Bir durnanı vurdular...
ƏZİZ QƏLƏM DOSTUM
İMDAT AVŞARA
Keçən
ilin payızında şairlər Vətəni Koktebeldə
olarkən məşhur rus şairəsi Marina Svetayevanın həyatı
və yaradıcılığı haqda çox dəyərli
məlumatlar əldə etmişdim. Hələ gəncliyində
Koktebeldə istirahət etdiyi zaman dostlaşdığı,
dövrünün sevilən və sayılan şəxslərindən
olan Maksimilian Voloşin, eləcə də onun vasitəsilə
tanış olduğu Efronlar, Mandelştam və
başqalarının Svetayevanın bir şairə kimi
inkişaf etməsində neçə böyük rol
oynamaları tarixə məlumdur.
Bu eləcə
də başqa yaradıcı insanlara şamil edilə bilər.
Ümumiyyətlə,
fikir vermişəm ki, hər yerdə olduğu kimi ədəbiyyat
dünyasında da insan tək qala bilməz, onu mütləq
dostları, qələm yoldaşları, sözü və
fikri bir olan həmkarları əhatə etməlidir. Əks halda
insanın istedadı nə qədər güclü olur olsun,
bir şamın küləyə davam gətirə bilməyəcəyi
kimi, yavaş-yavaş sönüb gedər. Şəxsiyyəti
əhatə edən mühitin onun
yaradıcılığına və gələcəyinə
təsiri çox böyükdür. Mənim də bir
şairə kimi yaradıcılığıma, şeirlərimin
məzmununa və dolğunluğuna təsir edəcək
insanlar az deyil. Belə insanlardan biri də, Türkiyədə
yaşayan şair, yazıçı, tərcüməçi
və publisist dostum İmdat Avşardır.
Bəzən
iki insanın bir-birini tanımasına şərait
özü, bəzən isə üçüncü bir şəxs
vəsilə olur. İlk öncə gözəl bir yazar kimi
adını eşitdiyim və internet səhifələrindən
hekayələrini oxuduğum, sonradan isə gözəl insan və
səmimi bir dost kimi qəlbimdə özünəməxsus
yer alan İmdat Avşarla tanışlığım həm
şəraitin, həm də sevimli şairimiz Məmməd
İsmayılın vəsiləsilə olmuşdu.
İmdat
Avşar! İnsanların adlarına çəkdiyi həm elmə,
həm də elə topluma yaxşı məlumdur. Bu mənada
uzaqdan uzağa da olsa öyrənəcəkdim ki, ruhuna ad və
qanad verən “imdat” kəlməsi başdan başa İmdat bəyin
xarakterinə də aiddir.
Tale
deyilən güc, əlinə qələm aldığı
gündən bu yana Anadolunun Azərbaycan ətri gələn
bölgələrində çalışan İmdat bəyi
Azərbaycan aurasına salmış və ona Anadolu azərilərinin
ağrılı-acılı taleyinə tərcüman olmaq vəzifəsini
yükləmişdir. Belə də olmalıydı yəqin
ki! Avşar soyadını boşuna daşımırdı ki!
Azərbaycan türklərinin millət kimi təşəkkülündə
“Avşar” türklərinin nə qədər rol
oynadığını bilməyən yoxdur.
Beləcə
adından və soyadından gələn
bir qan bağı onu Anadolu və
Azərbaycan türklüyü arasında bir körpüyə
çevirmişdir. Bu günə qədər Azərbaycan ədəbiyyatından
Anadolu türkcəsinə axtardığı
saysız-hesabsız ədəbi nümunələr dediyimizin
birbaşa sübutudur. Burada bəlkə bir az da üzülərək
söyləyirəm ki, Qarabağ, Xocalı dərdini ədəbiyyata
bu qədər dipdiri canlandıran əsərləri Azərbaycan
ədiblərinin əsərlərində elə də
görmürük. Sadəcə coğrafi məkan olaraq deyil,
həm də bu dərdin yaratdığı faciə
dalğasının dünyaya (xüsusilə Anadoluya)
yayılmış faciəsini onun qədər tükürpərdici
bir anlayışla ədəbiyyata gətirən ikinci bir qələm
sahibi tanımıram, nə Anadoluda, nə də Azərbaycanda!
“Qarabağ
qaçqınları” hekayəsinin yanağa yox, ürəyə
axan göz yaşlarıyla yazıldığına kimsədə
şübhə qalmaz, bəlkə buna görə daşdan
belə göz yaşı çıxaracaq bir əsərdir
bu!
