“Mənsuriyyə”
harayı
Qaranlığı yara-yara üzü Qarabağa
doğru şütüyən maşının sürətinin
fərqində deyildim. Unudulmaz, əvəz edilməz Yaqub Məmmədova
qulaq asırdım.
Ey geyib
gülgün dəmadəm
əzmi-cövlan eyləyəm,
Hər tərəf
cövlan edib,
döndükcə yüz qan eyləyən.
Ey məni
mərhum edib
bəzmi-vüsalından müdam,
Qeyri xani-iltifati üzrə mehman eyləyən.
Mən bəlkə də Yaqubun bu oxumağına min kərə
qulaq asmışam, amma heç vaxt ondan doymamışam,
heç bu gün də doymuram. Onun oxumağı hər
dəfə mənə təzə-tər gəlir. Onun səsinin
bütün çalarları qrammafon valına yazılan sayaq
yaddaşıma yazılıb. Ürəyim istəyəndə
daxilimdə səssizcə onun oxumağına qulaq asıram.
Onun yaddaşımda tüğyan eləyən səsini,
təbii ki, məndən savayı kimsə eşitmir.
Ey dəmadəm
rəşk tiğilə
mənim
qanım töküb,
Mey
içib, əğyar ilə seyri-gülüstan
eyləyən.
Yaqub Məmmədov mənim, yaşıdlarımın ən
sevimli xanəndəsi idi. Tay-tuşlarımla kəndimizdə
sonralar “ağ qızıl”ın badına getmiş meşədə
onun səsinin “cığırı”yla səs
yarışına çıxardıq, heç olmasa bir an,
bir avazda Yaqub olmaq istərdik. Yox, qətiyyən
alınmırdı. Onun havalanmış,
qanad açıb göyə millənmiş səsinin həndəvərinə
çatmaq belə müşkül idi. Əlbəttə,
Yaqubu yamsılamaq olar, amma Yaqub Məmmədov olmaq olmaz! Onun “Manəndi-müxalif”ini, “Mənsuriyyə”sini,
“Simayi-şəms”ini təkrar etmək olarmı?! Yox, yox, qətiyyən alınmırdı. Yaqub
olmaq, özünü yox, ancaq və ancaq səsini göstərmək
müdrikliyi hər oxuyanda ola bilməz. Onun səsi də, ifası da, xasiyyəti də
çox saf idi. Özünü öymək, onu-bunu bəzəmək,
çayxanalar küncündə qəlyan çəkə-çəkə
qeybət etmək ona xas olan iş deyildi. Mənim
nəzərimdə Yaqub həmişə oxuyurdu. Bəzən səssiz, bəzən səsli.
Yaqub Məmmədov kimi oxuyana sadəcə “oxuyurdu” demək
yetərli deyil, onun səs imkanlarını, muğamın
“düzündən”, “dərəsindən”, “dağından”,
“qarından”, “boranından”, al-əlvan “çəmənliklərdən”
asanlıqla keçib gedən SƏSİNİ görmək gərəkdir.
Yaqub Məmmədov səhnədə, toylarda
cürbəcür hərəkətlər edən,
yad-yabançı səs oyunları çıxardan xanəndə
deyildi. O, sözün böyük mənasında, əsl
xanəndə idi.
Yaqubun səs tembri o qədər qəlbə, ruha yatan
idi ki, onu lap yaxından da, uzaqdan da eyni hərarətlə
qulaq asa bilirdin. Oxuduğu qəzəlin hər beyti onun səsi ilə
yaddaşa köçürdü:
Bunca kim, əfğanımı, ey məh,
eşitdin gecələr,
Demədin
bir gecə kimdir bunca
əfğan eyləyən?
O, tarzənin
ardınca getmirdi, əksinə, onu səsinin izinə
düşməsinə vadar edirdi. Çünki
muğamın yollarını gözəl bilirdi. Buna görə də şöbədən-şöbəyə
keçidlərdə tar-kamanın müqəddiməsini
gözləməzdi, rəng sona çatarkən növbəti
şöbənin ilk musiqi cümləsini tutub elə
ustalıqla oxuyardı ki, adamın ruhu da inciməzdi.
Nola gər
cəmiyyəti-xatirdən
olsam naümid,
Cəm
olurmu xublar zülfün
pərişan eyləyən?
