Trilogiyadan... “Xəmsə”yə

 

Anar və Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmi haqqında qeydlər

 

Kinomuzun yaxşı vaxtlarında Hüsejn Mehdiyev adlı bir rejissorumuz vardı. Vardı deyirik,  indi də var, amma kölgədə...Yaşlı və orta nəsil tamaşaçıları onun  “Məkanın melodiyası”, “Özgə vaxt”, “Şəhərli biçinçilər”, “Süd dişinin ağrısı” filmlərini yəqin ki, yaxşı xatırlayırlar. Bu unudulmaz filmlərə  baxanda, qeyri-ixtiyari rus kinematoqrafının korifeyləri Tarkovskinin, Gerasimovun düşündürən, insanda insan oyadan ekran əsərləri yada düşürdü. Heç də təsadüfi olmayan bu bənzərlik dünyəvi ənənələr üzərində gəlişən bir yolun davamı olmaqla, milli kinonun xəlitəsini dəyişdirir və onu ideoloji qəliblərdən, məişət melodramlarından idrak müstəvisinə qaldırırıdı. İndi ciddi sənətdən kurs işləri səviyyəsinə enən, ucuz ( həm də qeyri-peşəkar) serial azarına yoluxan kinomuzda o idraki yol, yaxşı ki, hələ tam itməyib və Ramiz Həsənoğlunun “İblis”, “Sübhün səfiri”  filmləri də həmin xəttin davamıdı.

 Şübhəsiz, qazanılan nailiyyətdə Anarla işbirliyi, ikinci bir tərəfdən, yaradıcı tandemin sənət baxışlarının üst-üstə düşməsi də mühüm rol oynayır və bu, davamlı, formalaşmış baxışlardır. Bir rejissor kimi çox rəngarəng olsa da, Ramiz Həsənoğlunun hazırladığı  tamaşaların, telefilmlərin əksərində (“Dindirir əsr bizi”, “Nigarançılıq”, “Kökdən düşmüş piano”, “Qatarda”, “Fatehlərin divanı”, “Mürafiə vəkillərinin hekayəti” və s.) düşüncə və ictimai-tarixi notlar qabarıq duyulur.

 

Kino və teatr estetikasının vəhdəti

 

Müstəqillik dövrü kinomuzun ciddi uğurlarından olan “Sübhün səfiri” sənətçinin “İblis”dən sonra ikinci monumental filmidir və birinci yazıda biz bu səviyyəni şərtləndirən ümumi faktorlar barədə danışdıq. Bəs rejissorun şəxsi dəsti-xəttini, üslubunu müəyyənləşdirən nələrdir? Estetik və orqanik vəhdət, elastik keçidlər, hər nüansı, ştrixi ideyaya, məqsədə hesablayan praqmatik yanaşma... və kinoyla teatr estetikasının uğurlu sintezi. Bu, təbii ki, göydəndüşmə sintez olmayıb, mövzudan gəlir və bir mütəxəssis kimi televiziya rejissoru olan Ramiz Həsənoğlu da ələdüşən imkandan müvəffəqiyyətli şəkildə istifadə edir.

Birinci dəfə “İblis”də gördüyümüz bu texnologiya “Sübhün səfiri”ndə daha parlaq boyalarla, ayrıca, orijinal bir interpretasiya ilə müşayiət olunur. Məsələn, Axundovun ən məşhur personajlarından olan Hacı Qara sırf komediya kontekstindən çıxarılıb filmdəki canlı, dramatik situasiyanın içərisinə salınır ki, bu da ona yeni bir status qazandırır.

İndiyədək ədibin yalnız bir əsəri-“Mürafiə vəkillərinin hekayəti” əsasında  televiziya tamaşası hazırlayan rejissor filmin konsepsiyası ilə səsləşən daha üç komediyaya (“Müsyö Jordan və Dərviş Məstəli şah cadukuni-məşhur”, “Molla İbrahimxəlil kimyagər”, “Sərgüzəşti-vəziri-xani- Lənkəran ”) və məşhur “Aldanmış kəvakib” povestinə müraciət etməklə, bir-birindən maraqlı süjetlər ortaya qoymuşdur.

Mətnin əsas ideya yükünü daşıyan, parlaq teatral səciyyəsi ilə diqqəti çəkən və bu baxımdan, müəyyən məqamlarda hətta kinoloji aspekti üstələyən həmin süjetlər, bir tərəfdən, hadisələrin sakit axarla cərəyan etdiyi tarixi-strateji hədəfli filmin dinamikasını artırır, digər tərəfdən də ayrı-ayrı baxıldıqda  sərbəst mini-tamaşa effekti yaradır.

