Ədəbi yuxular

 

(davamı)

 

Beşinci yuxu: Pamuk mənə hansı kitabları və niyə verdi?

 

2004-cü ildə Bakıda olarkən Orxan Pamukla, təsadüfləri də nəzərə alsaq, 5-6 dəfə görüşmüşdük. Bu haqda “Ədəbi söhbətlər”də ətraflı yazmışam. İndi yazmadıqlarımı qısaca yada salmaq istəyirəm. Pamuk bütün böyük yazıçılar kimi eqoistdir. Xatırlayıram, həmin günlərin birində “Avropa” otelində ziyafətdəykən həmkarı, digər böyük türk yazıçısı Yaşar Kamalla müqayisə olunmasından necə narahatlıq keçirmişdi. Əsəbiləşmişdi. “O bir destancı”- deyə reaksiya vermişdi... Öz əşyalarına, xüsusən qələminə bütün böyük həmkarları kimi həssas və diqqətliydi. Əlində oynatdığı, sonra da masaya buraxıb az sonra sanki kimsə sahib çıxacaq, ya bəlkə az qala unudacaq deyə qəfil götürüb döş cibinə qoymuşdu qələmini. Özübir neçə dəfə təkrarlanmışdı bu. Ya da xatırlayıram, ona edilmiş hədiyyələrlə birgə otelə çatıb maşından düşəndə qəribə bir çaşqınlıq keçirmişdi. Birdən ona elə gəlmişdi ki, indicə maşın baqajda hədiyyələrlə birlikdə gedəcək, geri çevriləndə İrfan Ülkünün hədiyyələri götürdüyünü görüb məmnun təbəssümlə sakitləşmişdi. Bütün bunlar təbii, adinormal insan davranışlarıdı. Amma indi gözümdən qaçmayan əsas bir şeyi demək istəyirəm. Orxan Pamuk “milliyyətcə kimsiniz?” kimi suallara çox həssaslıq və incikliklə yanaşırdı. Yox, məncə onun bu sarıdan gizlədəcəyi və ya narahat olunası nöqtəsi yoxdu. Anlayıram ki, o hər dəfə bu sualları eşidəndə mən də oxşar sualı ona vermişdim, haqqıyla inciyirdi. Çünki onun türkcə yazılmış gözəl əsərləri vardı. Əslində, bir yazıçı üçün ən çətin şey lazım olmayan yerdə bəraət axtarmaq məcburiyyətində qalmasıdır. Və inciməyi ilə Orxan Pamuk sanki “Oxumadızmı əsərlərimi? Bu nə sualdı verirsiz?” demək istəyirdi. Görünür o görüşlərdən iki il sonra Nobel nitqində bunları səbəbsiz deməyəcəkdi: “Cövdət bəy və oğulları”nı bitirmiş, hələ nəşr olunmamış kitabın makina variantının bir nüsxəsini oxusun və mənə fikrini söyləsin deyə titrəyən əllərimlə atama uzatmışdım. (...) O arada atam bizimlə deyildi, uzaqdaydı. Qayıdışını səbirsizliklə gözlədim. İki həftə sonra gəlincə qapını ona qaçaraq açdım. Atam heç bir şey söyləmədi, amma mənə həmən elə sarıldı ki, kitabımı çox sevdiyini anladım. Bir müddət, ziyadə sentimentallıq anlarında ortaya çökən bir acizlik və səssizlik böhranına qapıldıq. Sonra bir az rahatlaşıb danışmağa başlayınca atam, mənə, ya da kitabıma olan inamını olduqca həyəcanlı, şişirdilmiş bir dillə ifadə etdibu gün böyük bir xoşbəxtliklə qəbul etdiyim bu mükafatı bir gün alacağımı eləcə söylədi. Bu sözü ona inanmaqdan ya da bu mükafatı bir hədəf olaraq göstərməkdən çox, oğlunu dəstəkləmək, ürəkləndirmək üçün onabir gün paşa olacaqsan” deyən bir türk atası kimi söyləmişdi”.

Son cümlə ədəbiyyat tarixində milli kimliklə bağlı bir yazıçının verə biləcəyi ən yaxşı cavablardan biridir.

Amma iki il əvvəl Azərbaycan Mədəniyyət günləri çərçivəsində Tiflisdəykən bu haqda qətiyyən düşünmürdüm. Qonaq olmanın qayğısızlığını, “Marriott” otelindəki lüksün dadını çıxardırdım. Bir az da Kostelmanın şeirlərinin.

