Məhəmməd Əmin Rəsulzadə- Əsərləri

 

Gürcülərlə müsəlmanlar

 

Mövhum türk “politikaçılarına” qarşı açılan vızıltıyı “Saxalxo purtseli” qəzetəsi haman davam etdirib gediyor. “Bakı türk xeyratçılarının” doktor Sultanov ilə “Açıq söz” də daxil olduqları halda Acarada müsəlman məktəbi açılmaya tərəfdar olduqları və burasının xristianlaşdırılmamasına qarşı təminat istədikləri bir provokasiyon (təhrik-təftin) imiş...

“Türk provokasiyonuna” qarşı bayraq açıb da bütün gürcüligi “mübarizə”yə dəvət edən bu məczub qəzetə məsələyi etidal dəmlə mütaliə və müzakirə etmək tərəfdarı olan gürcülərə dəxi etirazlar ediyor.

“Açıq söz”də “Saxalxo purtseli”yə qarşı yazılan bir məqalə münasibətilə təkrar məsələyə ovdət edən “Z.Reç” qəzetəsi gürcü-müsəlman mübahisəsini dostanə bir surətdə həll etmək üçün müvafiq bir yol göstərmişdi. Məzkur qəzetəyə görə “acaralılar imdiki halda bir parça çörəyə möhtacdırlar. Böylə bir zamanda kəndilərinə çörək degil, məarif və məktəb təklif etmək münasib degildir. Yaxşı olardı ki, gürcü cəmiyyəti-xeyriyyəsi Acaradakı məktəb və məarif işini müharibədən sonraya təxir etdirə idi. İmdi isə ancaq maddi köməklə qala idi. Yox əgər, nədənsə gürcü cəmiyyəti bu xüsusu təxir etdirə bilməzsə, o zaman yaxşı olardı ki, acaralılar arasında nəşri-məarif cəmiyyətinin proqramını müsəlman cəmiyyəti-xeyriyyəsi ilə birlikdə tərtib etdirə idi”.

“Z.Reç” qəzetəsinin bu təklifindən anlaşılır ki, həqiqətən də məsələyi dostanə bir şəkildə, anlaşma və öpüşmə yolu ilə həll etmək istiyor. Əgər böylə bir etidal və səmimiyyət “Saxalxo purtseli”çilər tərəfindən də gözədilsə idi, bu gün faidəsindən çox zərər toxunduran “mübahisə”lərə də meydan qalmazdı. Biz gürcü-müsəlman münasibatının dostanə bir yolda davam etməsini arzu edə gəlmişik və bu arzu xatirinə bir ildən ziyadədir ki, imdi açıb göstərmək məcburiyyətində qaldığımız vəqələri sükutla keçirib aralığa soyuqluq salmaq istəməmişik. Nəhayət, “Saxalxo” ilə “Sakartvelo”nun “ultimatumu” və gürcü cəmiyyəti-xeyriyyəsinin Bakı müsəlman cəmiyyəti-xeyriyyəsinə göndərdigi “nota”sı bizi danışdırtmışdı. Bu danışıqla bərabər biz yenə gürcü qomşularımızla dostluq etməkdən, qomşuca yola getməkdən naümid degiliz. Yetər ki, onlar dostluğu birbaşlı degil, ikibaşlı görsünlər. Yetər ki, kəndi gürcü hissiyyatlarına qarşı ehtiram tələb edərkən bizim də türk və müsəlman hissiyyatımıza ehtiramkar olsunlar. Bu nöqteyi-nəzərdən    “Z.Reç” qəzetəsinin məsələyi doğru anlayışı şayani-təqdirdir.

Fəqət nə edərsək ki, “Saxalxo purtseli”nin cəngculuğu “Z.Reç” qəzetəsinin etidalına uymaq istəmiyor.

Gürcü cəmiyyəti-xeyriyyəsi Acarada məktəb və məarif təmimindən əl götürməməli və bu xüsusda kimsəyə güzəşt də etməməlidir, deyə haman əskisi kibi Qafqasiya türklərindən də tələb ediyor ki, Acarada məktəb açmaq niyyətindən daşınsınlar, yoxsa mübarizəyə hazır olsunlar.