 

Qaymaqlar

 

Mətn konsepsiyası, rejissura və aktyor oyunu baxımından milli kinomuzda xeyli maraqlı filmlər olsa da, bütöv bir aktyor nəslinin qaymaqlarını bir araya gətirən üç filmimiz var. Bunlardan birincisi Üzeyir Hacıbəyovun məşhur kinokomediyası əsasında çəkilən “O olmasın, bu olsun” ( 1956. Ssenari: Sabit Rəhman, rejissor: Hüseyin Seyidzadə ),  ikincisi “Bəyin oğurlanması” (1986. Ssenari: Mövlud Süleymanlı, rejissor: Vaqif Mustafayev və Ceyhun Mirzəyev), üçüncüsü isə Anarla  Ramiz Həsənoğlunun “Sübhün səfiri” filmidir. Təsadüfdür, ya zərurət, söyləmək çətindir, amma fakt budur ki, bir-birindən 25-30 il fasiləylə çəkilən bu üç filmdə, elə bu zaman tsiklində dəyişib yeniləşən 3 aktyor nəslinin ən istedadlıları bir  obyektivə yığılıb. Əvvəlki iki filmdə olduğu kimi, “Sübhün səfiri”ndə də demək olar ki, təsadüfi aktyor yoxdur. Filmdə yaxın planda yer almaqla  90- a qədər personajı canlandıran aktyorların əksəri populyar sənətçilərdən ibarət elə bir yığmadır ki, həm çağdaş kinomuzun, həm də fərqli estetikalara malik teatrlarımızın bütün rənglərini özündə əks etdirir. Tarixi, siyasi və dini şəxsiyyətlərin sıx göründüyü iki saatyarımlıq böyük bir filmdə bütün obrazları çəkisində canlandıra bilən aktyor secmək (və indi o aktyoru tapmaq!!!) ciddi axtarış  tələb edir və filmin yaradıcı heyəti bu seçimi çox uğurla həyata keçirib.

 

Müdriklik səlahiyyəti, ikinci görüş və yanaşı portretlər

 

Son 40 ildə tarixi mövzuda çəkilən filmləri onsuz təsəvvür etmək çətindir. Kinoda ilk debütü də bu mövzuyla (“Ulduzlar sönmür”) başlayır, hələlik sonuncu rolu da bu mövzuyla (“Sübhün səfiri)” bitir. Baxmayaraq ki, bu iki dövr arasınada çəkildiyi 160 filmdə ən müxtəlif səpkili rollarda çıxış edib. Və həmin rolların xarakterinə görə, tamaşaçı ona cani-dildən pərəstiş edib, sevdiyi kimi (“Babək”, “Nəsimi”, “Dədə Qorqud”, “Cavid ömrü”, ...), cani-dildən də nifrət edib ( “Qatır Məmməd”, “Yaramaz”, “ Həm ziyarət, həm ticarət”...). Çünki o, müasir aktyor nəslinin “amplua” çərcivəsinə, janr təsnifatına sığmayan ən parlaq simasıdı. Bununla belə, o, boyuna biçilən tarixi rollarda- “Babək” və “Nəsimi”də, “Cavid ömrü” və ”Sübhün səfiri”ndə daha möhtəşəmdi. Və əvvəlki iki filmdə qəhrəmanların həyatını canlandıran məharətli bir oyunçudursa, sonuncularda o həyatın özünü yaşayan virtual bir iştirakçıya çevrilir. Axundov rolunda bu çevrilmə daha da dərinləşir ki, bunu da ancaq yaşdan və həyatdan gələn bir müdrikliklə qazanmaq olar.

Axundovun ömür-gün yoldaşı Tubu xanım rolunda çıxış edən Məlahət Abbasova da ( Hazırda Türkiyədə yaşayan xanım sənətçi İstanbul Bələdiyyə teatrında aktyor və rejissor kimi fəaliyyət göstərir) tərəf müqabilinə tən gələn bir səmimiyyət nümayiş etdirir. Ümumiyyətlə, o, zərif cins arasında ən hissiyyatlı sənətçilərdəndir və bunun gözəl örnəyini illər kecsə də unudulmayan Nargilə obrazıyla (“Sən həmişə mənimləsən”) təsdiqləmişdir. Gənclik illərində daha bir neçə filmdə (“Bizim qəribə taleyimiz”, “Mahmud və Məryəm”...) cavan qadın rollarında çəkilən aktrisa ilk dəfə “Sübhün səfiri”ndə yaşlı bir rolda görünür. Arada xeyli yaş fərqi olsa da, statusca dramatik aktrisa olan Məlahət xanım içdən gələn bir səmimiyyətlə Axundova layiq nəcib və işıqlı bir xanım obrazı yaradır. Onu da qeyd edək ki, İlyas Əifəndiyevin “Sən həmişə mənimləsən” pyesindəki Həsənzadə və Nargilədən sonra bu obraz Məlahət Abbasovanın Rasim Balayevlə növbəti uğurlu tərəfdaşlığıdır.