Yaqub Məmmədovun oxumağında sızıltı,
“ağı” notları yoxdur. Onun ifasında hər muğamın
öz ovqatı, öz obrazı var. Yaqubun “Mirzə Hüseyn
segahı”ndakı keçidlərini, səs həmlələrini,
zəngulələrini bu gün də nəfəs çəkmədən
dinlədiyimə görə, özümü çox xoşbəxt
hiss edirəm. Bugünün özündə belə Yaqubun “Mənsuriyyə”sini
o zirvədə, o qrımda, o əzəmətdə kim oxumağa cəsarət edər? Onun “Mənsuriyyə”dəki
segah nəfəslərini o sərbəstlikdə, o təbiilikdə,
ustalıqda kim oxuya bilər? Yaqub Məmmədovun öz dilindən
eşitmişdim ki, onun ifasında “Mənsuriyyə” radioda səslənəndən
sonra “Mənsuriyyə”də “Segah” yoxdur – deyə
söz-söhbətlər olub. Hətta bu
mübahisəyə son qoymaq üçün Ağanın –
Seyid Şuşinskinin yanına gediblər. Seyidin cavabı belə olub ki, “Mənsuriyyə”də
segah yoxdur, amma Yaqub elə ustalıqla oxuyub ki, deyirsən var.
Yaqub Məmmədov çox saya, təbii bir insan idı.
O, məclislərdə danışmağı, mən-mən
deməyi sevməzdi. Ona növbə çatanda
muğamını, təsnifini, oxuyub gedərdi. O,
özündən əvvəlki sənətkarlara çox
sayğı ilə yanaşardı. Həmişə Seyidin,
Xanın adlarını hörmətlə çəkərdi.
Xan Şuşinski də Yaqubun səsini, ifasını bəyənirdi. 1976-cı ildə onunla görüşüb söhbət
edəndə Xan əmi özündən sonra muğam aləmində
Yaqubu bişkin xanəndə kimi gördüyünü
söyləmişdi. Sonra illər
keçdi, 2001-ci ilin aprelində Yaqub Məmmədovla
görüşüb onun Xan Suşinski ilə bağlı
xatirələrini yazdım və onun necə böyük
ürək sahibi olduğunun şahidi oldum. Aramızda o
zaman belə bir dialoq olmuşdu:
– Yaqub
müəllim, Xan əmini ilk dəfə harada görüb
eşitmisiniz?
–
Ağcabədidə. 1943-44-cü illərdə
tez-tez rayona konsertə gələrdi. Onun
konsertlərində çox olmuşam. Mən
Xan əminin səsinin vurğunuydum. Bir dəfə də...
Onda hələ Bakıya gəlməmişdim,
amma Qarabağda, Ağdaşda, Şəkidə
tanınmış xanəndəydim. Xan
Şuşinskiylə Şövkət Ələkbərova
Ağcabədiyə konsert verməyə gəlmişdilər.
– Bu,
neçənci ilin söhbətidi?
– Hardasa
1946-47-ci il olardı. Mənə
dedilər ki, səni axtarırlar. Dedim, kim
axtarır? Dedilər bəs, mehmanxanada Xan
Şuşinski səni gözləyir. Gəldim
mehmanxanaya. Otağı soruşub
keçdim içəri. Gördüm
Şövkət Ələkbərova, Xan Şuşinski, bir də
Xanın qardaşı Allahyar burdadı. Sən
demə kimsə bunlara deyib ki, Ağcabədidə Yaqub
adlı bir oğlan var, yaxşı oxuyur. Xan
əmi də deyib ki, onu tapın gətirin səsinə qulaq
asaq. Xan əmi məni görəndə dedi, ə,
qarabağlı balası, gəl görüm, Allahyar, tarı
köklə!
Allahyar tarı köklədi. Mən burda bir “Mirzə
Hüseyn segahı” oxudum. Xan əmi mənə qulaq
asa-asa dedi, boy, Şövkət, bu nağayrır?
Şövkət
xanım dedi ki, Xan əmi, bu püxtələşmiş xanəndədi,
bunu aparaq Bakıya. Dedim, Şövkət xanım, indi yox, bir
ildən sonra gələrəm. Dedi, nə
danışırsan sən. Sən gəl
Bakıya, bizim opera teatrımız var, filarmoniyamız var.