Müdhiş bir surətdə “mübarizə”yə hazırlaşmaqda olan gürcü qəzetəsi eyni zamanda da bizə isnad verdigi təhrik (provokasiya) işində ustadlıq göstərərək “acaralılar bakılılardan da yaxşı müsəlmandırlar və o qədər də zəif degildirlər ki, başqaları onların hissiyyati-diniyyələrini müdafiə eləsin” deyə bizimlə Acara arasına bir “səngi-iftiraq” atmaq istiyor...

İştə, qulağının dibində bu kibi yüngül, eyni zamanda da müzürr vasitələrlə oynayan arkadaşını buraxıb da “Z.Reç” qəzetəsi nahəq yerə “millətləri ayırmaq” töhmətini bizə vuruyor. Biz heç bir zaman bu mərəzlə xəstələnmədik. Bütün millətlərlə dost keçinmək məqsədimizdir. Gürcülərlə – bunu əskidən də söyləmişik – bilxassə dost keçinə biləriz. Fəqət dost olmaq başqa, aşiq olmaq da başqadır. Siyasətdə dostluq var, fəqət məşuqun hər bir itab və cəfasına qatdaşan məcnunanə eşqə yer bulunamaz.

“Saxalxo” keyfi istərsə Don Kixotvari meydana atılsın, biz isək bu yüngüllüklərə qarşı mətanətimizi pozmaz, söz yerində sözümüzü söylər, iş zamanında işimizi işləriz.

“Türk politikaçılığından” qorxan gürcü dostlarımız burasını nəzəri-etinayə almalıdırlar ki, bu günə qədər Qafqasiya müsəlmanları Acarada bir danə də olsa məktəb açmamışlardır. Halbuki gürcü şkolları yalnız Acarada degil, Ərdahana, Axalkələkə, Axalsixə qədər belə yayılmışdır.

“Z.Reç” ixtilafı rəf etmək üçün gürcü cəmiyyəti-xeyriyyəsindən istiyor ki, müharibə qurtaranadək gürcü müsəlmanları arasında məarif nəşrini təxir etdirsin və yaxud müsəlman cəmiyyəti-xeyriyyəsi ilə bu xüsusda bir etilafa gəlsin. Biz türklər gürcü müsəlmanları arasında gürcülərin məktəb açmaları əleyhində degiliz. Buna görə daimi olsun, müvəqqəti olsun, məktəblərini qapasınlar təklifində dəxi bulunmayız. Yalnız burasını söyləriz ki, müsəlman qardaşlarımız müraciət edib də bizdən məktəb istərlərsə onların bu arzularını da rədd edə bilməyiz. Məsələnin bu şəkildə həlli bizi də, gürcüləri də, mövzui-ixtilaf təşkil edən gürcü müsəlmanlarının hissiyyati-diniyyə və milliyyələrini də razı sala bilər. Yarınkı sayımızda nəşr olunacaq bir məqaləsində gürcüligini dərk etmiş bir müsəlman sifətilə möhtərəm Məhəmməd bəy Abaşidze türkcənin Acara üçün lisani-dini hökmündə olduğunu söylüyor və “acaralılar türkcə oxurlarsa türkləşirlər” mülahizəsindən bütün acaralılar naminə inciniyor.

Madam ki, ən şiddətli gürcüləşmək tərəfdarı olan bir gürcü müsəlmanı belə türkcə oxumayı mətlub görüyor, əcəba, müsəlmanların bu xüsusda “çıxışları” nədən ədavət nəzərilə görülsün; Orta Batumda məktəb açmaq fikri nədən başqa dürlü tələqqi olunsun?...

“Saxalxo purtseli”nin mübahisə xatiri üçün müraciət elədigi nəzəri məsələlərin mütaliəsini başqa bir məqaləyə buraxaraq əsl məsələdəki nöqteyi-nəzərimizi təlxis edəlim:

Gürcücə danışmaqda bərdəvam olan müsəlmanlar gürcüdürlər. Gürcülərin onlara qovuşmaq istəmələri təbiidir. Buna biz mane olamayız. Gürcücə ilə bərabər türkcədə danışan gürcü müsəlmanları ilə aramızda camei-diniyyə vardır. Bu cameə ilə biz ikimiz də beynəlmilliyyəti-islamiyyəyə daxiliz. Buna görə də onlarla rabiteyi-mənəviyyəmizi idarə edəcək və bizdən müsəlman məktəbləri istərlərsə mümkün elədigimiz qədər istəklərinə əməl edəcəgiz.

