Aşıq sənətinin memarı
Sinkretik
aşıq sənəti çox şərəfli, şərəfli olduğu qədər
də çətin, mürəkkəb və əzab-əziyyətli
sənətdir. Bunun
bir daha mədəni irsimizi məhəbbət və yüksək
peşəkarlıqla xalqa təqdim edən, xalqın məhəbbətini
qazanan “Mədəniyyət” kanalında musiqimizə,
muğamlarımıza, xanəndə və tarzənlərimizə həsr olunan bir verilişdə
sanki yenidən dərk etdim.
Bəstəkar
Oqtay Rəcəbov dedi ki, bizdə özü tar
çalıb-oxuyan yeganə xanəndə Qulu Əsgərov
olub və əlavə etdi ki, bu çox ağır işdir. Sənətkar beynindən gələn enerjini eyni
vaxtda həm ürəyinə, həm də barmaqlarına verməli
olur.
Həmin
anda möcüzəli aşıq sənəti, böyük
ustad aşıqlar barədə düşündüm və qəribə
bir mənzərə ilə üzləşdim. Aşıq
musiqi ifaçısıdır, aşıq müğənnidir,
aşıq xanəndədir, aşıq bəstəkardır,
aşıq aktyordur, aşıq rəqqasdır, aşıq bədii qiraət
ustasıdır, aşıq şairdir, aşıq alimdir,
aşıq dastançıdır, aşıq məzhəkəçidir,
aşıq pedaqoqdur.
Təsadüfi
deyil ki, aşıq sənətini dərindən bilən dahi
Üzeyir bəy yazırdı: “Aşıq
yaradıcılığı elə bir sənət aləmidir
ki, orada şairin də, yazıçının da, bəstəkarın
da, xanəndənin də, rəqqasın da istənilən qədər
götürəcəyi pay vardır”.
Yuxarıda
sadaladığımız cəhətləri ehtiva edən,
adlarını iftixarla çəkdiyimiz ecazkar sənətkarlar aşıq sənətinin
zirvəsində bərqərar olurlar. Bu sırada Qurbani, Abbas
Tufarqanlı, Xəstə Qasım, Valeh, Şəmkirli
Hüseyn, Alı, Ələsgər, Molla Cuma, Ağdabanlı
Qurban, Hüseyn Bozalqanlı, Mirzə Bilal fəxarətli yer
tuturlar. Onların aşıq havaları və
sözlərinə bəstələnmiş nəğmələri
dillər əzbəridir.
Deyilənləri
təsdiq üçün təkcə Aşıq Ələsgərin
öz havalarına və
sözlərinə bəstələnmiş mahnılara nəzər
salmaq kifayətdir: “Niyə döndü”, “Narın üz”,
“Dolanır”, “Düşdü”, “Gələndə”, “Güləndam”,
“Güllü”, “Müşkünaz”, “Ola”, “Öldürür”,
“Sarıköynək”, “Telli”, “Ceyran”, “Xoş gəldin”, “Mən”,
“Getmə, amandı”, “Görürsənmi oğrun baxan gözəli”.
Aşıq Şəmşir poeziyası bu böyük sənətkarların
yaradıcılığından bəhrələnib,
onların qaynar poeziya çeşməsindən su içib,
ürəklərə yol tapıb, ümumxalq məhəbbəti
qazanıb. Aşıq Şəmşir öz sələfləri
kimi sağlığında klassikləşən, aşıq
sənətini inkişaf etdirən, Göyçə-Kəlbəcər
aşıq mühitinin formalaşmasında xidmətləri
olan ustad aşıqdır.
Təsadüfi
deyil ki,
Aşıq Şəmşir sələfləri olan azman
aşıqlar kimi, folklor üzrə dərsliklərə
düşüb və Universitetlərin müvafiq fakültələrində
tədris olunur.
