Dünənin, bu günün və sabahın “Sabah”ı

 

ANAR: “ “Sabah”ın rəhbəri kimi Ramiz Həsənoğlu böyük layihələr həyata keçirib. Ramiz Həsənoğluna minnətdaram ki, “Evləri köndələn yar”ı, “Nigarançılıq”ı çox böyük peşəkarlıqla və istedadla yaradıb”

BƏHRAM OSMANOV: “ “Sabah” mənə kamera ilə rəftar eləmək imkanı, teatrda olan məhdudluğu aradan qaldırmaq üçün kameranın verdiyi genişliyi verib. “Sabah” studiyasında mən ilk dəfə olaraq “Ac həriflər” tamaşasında aktyor kimi Zərbəlini oynamışam. Teatrdan kənarda olan bütün işlərimə görə, “Sabah” studiyasına borcluyam. Bir məqamı da qeyd edim ki, əgər Ramiz Həsənoğlu Azərbaycan televiziyasında və kinosunda heç bir şey eləməyib də, bircə “Ac həriflər” teletamaşasını çəksəydi, Azərbaycanın teatr, kino və televiziya tarixində onun adı qızıl hərflərlə yazılardı. Çünki doğrudan da Azərbaycanda heç kim bu eksperimenti eləməmişdi ki, bir-birindən xoşu gəlməyən rejissorların hamısını bir yerə yığsın və onları bir aya yaxın çəkiliş müddəti ərzində bir-birilərini sevməyə məcbur eləsin.”

VAQİF SƏMƏDOĞLU: “ “Sabah”ın çəkdiyi televiziya tamaşalarının hamısına baxmışam. “Sabah” Yaradıcılıq Birliyi milli televiziyamızdakı parlaq nümunədir. Təkcə Azərbaycan televiziyası üçün yox, bütün Azərbaycan mədəniyyəti və incəsənəti üçün.”

AYDIN TALIBZADƏ: “Azərbaycan televiziyasının tarixində “Sabah” Yaradıcılıq Birliyi yeni teledüşüncə, yeni teleestetika və yeni teleyaşantının carçısı kimi çıxış elədi. “Sabah” Arif Babayev və Rauf Kazımovskinin tamaşa ənənələrini davam etdirərək onların teleteatr ideyasını yeni bir müstəvidə gəlişdirdi. Və nəhayət “Sabah” Yaradıcılıq Birliyinin eksperimentallığı ondan ibarətdir ki, Azərbaycan televiziyası tarixində ilk dəfə olaraq teleteatr məktəbi formalaşdı. Bütün bunlardan başqa məlumdur ki, Azərbaycan televiziyasında tamaşalar necə hazırlanırdı: pavilyonlarda dekorasiyalar, işıq qurulurdu və bundan sonra telekameralar tamaşanı ötürürdülər. Ramiz Həsənoğlunun tamaşalar çəkilişinə başlaması ilə bu estetika dəyişdi. Ramiz Həsənoğluda artıq kamera şəxsləndirildi. Kameranın şəxsi “mən”i yarandı və kamera özünün subyektiv münasibətini ifa etməyi bacardı, bununla da ümumiyyətlə, telerejissuranın özünün xüsusiyyətləri dəyişdi. Bu baxımdan “Sabah” Azərbaycan teleməkanında yeni rejissura və yeni tipli aktyor ifasının yaranması üçün şərait yaratdı”.

MİKAYIL MİRZƏ: “Ramiz Həsənoğlunun əsas xüsusiyyəti odur ki, o, heç kimin sifarişini yerinə yetirmir, yalnız daxili sifarişi ilə iş görür. O, bir tamaşa üçün on aktyoru orta, iri və böyük planlarda panoram gəzir, gəzir və birdən işığı konkret kiminsə üzərində saxlayır və qurtardı, sən bunu ifa etməlisən. Ramiz televiziya tarixinə yeni teatr modelini gətirib. Epik teatrın nəzəriyyəsini bilirdik, amma Ramiz bunu praktik tətbiq edib. Minlərlə adamı bir meydana toplamaq rahatdır. Ancaq on istedadlını bir araya yığmaq çox zor işdir. Sən “Sabah”la böyük istedadları bir yerə toplamısan”.

