Həyatın gerçəyi Yalan
İlk dəfə filmi gördüm. Gənc idim və bu
oyunların mənə qarışacağı
olmadığını zənn edirdim. Bəlli sərhədlər,
prinsiplər, maneələr vardı. Həyat
sərhədin bir tərəfində mövcud idi.
Gerçəyin orda olduğu mənim o zamankı həqiqətim idi.
Amma film tutdu məni. İndiyə qədər
həmin
yazıçı niyə gözümdən yayınıbmış?.. Aradım
onu, aradım və bəzi gerçəkləri də qəbul
etməyə
çalışdım...Əzabla, əziyyətlə,
amma çalışdım. Film öz ulduz
yağışı ilə məni də işıqlı bir cığıra
itələdi və bu günə qədər məni tərk
etməyən minnətdarlıq
duyğusu ilə o cığırı yola döndərdim. Sonralar illərin hökmüylə yoldan
cığıra, cığırdan yola keçdikcə hər
şeyin bir-birinə qarışdığını
anladığım zaman da gəldi. Həyat nədi?
– sualı – oyunmu, gerçəklərmi?..
Ya da gerçəklərin oyun
variantımı?
Və bu
günə qədər də Teatr deyəndə Raymond Paulsun melodiyası qulaqlarımda səslənir.
Və bu günə
qədər də hansı rolda, hansı oyunda
oynasam, möhtəşəm Culiyanın təsirindən
çıxa bilmirəm. Somerset Moemin “Teatr” əsərinin qəhrəmanı
və mənim həyat
qəhrəmanım
Culiya Lembert...
HƏYATIN OYUN OLDUĞUNU DƏRK ETMƏK...
Somerset
Moem mənim yazıçımdı – sarkazmı,
ironiyası, ağrıları, həyatdan bezgin qəhrəmanları,
bir gün hər şeydən üz döndərib, hər
şeydən vaz keçə biləcək qədər cəsur obrazları
ilə mənim yazıçımdı. Və mən,
onun sadiq oxucusu,
onun mənə təklif etdiyi həyat düsturunu
həll edə-edə bu günlərimə gəlib
çıxdım. İlk gənclik illərində insan o qədər
cahil olur ki, İlahi... Eyforik arzuları, xülyaları,
ideyaları ilə... Amma sonra bu axarın içində
palçığa, çirkaba bulaşa-bulaşa müdrik
bir insana dönüşürsən və düsturun cavabı onda gəlir. Nə vaxtsa,
dünyanın hansısa Tanrının yadından
çıxmış bir nöqtəsində bir
qadının sənin yazdıqlarını oxuyacaq fikri
düşündürübmü yazarı? Yekəxana, soyuqqanlı bir
ingilis bunu düşünə bilərmi? Moem
öz yurddaşlarına da yuxarıdan baxan biri idi. Orientasiyasına görə də qadınlara nifrət
edirdi. Oxucunu düşünüb yazdığı fikri
doğma gəlmir mənə... Amma o, mənim doğmamdı. Həm də fikirləşirəm
ki, bu ədəbiyyat adlanan əbədiyyətin içində nə qədər
qohum –əqrəbam var mənim. Onların içində
rahatam, onların içində tənha deyiləm, onların
içində oynamağa məhkum deyiləm... Oyun... Həyat...
Oyun... O, yəni Moem,
mənim oynadığım bu tamaşada həm də
rejissor oldu deyəsən... Sən həyatının hər mərhələsində
yeni obraz olmağa məhkum idin və hər dəfə uğurlu səhnə
həllini tapması üçün yeni mizanlar düşünməliydin.
Anlaşılan bu ki, oyunun şərtlərinə şərtsiz
əməl etməyə başlayanda uğur gəldi. Sən bu səhnənin
parlaq Aktrisası oldun ....
TAMAŞA
Yaşı
əlliyə yaxınlaşmaqda olan Culiya Lembert İngiltərənin ən sevimli
aktrisasıdı – gözəldi, zəngindi, ideal ailəsi
var, sayılır, öz teatrının sahibəsidi və bu teatrı
o, əriylə birlikdə yönətir. Maykl
İngiltərədə ən uğurlu teatr prodüsseridi.
Yetkin yaşlı Rocer adlı oğulları bu
səadət tablosunu tamamlayır.
Günlərin bir günü teatra gənc bir mühasib
gəlir və vergi söhbətində yeni ideyaları ilə
Mayklın diqqətin çəkə bilir. Evinə nahara dəvət
edir gənci, hətta Culiyadan oğlana diqqət göstərməyini
xahiş edir. Culiya da həmişəki
sevimli aktrisa ədasıyla heç bir niyyəti olmadan gəncə
imzalı rəsmini hədiyyə edir. Olanlar da bundan sonra cərəyan
etməyə başlayır...