Gözümü yumdum, açanda artıq Şota Rustaveli küçəsində yox, Parisdə, Rivoli küçəsində, bir az da dəqiqləşdirsəm, Palais du Louvre da, Luvr Muzeyinin əsas binası olan Kral Sarayının ağzında idim. Muzeyin sonradan tikilmiş, bizimBaksovetmetrosunun özünü oxşamağa çaldığı şüşəli piramida yox idi ancaq.

Muzeyinin girişində böyük növbə var idi. Hər parçasında, döngəsində onlarla adam olan 9-10 sıralıq bir quyruq. Mən axır hissələrdə idim. Ya səkkizincidə, ya da doqquzuncuda. Birdən gördüm ki, məni çağırırlar. Başımı qaldırıb baxanda çağıranın, mənə əl yelləyinin Orxan Pamuk olduğunu gördüm. Tünd göy rəngli məhşur velvet pencəyində idi. Ona doğru addımladım (aramızdakı məsafənin üçdə ikisini mən, üçdə birini o getdi ki, təbii belə də olmalıydı). Bir az söhbət elədik. Unutmuşam amma. Əlində qara bez parçadan boğazı büzmə kəndirli torba vardı. Qapqara. İçindən kitablar çıxarıb mənə göstərməyə başladı. Sonra da, indi xatırlamıram, ya torbayla birlikdə, ya da elə açıq şəkildə mənə uzatdı kitabları...

“Marriott”dakı nömrəmin açıq qapısından içəri dolan yayın ilıq axşamüstü mehinə oyandım. Yuxunu o gün xeyli fikirləşdim. Elə sonralar da. Orxan bəy mənə hansı kitabları verdi görəsən? Və niyə?

5 aprel, 2012-ci ildə yazıya alındı

Altıncı yuxu: Borxes sual gözləmədən danışır, Brodski isə susurdu...

Məni uzun müddət susmağa məcbur edən iki şair olub: Nizami Gəncəvi və İosif Brodski. Şeyx şeirlərinin dərinliyi və eşqi ilə, Cozef isə, mühacirətdə onu məhz belə çağırırdılar, poeziyasının eninə məziyyətləri, texnikası ilə. On-on bir il əvvəldi. Ziyanlı vərdişlərdən qurtulmaq uğrunda içimdə həqiqi Vətən və gödən müharibəsi başlatmışdım. İşsizdim: olanları xatırlamaq üçün vaxtım çoxdu: bir vaxtlar televiziyada çalışdığım üç ili, ümid edirəm heç vaxt görməyəcəyim cəhənnəm hesab edirdim; əsl tamaşa idi, sanki hansısa naməlum müəllif, mahir rejissor həyata və cəmiyyətə, bütün antiinsaniantoqonist keyfiyyətlərini çılpaq və daha qabarıq göstərməklə “dövlət televiziyası”nın səhnəsində yenidən quruluş vermişdi; iştirakçı, həm də müşahidəçi olmuşdum o səhnədə; o üç il ərzində vur-tut 8 şeir yazmışdım ki, bunu, nə qədər gülməli görünsə də əsl faciə hesab edirdim. İşdən çıxandan sonra arada qımıldansam da, Brodskinin yaradıcılığı ilə tanış olub, təkrar, bu dəfə isə iki il sürəcək susqunluq yaşamağa başlamışdım. Hər şeyin sonu var, yaradıcı gücsüzlüyümün sonuna gəldiyini intuitiv olaraq hiss edirdim həmin günlərdə. Düşünürdüm ki, həyatımı və ümumiyyətlə həyatı məzmunlandıran, ona bəraət verən yalnız yaradıcılıq ola bilər; yalnız ədəbiyyat həqiqi suallara həqiqi, yəni insanı böyüdən cavablar verə bilər; amma “hansı şeiri yazmalı?”, “necə yaşamalı?” sualları yaxamdan əl çəkmirdi. Başqa tərəfdən də gün ərzində bizi əhatə edən ən kiçik mətləblərdən tutmuş dünyəvi hadisələrlə bağlı saysız-sonsuz “niyə?”, “nə üçün?” kimi indiyə qədər özümə verdiyim sualların, ani- məntiqli və ya məntiqsiz, uzun-qısa düşüncələrdən sonra gəldiyim cavabların heç biri daha qane etmirdi. Qorxuqarışıq bir hiss təqib edirdi məni. Qəlbimin dərinliyindəmi, şüurumun altındamı, yaxud koordinatlarını müəəyyənləşdirə bilmədiyim hardasabu cavab deyil”, “bəs, sonra?”, “niyə belə?” kimi növbəti suallar, tərəddüdlər doğulurdu. Yorulmuşdum. Usanmışdım. Xatırlayıram: gecələrin adətən sirli uğultuyla müşayiət olunan vədəsində, kirayədə qaldığım mənzildə səssizliyi pozan yeganə şey-qonşu divardan içəri axan qışqırıq qarışıq körpə ağlamsınması məni necə dəli edirdi. Düşünürdüm ki, balacanın əslində sabahkı günə görə olan bu sos siqnalını səsə oyanmış ata-anası daha çox süd şəklində qəbul elədiyi qidanın körpənin üskük qarnında yaratdığı havanın çoxluğu, ya da şüyüd suyunun azlığı ilə bağlayacaqlar. Körpə isə onun anlamadıqlarından yuxuya gedəcək. Səhəri isə oyanıb müvəqqəti olsa belə, ata və anasına, cəmiyyətə oxşamaq məcburiyyətində qalacaq. Və həmin səhər ataana, qəzet və televiziyaların insan ölümünü, qəzaları, meşə yanğınlarını, soyuqqanlıqla rəqəmləşdirməkdən başqa bir şey olmayan xəbərlərə, seçkiqabağı ərəfədə demək olar eyni vədləri verən, amma nədənsə bir-birlərinin ətini didməyə hazır olan namizəd sicilləmələrinə, kiminsə qalstukunun, lap pisi alt paltarlarının rəngini müəyyənləşdirməkdən o yana keçməyən şoulara, serialbaşqa nələrə aludə olacaqlar. Birbütün bunlar sonsuza qədər təkrarlanıb əhəmiyyət və həyat görünüşü yaradacaq ki, bu da elə son deməkdir; hər bir insan həyatında miniatürdə yaşanan əsl qiyamət, apokalipsisdir.