– Xan əmi
bəs demədi gəl Bakıya?
– Boy. Bəs nətəhər. Elə
Xan əminin sözüylə gəldim də Bakıya. Şövkət xanıma da Allah rəhmət eləsin.
O, mənim xətrimi çox istəyirdi. Onunla
aylarla bir yerdə konsertlərdə olmuşam, mənim səsimi
çox bəyənirdi.
– Bilirəm.
Mən Şövkət xanımdan kitab
yazmışam.
–
Doğrudan?
–
Doğrudan.
–
Çox gözəl, hə, nəsə, mən o saat
Bakıya gəlmədim. Aradan bir il
keçdi. Ağdamda bir şənlikdəydim.
Yenə Xan əmilə Şövkət xanım Ağdama konsert verməyə
gəlmişdilər. Burda olduğumu eşidən
kimi onlar məni yenə yanlarına
çağırtdırdılar. Bu dəfə
sözlərindən çıxmadım. Festival
keçirilirdi. Bakıya gəlib
iştirak elədim. Laureat oldum. Xan əmilə Şövkət xanım köməklik
elədilər, qaldım Bakıda. Məni
filarmoniyaya solist götürdülər. Mən
uçiliş-zad qurtarmamışam. Mənim
müəllimlərim olub.
– Kimlərdən
öyrənmisiz?
– Elə Xan əmidən, Mütəllimdən, Seyiddən,
Segah İslamdan, Bahadur Mehralı oğlundan. İslam əmi
cavan vaxtlarımda məni görən kimi deyirdi, ə, bir
“ım” elə görüm. Eləyirdim.
Deyirdi bundan bir oxuyan olacaq. Seyid
Şuşinskilə bir yerdə çox olmuşam. Ağdamda bir yerdə qalırdıq. Ağa (Seyid – M.Ç.) toya getmirdi.
– Deyirlər Seyidin muğamat aləmində bilmədiyi
şey yoxumuş?
– Ağa
o qoca vaxtında nə soruşsaydın cavab verirdi. Qəzəliyyatı,
Füzulini bilirsən necə bilirdi... Seyidin
özü çox girli oxuyan olub.
– Siz onu
görəndə çox yaşlıydı...
– Nə
olsun. O çox böyük xanəndəydi.
– Mətləbdən
uzaq düşsək də, bilmək istəyirəm Siz niyə
“Şüştər” oxumadınız? Nəsə
bu muğamı heç kəs oxumur.
– Hə...
Bax onu gərək yazdıraydım. Özü də bu gün “Şüştər”i
oxuyan yoxdu. Kim oxuyursa, yalan oxuyur, bilmirlər.
Mən ağdamlı Zeyniş vardı – birinci
“Şüştər” oxuyandı. Mən
ondan öyrənmişdim. Zeyniş
çox qəşəng oxuyandı. Onun
kimi “Şüştər” oxuyan yoxdu. Hər
oxuyanın bir şakəri var də.
– Zeyniş
filarmoniyada oxuyub?
– Bəli.
Heyf ondan, içki onu məhv elədi. Onda maqnitofon yoxdu səsini yazaq. Amma
onun “Şüştər”i mənim yaddaşımdadı.
– Bəs Xan əmi?
– Xan əmidən
olub bəyəm. Günlərin bir günü
Xan əmilə bizim konsertimiz vardı. Birinci
şöbədə Sara, Şövkət oxudu. İkinci şöbədə Xan əmilə mən
qaldım. Əvvəl mən
çıxdım səhnəyə, “Mirzə Hüseyn
segahı” oxudum. Vallah mənim də səsimin
elə vaxtıdı, hara çəkirəm ora gedir.
Burda bir “Müxalif” oxudum... O qədər də adam
gəlib, çoxu ayaq üstədi. Çoxu elə
marağa gəlib ki, görsün Xanla Yaqub neyləyəcək.
Hə, muğamı bitirdim, dalınca
“Qarabağ şikəstəsi” oxudum, keçdim səhnənin
arxasına. Gördüm Xan əmi qəlyan çəkə-çəkə
o yana, bu yana gedir. Axı indi
məndən sonra oxuyacaq. Mən onda
heç başa düşmürdüm ki, Xanın
qabağında nəsə oxumuşam. Allahyar dedi, Xan!