Culiya şəkilə baxaraq həyatını xatırlayır...
Sadə
bir ailədə doğulub böyüyən bu qızın istedadı və
içindəki əzmi onu hər zaman irəliyə
dartır. Əyalət truppasında oynayanda gələcək
əriylə
tanış olur və yaraşığı ilə
hamının diqqətini çəkən bu gəncə
aşiq olur. Maykl Culiyanı sevmir, amma gələcəyi
gözəl proqnozlaşdırdığından bu izdivac ona
lazımdı. Hər halda ikisi də bu ittifaqdan razıdılar. Laqeyd
ərinin zəhməti də öz bəhrəsini verir – az
keçmir ki, Culiya da ərinə
olan dəli eşqin söndüyünü anlayır. Təsir
əks təsirə bərabərdi – indi onlar ruhən
bir-birindən azaddılar. Öz teatrlarını
açırlar – Culiyanın parlaq istedadı, Mayklın təşkilatçılıq
bacarığı onları yüksək cəmiyyətdə tanıda bilir. Tamaşaçının
onu unutmayacağından əmin olan aktrisa ana olmaq
üçün səhnədən uzaqlaşmağı da rəva
bilir özünə. Bir sözlə, ilk
baxışda həyat çox gözəl görünür.
Amma şəkilə incik baxır qadın – ona
elə gəlir ki, həyat yan keçib. Səhnə,
şöhrət və tamaşaçı alqışı
olsa da, qadın səadəti, sevgi yoxdu həyatında... Aha,
deməli, teatra gələn gəncin ulduz
saatıdı. Tom Fennel səhəri
gün tamaşadan çıxan aktrisanı çaya dəvət
edir. “Pərəstişkarı incik salmaq
olmaz” prinsipi var Culiya üçün. Dəvəti
qəbul edir və özünün guya necə sadə
olduğunu nümayiş etdirmək üçün evinə
gedir cavan oğlanın. Oğlanın evi
ona ilk gəncliyini xatırladır... və qəfildən Tom
qadını öpüşlərə qərq edir. Heyrətdən özünə gələ bilməyən
qadın dərk edir ki, xoşdu ona bu zor. Daxilində
öz hərəkətləri özünə gülməli gəlsə də,
birdən-birə özünü 20 il cavan hiss edir. Və bunu da
dəhşətlə düşünür ki, aşiq olub.
Bəli, bəli, o, möhtəşəm Culiya Lembert,
ayaqları altına bütün London bomondu döşənən fırtına qadın bu gənc
oğlana aşiq olub... İlk vaxtlar hisslərini gizlətməyə
çalışsa da, hər vəchlə
Tomu özünə bağlamağa çalışır. Ona bahalı hədiyyələr
alır, borclarını ödəyir. Culiya
başını itirib – kimin onun haqqında nə
düşünəcəyi də artıq onu
maraqlandırmır. Həftənin üç
günü Londonun ən bahalı restoranlarında, gecə
klublarında görünməyə başlayırlar. Qadın onu
özünün yaşadığı bahalı məhəlləyə
köçürür, evini öz zövqü ilə bəzəyir.
Aktrisa çoxdan unutduğu səadət, xoşbəxtlik hisslərini yaşayır və
ağlına da gətirmək
istəmir ki, haqqında söz-söhbət gəzməyə
başlayıb. Sən demə, neçə illər dostluq
etdiyi rəfiqəsi Dolli Maykla çatdırıb bu xəbəri
və hətta onu da deyib ki, bu barədə oğlanın
özü danışıb sevdiyi qıza, qız da bütün
Londona yayıb. Qıza söz verib ki, qadın
onsuz da onun dediyi bir sözü iki eləmir, deməli, ona
teatrda rol alacaq. Mahir aktrisa ərinin yanında onu
çulğayan əsəb qasırğasını gizlədə
bilir, amma sarsıntı onu yıxır. Deməli, Tom onu sevmir, ona
da Culiya vitrin, pul kisəsi kimi
lazımdı. Üçüncü dərəcəli bir aktrisa gəncliyi
ilə onu üstələyibmi?...