Artıq hər axşam bir otaq içində özünə saysız-sonsuz sevinc tapan, eyni əşyalara hər dəfəsində ilk dəfədəki kimi toxunan, qaça-dura, iməkləyə-iməkləyə, eyni qapıya doğru hərəkət edib arxasından sanki sirryenilik görəcək deyə boylanan, kim bilir, bəlkə də onu tapan, yaxud tapmasa belə sevgisini itirməyən on aylıq oğlumun təəccübdən irilənmiş çəyirdək gözünə, tükənməz gücünə qibtə edirdim.

İntuisiyam, fəhmim məni aldatmadı. Qəfil susqunluğum pozuldu. İçimdə sanki pas atmış mexanizm əvvəl-əvvəl çətinliklə, sonra isə qəribə bir ahənglə işləməyə başladı. On dörd gün fasiləsiz yazdım.Yazı prosesinin, yaxud belə deyək, yaradıcı prosesin çoxdan unutduğum həzzində itib batır, özümü sözün axıradək anlamadığım mənasında xoşbəxt hiss edirdim. Uzun müddət arzusunda olduğum bir hiss.Yaxşı anlayırdım ki, Buzzati, Akutaqava, Hesse, Kortasardaha kimdən bu susqunluq dövründə elədiyim ara-sıra tərcümələr əslində nə deməkmiş. Anlayırdım, bu boğulanın saman çöpündən yapışması, həmin dövr üçün mənim çarəsizlikdən doğan, heç olmasa özümü formada saxlayaram deyə gücsüz, sadəlöhv cəhdlərimmiş daha çox. Və bu, həqiqi, xas yaradıcı prosesin gətirdiyi ruhi rahatlığın yanında çox miskin görünürdü. Sevinirdim də. Susqunluğum dövründə belə mən bütün seçimlərimi ədəbiyyat lehinə eləmişdim. Hə, bu xoşbəxtlik mənə elə-belə yox, karyera, maddiyerüstü qazanclardan bütün tənə və danlaqlara baxmayaraq könüllü əl çəkmək hesabına başa gəlmişdi.