Aşıq Şəmşirin 1955-ci ilin yayında Kəlbəcərdə
sevimli şairimiz Səməd Vurğunla görüşü
hadisəyə çevrildi. Səməd Vurğun
aşığın şairlik qabiliyyətini görüb onu
Bakıya dəvət etdi. Bakıda
aşığa qeyri-adi qayğı göstərildi. Aşığın Yazıçılar Birliyinə
qəbul olunması gündəmə gətirildi. Kitabı plana salındı. Səməd
Vurğunun xahişi ilə şair Osman Sarıvəlli
aşığın yaradıcılığından
monoqrafiya yazmağa başladı. Lakin o, əvvəlcə
aşığın yaradıcılığı ilə
yaxından tanış oldu və Şəmşirin 1959-cu ildə
işıq üzü görən “Şeirlər” kitabına
ön söz yazdı. Bundan sonra
aşığın “Qoşmalar” (1971), “Seçilmiş əsərləri”
(1973), “Dağ havası” (1979), “Şeirlər” (1980)
kitabları çap olundu. Bu, böyük
nailiyyət idi. Sağlığında bu
qədər kitabı çap olunan aşığa demək
olar ki, təsadüf edilmir. Bu əsərlər
Aşıq Şəmşirin aşıq-şair kimi
şöhrətlənməsinə gətirib
çıxardı. Başqa bir yandan da o,
tədqiqatçıların, xüsusən də
folklorşünasların, musiqişünasların diqqətini
cəlb etdi, barəsində monoqrafiyalar, məqalələr
yazıldı, dərsliklərə salındı. Lakin bu ənənənin əsasını Osman
Sarıvəlli hələ 1973-cü ildə
yazdığı “Aşıq ürəkli şair, şair
ürəkli aşıq Şəmşir” monoqrafiyası ilə
qoymuşdu.
Səməd Vurğunun xeyir-duası və dəstəyi
ilə böyük sənət yoluna çıxan
Aşıq Şəmşir şöhrətləndi. Əməkdar incəsənət
xadimi fəxri adına layiq
görüldü.
Əlçatmaz zirvə olan Aşıq Ələsgəri
çıxmaqla, heç bir aşığın
yaradıcılığına bu qədər əsər həsr
olunmayıb. Osman Sarıvəllidən sonra Məmməd
Aslanın “Saxla izini, dünya” (1989), “Dədə Şəmşir
yaddaşlarda” (2000), toplayıb tərtib edəni Qənbər
Şəmşiroğlu. Prof. Mürsəl Həkimovun
“Haqq aşığı Dədə Şəmşir”. Monoqrafiya (2004), Sədnik Paşayevin “Aşıq
Şəmşirin poetik aləminə səyahət” (2008),
“Ünvanımız – Dədə Şəmşir” (2011).
Toplayıb tərtib edəni, folklorşünas alim Adil Cəmil. Səbinə
İsayevanın “Aşıq Şəmşirin poetikası”.
Monoqrafiya (2012), Cəmilə Çiçəyin
“Kəlbəcərin saz qalası” I kitab (2012) və “Arı
çiçəyə gəlir” II kitab (2012) kitabları
çap olundu. Deyilənlərdən əlavə Səbinə
İsayeva “Aşıq Şəmşirin yaradıcılığı” mövzusunda
namizədlik dissertasiyası yazaraq uğurla müdafiə
etmiş filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi
almışdır.
Aşıq Şəmşirin ədəbi irsinə,
saz-söz sənətini dərindən bilən alimlər,
şair və yazıçılar, saz-söz sərrafları
çoxsaylı məqalələr həsr ediblər. İftixar hissi ilə M.H.Təhmasib,
P.Əfəndiyev, M.Həkimov, V.Vəliyev, S.Paşayev, Ə.Eldarova,
M.Qasımlı kimi ömrünü folklorumuza, aşıq sənətinin
araşdırılmasına həsr edən, Şəmşir
yaradıcılığından yan keçə bilməyən
alimlərimizin adlarını bu məqamda çəkmək
istərdim. Aşıq Şəmşirin həyatı
və yaradıcılığına həsr olunan
monoqrafiyalar, elmi-publisistik kitablar və məqalələr bu
görkəmli aşığın ozan-aşıq sənətinin
memarlarından biri olmasından xəbər verir.