Və həqiqətən
az keçmir ki, Tom Culiyanı ucuz bir
teatra, həmin gənc qızın oyununa baxmağa dəvət
edir. Qadın oğlanın sözünü yerə
salmır guya, amma məqsədi ona rəqib olmağa
iddialı bu qızı görməkdir. Tamaşa
zamanı Tomun gözlərinə baxan qadın ağrı ilə dərk
edir ki, Tom bu qızcığazı sevir cani-dildən və
onu Culiyanın vasitəsilə məşhur etmək fikrindədi.
Culiya teatrda qıza rol
verəcəyini vəd edir Toma, amma bu, qisas vədidi.
Culiya Lembertlə bəlkə hansısa bir yerdə rəqabət aparmaq
olardı, amma SƏHNƏDƏ....
Kimsə ora əl uzada bilməz!!! Ora ancaq ona məxsusdu!!!
...Sarsıntıdan
qurtulmaq üçün Londondan uzaqlaşmaq istəyir,
doğulduğu əyalətə – anasının yanına gedir və burda da
insanların heç də şəhərdəkilərdən
fərqlənmədiyini görür. Anasına
qonaq gəlib əxlaqi dəyərlərdən danışan,
amma masanın altında onun ayaqlarını
sığallamağa cəhd edən keşiş şəhər
dendilərindən nə qədər başqadı ki?
Onlar hər yerdə oynayırlar, sadəcə, miqyas fərqlidi. Ancaq
özünü qadın hiss etmək istəyindən də vaz
keçə bilmir. Çoxdan ondan ötrü ah-uf edən lord Temerli ən
gözəl namizəddi Culiya
üçün – ən seksi, ən parlaq
libaslarını geyinib evinə gedir lordun. Əlindən gələni
edir ki, bu məhzun
aşiq heç olmasa onun əlindən öpsün. Amma burda da fiasko
– sən demə, lord Temerli özünün kişi kimi
iqtidarsızlığını illər uzunu məhz
Culiyanın adıyla gizlədirmiş... Hamı onun ancaq xanım
Lembertə aşiq olduğunu düşünüb haqqında
başqa bir söz deməsin... Deməli, bu da oyun imiş... Bu nədi? Doğrudanmı, onun
qadın məlahəti yoxdu?
Risk etmək qərarına gəlir qadın – üz-gözünü
bayağı boyayıb London fahişələrinin
yığışdığı məhəllədə gəzişmək
istəyir. Görən orda ona qadın kimi bir təklifdə bulunan
olacaqmı?.. Amma... yox, burda da ona yaxınlaşan yeganə
kişi avtoqraf istəyir
aktrisanı tanıdığından... Culiya özünə
inamı tamam itirib – niyə O, qadın ola bilməsin? Hamı onu niyə
ancaq aktrisa kimi sevsin axı? Və ondan niyə
ancaq oyun istəyirlər? Həqiqəti oğlu deyir
qadına:
– Mən
axtarıb tapa bilsəydim, sevərdim səni... Amma
hardasan sən? Görəsən, səni qatbaqat
soyundursaq, əynindən sənin sənətkarlığını,
qeyri-səmimiliyini, oyunlarını, köhnə rollarından olan
sitatları, saxta hissiyyat qəlpələrini
çıxarsaq, qəlbini görmək mümkün
olacaqmı? – Rocer ona diqqət və kədərlə
baxıb, zorla gülümsündü: – Ancaq çox xoşuma gəlirsən...
...
Premyera yaxınlaşır... Məşqlərdə özünü
yorğun, üzgün
və xəstə göstərir. Və görür ki, bundan yalnız
əri Maykl narahatdı – o da
teatra tamaşaçı
cəlb edən bir nömrəli aktrisa üçün
narahatdı. Tom və onun gənc sevgilisi isə
çox sevinirlər. Tamaşadan əvvəl
Tomla səhnə arxasında rastlaşan Culiya anlayır ki,
sevmir artıq bu gənci. Sevmir və
ürəyi rahatdı. Ürəyi rahatdı, amma qisas hissi ilə
dolu bir rahatlıqdı bu. Tomun sevgilisini hamının
gözü qarşısında məhv edəcək,
üstündən keçəcək, böcək kimi əzəcək!!!!
Tamaşa
vaxtı gənc aktrisaya diqqət çəkə biləcək
yeganə mizan elə dəyişdirilir ki, böyük Aktrisanın oyunu ilə salon
alqışlardan titrəyir,
Culiyanı on dəfə təkrar-təkrar
çağırırlar səhnəyə. Pərdələr
enir-qalxır, “BİS”,
“BRAVO” sədaları susmaq bilmir. Bu onun ZƏFƏRİDİ
– AKTRİSANIN!!!
Səhnə arxasına gəlib qrim
otağında güzgüyə baxır yorğun-yorğun...
