Güldürən və
düşündürən “Ləyaqət düsturu”
Kitab həmişə
insana lazım olur. Yaşadığımız həyatı kitabsız
təsəvvür etmək
çətindir. Çünki kitab bizə bilik verir, həyat
yollarımızı nura
boyayır, qaranlıqlara
işıq salır.
Amma etiraf edək ki, heç də kitabların hamısı belə deyil. Yuxarıda söylədiyimiz fikirlərlə bəzi kitablar üst-üstə düşmür. Elə
kitablar var ki, adına,
bir az da
üzünün bəzək-düzəyinə
aldanıb həvəslə
alırsan. Onu asta-asta vərəqləyib
bir neçə səhifəsini oxuyursan.
Maraqlı olmadığını görüb səliqə ilə qatlayıb bir tərəfə tullayırsan. Bir daha onun üzünə baxmırsan. İllər keçdikcə
həmin kitab toz-torpaq içində itib-batır. Bəzənsə görürsən ki, budur, maraqsız, dəyərsiz bir kitaba o qədər tərif vururlar ki, gəl görəsən.
İstər-istəməz onu tapıb
oxumağa maraq göstərirsən. Çətin də olsa, kitabı
əldə edirsən.
Həvəslə alıb qarşına
qoyub vərəqləyirsən.
Amma oxuduqca baxıb görürsən ki, bu kitabın elə bir məna
tutumu yox imiş.
Amma elə kitablar da var
ki, oxumağa başlayanda əlindən
yerə qoymaq istəmirsən. Mənə elə gəlir
ki, tarix elmləri namizədi, Əməkdar jurnalist Natiq Məmmədlinin “Ləyaqət düsturu” kitabı da belələrindəndir. İlk olaraq
diqqətimi çəkən
onun adı oldu. Kitabın üz qabığına, tərtibatına baxandan sonra öz-özümə
sual verdim: necə yəni ləyaqət düsturu? Bu nə düsturdur,
bu nə kəşfdir. Humanitar sahəyə
maraq göstərsəm
də, riyaziyyat, kimya və fizika
ilə də az-çox maraqlanırdım.
Bir çox teorem, düstur və qanunların adını bilsəm də, hələ indiyə qədər ləyaqət
düsturunu nə eşitmişdim, nə də oxumuşdum.
Kitabı vərəqləməyə başladım. Əvvəlcə “Ləyaqət düsturu” adlı hekayəni oxudum. İlk diqqətimi hekayənin
mövzusu və süjet xətti cəlb elədi. Hekayə Cəsarət adlı bir məmurun mətbuatda tənqid olunmasına və bu işin məhkəməyə
verilməsinin hazırlıq
prosesinə həsr olunub. Özü haqqında qəzet
səhifəsində tənqidi
məqaləni oxuyan məmur buna dözmür. Əvvəlcə özündən çıxır,
əsəbiləşir. Yazının müəllifini döyüb
öldürəcəyini deyir.
Amma hüquqşünas
olan Qeyrət adlı iş yoldaşı ona yol göstərir, məsləhət görür
ki, elə iş görməsin. Əziyyət çəkib, güc
sərf edib müəllifi döyməsin.
Onu da, qəzeti
də məhkəməyə
versin. Ləyaqətinə toxunduğuna görə
onlardan xeyli pul qoparsın. Pul adı eşidən kimi Cəsarətin hirsi yavaş-yavaş soyuyur. Və iş yoldaşının
dediyi kimi addım atmaq istəyir. Amma öz ləyaqətinin
qiymətini tapa bilmir ki, qarşı
tərəfdən o qədər
pul tələb eləsin. Çox fikirləşəndən
sonra Cəsarət adlanan bu cəsarətsiz şəxs
bütün hekayə boyu öz ləyaqətinin qiymətini
axtarır. Onun miqdarını müəyyən etməyə
çalışır. Nəhayət, özündən
çox qəribə və özünə yaraşan bir
düstur kəşf edir. Əslində isə bu, ləyaqətsiz
bir adamın bir daha ləyaqətsiz olduğunu sübut və
təsdiq edən düsturdur.
Kitabda 18
hekayəyə yer verilib. “Ləyaqət düsturu”ndan xoşum
gəldi. Elə zənn etdim ki, yəqin müəllifin ən
maraqlı hekayəsi budur. Sonra bir-bir başqa hekayələrə
də göz gəzdirdim. Oxuduqca gördüm ki, bir-birinə
bənzəməyən hekayər, biri o birindən
maraqlıdır. Seçim eləmək bir az çətin məsələdir.
Hər bir hekayə haqqında elə onun özündən də
çox danışıb söz açmaq olardı.
Bəzən adam fikirləşir ki, kitabın gücü nədədir? Axı onun hansı tərəfləri oxucunun xoşuna gəlir? Kağızımı, rəngimi, həcmimi, yoxsa mövzusu, mətni? Fikirləşirəm ki, bəlkə elə yazıçı növbəti hekayələrində bunun da bir düsturunu tapa, yeni kəşf eliyə. Hərənin kitaba bir yanaşması, öz nizamı, öz ölçüsü var. Mənə elə gəlir ki, kitabın gücü ondadır ki, o oxucusunu dərindən düşündürür, ona mənəvi zövq verir. Maraqlı mövzusu ilə oxucusunu maqnit kimi özünə çəkir.