Ata-baba torpaqlarından ayrılıb bir
parça çörək arxasınca qardaş qürbətə
sığınan təkqollu, əlacsız musiqiçi
atanın, özündən neçə yaş böyüyə
ərə getməyə məcburi razı olan bir
qızın, qəriblik ehtiyacı ucbatından
bacarmadığı işdən yapışan və bu səbəblə
də faciəvi şəkildə dünyasını dəyişən
bir dəliqanlının hekayəsi!
“...Ayaqqabılarının biri siyah, biri qəhvə rəngindəydi,
xəstəxanada fərq etdim. Boynunda siyah iplə
bağlanmış bir muska vardı. Əlləri, üzü,
üst-başı, kömür qarası...”(“Qarabağ
qaçqınları”ndan)
İmdat
bəy gözəl ürəyə və incə ruha malik bir
insandır. Bunu onun yazılarından hiss etməmək
mümkün deyil. İnsanların bərabərliyi, pisin
yaxşıya, zalımın zəifə zülmünün, ədalətsizliyin
və haqsızlığın sonsuz bir fəryadla qabarması
İmdat Avşar əsərlərinin ağrılı məqamlarındandır.
Onun, Türkiyənin məşhur və sevilən şairlərindən
biri olan Ali Akbaşa ithaf etdiyi “Bahri usta” hekayəsində belə
bir epizod var: kəndin ağası gənc aşığı
onun atasının gözü qarşısında
döyür, lakin kimsə buna əngəl ola bilmir. Sadəcə
məzəmmətedici nəzərlər və yanıb
kül olan ürəklər... Və aşıq
yanıqlı bir nəğmə oxuyur və bu yanıqlı
səs sanki göy üzünə yayılır:
“Bir
yaratmış Allah tüm insanları
Ayrılık
insanın sözünden olur.
Ayrı
görme gel şu insanoğlunu
Her niyet
kişinin özünden olur... “
İmdat Avşarın “Soyuq röya” hekayələr kitabınına
toplanan əsərləri oxuduqca isə həqiqətən də
həyati təsvirlərin gur işığında adamı
soyuq tər basır. Anadolu və Azərbaycan şivələrinə
hakim olması və bu şivələrin onun əsərlərində
canlı bir şəkildə qovuşub vəhdət təşkil
etməsi, türk dünyası ədəbiyyatında ona
ayrıca, toxunulmaz bir yer ayırır. Müştərək
şair dostumuz Məmməd İsmayıl demişkən:
İmdat Avşarın şairliyi yazarlığına dəstək
olduğundan hər cümləsi az qala ən
gözəl şeir misraları kimi oxunur.
Akşam, siyah bir fırça gibi geçti ufuktan və
qurubun kızıllığını birkaç dakika
içində kəndi rənginə boyayıverdi. Bağbaşı mahəlləsi
hızla inən akşama boyun eğib karanlığa təslim olurkən,
Ağbayırın yamacına birer derviş gibi kurulan
kerpiç evlerin yüzü də yavaş-yavaş gölgelendi, soldu, kararmaya
başladı...” (“Soyuk röya”dan)
...Bayırın
boranlı, içərin isti, amma ruha dar gələn qürbət
qış axşamlarının birində oxuyuram kitabın
adından ad aldığı “Soyuq röya” hekayəsini!
Oxuyuram və yenə də Məmməd İsmayılın
bir fikrinə də şərik çıxmaq məcburiyyətində
qalıram: “Soyuq röya”ya yalnızca Anadolu ədəbiyyatının
deyil, həm də dünya ədəbiyyatının hekayə
janrında yazılmış ən önəmli əsərlərindən
biri desək, yanlış olmaz”.
Tərs kimi hekayə də təsvir olunan hadisələr
də beləcə qarlı-şaxtalı bir mövsümdə
baş verir. Yetim, kimsəsiz Mir Seyidi, imkanım olsaydı, o
düşdüyü burulğandan nəyin bahasına olursa
olsun dartıb çıxarardım. Allah insaf versin
İmdat bəyə! Bu hekayəni elə gerçəkçi
bir şəkildə yazıb ki, az qala zəng
edib soruşmaq istəyirsən: “Əfəndim, yəni
heçmi Mir Seyidə kömək etmək,
düşdüyü bəlalardan çıxarmaq olmazdı? Bu, olmuş hadisədirmi, Mir Seyidin kimi kimsənəsi
qalmamışmı?” Tərs kimi adı da bizim tərəflərin
adlarından! Zəng etsəm, nə cavab verərdi
İmdat bəy, görəsən? Onsuz da bu hekayəyə
olan heyranlığımı da gizlədə bilmirəm:
“Alışacaksın Mir Seyit! Önce soğuq yataqlara girəcək, anasız
uykulara dalacak və korkulu düşler görecəksin. Bazen
altını isladacaksın, vücudunun
sıcaklığı ilə kurudacaksın
çamaşırlarını... Yakın
köylerden gelen köpek sesləri karışıyor
rüzgarın sesine. Cincavat çayı, bütün
sesleri köpüklü sularına katıyor, tüm sesleri
sürükleyerek uzaklara doğru götürüyor....”