Xristian gürcülərin müsəlman gürcülər arasında gürcü dili nəşr etmələrini təbii görməklə bərabər gürcüliklə tarixi bir xatirədən başqa heç bir növlə əlaqələri qalmayan yerlərdə yaşayan türklər arasındakı gürcüləşdirmək politikasına da xoş nəzərlə baxmayıb bu xüsusda kəndilərinə əngəl olacağız.

Gürcü millətçilərinin gürcü müsəlmanların dininə ehtiramkar olduqları həqqində elədikləri bəyanlarına etimad eləməklə bərabər bəzi müfrit gürcü cərəyanları tərəfindən bu bəyanat xaricində vaqe ola biləcək təzahüratə qarşı da laqeyd qalamıyacağız.

Bu əsaslar daxilində gürcü qomşularımızla uyuşa biləriz. Qomşularımızın bu nöqtələrə ehtiramları varsa, anlaşalım. Yox “Saxalxo” vəhmiyyətində qalıb da bizi “Gürcüstandan qovmaq” istərlərsə, o başqa məsələ...

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 29 yanvar 1917, ¹389

 

Mövhum – xəyali                                   

 

Vəhmiyyət – mövhumat

Təftin – fitnə salma, araqarışdırma       

 

Ovdət – qayıtma, geri dönmə

Vəqə – hadisə, əhvalat                             

 

Təlxis – xülasə etmə

İtab – məzəmmət etmə, danlama      

 

Məczub – ruhi xəstə                                

 

Səng – daş

Gürcü-türk etilafı

 

“Müsadiməyi-əfkardan bariqəyi-həqiqət parlar” hikməti bu dəfə də təcrübədən çıxdı. Neçə gündən bəri gürcülərlə Qafqasiya müsəlmanları arasında çıxıb da mətbuat vasitəsilə davam edən mübahisə dünki nüsxəmizdə yazıldığı vəchlə Tiflisdə müsəlmanlarla gürcülərdən mürəkkəb bir məclisdə həll edilmişdir. Bu məclisin aldığı qərar, o qərarı nəşr elədigimiz gündən iki gün əvvəl “Saxalxo”ya cavabən yazdığımız məqalənin axırında təlxis elədigimiz əsaslara müvafiq bir surətdə alınmışdır.

Biz diyorduq və imdi degil, çoxdan bəri diyorduq ki, gürcü dili ilə bərabər türkcədə danışan və türk həyat və adatını tamamilə qəbul edən acaralılar arasında gürcü məktəbləri açılmasına mane degiliz. Fəqət buralarda acaralı dindaşlarımız istərlərsə, türkcə də məktəb açacağız. Gürcüstan ilə tarixi bir xatirədən başqa heç bir növlə əlaqəsi qalmayan yerlərdə gürcü məktəbi təsisinə əngəl olacağız. Müvafiqət elədigimiz yerlərdə açılacaq gürcü məktəblərində də xüsusati-diniyyənin təminini istəyəcəgiz.

Tiflisdəki etilaf məclisi də qərar vermiş ki:

1) Türkcə və gürcücə ilə danışan Acarada hər iki tərəf yerli əhalinin arzu və xahişilə məktəb aça bilər.

2) Gürcülük ilə heç bir əlaqəsi qalmayan yerlərdə gürcülər məktəb açmamalıdırlar.

3) Türkcə bilməyən gürcü müsəlmanları arasında məktəb açmaq səlahiyyəti gürcülərə aid olub, fəqət bu məktəblərdə din dərsləri türkcə oxutdurulmaq üzrə təmin olunmalıdır.

Bu surətlə görülüyor ki, məsələ tam “Açıq söz”ün istədigi şəkildə həll olunmuşdur.

 

Əcəba, məsələnin bu surəti-həlli bütün gürcü məhafil və mətbuatından ötrü yol göstərici bir qətnamə şəklini alacaqmı? “Z.Reç” nəşriyyatına baxılırsa alacaq; “Saxalxo” nəzərə gətirilirsə – yox. Bu iki cərəyandan hankısı daha ziyadə qüvvətli çıxacaq? Bunu əlbəttə ki, bu günlərdə çıxacaq gürcü mətbuatı göstərər. Fəqət biz ümid ediyoruz ki, gürcü vətəndaşlarımızın müfritləri dəxi bu məqul qərara tabe olub dostluğa şayistə olmayan nəşriyyatlarından saxlanılsınlar.