Əgər təzə aldığın hər hansı bir kitabın ilk səhifələrini vərəqləyib oxuyanda, onun sətirləri, mövzusu səni düşündürmürsə, qəlbini, ürəyini yerindən oynatmırsa, deməli, o maraqlı kitab deyil. Kitab gərək oxucusunu düşündürsün, ürəyini odlandırsın, bəlkə də haradasa bir az da təəccübləndirsin. Natiq Məmmədlinin “Ləyaqət düsturu” kitabı kimi. Mən bu kitabı oxuyanda çox təsirləndim, çox düşündüm. Ha fikirləşsəm də, sonuncu dəfə hansı kitabı oxuyanda belə təsirləndiyimi yadıma sala bilmədim. Natiqin hekayələri bizi düşündürməyə və tez-tez ətrafımıza baxmağa sövq edir.
Hər hansı bir əsərin maraqlı olmağını təmin edən amillərdən biri də onun mövzusunun aktuallığıdır. Seçilmiş mövzunun zamanla və vaxtla səsləşməsidir. Heç çox da fikirləşmədən demək olar ki, Natiq Məmmədlinin əsərlərində bütün bunlar var. Ona görə də bu hekayələr oxunaqlıdır, maraqlıdır və diqqətçəkəndir. Özü də hekayələri oxuduqca hiss edirsən ki, Natiq öz əsərlərinin mövzularını necə deyərlər, “dərə-təpəyə” düşüb axtarmır. Onu özündən uydurmur, xəyallarından yaratmır. Mövzuları yaşadığımız həyatın içindən götürür.
“Ləyaqət düsturu”ndakı hekayələrin personajları da bizdən çox uzaqda deyil. Haradasa elə bizim yanımızda, yaxınlığımızdadırlar. Hekayələrdə cərəyan edən hadisələr sanki bizə çox tanışdır, çox doğmadır. Demək olar ki, biz hər gün onları görürük, hər gün rastlaşırıq. Amma bir hekayə mövzusu kimi bütün bunlar bizim diqqətimizi cəlb etmir. Çox həssas, yaradıcı insan olan Natiq müəllim onları “görür”. Müəllifin sənətkarlığı ondadır ki, o, gündəlik həyatımızda rastlaşdığımız adi həyat və məişət hadisələrini, sadə adamları öz hekayələrinə mövzu seçir. Onu bacarıqla işləyib, ətə-qana gətirib, nəfəs verib. Maraqlı bir süjet xətti quraraq hadisələri bir-birinin ardınca düzüb, ardıcıllıqla nəql edir. Bu sətirləri yazanda yadıma belə bir deyim düşdü: “Ən böyük dahilik göz önündə olanı görməkdir”. Natiq Məmmədli göz önündə olanları çox yaxşı görüb, bir-birindən maraqlı hekayələr yazıb.
Natiq Məmmədlinin hekayələrinin süjet xətti çox maraqlıdır, dili isə sadə və rəvandır. Sözləri, cümlələri oxuduqca bütün bunlar sanki ürəyimizdən keçir, qəlbimizə süzülür. Sözlər, ifadələr tez qavranılandır, dərk ediləndir. Hadisələr çox inandırıcıdır. Bütün bunlar isə kitabın daha da maraqlı olmasını təmin edir. Natiq uzun-uzadı qəliz sözlərlə oxucusunu yormur. Əksinə, fikirlərini obrazlı şəkildə ifadə edərək oxucunu öz arxasınca çəkib aparır. Bu sözləri, bu cümlələri oxuduqca fikirləşirsən ki, deməli, fikri belə də yazmaq, belə ifadə etmək olarmış. Həmin cümlələrin bir neçəsini ağ vərəqlər üzərinə köçürüb bu sətirləri oxuyanların diqqətinə çatdırmaq istəyirəm. “İndi yenə də təəssüratların məngənəsində sıxılmamaq üçün addımlarımı yavaşıtdım... Kimsə lentin ucundan tutub var gücü ilə dartırdı, kadrlar qovhaqovdaydı... Düşüncələrimdəki səliqəsizliyə görə məni tutmayacaqdılar ki... Mənə qəribə gələn o idi ki, bu qədər kitab-dəftərin arasında ölməyə də vaxt tapa bilmişdin... Ondan sonra yanında görsənmədim, aramızdakı istiliyi “salam-sağ ol” intervalına qədər soyutdum...”
Belə cümlələrin sayını kifayət qədər uzadıb kitabdakı bütün sözlərin altından xətt çəkmək olar. Bunları oxuduqca adam zövq alır, bir anlıq kitabdan gözlərini çəkib fikrə dalır.