Xan əmi
dedi, nə var, Allahyar?
Soruşdu, nə oxuyassan? Dedi, “Şur”
Dedi, Vay!
Vay!
Dedi nədi,
Allahyar? Dedi, Yaqub çıxdı oranı
“dağıtdı”. Sən də
çıxıb “Şur” oxuyassan?!
Dedi, bəs
nə oxuyum? Dedi, “Şahnaz”
Xan əmi aparıcını çağırdı. Dedi, qızım,
“Şahnaz” oxuyacam, elan elə!
Aparıcı
elan elədi: “Kürdü-Şahnaz”. Oxuyur respublikanın xalq
artisti Xan Şuşinski!
Xan əmi
çalğıçılara dedi, qardaş, siz gedin oturun rənginizi
çalın. Elə Allahyargil təzəcə
başlamışdılar çalmağa Xan əmi oxuya-oxuya
çıxdı səhnəyə. Həzrət
Abbas haqqı, bu nə təhər “Şahnaz” başladısa,
camaat urra çəkdi. O, “Şahnaz”da hər “ayaq” elədikcə
tamaşaçılar urra çəkib ayağa
qalxırdı. Deyirdim, xudavənda, sən buna qıyma, bizim
ömrümüzdən kəs ona ver! Belə də oxumaq olar!
Xan əminin qardaşı Allahyarnan da yoldaşlıq eləmişəm. Bir dəfə
Bərdədəydim, eşitdim ki, Xan əmigil də konsert
verməyə gəlib. Gəldim
Allahyarın yanına, görüşüb söhbət elədik.
Allahyar dedi, Yaqub, axşam konsertə gələrsən.
Axşam getdim konsertə. Birinci sırada
oturmuşdum. Sara Qədimova da gəlmişdi.
O axşam camaat xahiş elədi ki, Yaqub da oxusun, amma mən
oxumadım.
– Nə
üçün?
–
Xanın qabağında mən nə oxuyacaqdım...
–
Doğrusu, Yaqub müəllim, bu cür səmimi
etirafınızla məni çaşdırırsınız.
– Sənətdə
yerini bilməyənlər ancaq öyünər. Özü də qabaqlar oxuyanlarda abır-həya
vardı. İndikilər iki-üç
mahnı öyrənib düşüb toyların canına.
Ona-buna da lağ eləyirlər. Mənə
on nəfər qanan adam lazımdı,
oxumağımı başa düşsün. Onsuz
da dünyada dəli çoxdu, ağıllı azdı.
– Xan əmilə
dostluğunuz tuturdumu?
– Əlbəttə. O çox gözəl insandı. Həftədə
bir dəfə onların evində olurdum. Onun
xanımına Allah rəhmət eləsin, yaxşı plov
bişirirdi. Xan əmi dovğanı
xoşlayırdı, nə vaxt getsən plovu, dovğası
hazır idi. Deyirdim, Xan əmi, nə vaxt gəlirik
süfrə açırsınız, biz bura yeməyə gəlmirik
ha... Gəlirik söhbət eləyək, nərd
oynayaq, çay içək. Deyirdi, ay
canım, çörək yeyin.
Allah ona rəhmət eləsin, o elə evində də
Xan idi. Özü də elə peyğəmbər kimi
kişiydi. Denən bir adam haqqında
pis danışardı... Onun o xasiyyəti mənə
də keçib. Heç kəsi pisləmirəm.
– Amma
bildiyimə görə pisləməyi olmayıbsa da, hər
oxuyanı tərifləməyib də.
–Soruşurdum
ki, Xan əmi, sən Allah, bu cavanlardan kim
yaxşı oxuyur? Əlini sinəsinə qoyub
deyirdi, mən.
– Birgə
qastrola getmisiniz?
– Yox. Amma filarmoniyada bir yerdə çox konsert vermişik.
Məclislərdə də çox olmuşuq.
– Yaqub
müəllim, siz mənim ən çox sevdiyim xanəndələrdən
biri olmusunuz. Sizin konsertlərinizdə də
çox olmuşam. Sizin
“Bayatı-Şiraz”ınızdan, “Mirzə Hüseyn segahı”nızdan,
“Mənsuriyyə”nizdən sonra düşünürdüm ki,
başqaları Yaqub Məmmədov kimi oxuya bilməz. Amma mən bu gün sizin kimi ustad bir xanəndənin
dilindən eşidəndə ki, Xandan sonra oxumaq çətin
idi, böyüklüyünüzə görə qəlbim
işığnan dolur.