Müsəlman məhfillərində isə bu qərardan naməmnun qalan və buna tabe olmaq  istəməyən bir fərd təsəvvür olunmaz. Çünki Qafqasiya müsəlmanlarının bu məsələdə ifrata getmiş deyə təsəvvür olunan cərəyanının belə istədigi Tiflis komisyonunun istədigindən artıq degil idi.

Ümidvarız ki, “gürcülərlə barışmaq üçün münasibati-beynəlmiləliyyədə islamiyyət camesindən əl götürməmizi” bilaşərt və qeyd tələb edən “Saxalxo”çular dəxi bu müştərək qərara tabe olub “çəkişdikdən sonra bərkişməkdə olan” gürcü-müsəlman dostluğunun ahəngini pozmazlar.

Tiflis etilaf komisyonunun bu müvafiq və məqul qərarını səmimiyyətlə təbrik etdikdə bir cəhəti nəzər diqqət və etinadan uzaq tutmamayı dəxi tövsiyə etmək istiyoruz.

Gərək gürcülər, gərəksə türklər bilməlidirlər ki, iki dostanə bir vəziyyətdə bulunan qomşu millət arasında böylə asan bir surətdə həll oluna biləcək bir məsələ ikən, “Acara məsələsi” bu qədər “qilü-qalə” səbəb oldusa, ancaq gürcülərlə müsəlmanların elani-məhəbbət edib də sonra hər kəs öz yuvasına çəkilib görüşmədən, anlaşmadan, dərdləşmədən işləmələri ayrı-ayrı işləmələri sayəsində olmuşdur. Bir şey olmuş. Buna şübhəli gəlmiş, başqa bir hərəkət o biri tərəfin sui-zənnini cəlb eləmiş; vəqtində bu şübhələri, bu zənləri görüşərək izah edib anlaşmaq yolu ilə həll etməkdən isə, toplamış dəftəri-xatiratımıza qeyd eləmiş, nəhayət Qafqasiyaya məxsus bir hərarətlə partlamışız. Fəqət “xeyirsiz şər olmaz”. Bu dəfəki “şər”dən də bir “xeyir” hasil olmuşdur: Tiflis komisyonunun qərari-məlumu.

Bu qərar hər iki tərəfdən səmimiyyətlə tətbiq edilir və bu tətbiqatın nə yolda getdigi həqqində ara-sıra dostanə bir surətdə mübadiləyi-əfkar olunur və dostlar tez-tez görüşürlərsə əminiz ki, bu hal hər iki millət beynində paydar olması mətlub olan dostluğu könül istədigi kibi təmin edər.

Dövlətin mühüm zamanlar keçirdigi və Dövlət Duması intixablarının təcəddüdi-mülahizəsi ilə Qafqasiya üçün fövqəladə böyük işlər görmək dəqiqələrinin gəldigi böylə mühüm bir zamanda Qafqasiya millətlərinə öz aralarında “çənələşib” durmaq və “cüzi məsələlər” üstündə “didişməgə” dəgməz. Bu nöqteyi-nəzərdən dəxi iki dost millətin təcəddüdi-əhd və məvəddət etməsi şayani-əhəmiyyətdir.

 

 

M.Ə.Rəsulzadə

 

“Açıq söz”, 1 fevral 1917, ¹392

 

 

Müfrit – ifrat dərəcəsində olan

Şayistə – layiq

 

Məqul – ağlagələn, ağlın qəbul etdiyi

Məvəddət – sevmə, sevgi, məhəbbət

Bir etiraf münasibətilə

 

“Səfa” cəmiyyəti iclasi-ümumisində idarə məclisə qarşı söylədigi məruzəsi ilə beş ildən bəri davam etdirdigi rus-müsəlman məktəbi tipindəki “Səfa” məktəbinə sərf elədigi 30 min manatın “səmərəsiz” olduğunu etirafla iclasdan xahiş ediyordu ki, bu məktəbi şəhər idarəsinə təsliminə icazə versin və öz tərəfindən idarə heyətini milli bir məktəb açmağa vadar eləsin.

Rus-müsəlman məktəbinə sərf olunan pul, əcəba, neçün “səmərəsiz” sərf olunsun? – deyə əksər oxucuların zehninə bir sual gələ bilər və buna görə də “Səfa” idarəsinin “səmərəsiz” işlədigi həqqindəki etirafı bəlkə də anlaşılmaz. Böylə anlaşılmazlığa meydan qalmasın üçün məsələnin nədən ibarət olduğunu bir az açarsaq, faidəsiz olmaz – zənnindəyiz.