Əri Mayklın:
–Ay ləçər,
sən yəni məni bu səfil qızcığaza
qısqandınmı? Yəni sən düşünmədinmi
ki, sənin
möhtəşəmliyin hamını
sönük qoyur, kölgədə qoyur?... – sözləri onu
təəccübləndirsə də, şirin bir təbəssümlə:
– Əzizim,
mən səni hamıya qısqanıram – deyir, amma ürəyində “SƏFEH” –
deyir Maykla – Anlamadın yenə... Tom da gəlib onu təbrik etməyə.
O yenə
Culiyanın ayaqlarına döşənməyə
hazırdı, amma qadın onu əlinin arxası ilə
yüngülcə itələyir (Bunu edən Aktrisamı, ya
Qadınmı? İndiyə qədər də
ayırd edə bilməmişəm). Və füsünkar baxışlarla, qalib
baxışlarla heç nə demədən – GET – deyir. Bu hay-küyün içində
aradan çıxmağın əsl vaxtıdı. “Mənim
həyatımda bir daha belə anım olmayacaq və mən onu
kimləsə paylaşası deyiləm” – deyir, hər kəsdən yayınıb
restorana gedir. On ildi ki, arzu edib də yeyə bilmədiyi
bifşteks, qızarmış kartof, pivə sifariş edir. Ay
aman, bifştekslə müqayisədə Sevgi nədi ki?... Tanınmamaq
üçün başına qoyduğu şlyapasının
altından restoranın ziyarətçilərini müşahidə edir,
fikirləşir ki, aktyorlar və onların oynadığı
rollar əslində həyat adlanan bu
qarışıq, məqsədsiz oyunun
simvollarıdı. Sadəcə, simvollar daha gerçəkdi. Həyatın
yeganə
gerçəyidi
oyun....
GERÇƏK TEATR
Hər
zaman diqqət mərkəzində olmağa öyrəncəli
və kimsənin
də sona qədər dərinliyinə vara bilmədiyi bir qadın. Həyatda
qazandığı nə varsa, Oyuna borcludu. O, həmişə
oynayır – ərinin, oğlunun, məşuqunun, rəqiblərinin,
anasının, dostlarının, publikanın
qarşısında...
Zəif
nöqtələrini, yerlərini kimsəyə göstərmir...
Ən əsası
hisslərini kimsəyə göstərmir və bir gün anlayır ki, özü də
artıq unudub nəyin doğru, nəyin yalan
olduğunu... Həyatını qazanıb, amma onun gerçək
kimliyini üzə çıxaracaq biri olmayıb həyatında, onu qadın kimi kəşf
edən biri...
Və
sonda anlayır ki, o, hamıya öz oyunlarıyla maraqlıdı,
barışmaq lazımdı bununla... Özü isə ancaq səhnədə
özü ola biləcək... Ən
böyük eşq də, aşiq də SƏHNƏDİR.
Para-pul,
sevimli iş, dostlar (daha doğrusu, heyranlar), sevmədiyi, amma hələ də İngiltərənin ən
yaraşıqlı kişisi sayılan ər. Arzulara baxın hələ: “Altmış yaşım olanda
özümə rahatlıq verəcəm. Ürəyim
istədiyi qədər yağ-çörək yeyəcəm.
Səhərlər isti bulka, günortalar
qızardılmış kartof, lançda yenə kartof.
VƏ PİVƏ.... Tanrım, çox sevirəm pivəni!
Noxud şorbası, tomat şorbası, pudinq, vişnə
piroqu istəyirəm. Qaymaq, qaymaq, qaymaq...” İlk
baxışda bəsitdi, deyilmi?
Amma gəncliyinin yoxsul günlərində bunları yeyə
bilməyib, indi də kökəlib formadan düşmək qorxusu var axı... Deməli, ən
adi istəklər də onun üçün yasaqdı... Gənc
deyil, amma yaşlanmayıb da və həyatına gələn bu
cavan oğlan onu yenidən aşiq olub havalarda uçmağa
vadar edir. Bundan sonra
içində aktrisa ilə qadının
savaşı başlayır. Qadın Sevgi istəyir, Aktrisa məğrurdu,
əlçatmazdı... Aktrisaya heyranların vəcdlə
“BİS” qışqırığı lazımdı,
Qadına bircə
insanla görüş...
Erkən yaşlarından səhnədə olan aktrisa o qədər
başqa həyatlar, başqa insanlar canlandırıb ki,
özünün canı yoxa çıxıb onların
arasında. Üstəlik, böyüyüb yetkinləşmiş
oğluyla da dil tapa bilmir. Nədən danışsa,
oğlu kinayə ilə: – Bu hansı tamaşadandı, hansı rolundu? – sualını verir.