Fevralın 15-də Azərbaycan Televiziyasının (AzTV) nəzdində yaradılmış “Sabah” Yaradıcılıq Birliyinin 20 yaşı tamam olur. Yarandığı vaxtdan etibarən televiziya tamaşaları, film-tamaşalar, bədii və sənədli televiziya filmləri, konsert və şou-proqramlar hazırlayan birlik indiyədək 45-ə qədər ekran əsəri təqdim edib. Eksperimental bir qurum kimi “Sabah”ın nəzdində təşkilatlanmış “Sınaq” studiyası efir vasitəsilə özünəməxsus teletamaşalar paradı keçirir. Birliyin ekranlaşdırdığı “Ac həriflər”, “6 nömrəli palata”, “Ağ dünya”, “Bala-başa bəla!”, “Dəvətnamə”, “Kamança”, “Gecən Xeyirə, Ana”,  “Qayalarda qalan səs”, “Məhbus”,  “Ömürdən uzun gecə”, “Yarımştat”, “Cəza”, “Yaşıl eynəkli adam”, “Yurd yeri”(iki seriyalı), “Şəkilçi”, “Kral ölür”, “Qayıdış”, “Cəza”, “Gecə”, “Fatehlərin divanı” (4 seriyalı), “Nigarançılıq”, “Nekroloq”, “Bəylik dərsi”, “Mürafiə vəkilləri” kimi sənət nümunələri bu gün də tamaşaçılar tərəfindən sevə-sevə izlənməkdədir. Birliyin rəhbəri,  Azərbaycanın Xalq artisti, tanınmış teatr, kino və televiziya rejissoru Ramiz Həsənoğlu ilə görüşümüzün məqsədi də “Sabah” haqqında söhbətləşmək idi. Ramiz Həsənoğlu söhbətində istedadı qiymətləndirən, təvazökar rejissor kimi aktyoru önə  çəkdi, amma səsləndirdiyi fikirlərlə bəzən ümumi işin xeyrinə çox tələbkar olduğunu da hiss etdirdi: “Sənətdə- filmdə, tamaşada görünən və yaradılan nə varsa, hamısının tacı aktyordur. Rejissor həmişə kadr arxasında qalır. Amma aktyor şübhəsiz ki, hər şeyin daşıyıcısıdır. Müəllifin də, rejissorun da, rəssamın da, operatorun da. Bu mənada aktyorla işə xüsusi əhəmiyyət verirəm. Ona görə də mənim hansısa aktyorlara aludəçiliyim var, amma bu, o demək deyil ki, aktyor nə istəyirsə, onu eləyərəm”.

Rəhbəri olduğu qurum və öz fəaliyyəti haqqında hədsiz təvazökarlıqla söz açan Ramiz Həsənoğlu ilə müsahibəmizi mərhum Mailə Muradxanlının “Sabah”ın 10 illik yubileyi ərəfəsində hazırladığı, birliyin yaradıcılıq yolunu əks etdirən film müşayiət etdi. Filmi izlədikcə, bir-birindən sanballı sənətkarların “Sabah”ın və rəhbərinin gördüyü işlər barəsində səsləndirdiyi fikirlərdən anladım ki, əsl istedadlı adamlar, onların işləri haqqında əslində, özlərindən çox başqaları, cəmiyyət söhbət açmalıdır. Bu, yəqin ki, böyük yaradıcı adamların əksəriyyətinə xas cəhətdir. Söhbətimiz ərzində suallarımı çox xəsisliklə cavablandıran müsahibimin fikirləri ilə yanaşı, yazımda görkəmli mədəniyyət xadimlərinin “Sabah” haqqında fikirlərini də təqdim etmək qərarına gəldim. Yəqin bu, ən yaxşı vasitədir: çünki “Sabah” bir nəfərə yox, hamıya məxsusdur, “Sabah” haqqında  danışmaq hər kəsin haqqıdır.

–Ramiz müəllim, “Sabah” hansı zərurətdən yaranıb? Bu uğurlu ad kimin ideyasıdır?