Rus-müsəlman məktəbləri və bu tipdə olan hökumət şkolalarının xəlqimizə faidəsi yoxdur – denilmiyor. Bunların məlum bir ölçü daxilində türkcə ilə ruscadan ibtidai məlumat verib, zəminində hesab ilə sair fünundan dəxi ibtidai dərəcədə bilgi vermələri aşkardır. Cəhalətin qalın pərdəsi ilə örtülmüş və məarifin hər növ ziyasından daldalandırılmış xəlqimiz üçün bu qədərlik işıq dəxi qənimətdir. Fəqət bununla bərabər bilməliyiz ki, bizi özünü birər bir millət halına qoyacaq və bütün mədəni və milli məziyyətlərini özünə qandıracaq bir məktəb hər halda rus-müsəlman məktəbi olmayıb milli türk məktəbi olacaqdır.

Böylə bir məktəb təsisinə müsaidə yox ikən imdiki halları ilə mövcud olan “ruski-tatarski”lər bir “qənimət” degil, bəlkə də bir “nemət” hesab oluna bilərlərdi. Fəqət istədigimiz kibi milli məktəb açmaq imkanı var ikən, pulumuzu yenə sabiqki qərar üzrə başqa növ məktəblərə sərf etmək əql və tədbir işi degildir.

Həyati-milliyyəyi təmin edən vasitələrdən bixəbər olan mühitimizdə ehtimal ki, “əcəba, milli məktəblər açmağa müsaidə varmı?” – deyə heyrətli suallar verənlər də tapılır. Necə ki, böylə suallar “Səfa” iclasi-ümumisində dəxi eşidilirdi.

Bu xüsusda “Açıq söz”də dəfələrlə yazılmış, bu dəfə dəxi təkrar etməyi faidəli buluruz ki: istədigimiz proqramda və istədigimiz dildə milli məktəb açmağa müsaidə vardır. 1914-cü ildə xüsusi məktəblər həqqində nəşr olunan qanun mövcibincə ibtidaidən tutub aliyə, hətta darülfünun açmağa qədər ixtiyarımız vardır. İmdi biliriz ki, öz dilimizdə, öz ruhumuzda, öz idarəmizdə ibtidailər də, edadilər də, darülfünunlar da, darülmüəlliminlər və sair xüsusi ixtisas məktəbləri də açaq. Bunu yalnız cəmiyyətlər degil, xüsusi şəxslər də aça bilərlər.

Bu məsələnin bir cəhəti, digər cəhəti də o ki, təlimi-ümumi qanununun iqtizasına görə hanki bir məhəllə və ya kənd əhli yığılıb ərizə versə və özünə ibtidai məktəb istəsə, şəhər idarələrinin (şəhərdə), zemstvoların (içəri Rusiya kəndlərində) direksiyaların (Qafqasiya vilayətlərində) borcudur ki, haman məhəllə və ya kəndlərdə ibtidai məktəb açsınlar. Müsəlmanlar üçün açılan ibtidai şkolalar da bittəbii ruski-tatarski biçimində olacaq.

Madam ki, bu əsaslar böylədir. Madam ki, cəmaət istərsə ruski-tatarski məktəbini hər zaman ala bilər və bu xüsusda ümumi mənbeyi-məarifdən sirab ola bilər. O halda cəmaətin pulunu yığıb da şəhər idarələri və ya dövlət xəzinəsinə müavinət etməkdə heç bir məqsəd yoxdur. Biləks, dövlət və şəhər xəzinəsindən müsəlmanların hissəsinə düşən məbləğ tamamilə istifadə olunmayıb başqa yerlərə sərf olunuyor. Məarif cəmiyyətləri bu xüsusda pul degil, bir az mürəkkəb ilə kağıza, bir az da əmək sərf eləməli, mümkün elədikləri yerlərdə cəmaət ərzi-halları hazırlandırmalı, direksiya və şəhər məktəb şöbəsinə verdirməlidirlər. Bu vasitə ilə onlar həm teatro qoymaq, ianə yığmaq və sair vasitələrlə topladıqları paraları sərflə imdi əldə elədikləri məqsədlərinə çox asanlıqla ermiş olur, həm də millətin kisəsindən çıxardıqları pulları daha faidəli və daha milli müəssisələrə sərf etmək üçün təsərrüf edərlər.

