Ağacların söhbəti
Məncə, Yer üzündə bəşər övladı olmayanda dünya başdan-başa bir ağaclıq, meşəlik imiş. Bir ağac dünyası yaradıbmış Tanrı. Hər ağaca da bir görəv veribmiş... və Tanrı onlara baxıb sevinirmiş, qəhərlənirmiş...
Xəyal dünyamda bir də dünyanın tərsinə dönməyi var... Dünya tərsinə dönür... və Yer üzündə, ağaclarla yanaşı adamlar da “bitir”... İndi də Tanrı adamları görəvləndirir...
Ağaclara baxmağı, onlarla “danışmağı” sevirəm. Bəlkə də, uşaqlığım ağacların altında keçdiyindən, ya da budaqlarında meyvələrindən yeyə-yeyə budaq-budaq böyüdüyümdəndir bu...
Çox zaman qardaş-bacımla hərəmiz bir ağaca çıxardıq, bir-birimizə səslənərdik, suallar verərdik, ağaclara mahnı oxuyardıq... ağaclar da yarpaqlarını xışıldadıb bizə “əl çalardılar”:
Alma, palıd,
şam ağacı hal ilə
Eylədilər bəhsi bu minval ilə.
Ağac bizi böyüdürdü. Öncə ağacdan
yüyrük asdılar, bizim beşiyimiz, “kolyaskamız”
yüyrük idi, orda bizi yüyrərdilər, sonra
böyüdük... bizə qapımızın
ağzındakı nəhəng tut ağacından yelləncək
asdılar... Yellənirdik... yelləncək bizi uçururdu...
ağac bizi böyüdürdü...
Anam ağaclara adımızı vermişdi. Özü də
ancaq nar ağaclarına. Mənim ağacım bir
şirin nar idi... Türkün ən qədim əfsanələrində
deyildiyi kimi “Anam Qaba Ağac, atam Bozqurd”...
Düşünürəm
ki, ağac varsa, deməli adam da var,
ağac yoxdursa, deməli, adam da yoxdur. İkisi
varsa, bu, həyatdır.
Məncə,
adamı adam eləyən elə
ağacdır. Adam ağacın meyvəsini yedi...
qidalandı... Sonra ağacı götürdü, özünə
ev qurdu. Ağacı tapdı, qayıq
düzəltdi, suda üzdü, odun yığdı,
qızındı, beşik düzəltdi, insan taxta beşikdə
uyuya-uyuya adam oldu... onunla böyüdü,
onunla yaşlandı, qocalanda ona söykənib yeridi ... sonra da
ağac tabuta girib bu dünyanı tərk elədi...
Düşünürəm
və düşündükcə də hər ağacdan
özüm üçün bir adam
yaradıram... Sinif otağımın pəncərəsi
ilə üzbəüz yolun o üzündə bir çinar
var. Hər gün ona baxıram. Bir gün
onun gövdəsində bir “adam” tapdım. Çinarın düyünlərindən, qopmuş
qabıqlarından mənə üz göründü. Çox düşündüm və nəhayət,
bu üzün “kim” olduğunu tapdım. Bu,
aktyor Gündüz Abbasovun üzü idi.
“Telefonçu
qız”da Mehribanın atası, ya da “Dədə Qorqud”dakı
Beyrəyin atası Baybörə bəy... Demək olar ki, mən
hər gün bu filmlərə baxıram... Yolun
bəri tərəfindəki elektrik dirəyindən isə mənə
yeni doğulmuş bir canavar balası “baxır”. Dirəkdəki düyünlər elə
düşüb ki, mən bu canavar balasının
üzünü asanca tapdım.
Hələ məsumdur, yırtıcı deyil...
Çingiz Aytmatovun “Edam kötüyü” romanındakı
canavar balaları kimi... Hər gün bir-birimizə
baxırıq... Yaxşı ki, böyümür...