Anarın bu layihədən olan filmlərinin özəlliyi bundadır ki, mətnin konsepsiyası, sadəcə, fərdiyyət- cəmiyyət planında deyil,  fərdiyyət-cəmiyyət- zaman planında qurulur və bu kontekstdə  Mirzə Çəlil, Üzeyir bəy, Cavid və ya Axundovla bərabər, o mühitin, zamanın içində olan digər görkəmli şəxsiyyətlər də aydın görünür. Yalnız bir nəsli deyil, tarixi-mədəni baxımdan bir epoxanı simvolizə etdiyindən, Axundovun ətrafındakı qalereya daha zəngindir. Və oyunlar elə uğurludur ki, yanaşı qoyanda nə general Abbasqulu ağa Bakıxanov (Fəxrəddin Manafov), nə Axundovun fəlsəfi baxışlarının inkişafında böyük rol oynayan Mirzə Şəfi Vazeh (Ayşad Məmmədov), nə də mətbuatımızın babası Zərdabi (Məmməd Səfa) bu qalereyada Axundovdan solğun görünmür.

Ümumiyyətlə, filmdə ilk dəfə parlayan gənclər- Eldar Bağırbəyov (Bestujev-Marlinski), Pərviz Məmmədrzayev (Xanbaba), yaxud, peşəkar aktyorlar- Bəxtiyar Xanızadə (Axund Ələsgər), İlham Əsgərov (Şeyxülislam), Aleksandr Şarovski (İlminski), komediya süjetlərində Ramiz Əzizbəyli (Hacı Qara), Qorxmaz Əlili Canzadə (Molla İbrahimxəlil), Azad Şükürov (Molla Həmid), Loğman Kərimov (Məstəli şah), Məbud Məhərrəmov (Müsyö Jordan), Dərviş Abbas (Vahid Əliyev), Dilarə Əliyeva (Şəhrəbanu) barədə  qısaca arayış verməli olsaq, bizə səhifələr lazım olardı. Onu da qeyd edək ki, Axundovun əlifba islahatıyla bağlı görüşlərində İstanbul teatrlarının aktyorları da yaddaqalan obrazlarla çıxış edirlər.

 

...və bəxtsiz əsilzadə

“Qəm pəncərəsi”, “Üzeyir ömrü”, “İblis”, “Sübhün səfiri”...

 

İndi bu filmlərin çəkiliş sırasını bir yana qoyaq və qəhrəmanları tarixi-məntiqi sırayla düzməyə başlayaq; Mirzə Fətəli Axundov, Mirzə Cəlil,..., Üzeyir Hacıbəyov, Hüseyn Cavid. Bəs iki böyük Mirzədən sonra nöqtələrlə işarələnən 3-cü yerin sahibi kimdir? Nəcəf bəy Vəzirov? Əbdürrəhim bəy Haqverdiyev? Ya Yusif Vəzir Çəmənzəminli?

Bir yeri üç görkəmli qarabağlı arasında kim necə həll edər, bilmirik. Amma bizim fikrimizcə, o yeri daha çox haqq eləyən klassik ədəbiyyatımızın bəxtsiz əsilzadəsi Əbdürrəhim bəy Haqverdiyevdir. Azərbaycan ədəbiyyatının XlX əsr intibahında, xüsusən tənqidi realizmin, maarifçi-demokratik düşüncənin gəlişməsində, teatr sənətinin inkişafında, mədəni mühitin formalaşmasında Axundovdan sonra ən çox əməyi və təsiri keçənlərdən biri məhz Əbdürrəhim bəydir. Ədəbiyyatımıza Əziz Nesinin  məşhur “Taxtalıköydən məktublar” qroteskindən geri qalmayan “Xortdanın cəhənnəm məktubları”,  bəzən stilistlərin belə  Mirzə Cəlil qələmindən çətinliklə ayırdığı unikal hekayələr, tarixi gerçəkliyə dürüst yazıçı yanaşmasının nadir örnəklərindən olan “Ağa Məhəmməd şah Qacar” (bu pyes böyük və talesiz Azərbaycan sərkərdəsini təhrif etməyən yeganə ədəbi mənbədir) və uzun illər milli teatrın repertuarından düşməyən  “Bəxtsiz cavan”, “Dağılan tifaq” kimi incilər bəxş etmiş Haqverdiyev.

 Arzu edərdik ki, Anar  böyük maarifçilik missiyası daşıyan strateji layihəsini davam etdirsin və bu sırada Haqverdiyev də öz yerini alsın. Bununla həm tarixi nizam və ədalət bərpa edilər, həm də milli kenematoqrafımız mədəniyyət tariximizin epoxal mənzərəsini əks etdirən  unikal bir “Xəmsə” qazanmış olardı.

 

 

Bəsti Əlibəyli

 

525-ci qəzet.- 2013.- 9 fevral.- S.19.