Bu qədər aydın bir mətləbi nədən isə bu vəqtədək bizim cəmiyyətlər dərk edə bilməmişlərdir. “Səfa” cəmiyyəti beş illik əmək və 30 min manat para sərf etdikdən sonra təcrübə ilə bu fikrə gəlib “etirafi-qüsur” ediyorsa da, “Nəşri-məarif” kibi bir cəmiyyətimiz hala o “siyasəti” davam etdirib gediyor. Doğrudur, Nəşri-məarif cəmiyyəti büdcəsinin külli məsrəfini direksiya vasitəsilə xəzinədən alıyor. Fəqət bunu almaqla vəzarət proqramını tətbiqə də məcbur olub milli məktəb idealından hər halda uzaq qalıyor.

Arzu olunurdu ki, “Səfa” idarəsi kibi sair cəmiyyətlərimiz dəxi bu xüsusda təfəkkür edərək məktəblər təsisində “milli məktəb siyasəti”nə riayət edə idilər.

 

M.Ə.Rəsulzadə

“Açıq söz”, 7 fevral 1917, ¹397

Müsəlman idareyi-ruhaniyyələri

 

Rusiyada yaşayan müsəlmanlar: Volqa Boyundakı tatarlar, krımlılar, qafqasiyalılarla türküstanlılar hamısı bir din ilə mütədəyyin olduqları kibi bir böyük suyun ayrı-ayrı bulaqları, bir böyük kötügün dürlü şaxələridir. Hənbəli, şafii, hənəfi, maliki, şiə kibi müxtəlif məzhəblər haman bir dinin – fərə aid cüzi təfavütlərlə – şöbələri olduğu kibi tatar, azərbaycanlı, özbək, qırğız və türküstanlılar da böyük türk ailəsinin doğma uşaqlarıdır. Biz, Rusiyada yaşayan müsəlmanlar eyni zamanda da türküz, biz, Rusiya türkləri eyni zamanda da müsəlmanız. Hər nə qədər sayımızda 20 milyon ilə 30 milyon arasında gəzən böyük bir ixtilaf varsa, hamımızın bir din və bir cinsə mənsub olduğumuzda əsla şübhə yoxdur.

Böylə iki böyük mənəvi rabitə ilə bir-birinə bağlı olan Rusiya müsəlmanları arasında az-çox bir təfavüt görünürsə, bu cinsiyyət və ya din təsiri ilə degil, iqlim və şəraiti-siyasiyyədən iləri gəlmiş xüsusiyyətlərdir ki, hər halda əsli degil, ərzidir. Bu ərzi (xaricdən ariz olan) təsirlər sayəsində digər “bir kütlə” (kütleyi-vahid) olan “cameə”lərdə görüldügü kibi türk-tatar “cameə”si də vəqtilə təəssürati-fariqəyə tutularaq ayrılıb dağılmışdır.

Bütün bəşər “cameə”ləri idraklarının tərəqqisi nisbətində ayrıldıqdan sonra (buradan senzura bir neçə cümləni çıxarmış, yeri ağdır. – Ş.H.) çalışıb çapalamaqdadır. Bu məqsədlə Rusiya müsəlmanları mütəəddid ictimailərində, müxtəlif vəqtlərdə hökumətə verdikləri ərizələrində hal-hazırda mövcud olub da Rusiya müsəlmanlarının ruhani işlərini tənzim edən qərardadların dəgişməsini tələb eləmişlərdir. Çünki bu qərardadlar nə ruhi-şəriətlə müvafiq olub, nə də millətin mənəvi ehtiyacları ilə münasibdir. Qərardadların cüziyyatından bu dəfəlik sərfi-nəzər eləsək belə, bir dəfə bir “kütleyi-vahidə” təşkil edən müsəlmanların müxtəlif qərardadi-ruhaniyyələr vasitəsilə idarə olunmaları üstündə dayanmaq məcburiyyətindəyiz.

Dinləri, cinsləri bir Rusiya müsəlmanlarının üç növ idareyi-ruhaniyyələri vardır. Bu idarələr biri-birindən həm hüquq və səlahiyyət, həm də təşkilatca fərqlidirlər. Müxtəlif zamanlarda müxtəlif siyasi amillər təsiri altında yazılan qərardadlarla vücuda gətirilən idareyi-ruhaniyyələr arasında ən geniş hüquq və səlahiyyətə malik olanı Zaqafqasiya müsəlman idareyi-ruhaniyyəsi olub, ən dar bir ramka və qısıq bir hüquq və səlahiyyət içərisinə qoyulanı da “Orenburğ duxovnı sobraniyası”dır. Krım idareyi-ruhaniyyəsi isə bunların ikisi arasında bir növ bərzəx təşkil etməkdədir.