Uşaq
idik... Anamız bizə nağıl
danışanda kiçik qardaşımla mən gözlərimizi
tavana zilləyərdik. Mən hələ üzlənməmiş
tavanın tirlərinə baxar, həmin tirlərin
üstündəki fiqurlardan bir ayı balası “düzəltmişdim”...
Sonra ikimiz də qızılcaya
düşdük. Bizi ayaq-baş
çarpayıya qoymuşdular və qırmızı pərdə
tutmuşdular, sanki bu qırmızı pərdə bizi
“müalicə edəcəkdi”. Yenə tavana
baxırdıq... Mən “ayıya”
baxırdım. Sonra dedilər ki, mən sayıqlayıb
deyirmişəm ki, “ayı məni yedi”... İndi
düşünürəm ki, axı sənə nə
düşmüşdü ki, tavandakı ağacda “ayı
düzəldirsən”, güldən-çiçəkdən,
gəlincikdən düzəldəydin, ordan da üstünə
gül-çiçək, gəlincik yağaydı, nəinki
səni ayı “yeyəydi”...
Ağaclar...
Analar... xüsusən meyvə
ağaclarının hər birini ana bilirəm.
Dünyaya “övlad” – meyvə gətirirlər... “övladlarını” qoynuna, qucağına
yığırlar... “Övladlar” da
balacalı-böyüklü doluşublar yarpaqların
arasına: qırmızıyanaq, sarıbəniz,
qaraşın yumru-yumru “övladlar”, anaların şirin-şəkər
“meyvələri”...
Ana kimi
kölgə salar bu ağaclar, xeyirxah olarlar, bol süfrəli
olarlar, qonaqpərvər olarlar, qoyunlarında quşlar yuva
salar, bala çıxarar, böyüdüb pərvazlandırar...
“ailə içində ailə... Bəs
deyirlər “ev evə sığmaz”...
“Bar verən
ağaca balta vurmazlar”. Axı “analara kim qıyar?..”
Çinarlar...
Müdriklərimiz, dünyagörmüş
qocalarımız. Ağayana duruşları, əzəmətli
görkəmləri var... Çox şeylərə
şahid, hər şeyi görə bilirlər, “hamıdan”
uca. Boylananda “sərv boylu sərvərim”...
Çinar
görəndə o dəqiqə R.Rza yadıma
düşür:
Birdən
çinar dilə gəldi, dedi: – Bax
Bu torpaqda
dərindən kök salaraq
Hər tərəfə
uzatmışam qolumu,
Övladlarım
bürümüş sağ-solumu
Belə məğrur
dayanmaqda haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam.
Beşguşəli çinar yarpağını (quru və
ya təzə) 2 dənə götürün bir stəkan suda
bir dəqiqə qaynadın, gündə 2 dəfə
için, damar kirəcləşməsinin dərmanıdır. Loğman çinar!
Xırda meyvələri olan ağacları çox sevirəm,
onları görəndə üzümə təbəssüm
qonur... Elə bilirəm ki, bunlar “uşaq
bağçaları”dır və körpələr
doluşub yarpaqların arasına əl-ələ tutub şənlənirlər...
Söyüdlərə baxanda məyus oluram. Övladı olmayan gəlinlərə
bənzəyir, sanki qəbahətli kimi başlarını
salıblar aşağı, saçlarını darayırlar
pərişan-pərişan, əllərini suya
açıblar sanki kömək umurlar... fəqət...
Söyüddən
bağ saldım, peyvəst eylədim,
Almasın, heyvasın, narın görmədim.
Amma kədərlənməyə
dəyməz, salxım söyüd! Sən şairlərin
ilham qaynağısan:
Söyüdlər
boynun əyəndə,
Mən sənə
yarım deyəndə,
Sanıram
dünya mənimdir...
Hələ
Rəsul Rza:
Demirəm
Göyçayda basdırın məni,
Ancaq ki, riyakar
gözlərdən uzaq
Aparın
bir çayda basdırın məni,
Tabutumu
örtsün sərin sular
Gecələr
də mənə
Yaşıl
saçlarını
Sulara
sallayan,
salxım
söyüdlər ağlasın...