– Yarandığı vaxtdan  Azərbaycan Televiziyasının gözəl ənənələrindən biri də bədii tamaşalar çəkməsidir. Burada Rauf Kazımovski, Arif Babayev, Kamil Rüstəmbəyov, Bünyad Məmmədov kimi böyük rejissorlar çalışıb. Onlardan sonra gələn nəsil biz olmuşuq, çox çalışmışıq ki, bu işi layiqincə davam etdirək. Lakin sonra elə bir dövr gəldi ki, cəmiyyətdə dəyişikliklər baş verdi, siyasi böhran fonunda Qarabağ münaqişəsi başladı, siyasiləşmə artdı, camaat bir müddət bədii verilişlərdən soyudu. Mən və ətrafımda olanlar bunu hiss elədik, bu işi canlandırmaq məqsədilə “Sabah”ı yaratdıq. Ancaq “Sabah”a qədər də mənim müstəqil işlərim var idi. Lakin istədik ki, bunu daha da professional, təşkilatlanmış səviyyəyə çatdıraq, bir komanda yaradaq. Bunu yaradanda necə rezonans doğuracağını belə təsəvvür eləməzdik. “Sabah” adını yazıçı Nahid Hacızadə təklif edib. İndi kadrlarda izlədiyimiz bəzi şəxslərin çoxu bu gün həyatda yoxdur, ancaq sevinirəm ki, onların işləri, yaradıcılıq layihələri yadigar qalıb. “Sabah”ın gördüyü vacib işlərdən biri   görkəmli sənətkarlarımızın adını əbədiləşdirməkdir. “Sabah” məhz teatrımızda, kinomuzda bir böhran yaşandığı- ən zəruri vaxtda meydana gəlib. Əvvəla, ölkənin iqtisadi problemləri var idi, müstəqilliyin ilk illəri bəllidir ki, çox böhranlı keçdi. Demək olar, o vaxt “Sabah” yeganə məkan idi ki, bura rejissorları dəvət edirdik, dövlətin maliyyəsi əsasında birgə film və tamaşalar ekranlaşdırılırdı. Yarandığımız ilk üç ildə biz demək olar ki, hər ay premyera edirdik, tamaşa və filmlər çəkirdik, bura gəncləri dəvət edirdik. “Sabah”ın nəzdində yaradılan “Sınaq” studiyasında bir çoxları özünü sınadı və onların ararsında Elxan Cəfərovun adını çəkməliyəm. Bir rejissor kimi onun debütü bizdə olub. O, indi artıq püxtələşmiş, sanballı, tanınmış bir rejissordur. Bundan başqa hazırda Finlandiyada yaşayan Kamran Şahmərdan, Şamil Nəcəfzadə ilk və uğurlu işlərini burada təqdim edib. Burada hətta rejissor olmayanların, amma rejissuraya can atanların, məsələn,  İlhamiyyə Rzayevanın debütü olub. Dövlətin maliyyə dəstəyi var idi və biz də bacardıqca istedadlı gənclərə şərait yaradırdıq. Mən də bir prodüser kimi bu işlərin ortaya çıxmasına çalışırdım. Onu da deyim ki, uzun müddət rejissorluqdan kənara çəkildim və ancaq “Sabah”ın təşkilatlanması, prodüser işi ilə məşğul oldum. Təsəvvür edin ki, 1994-cü ildə çəkdiyim “Ac həriflər”dən sonra mən demək olar ki, “Fatehlərin divanı”nadək ancaq təşkilati işlərlə məşğul idim; rejissorları dəvət edirdik, ssenariləri qəbul edirdik, istehsalata buraxırdıq. Yəni, böyük bir komanda çalışırdı.

– Yaşına istinadən “Sabah”ı həm də Azərbaycanda ilk professional prodüser məktəbi hesab etmək olarmı?

–Bəli. Hətta deyim ki, onda bizdən prodüserliyin nə olduğu barədə tez-tez soruşurdular. Hətta, biz məcbur olub  prodüser sənətinin mənasını, mahiyyətini əks etdirən bir nizamnamə yaratdıq. Bundan sonra Azərbaycanda prodüser məktəbləri təşəkkül tapmağa başladı. Doğru qeyd etdiniz ki, Azərbaycanda prodüserlik məktəbinin əsasını 1993-cü ildə “Sabah” qoyub. Respublikada ilk prodüser kimi mən çıxış etmişəm və düşünürəm ki, bu işi biz görə bilmişik.

– Hazırda hansı layihə üzərində işlər gedir? Gələcək planlarınız nədən ibarətdir?

–Ən son işimiz Mirzə Fətəli Axundovun “Mürafiə vəkilləri” pyesi əsasında hazırlanmış televiziya filmidir. Hazırda İrəvan xanlığından bəhs edən, təxminən “Fatehlərin divanı” estetikası üslubunda yeni layihə üzərində işlər gedir, ssenari hazırlanır. “Sabah”ın ürəyindən çox şeylər keçir. “Sabah” çox istəyərdi ki, sistematik şəkildə təkcə mən yox, başqa rejissorları da dəvət eləmək şərtilə tamaşaçılarımızı mütəmadi olaraq, yeni əsərlərlə görüşdürək. Bu təkcə bizim istəyimizdən  deyil, şirkətin imkanlarının bizim istəklərimizlə üst-üstə düşməsindən asılıdır. Çünki “Sabah”ın işləri baha başa gəlir. Dekorasiyalar, pavilyonlar, aktyoru kadra çıxarmaq üçün xeyli iş görülməlidir. Bunlar hamısı çox böyük zəhmətin və vəsaitin nəticəsində ərsəyə gəlir.

–Qurumun rəhbəri kimi necə düşünürsünüz, “Sabah” məqsədinə nail olubmu?

–Sabaha xidmət etməyi qarşısına məqsəd qoyan “Sabah”ın əsas missiyası gənc rejissorlara, aktyorlara meydan açmaqdır. Düşünürəm ki, 20 il ərzində biz buna nail ola bilmişik. Bundan sonra da bu missiyanı davam etdirərək həm sənətkarları, həm də sənətsevərləri sevindirmək niyyətindəyik.

 

 

 Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 9 fevral.- S.16.