Daxiliyyə vəziri Protopopovun müsəlman idareyi-ruhaniyyələrini islah qəsdilə tərtib elədigi layihədə – qəzetələrdə oxunduğuna görə – bütün Rusiya müsəlmanları ümuri-ruhaniyyəsinin hər yanda bir qaidəyə salınması dəxi varmış. Protopopov “qaideyi-külliyyə”sinin nədən ibarət olduğunu bilməyincə bittəbii bu, zahirən müsəlmanların istədiklərinə bənzəyən təşəbbüsün həqiqi qiymətini kəsdirmək müşküldür. Müsəlman idareyi-ruhaniyyələrini idarə və səlahiyyətcə hanki bir möqəvvəmi-müştərək (obh. znamen.) dairəsinə gətirməyi yaxşıca bilmək üçün hal-hazırda mövcud üç müxtəlif idarənin nə halda olduqlarını mütaliə etmək gərək.

 

Bu xüsusda yarın.

M.Ə.Rəsulzadə

 

“Açıq söz”, 13 fevral 1917, ¹402

 

 

 

Mütəəddid – müxtəlif, çoxlu

Bərzəx – rabitə, əlaqə vasitəsi

Möqəvvəm – qiymətləndirmə

 

 

İslam dini və ana dili

 

Keçəndə Petroqrad ali məktəblərində oxuyan şimallı türk tələbələri tərəfindən “Şura” mühərriri-möhtərəmi Rzaələddin Fəxrəddin Əfəndi həzrətlərinə dualarla namazların ana dilində ifasına icazə olub-olmadığı həqqində bir sualnamə göndərdikləri xəbər verilmişdi. Son posta ilə alınan şimallı arkadaşlarımızın bu məktubunu eynilə Rzaələddin Fəxrəddin Əfəndi həzrətlərinin bu məktubu həqqindəki mütaliələrini nəşr eləmişlərdir. Milliyyət əsri və intibahi-milli dövrü keçirməkdə olduğumuz böylə bir zamanda böylə əsaslı bir məsələnin mütaliəsindəki əhəmiyyətə nəzərən məzkur məktub ilə Əfəndi mumi-ileyhin fikri-məxsusilərini “Açıq söz”ə nəql ediyoruz. Petroqradda oxuyan tələbələrin məktubu budur:

“Möhtərəm mühərrir Əfəndi! “Şura” səhifələrində aşağıdakı suallarımıza yer vermənizi rica ediyoruz:

1) Quran ilə hədisə görə və islam alimlərinin nəzərincə ibadət namazlar (gündəlik namazlar, bayram, cümə, təravih namazları və nafilə namazları), müxtəlif dua və istiğfarlar, bayram və nikah xütbələri və qeyriləri mütləq ərəb dilində oxunmaq müvafiqmi, aya şəriət bunların başqa dillərdə icrasına qarşı gəlmiyormu, rüsxət vermiyormu? Xülasəsi bu ki, islam rəsmi dil olaraq ərəbcənimi qəbul ediyor, yainki, islam nəzərində dillərin hamısı bir dərəcədəmidir?

2) İslam dinini qəbul edən millətlərdə bu vəqtə qədər din-ibadət dili olmaq üzrə ərəb dilindən başqa bir dilin qəbul edildigi varmı?

Bu məsələləri dini alimlərimizin müzakirələrinə ərz ediyor və Rzaələddin həzrətin özünün də bu xüsusda fikirlərini bəyan etməsini rica ediyoruz.

Bu məsələlərin açılmasını biz aşağıdakı nöqteyi-nəzərlərdən əhəmiyyətli görüyoruz:

1) Diləkləri öz dilincə diləmək; istədiklərini öz dilincə istəmək; qulluq göstərildikdə öz dilincə danışıb nə söyləndiyini bilərək qulluq göstərmək, ağzından çıxan sözlərin nə mənada sözlər olduğunun özünü də bilmək bizcə daha məqul görünüyor.