Deyəsən,
təkcə mən deyiləm, ümumiyyətlə, adamlar
ağaclarla danışmağı sevir... Kədərini
də, sevinclərini də ağacla bölüşürlər.
Kədərli günlərində qadınlar bayatı deyib
ağlar:
Bağda
üzüm ağacı
Üzüm
gözüm ağacı
Bağa
baltalı girdi
Kəsdi bizim ağacı.
Əslində
kəsilən, dünyasını dəyişən bir
adamdır – ağacdır...
Yaxud:
Ağacda
xəzəl ağlar
Dibində
gözəl ağlar
Qardaşı
ölən bacılar
Sərgərdan gəzər ağlar.
Beyrəyin
bacısı:
Qarşı
yatan qara dağım yıxılıbdır,
Ozan, sənin
xəbərin yox!
Kölgəlicə
qaba ağacım kəsilibdi,
Ozan, sənin
xəbərin yox!
“Dədə Qorqud”da, Uruzu qənarə
ağacının dibinə gətirirlər ki, qətlə
yetirsinlər.
Uruz dedi:
“Qoyun məni
bu ağacla danışım:
Sənə
“Ağac!” “Ağac!” deyirəmsə,
öyünmə,
ağac!
Məkkə
ilə Mədinənin qapısı ağac!
Museyi-kəlimin
əsası ağac!
Böyük-böyük
suların körpüsü ağac!
Əlinin
Düldülünün yəhəri ağac!
Əlinin
qılıncının qınıyla
dəstəyi ağac!
Sənanı
Həsənlə Hüseynin
beşiyi
ağac!
Məni səndən
asarlar, götürmə, ağac!
Götürsən,
igidliyim səni tutsun, ağac!
Məncə,
ağacın ən yaxşı anlamını Dədə
Qorquddan qeyri kimsə açıqlaya bilməmiş...
Dədəm
Qorqud, bizə alqış eylə: “Kölgəlikcə qaba
ağacın kəsilməsin!”
Bəlalar bizdən “yeddi ağac uzaq olsun!”
Gözəlim
nar ağacı! Səndən danışmamaq
mümkünmü? Eşitmişəm ki,
ürəyin qarşısından hansı meyvə keçərsə,
ürəyə baş endirər. Nar keçərsə,
ürək ona baş endirər! Görünür,
nar ürəyə ləzzət verir.
Nar
ağacı, nar çiçəyi
Bir ulduzdur hər ləçəyi.
Mən nar ağacını nardan çox gül
ağacına bənzədirəm. Nar çiçəyim – necə də
zərif və duyğulu bir ifadə! Bir əlinizdə
nar çiçəyi, o birində qızılgül tutun.
Vallah, nar çiçəyi gözəllikdə
güldən geri qalmır. Görəsən,
kimsə nar çiçəyindən hədiyyə
aparıbmı? Yox! Niyə? Bəlkə
də, bu çiçəyin meyvə olacağını
bildiyindən qıya bilmirlər ona... Nar! Toğrul Nərimanbəyov!
Çox sevdiyim bu rəssam sanki narın
sinonimidir. Toğrul bəy narı az
qala Vətənin simvoluna çevrilib... Nar yalnız bu qədər
gözəl çəkilə bilər...
Ağac mənim danışaraq bitirə biləcəyim
mövzu deyil.
Bu mövzuya bir az rəng qatmaq
üçün çiçəkləri – gülləri
toplayaq... Yer üzünə səpələnmiş
çiçəklər ki var, bunlar uşaqlardır, körpələrdir...
Siz onlara diqqətlə baxın, uşaq gözlərinə
bənzəyirlər, yupyumru uşaq üzləridir bunlar.
Bəzən əyilirəm onlara doğru, barmağımla
toxunur, sevələyirəm: “Sən kimsən, sən kimsən?
Üzünə bax, üzünə.
Gözünə bax, gözünə...”
Güllər – qızlar “Yer üzünün
işıqları” (Y.V.Çəmənzəminli).