– Bir daha
təkrar eləyirəm ki, Xan əmidən sonra səhnəyə
çıxıb uğur qazanmaq çətin məsələydi.
Bu gün mənə nə bəzək
lazımdı, nə də ad. Adımı
almışam, xalq da məni sevir. Yetmiş
yaşım var, yenə də oxuyuram. Amma
eləsi var səhnəyə dünən çıxıb,
deyir məndən yoxdur. Bir-iki mahnı
bilir, səsi də yoxdur, heç kəsi bəyənmir,
oxuyanların da arxasınca danışır. Üz-üzə gələndə də deyir zaman
ayrı zamandı. Ə, nə zamandı?
Zaman elə həmən zamandı! Dünya həmən
dünyadı! Dünya dəyişmir, insanlar dəyişir.
Beş adamın sənin oxumağından xoşu gəlir deyin
deməli səndən yoxdu? Bu cavan oxuyanların
əksəriyyətini mən heç oxuyan hesab eləmirəm.
Əlacım yoxdu, soruşanda, deyirəm hamısı
yaxşıdı... Gedirəm də toylara, iyirmi adam düşüb ortaya oynayır. Musiqi alətlərinin səsindən adamın
başı ağrıyır. Oxuyan heç
özü də bilmir nə oxuyur.
– Xan əmilə
sizin birgə konsertinizi çox salardılar?
– Hə,
çox. Filarmoniyada hər həftə
konsertimiz olardı.
– Mənim
üçün indi çox maraqlıdı, o zaman Siz cavan,
Xan əmi... (sözümü bitirməyə
imkan vermədi.)
– Mən
filarmoniyaya gələndə Xan əmi cavandı. Bir də Allah-taala Xan əmiyə elə bir gözəllik
vermişdi ki, cavanlığıyla qocalığı
bilinmirdi. Qocalanda da onda cavanlıq təravəti
vardı.
– Belə
gözəl kişi olmağına
baxmayaraq çox ağır təbiətli olub.
– Bəli,
çox qeyrətli kişi olub. And olsun
Allaha, toyda o, oxuyanda özündən gedən qadınlar
olurdu. Xan əminin qardaşı Allahyarla da mən
çox yoldaşlıq eləmişəm, onunla çox məclislər
yola vermişəm.
– Sizin
“Qarabağ şikəstəniz” bizə ləzzət eləyir.
Xan əminin şikəstəsindən necə,
bu gün var?
– Yox,
yoxdu! Mənim şikəstəm, Xan əminin
şikəstəsinin yanında heç nədi. Onunku olmasa, mənimki gedər.
– Bunu belə
yazmaq olar?
– Hə,
niyə olmur.
– Sizin
oxumağınızda Xan əminin muğam nəfəslərindən
varmı?
– O qədər!
Elə çoxunu Xanın yoluyla oxuyuram.
Doğrudan da, başqasını ucaldanların özləri
də sadəlikləri, təbilikləri ilə
başqalarının gözündə ucalırlar. Yaqub heç
vaxt danışmırdı ki, mən dəfələrlə
Abşeron kəndlərində bir muğam oxumaqla toya yekun
vurmuşam. Amma Yaqubun həyatından belə
faktlar çox gətirmək olar. Xalq
artisti Fəxrəddin Dadaşov mənə Yaqubun sənətinin
ucalığını təsdiq edən bir hadisə söyləmişdi.
Deyirdi ki, Kürdəxanıda toydaydıq.
Tarzən Vamiq Məmmədəliyev idi, bir də
mən. Yolda maşınımız batmışdı,
toya bir az gec gəldik. Əsəd kişi vardı. Yaqubnan dost idi, özü də
toy yiyəsi idi. Dedi ki, Yaqub, gecikmisən, gir toyxanaya. Yaqub
dedi, Əsəd, bir az dincələk,
çörək yeyək, sonra. Əsəd dedi ki, cərimədəsən,
sənə nə çörək verəcəm, nə
çay, gir toyxanaya. Usiliteli-zadı düzəltdilər.