2) Əgər də din olaraq milli dili qəbul olunsa Quran ilə əhadisin və dürlü duaların mənalarını anlamaqla bərabər xəlqdə islamın ruhunu, fikrini anlamaq daha da ilərilər və hər yerdə Quran bir Quran ibadətdə oxunan surələr, bir surələr, dua və xütbələrin də bir dua və xütbə olması ilə bu gün islam aləmində olan zahiri birlik, o zaman ruhi və mənəvi bir birliyə mübəddəl olar.

İmdiki halda bütün dünyada milliyyət və qövmiyyət fikri üstə çıxmışdır. Bu surətlə biz tatarlarda da milliyyət hissi, tatarlıq və yainki türk-tatarlıq duyğusu oyanıb, yol alıb geniş bir meydan tutaraq gediyor. Bugünkü gündə bütün nəsli-cədid (cavanlarımız) bu fikirlə tərbiyələnib gediyor.

3) Dilimizə, millətimizə ögey nəzər ilə baxmayıb tamam hüquq versə, o zaman islamı milli din – deyə qəbul edə biləriz. Yoxsa o millətin ayrı fərdlərinin dini olur və milli məsələlərimizi biz islam ilə bağlamamağa məcbur oluruz.

4) Məktəblərimizdə ana dili xaricə qovulub oxu oxutmaq üçün rus dili təxsis olunmuş, sudlarda, məhəlli idarələrdə tatar dili tamam həqli bir dil kibi qəbul olunmuyor, milli nöqteyi-nəzərdən baxanda bizim dilimiz üçün az olsa da, Allah ilə olan münasibətimizi öz dilimizdə icra etmək mümkün olmaz və yainki tatar dili buna layiq degil, – deyilərsə bu, dilimizlə millətimizə bir təhqiri-mütəzəmmin olur.

5) Din və ibadət dili olaraq milli dil qəbul olunsa ibtidai məktəblərimizdə ərəb dili oxutmağa ehtiyac qalmaz idi. Bu onlar üçün məlumdur ki, böyük bir yüngüllük təşkil edərdi və balaların maddi və mənəvi gələcəkləri üçün daha əhəmiyyətli şeylər oxutmağa vəqt qalar idi. (Məlum ki, bu sözlər ibtidai məktəblərimiz həqqindədir. Orta və yuxarı dini mədrəsələrimizdə ərəb dili haman sabiqki qərar üzrə qalmalıdır).

Bu nöqtələrdən baxıldıqda əgər islam bu məsələdə qəti bir məmaniətdə bulunmazsa, bu fikrin açıq surətdə meydana qoyulmasını müvafiq görüyoruz.

 

Bu məsələni imdiki halda qaldırmamıza başqa səbəblər də var. Hazırda yazıçılarımızın əksərində və cavanlarda ədəbi dilimizə rusca sözlər girməsinə qarşı mübarizə ilə bərabər ərəb dilindən daxil olan sözləri də çıxarmağa, onların yerinə öz sözlərimizi tapıb düzəltmək və ya başqa türk dillərindən lüğətlər almaq meyli var. İmlaçılarımızın çoxusunda da ərəbcədən gəlmiş hərflərdən sad, zad, ta, za hərflərini tatar imlasından, tatar sözlərindən qovmaya dəxi bir meyl vardır.

Əgər islam ərəb dilini rəsmi din dili etsə, o vəqtdə ərəb dili başqa islamı qəbul edən millətlərin balaları kibi tatar balaları üçün də ögrədilməsi labüdanə bir dil olur. Onun təsiri sözləri və başqa xüsusiyyətlərinin təsiri ilə mübarizə etməkdə əməli nöqteyi-nəzərdən görüldükdən məhəlsiz və qaidəsiz görülə bilər.

Həyatla bağlı olan bu məsələləri özümüzün bugünkü və gələcəkdəki işlərimiz üçün əhəmiyətli gördügümüzdən suallarımız cavabsız qalmaz – deyə ümid ediyoruz.

Alimcan Şərəf, Kərim Səid, İlyas Alkın, Saleh Rəhmanqulov, Hafiz Maqsudov, Məhfuz Maqsudova, Məryəm Benikiyeva, Zülfiyyə Ümidova, Abdullah Abiz.”

Rzaələddin Əfəndinin bu xüsusdakı mülahizəsini yarınki sayımızda dərc edəcəyiz.

 

 

525-ci qəzet.- 2013.- 9 fevral.- S.26-27.