Bitib-tükənməyən
bir obraz – Gül! Bir elmi əsərin mövzusu olarsan: “Ədəbiyyatda
gül fenomeni”.
Qızılgül bağü-büstanım, nə dersən?
Fəda olsun sənə canım, nə dersən?
Xətayi
can ilə çün səni sevdi,
Sevən ölsünmü, sultanım, nə dersən?
Şəfalı
otlar və çiçəklər – Yer üzünün həkimləri,
tibb bacıları... məlhəm kimi, dərman kimi, şəfa
kimi...
Ümumiyyətlə,
adamların bir qeyri-adi umacaqları da var ağaclardan... Dilək
ağacı deyirlər – türk filmlərindəki kimi... Yəqin, bu ağaclar da onların gözünə
bir “seyid övladı” kimi görünər... ocaq kimi, pir kimi
yalvararlar ağaca. Bəlkə, bu ağaclar bir zaman seyid
olublar... Bəzən yaylıqlar, lentlər, muncuqlar
asılmış ağaclar görəndə içimdən
bir təəssüf nidası da qopur: “Ah Şərq... Şərq!..” görəsən, bir avropalı ağaca
yaylıq bağlayıb dilərmi ki, oğlum ali məktəbə
qəbul olsun, qızım övlad sahibi olsun və s.
İnanmıram! Bu bizik! H.Cavidin
fərqli yanaşmasına diqqət edin:
Şərq
elləri irişilməz “xəyal”
kimi
qoşarkən
Qərb
elləri az da olsa,
həqiqətdən xoşlanar.
Şərq
uğraşır yalnız “ölməyim” deyə,
Qərb elləri maildir öldürməyə.
Caviddən yazdım, Nazim Hikmət yada düşdü. Tanıdığım ilk
türk şairi, onu da ağacın köməyi ilə
tanıdım:
Mən
bir ceviz ağacıyım
Gülhanə parkında.
Biz ağacsevən millətik, istər dor ağacı,
istər dar ağacı. Biz ağacın xətrinə dar ağacına salam verən millətik.
Salam, dar
ağacı!
Dar
ağacı, əyil öpüm üzündən
Dara
düşdüm, bu dünyanın yolu dar...
Adamlar ağaclardan ünvan da bəlirləyiblər.
Goranboyun
Xanqərvənd kəndinin dayanacağında Sona
qarının bir tut ağacı vardı... Şoferə
deyirdilər ki, Sonanın tut ağacının yanında
saxla... Bəzən da, köhnələrdə “Qaz əlli
üç” sürücüləri başını kabinədən
çıxarıb deyərdilər ki, Sonanın tut
ağacına nə qədər qalıb?!.
Biz
qonaqsevər xalq olduğumuzdan “qonaq” ağacları da sevirik...
Yurdun baş köşələrinə əkərik
onları... kaktuslar, palmalar, hətta “90-60-90”
görüntüsü verilmiş “yolkalar”... elə bil bizə
moda göstərirlər... Nə isə...
Qədim ərəb kitabələrinin birində deyilir
ki, insana üç şey fərəh gətirir, onlardan biri əkdiyin
ağacın meyvəsini dərib yeməkdir.
Hərə
bir ağac əkirsə, deməli, özünü yaradır,
özünü bitirir...
Astroloqlar
insanların doğum günündən bəlli ediblər ki,
bu dünyada hər kəsin bir ağac simvolu var... Məsələn, mən qovaq ağacıyam.
(4 fevral – 8 fevral, 1 may – 14 may, 5 avqust – 13 avqust arası
doğulanlar qovaqdır)
Mən
bir az ağaclardan bəhs etdim,
ağacların söhbətini elədim. Bəlkə, kimsə
növbəti saylarda “meyvələrin söhbətini edəcək
bizimlə... ya da ədəbiyyatda gül obrazı...”
Bəsti İSMAYILOVA,
Tərtər şəhər 2
saylı məktəb-liseyin
ədəbiyyat müəllimi
525-ci qəzet.-
2013.- 9 fevral.- S.28.