrimcə, yerinə düşər.

...“AZ – əlifbanın ilk son hərfinin birləşməsindən yaranan bu söz əslində daha çox məna ifadə edir. Bu iki hərfin arasında milyonlarla söz yarada bilən, böyük bir əlifba dayanır. AZ- başlanğıcdan sona doğru bir ömürdür” – deyir müəllif.

 Gənc müəllifin sayca yeddinci romanı olan kitabda terrorizmin tüğyan elədiyi bir bölgədə uşaq evində olan Dərda adlı on iki yaşlı qızdan bəhs edilir. Dərda uşaq evindən çıxarılıb qohumları tərəfindən Londonda yaşayan başqa bir türkə satılır, işgəncələrə məruz qalır. Qızcığaz üçün saxta sənədlər düzəldərək onu ölkədən çıxarıb Londona, türk icmasının sıx yaşadığı bir məhəlləyə gətirirlər. Beləliklə, Türkiyənin ucqar kəndindən başqa heç görməyən qız sivilizasiyanın ortasına düşür. Burada onun qarşısına nələr çıxmır?heroin dumanı, sado-mazoxistlər, gizli çəkilən porno biznesi nəhayətdə, başında hicab Londona gələn Dərdanın öz həmvətənlərindən qaçıb qurtularaq, pornoulduza çevrilməsi daha nələr. Bütün bunlar əsərin birinci hissəsində baş verir, ikinci hissədə isə daha maraqlı, qeyri-adi metamarfozlarla üzləşəcəksiniz. Bu hissədə Dərda adlı bir oğlanın başına gələn hadisələrdən danışılır. Atası həbsdə olan balaca oğlanın uşaq evinə düşməməsi üçün xəstəlikdən ölən anasını necə gizlətməsindən, yazıçı Oğuz Atayın əsəri ilə tanış olandan sonra həyatının büsbütün dəyişməsindən, həbsdə keçən 24 ilindən sonda iki Dərdanın möhtəşəm görüşündən danışılır...

Təsəvvür edirsiniz, mən demək olar, kitabın hər sətrini əzbərdən bilirəm. Bəlkə bunu bütün proses boyu yaxamı buraxmayan məsuliyyət hissinə borcluyam. Çapdan sonra kitabı yenidən gözdən keçirdim, bir əlim beşikdə, biri qələmdə, vərəqlədim AZ-ı. Təbii, buraxdığım səhvləri tapıb, altından qırmızı qələmlə qalın xətlər çəkdim, düşünürəm ki, bu xətlər ikinci kitabda, indi üzərində işlədiyim, Gül İrepoğlununGölgemi bıraktım lale bahçelerindeadlı tarixi romanında çox köməyimə gələcək.

Tərcümə haqqında yazılası çox şeylər, toxunulası çox mətləblər var. Onlardan biri haqqında fikrimi bildirib yekunlaşdıracağam yazımı. Artıq lətifəyə çevrilən film dublyajlarındakı səfeh ifadələr təəssüf ki, kitab tərcümələrində gözə dəyir. Bu daha çox söyüş, küfr ifadələri olan hissələrdə baş verir. Valideynlər tanıyıram, uşaqlarını kitab oxumağa qoymurlar ki, tərbiyələri pozulur. Halbuki bir kitabla pozula biləcək tərbiyənin əslində mövcud olmadığını hamımız bilirik. Ədəbiyyat həyatı obrazlı şəkildə əks etdirən söz sənətidir” – bu cümlə onuncu sinif dərsliyindəki ilk cümlədir. Əgər belədirsə, uşaqlara bu öyrədilirsə, ziddiyyəti bir kənara qoyub səmimi yaşamalıyıq, məncə. Bir kitab oxumuşdum sovet ədəbiyyatından. Yadımda bir hissəsi qalıb, təsəvvür edin, illərlə görüşməyən iki sevgilinin görüş səhnəsini yazıçı necəcanlandırıb”: “Tut ağacının altında dayanıb söhbət edirlər, oğlan qıza ağacdan yarpaq dərib verir”. Bu, iki küçə uşağının dialoqundakı söyüşüsənin xasiyyətin mənim xoşuma gəlmir kimi tərcümə etmək qədər gülməlidir. Məncə, buraxın, uşaqlarınız gördüklərini, eşitdiklərini həm oxusunlar. Məsələn, tərcümə etdiyim kitabda bolluca küfr yazmışdı Hakan Günday. Birinə belə toxunmadım, əvəzləmədim, olduğu kimi saxladım. İki mazoxistin söhbətini rəsmiləşdirməyə haqqım, istedadım çatır, əslində. Çünki biz hamımız onların necə danışdıqlarını, bir-birinə necə müraciət etdiklərini çox yaxşı bilirik. Bildiyimiz məsələləri özümüzdən gizlətmək üçün, mühafizəkarlığımızdan hördüyümüz ucsuz-bucaqsız qalalarla ciddi əsərləri lətifəyə çevirməyək, lütfən!

 

 

Nərmin Hüseynzadə

 

525-ci qəzet.- 2013.- 8 fevral.- S.7.