Adını
çəkdiyimiz kitablarda və saysız-hesabsız məqalələrdə
Aşıq Şəmşirin
həyatı, mühiti və poetik irsi tədqiqat süzgəcindən keçirildiyindən burada ancaq
bir-iki məsələdən
söz açmaqla kifayətlənəcəyəm. Şəmşir
1920-ci ildə yediillik məktəbi bitirmişdi. Bu, o
zaman üçün nəinki əyalətlərdə, hətta mərkəzlərdə
belə hər adama qismət olmurdu. Şəmşir
aşıqlığı atası, şairlik təbi olan,elmli, bilikli Ağdabanlı Qurbandan öyrənmişdi. Klassik aşıq poeziyasının
mükəmməl bilirdi,sinədəftər
idi.Bu münasibətlə bir şeirində yazırdı:
Şəmşirəm,
Qurbanın nişanəsiyəm,
Böyük aşıqların dəftəriyəm mən.
Şəmşirin
yaradıcılığında onun savad səviyyəsi
özünü qabarıq şəkildə göstərir:
Daşı
şüşə edir,şüşəni
ipək,
Neftdən
qab-qacaq, alovdan çiçək,
Qumdan
qızıl çəkir, torpaqdan çörək,
Gərdişin qüdrəti insan əlləri.
Bu misralar
bir yandan dünyanın əşrəfi olan insanın nələrə qadir
olduğundan xəbər verirsə, digər tərəfdən
də qüdrətli sənətkarın
savad səviyyəsindən söz açır. Aşıq
Şəmşir bütün aşıq şeir şəkillərindən,
o cümlədən də təcnisin bütün məlum
növlərindən bol-bol
istifadə edib.
Aşıq
Şəmşirə həsr elədiyim “Aşıq Şəmşir
haqqında düşüncələrim” adlı məqaləmdə göstərmişdim ki,
Aşıq Şəmşirin Mikayıl Azaflı ilə
aşıq poeziyasının ən
çətin və mürəkkəb janrı olan təcnislə
deyişməsi aşıq yaradıcılığında az
təsadüf edilən hadisədir.
Çünki tarixən təcnis yaratmaq əsl sənətkarlıq nişanəsi
hesab olunub. XVII əsrin qüdrətli söz ustası Xəstə
Qasım aşıq üçün təcnis yaratmağı
“hünər göstərmək” anlamında qəbul edirdi və deyirdi:
Nə
alim işidi, nə də üləma,
Təcnis meydanının öz hünəri var.
Həqiqətən də təcnis yaratmaq hər
aşığa müəssər olmur. Çoxları məzmunu, mənanı formaya
qurban verirlər. Fikir versəniz görərsiniz ki, Xəstə
Qasımdan üzü bu yana təcnis yazmaq deyil, bu işin çətinliyini nəzərə
çatdırmaq üçün “təcnis yaratmaq” ifadəsi
işlənir. Xoşbəxtlikdən
Aşıq Şəmşirin təcnislərində forma-məzmun
vəhdətdə olur:
Təbib
qarşı gəlsə sağalar yara,
İstər ağla, ya sızılda, ya zarı.
Qışın
ömrü təslim olur bahara,
Çiçəklərdən
bal çəkəcək yaz arı...