Toyu adətən “Mahur-Hindi”ylə
başlayırdıq. Yaqub dedi, bir “Hümayun”
başlayın. Əsəd ona dedi ki, Yaqub,
cavanlığında necə oxumusansa, indi elə də oxu. Oxumayacaqsansa, durun gedin. Yaqub dedi, Əsəd,
indi görərsən oxumaq nədi. Bu
başladı oxumağa. Bu “Hümayun”a zildən bir bərdaş
tutdu, zildə dayanıb oxudu, oxudu.... Pulu
tökürlər stolun üstünə. Mən
oxuyana qulaq asanda, ömrümdə bircə dəfə
ağlamışam. Yaqub madluyasiya elədi,
“Segah”a düşdü. İndi bu bir
“Segah” oxuyurdu. Özümdən
asılı olmayaraq gördüm gözümdən yaş gəlir.
Kamanı artıq işlədə bilmirdim.
Tutulub qalmışdım. Birdən
baxdım gördüm – Allahımıza and olsun – bütün
toyxanadakılar ağlayır. Yekə
kişilər göz yaşı tökürdü. Nəsə, Yaqub “ayaq” verib qurtardı. On-on beş saniyə toyxanada bir sükut yarandı.
Sonra bir alqış qopdu... Birdən Əsəd
mikrafonun şunurlarını qırıb tökdü yerə.
Camaat:
– Ə,
neyniyirsən?! – deyəndə, dedi ki, toy
qurtardı! Bu səs bizim beynimizdə
qalmalıdır.
Camaat
çox xahiş eləyəndən sonra dedi, onda Yaqub, durun
gedin evə, dincəlin, bir də bəy tərifində gələrsiniz.
Yaqub ad dalınca qaçan, özünü gözə
soxan, şöhrətpərəst sənətkar deyildi. Bəlkə elə ona
görə də ona xalq artisti fəxri adını çox gec vermişdilər.
O dəvət
olunmayan yerlərə getməzdi. Çağıranda
isə hökmən gəlib iştirak edərdi. Yadımdadı, onu 1994-cü ilin dekabr ayında
filarmoniyaya — Əbülfət Əliyevin xatirə gecəsinə
dəvət etmişdim. Gəlib gecədə
iştirak etdi. Mən bir aparıcı kimi onun sifətindəki
ifadələrdən ürəyində oxuduğunu hiss etdim. Doğrudan da, bir an mənə baxıb, işarə
ilə ona söz verməyimi işarə etdi. Razılıq əlaməti olaraq gülümsədim
və növbəti dəfə onu mikrofon önünə dəvət
etdim. Yaqub Məmmədov
o gecə “Zabul” təsnifi oxudu. O oxuyarkən lap ön
sırada əyləşmiş rəssam xanımın
çox sürətlə onun portretini çəkdiyini
gördüm. Yaqub müəllim ifasını
tamamlayanda rəssam yenicə bitirdiyi portreti qalxıb ona təqdim
etdi. Tamaşaçılar bu səhnəni
coşğunluqla alqışladılar.2001-ci ilin
axırlarında Respublika sarayında Xan Şuşinskinin 100
illik yubiley gecəsi keçirilirdi. “Muğam
dünyasının Xanı” kitabının müəllifi kimi
Yaqub Məmmədovu o gecənin proqramına mənim
israrlı təkidlərimdən sonra salmışdılar.
Əlbəttə, bütün bunlardan Yaqub Məmmədovun
xəbəri yoxdu. Amma mənə elə gəlirdi ki, o
gecə Yaqub oxumasaydı, bundan ən çox Xan
Şuşinskinin ruhu inciyərdi. Çünki
o yubiley gecəsində oxumaq haqqı ilk növbədə
Yaqub Məmmədovun idi. Axı o, bir xanəndə
kimi Xan Şuşinskinin ən layiqli varisi idi.
Bu gün muğam mülkü, təəssüf ki,
Yaqubsuz qalıb. Ancaq o, cismən bizi tərk etsə də,
oxuduğu muğamlarla, məlahətli səsi ilə həmişə
qədirbilən Azərbaycan xalqının qəlbindədir.
Xalqın sevgisi isə əbədi və tükənməzdir.
5 fevral
2013
Mustafa Çəmənli
525-ci qəzet.- 2013.-
9 fevral.- S.20-21.