Çox vaxt gecələr, yəni tənhalıq təklik donu geyinəndə, axıradək bağlanmamış krandan su damcılayanda, qonşuluqdan yuxulu öskürək və ya ehtiraslı pıçıltı səsləri otağına dolanda, haradan doğulduğu bəlli olmayan tıqqıltı səsləri səni üzəndə və bütün bu səslər qarışıb əbədiyyəti imitasiya edəndə, sənsə elə indiki tək sözlərin hörümçək toruna düşüb azmağını, susqunluğunu bütün bu səslərlə bağlayanda, yaza bilməyəndə, halsızlaşanda, qəzəblənəndə bax, həmin anda gözləmədiyin, amma arzuolunan qonaq gəlir ki, bu da çox gözəldir. Sən bütün bunların sonsuza qədər uzanmağını istəyirsən, yaşamağın, həyatın mənasını və həyatına bəraətini bunda tapırsan. Yazdığını bəyənirsən. İstəyisən ki, oxusunlar. Çünki sənə elə gəlir ki, sən bildiyini heç kim bilmir. Bir də axı, yazı oxu üçündür. Heç nə elə belə baş vermir. Qalır ki, bütün bu fikirlərlə özünə qapılıb gedəndə yuxarı baxasan. Buludlara. Azman, anlaşılmaz nəhayətsizliyə. Ondan da o yana. Təkrar anlamaq üçün ki, çox kiçiksən və heç nə eləməmisən.

 Bəs, bunu anlayanda nə etməlisən? Mən ikillik sükutdan sonrakı on dörd günlük yazı prosesinin sonunda yenə dalana dirənmişdim. Hansı müəllimə, kimə sual verməliydim? O vaxt verdiyim bu suala cavabı da, o cavabı verəcək müəllimi də mən indi, qırx yaşın astanasında artıq axtarmıram, bizim özünüinflyasiyaya” məruz qoymayan , dürüst mənəvi avtoritetimizin olmadığını əsla qınamadan təəssüflə anlayıram. Amma o vaxt bu sualları verirdim, həmin müəllimi axtarırdım.

Belə bir yuxu gördüm:

Bəzi hissələriylə narıncıya çalan sapsarı qum təpələrinin arasında, səhradaydım. Əsl Saxaraydı. Sonradan bu təsvirlərin bənzərini Saparovun fotolarında gördüm. Bərk istiydi. Tövşüyə-tövşüyə qaçırdım. Susuzluqdan dodaqlarım cadar-cadardı. Qəfildən qarşımda ağban bir çadır peyda oldu, indi mənə elə gəlir ki, həm də ipəkdən idi o çadır. İçəri daxil oldum. Modern-klassika qarışığı mebelli yazı otağıydı: oval masasair. Masanın o tərəfində qara dəri üzlüklü, uzun belli kreslo vardı. Kreslonun uzun belinin üst tərəfindən görünən tüksüz başın bir hissəsi kresloda kiminsə əyləşdiyini nişan verirdi. Yəni, adam, belə deyək, üzü əks istiqamətdə, divara tərəf əyləşmişdi. Salam verdim. Kreslo diyircəkli təkərləri üstündə, öz oxu ətrafında fırlandı (cırıltı səsi indi də qulaqlarımdadı). Üzünü gördüm. İosif Brodski idi. Cins şalvardamavi köynəkdə. Salamımı aldı. Sözsüz.Təbəssümüylə. Ona tərəf addım atmaq istədim. Aramızdakı sezmədiyim şəffaf maneəyə dəydim, başa düşdüm ki, istəsəm belə irəli gedə bilməyəcəm. Sonra da bu dialoq:

Orda özünüzü necə hiss edirsiz? Gülümsündü. – Şeir yazmağa dəyər? Gülümsündü. –Necə yazmaq lazımdır? Gülümsündü. – Bəs, nə edim? Gülümsündü.

Çadırdan çıxanda susuzluğum yox olmuşdu.İsti deyildi artıq.Tələsmirdim.

Ayıldım. Bir xeyli müddət sonra İosif Brodskidən elədiyim tərcümələrin ilk böyük silsiləsi “Palitra” qəzetinin “Vernisaj” ədəbiyyat səhifəsində çap olundu. Adil Mirseyid onun şəklini tapmışdı hardansa, Brodski şəkildə eynən mənim yuxuda gördüyüm qiyafədəydi. O şəkli indiyə qədər saxlayıram. Suallara özüm cavab tapmalıydım. .. Qəribədi, indi olur ki, bəzən yuxudakı həmsöhbətlərim sual gözləmədən uzun-uzadı danışırlar. Məsələn, çox vaxt yazdığı resenziyaları haqqında rəy yazdığı əsərlərdən daha maraqlı olan, resenziyanı bədii janr həddinə çatdıran qocamüdrik Borxes kimi. Heyf, bu yeddinci yuxunun təfərrüatlarını unutmuşam. Elə bil heç olmayıb.

20 aprel, 2012-ci ildə yazıya alındı

 

 

Səlim Babullaoğlu

 

525-ci qəzet.- 2013.- 9 fevral.- S.25.