“Ləyaqət düsturu”ndakı hekayələr hamısı bir-birini tamamlayır. Biri o birindən, o biri bu birindən maraqlı və mənalıdır. Onları bir-birindən ayırmaq çətindir. Amma mən cəhd göstərib Natiqin hekayələrinin hansının daha maraqlı, daha “güclü” olduğunu müəyyən etmək istədim. Bir növ onların yarışını, birinciliyni keçirdim. Bunun üçün uzun bir xətt çəkdim. Bütün hekayələri həmin xətt boyunca düzdüm. Onlar hamısı bu yarışdan qalib çıxdılar. Buna görə tam inamla müəllifin hekayələrinin hamısının qarşısından bərabərlik işarəsi qoymaq olar. Onları bütövlükdə başqa-başqa çəmənliklərdən yığılmış rənbərəng çiçəklərə, gül çələnginə də bənzətmək olar.
Çoxdanın söhbətidi. Televiziya kanallarının birində mərhum müğənni Fatma Mehraliyevaya həsr olunmuş verilişi izləyirdim. Çıxış edənlərin əksəriyyəti muğam sənətində dərin üz qoymuş Fatma xanım haqqında öz ürək sözlərini söylədilər. Danışanlar daha çox müğənninin “Kəsmə şikəstə”ni daha məharətlə oxuduğunu xüsusi olaraq vurğulayırdılar. Doğrudan da, mərhum sənətkarımız o şikəstəni çox yanıqlı, çox gözəl oxuyurdu. Sonra söz alan xalq artistlərindən biri dedi ki, hamı bu gün Fatmanın “Kəsmə şikəstə”ni yaxşı oxumağından danışdı. Deyin görüm axı Fatma hansı muğamı, hansı mahnını pis oxuyub ki? Bu mənada götürəndə demək olar ki, Natiq Məmmədli də bütün hekayələrini çox gözəl qələmə alıb. Ola bilməz ki, yazdıqlarının biri ona doğma, o biri isə ögey olsun. Natiq Məmmədli müəllim hekayələrini eyni ürəklə, eyni qəlblə və eyni sevgi ilə yazıb. Onlara nəfəsinin istisini, qəlbinin təravətini verib.
Natiqin hekayələri çox maraqla qarşılanır. İlk sətirləri oxuyandan sonra hadisələrin hansı sonluqla bitəcəyini həyəcanla izləyirsən. Bəzi müəlliflərin hekayələrində haradasa hadisələrin sonluğunu əvvəlcədən görmək, hiss eləmək olur. Amma Natiq Məmmədlinin hekayələrində elə deyil. Hekayəni axıra çatdırmayınca hadisələrin hansı sonluqla bitəcəyini bilmirsən. Natiqin qələmə aldığı hekayələrin belə maraqlı olması oxucusunu durna qatarı tək çəkib öz ardınca aparır.
Adətən, kitab haqqında nə isə yazanda xeyli yet tutsun deyə, əsərlərin adları uzun-uzadı sadalanır. Bu formada yanaşma haradasa bir az cansıxıcı və şablon təsiri bağışlayır. Təkrarçılıqdan qaçmaq üçün bu dəfə başqa cür yanaşma forması seçməyə çalışdım. Bu kiçik qeydlərimdə kitab haqqında ümumi danışmağa üstünlük verdim. Təbiidir ki, hekayələrin hər biri haqqında söz açmaq istəsək, xeyli qələm çalmalı olarıq. Bəri başdan deyim ki, “Ləyaqət düsturu” kitabını vərəqləyən hər bir oxucu xeyli zövq alar, mənəviyyatını zənginləşdirmiş olar.
Hekayələri oxuyandan sonra belə qənaətə gəldim ki, Natiq Məmmədli yazdıqları ilə bizi güldürməyi qarşısına məqsəd qoymayıb. Müəllif bu hekayələri ilə hamımızı həm də düşünməyə, ətrafımıza baxıb səhvlərimizi düzəltməyə çağırır. Bizi gülə-gülə düşünməyə səsləyir. “Kloun” yaxud “Balaca məmurun təbriki” hekayələri bəlkə də ilk baxışda gülməli görünür. Ola bilsin ki, personajların müəyyən hərəkətləri adamın sifətində bir az təbəssüm yaratsın. Amma fikrimcə bu zahiri bir gülüşdür. Bu gülüşün içində qəhqəhə yoxdur. Bu çox ağrılı bir gülüşdür. İmkansız, yoxsul insanların acı taleyinin güzgüdəki solğun görüntüləridir. Yaşadıqları həyatlarınin o üzlü-bu üzlü rəngli və rəngsiz tərəfləridir. Çox güman ki, müəllif məmurlara insanlarla insan kimi davranmağı məsləhət görür.
“Ləyaqət düsturu” Natiq Məmmədlinin ilk kitabıdır. Bu kitab bir neçə ay əvvəl ədəbi mühitə qədəm qoyub oxucuların qapılarını döyüb. Və deyim ki, qısa müddət ərzində ətrafına xeyli pərəstişkar toplayıb. Əgər atılan birinci addım belə uğurlu alınıbsa, inşallah, onun qələmindən çıxacaq növbəti əsərlər daha dəyərli və daha mənalı olacaq. Müəllifə bu yolda uğurlar arzulayıram.
Vahid MƏHƏRRƏMOV
525-ci qəzet.-
2013.- 13 fevral.- S.7.