Hələ
üstəlik, onu sevdiyini zənn etdiyi gənc də
uzaqlaşıb ondan. Kim uduzub bu oyunda? Kim qazanıb?
Amma pərdələr enməyib hələ, enməyib... Bəli,
o, həyatda başqalarının obrazını canlandırır, amma bunu
dürüstlüklə edir. Üzünə maska taxıb ətrafında
yaşayan insanlardan fərqli olaraq... Kimsə
yalançı eşqi oynayır, kimsə gəncliyini ön
sıraya çəkir, kimsə fədakar dostdu, kimsə nəvazişkar
ər... – amma oynayırlar. Kim yaxşı oynasa, həyat
onundu, kim yaxşı oynasa, “BİS, BRAVO”
hayqırtıları onun olacaq, kimsə də kölgədə qalacaq. Ona görə yox
ki, oynamaq istəmədi,
bacarmadı, sadəcə... Culiya monoloqun deyəcək!!!!
HƏYAT
Oxuduğun
və sənə ədəbiyyat deyə təqdim olunan hər nümunə
yadında qalmır. Əvvəl beynində saf-çürük olunur, sonra qəlbində yer
tutur. Burda oyun elementləri yoxdu – sən varsan və sənin
doğmaların var. Lap ruh əkizlərin də ola bilər. Sənin onlarla
söhbətin alınır. Dinləyə
də bilirsən, onlar da sənə qulaq asır. Onlardan öyrənirsən
– burda paxıllıq da yoxdu. Nə varsa açıqdı,
gizli-saxlı da yoxdu. Və zamanla hiss edirsən ki, sənin əsl həyatın
burdadı. Burda
kimsə səni aldatmayacaq, xəyanət etməyəcək,
arzuların əliuzalı
qalmayacaq.
Somerset
Moemin “Teatr” romanı janrın bütün tələblərinə cavab
verə bilir. Amma mənimçün bu deyildi əsas.
Çox romanlar var bilirsən, bəli, gözəl
yazılıb, bəli, bütün parametrlərə cavab verir – ancaq sənin
deyil. Deyil, vəssalam. Vitrindəki
gözəl libas kimidi, lap əyninə geyinib-soyuna da bilərsən,
sənin olmayacaq. Doğma idi bu əsər mənə. Əvvəl
filmi gördüm, indiyə qədər də, az qala, hər
kadrını xatırlayıram. Sovet kinosunun ulduzları ilə –
möhtəşəm Viya Artmane və yeni-yeni kinoya qədəm basan
İvar Kalnınışla. Çox sonralar, məşhur
aktrisanın ölümündən sonra
İ.Kalnınışın müsahibəsini oxudum – aktyor etiraf
etmişdi ki, filmə onu Viya çəkdirmişdi və həmin vaxt onların
arasında böyük sevgi vardı. Deməli, film deyilən
bu oyunun içində gerçək hisslər yaşanıb,
yansıyıb ekranın bu üzünə. Deməli, yenə
oyunla gerçəyin sərhədini ayırmaq olmayacaq. Sonra əsərin
özün oxudum...
Moem mənim
romançımdı – bunu anladım... Amma qadınlara bu qədər nifrət
edən birinin belə obraz yaratması yenə sirrdi, mənə
görə.
...Ətrafınıza
baxın, cənablar!!! Hansı teatrın tamaşasındasınız? Hansı
roldasınız? Bu oyuna özünüz
inanırsınızmı? Gerçəklər
sizi qorxutmur ki? Nəyin harda olduğunu
ayırd edə bilirsinizmi? Və elə burda, bu sözlərin
içində nəyin oyun, nəyin gerçək olduğunu
ayıra bildinizmi?
İnsanların
əksəriyyəti kölgə tamaşasında roldadı. İşığa
çıxmaq cəsarət tələb edir. Bəs işıqların altında yaşamaq necə?
Bunu hər kəs bacararmı? Hansı rakursdan necə görünəcəyin,
hansı rəngin sənə daha çox uyğun
olacağın əvvəldən müəyyən etmək
necə???
Hələlik isə pərdə qalxır. O çıxır səhnəyə
– işıqların və alqışların altında.
Qadın artıq
anlayıb bütün gerçəklər
burdadı, həyatının ən böyük eşqi də
burdadı – SƏNƏT deyilən oyunun içində...
İradə Tuncay
525-ci qəzet.-
2013.- 9 fevral.- S.10.-11.