Aşıq
Şəmşirin lirikasından onillər boyu tədqiqatçılar
böyük məhəbbətlə söz
açırlar.Ustad aşığın lirikasını
ictimai lirika, məhəbbət lirikası, təbiət
lirikası kimi bölərək
ayrı-ayrılıqda təhlil edirlər. İctimai və məhəbbət
lirikası başqa ustad aşıq-şairlərdə də
qabarıq şəkildə özünü göstərdiyindən, Aşıq
Şəmşirin məhəbbət lirikasından söz
açmaq istərdim. Mənə
belə gəlir ki, ömründə Kəlbəcəri
görməyən adamın belə, ustadın təbiət
lirikası ilə
tanışlıqdan sonra, gözləri
önündə bu
füsünkar diyarın təbiəti istedadlı bir rəssamın
fırçasından çıxan heyranedici rəsm əsəri kimi canlanacaq. Həqiqətən də Aşıq Şəmşirin
təbiəti vəsf edən şeirlərini oxuduqca heyran
qalmaya bilmirsən.
Yaz olanda
bizim uca dağlarda,
Öpüşür gül-çiçək, lala, bənövşə.
Maralların, cüyürlərin
gözündən
Utanıb qısılır kola bənövşə.
Və ya
Atam Dəlidağdı,
İstisu anam,
Nəvə olub oğlum, qızım dağlara.
Doğrudur mənim beş il bir yerdə
oxuduğum,tələbə yoldaşım Ənvər
Rzanın poeziyası vasitəsi ilə Kəlbəcərin təbiəti
barədə az-çox təsəvvürüm var idi. Hətta Ənvərin
aşağıdakı misralarını aşıq havası üstündə
zümzümə etməkdən doymazdım:
Mərcanı
çiyələk, gül dərə-dərə,
Gəldim bir dərəyə, dərə nə dərə.
Mətləbdən
uzaqlaşmayaraq çəkinmədən deyə bilərəm
ki, aşıq sənətinin əlçatmaz zirvəsi
Aşıq Ələsgərdən sonra təbiətin gözəlliyini
əks etdirən,orijinal lövhələr
yaradan ən mahir sənətkar Aşıq Şəmşirdir.
Güman edirəm ki, şair-aşığın “Duman”
şeiri deyilənlərə əyani sübut ola
bilər:
Döşlərdə
bənzəyir boz
sürülərə,
Dərəyə dolanda yatışır duman.
Hərdən
qanadlanıb qalxır havaya,
Qara buludlara qatışır duman.
Çökür
yer üzünə, öpür çəməni,
Torpaqda göyərdir yaşıl səməni,
Sulayıb
oyadır tər yasəməni,
Nərgizin dadına yetişir duman
Dəryadan
doldurur piyaləsini,
Şehdə
çimizdirir dağ laləsini,
Gizləyir
meşənin şəlaləsini
Qovuşub əl-ələ tutuşur duman.
Aşıqların
I qurultayı ərəfəsində (5 may 1928) Ü.Hacıbəyov
“Aşıq sənəti” adlı çox maraqlı məqaləsində
yazırdı:
“Aşıq
ifaçılıq məharətini sxolastik mühitdə
öyrənmir; ona təmiz hava, yaşıl çəmən,
çöl çiçəklərinin ətri, uca
dağlar, geniş tarlalar, quşların cəh-cəhi, çayların
şırıltısı ilham gətirir. Aşıq
əsl azad rəssamdır”.
Aşıq
Şəmşirin təbəit lirikasının haradan qaynaqlanaraq məftunedici olması Üzeyir bəyin
“Aşıq sənəti” məqaləsini oxuyandan sonra daha
aydın başa düşülür.
Aşıq
Şəmşir bütün aşıq şeir şəkillərində
qələmini
sınayıb, uğur qazanıb, saz-söz pərəstişkarlarının qəlbində
məskən salıb. XX əsr Azərbaycan
aşıq poeziyasının görkəmli nümayəndəsi
ustad Aşıq Şəmşir, ulu aşıq sənətinə
verdiyi töhfələr sayəsində bu müqəddəs
sənətin memarları sırasında layiqli yerini tutub.
Qəzənfər Paşayev,
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.-
2013.- 12 fevral.- S.7.