(“Soyuq röya”dan)
Məqsədim heç də hər hekayəsi bir hadisə
dəyərində olan kitabı təhlil etmək deyil. Bu yazı,
olsa-olsa, İmdat bəyin yaradıcılığına
heyranlığını gizləməyən bir qələm əhlinin
ürək sözləridir. Amma son olaraq
bir fikrimi söyləmədən də olmayacaq.
Haqqında söhbət açmaq istədiyim əsər
“Soyuq röya”nın son hekayəsidir.
Bir müddət öncə İmdat bəyin internet səhifələrində
dağ yamancında tüfəng çiynində bir şəkli
yer almışdı. O zaman içimdən keçmişdi, İmdat bəyə
yazam ki, dostum, boşuna o tüfəngi çiyninə
keçirib poz vermə. Çünki “Şah
qartal” hekayənlə hamıya mesaj göndərmişdin ki,
bu ölümsüz hekayənin yazarı ovun yox, sözün
ovçusudur. Çünki bu hekayə elə
bir səviyyədə yazılmışdı ki, ondan təkcə
insanların yox, elə ətəyində
yaşadığı Ərciyəs dağının da,
Şah qartalın da və sadəcə onların deyil, elə
qartala ov olacaq kəkliklərin də xəbəri vardır.
Çünki bu dünyanı gözəgörünənlərdən
daha çox gözəgörünməzlər idarə edir!
Çünki dağların əsas ov sahibi – Şah qartalla
qarşı-qarşıya gələn ovçu, ya da yazar
özü ova dönüb bu etirafda bulunmuşdu:
“...Ardımda
ahenkli kar sesleri ve dağların alışık
olmadığı iri izler bırakarak yürümeye
başladım. Kıvrıla-kıvrıla, dağın
yüksek yamaçlarına kadar uzanan derin
bir vadiye saldım kendimi. Ufuklar güneşin
şarkısıyla şenlenince, sesler çoğaldı,
ritmik kar sesi o sesler arasında kayboldu. Her
şey kendi dilinden konuşuyordu, rüzgar, kayalar,
ağaçlar, otlar ve kar”.
Bir yazıçının
amalı, arzusu – söz
olmalıdır. Söz
varlığı və həyat yoxluğu mübarizəsi hər
zaman çiyin-çiyinədir.
Yazıçılıq – yaradıcılıq və
savaş, əbədi ədəbi ovçuluq və mübarizə
– bundan başlanır və davam edir...
Dəyərli dostum İmdat bəylə mənim də
bu yaxınlarda müştərək işimiz olub.
Bu – “Dostlarım, bana bahar gönderin!”
adlı şeir kitabımdır. İmdat bəy mənim
seçilmiş şeirlərimi Türk dilinə tərcümə
etmişdir və kitab yaxın günlərdə işıq
üzü görəcək, İnşaallah! Ümid
edirəm, İmdat bəyin ürəyini verdiyi bütün əsərlər
kimi bu kitab da oxucuların məhəbbətini qazanacaq.
İlahi sözün ovçusu olan İmdat bəy
qardaşımız hələ ədəbiyyata neçə-neçə
dəyərli əsərlər bəxş edəcək və
bizləri – onu oxuyub sevənləri hər zaman sevindirəcək. Yolu açıq olsun!
Sözlərimi
İmdat bəyin “Bir turnayı vurdular” şeirinə
yazdığım cavabla bitirmək istəyirəm:
“Bir
durnanı vurdular...
Ölümə
doğru uçdu çölün vəfalı quşu”!
Ona ölüm gətirdi bu sonuncu uçuşu.
İsti-isti
bilmədi köksündəki ağrını...
Qanadıyla sığadı o dəlinən
bağrını.
Fəryadından
baş alıb köç eylədi neçəsi...
Amansızın
əlində qurğuşun
bitmədikcə
Hələ
çox zavallılar bu yerlərdən köçəsi!
Bir
güllə bir ürəyi al-qan etdi, dağladı,
Neçə
ürək ağladı...
Vurulan – səmalarda
öz
qanına bulandı,
Vuranlar
hay-harayla
yerdə
büsat qurdular.
Dünyadan nə getdi ki? –
Bir
durnanı vurdular...
03.02.13.
Moskva.
Afaq Şıxlı
525-ci qəzet.- 2013.-
9 fevral.- S.24.