Ağdamın birinciləri
Qarabağla
bağlı araşdırmaları, xüsusəndə Ağdam şəhərinin son
yüzillik inkişafına həsr etdiyim tədqiqatla
bağlı elmi mənbə və arxiv materialları ilə
tanış olmaqla yanaşı,
yerli sakinlərlə görüşür, “ruhlar şəhərini”
heç olmasa virtual olaraq gəzirəm. Bu müddət ərzində
rastlaşdığım ən ağır, bəlkədə dəhşətli məqam onda oldu ki, altıyüz metrlik “MVD”
döngəsini küçənin dörd sakini ilə az qala
bir aya yaxın müddətə gəzə bildik.
Yazının bir hissəsini çapa verəndən sonra yada düşdü ki, Azərbaycanın
dama üzrə çempionu Zəminə
İbrahimova da burada yaşayıbmış...
Diqqətimizdən
yayınan məqamlar yəqin ki, həm yaşımızla, həm
də yaddaşımızla bağlıdır. Bu istiqamətdə
aparılan ideoloji işi də qənaətbəxş saymaq
olmaz. Odur ki, indidən, heç olmasa yaşlı nəslin
nümayəndələri və ziyalılarımızla
görüşməli, Ağdamla bağlı istənilən
məqamlara aydınlıq gətirməliyik...
Bəli,
bu gün Ağdam haqqında
yazmaqla gənc nəslə şəhər haqqında
müəyyən fikirlər çatdırmaq hər birimizin
borcudur. Növbəti yazımızı Ağdamın birincilərinə,
bu şəhərə rəhbərlik etmiş şəxslərə
həsr etmək qərarına gəldik.
...1923-cü
ildən yeddi il ərzində Ağdam Qəza mərkəzi
olub. O dövrdə qəza rəhbərləri haqqında
müəyyən bilgilər əldə etmək mümkün
olmamışdır. Demək olar ki, topladığımız
əsas məlumatlar Ağdamın rayon mərkəzi kimi fəaliyyəti
ilə bağlıdır.
İlk
olaraq qeyd edək ki, 1930-cu ilin avqust ayından inzibati rayon olaraq ərazi vahidi kimi
formalaşdırılarkən Ağdamda ilk birinci katib vəzifəsini Vəliyev familiyalı şəxs
icra edib. Vəliyev haqqında hər
hansı bilgi əldə edə bilməsək də onu
öyrənə bildik ki, 1936-cı ilin əvvəlinə
kimi, o bu vəzifədə
çalışmışdı.
1936-cı ildən onu bu vəzifədə
tanınmış kinorejissor
Ceyhun Mirzəyevin əmisi, əslən Gülablı kəndindən
olan İbrahim Mirzəyev əvəzləyib.
1938-ci
ilin may ayının 15-18-i aralığında rayonda
keçirilən Ağdam RPK-nın V konfransı partiya komitəsinin
birinci katibi işləmiş İbrahim Mirzəyevin fəaliyyətinin
təftiş edilməsi ilə başlamışdı. İ.
Mirzəyev 2 il ərzində
partiyaya cəmi 30 nəfərin qəbul edilməsində,
sıralarında 2500 nəfər olan komsomol təşkilatından
lazımi şəkildə yararlanmamasında ittiham
olunmuşdu. Konfransdan sonra keçirilən plenumda Ələkbər
Eminov birinci katib seçilir. Qeyd edək ki, Ələkbər
Eminov 1908-ci ildə Göyçay rayonunda bənna ailəsində
anadan olmuş, 1922-ci ildə birinci dərəcəli məktəbi
bitirmiş, 1924-ci ildə isə Göyçay da olan ikinci dərəcəli
məktəbə daxil olsada təhsili yarımçıq
qalmışdı. Eminov 1932-ci ildə partiya sıralarına
qəbul edilmiş və Stalin adına pedrabfakda (altı
aylıq kurs) təhsil almışdı. 1932-1936-cı illərdə
Göyçayda komsomol təşkilatında müxtəlif vəzifələrdə,
1936-1938-ci illərdə Naxçıvanda komsomol təşkilatında
çalışmışdı. 1938-ci ilin mayında isə
Ağdam rayon partiya təşkilatının birinci katib
seçilən Ə.Eminov, həmin ildə Ali Sovetə
keçirilən seçkilərdə deputat mandatı da
qazanmışdı.
1941-ci
il yanvarın 6-da Stalin adına pedaqoji məktəbin
akt zalında müəllimlərin
yanvar müşavirəsi keçirilir. Müşavirədə
rayon təhsil şöbəsindəki problemlər müzakirə
olunur və onun həlli yolları tədbir
iştirakçılarının diqqətinə
çatdırılır. Qeyd edilən tədbirdə
RPK-nın birinci katibi Ələkbər Eminovda iştirak
etmişdi. Bu Ə.Eminovun iştirak etdiyi sonuncu tədbir olur. Bundan sonra o
uzunmüddətli kursa gedir. Ələkbər Eminovun yerinə
isə rayon Zəhmətkeş Deputatlar Sovetinin İcraiyyə
Komitəsinin (ZDS İK) sədri Fətullazadə seçilir.
Fətullazadə bu vəzifədə müharibə
başlananadək, iyun ayınadək, qala bilir. Martın 23-də
Fətullazadənin yerinə, yəni Ağdam ZDS İK-nə
isə Xosrov Vahabzadə seçilir. 1941-ci ilin sentyabr
ayından Ağdam RPK-nın birinci katibi vəzifəsinə
bundan əvvəl rayonda nəşr
olunan “Lenin yolu” qəzetinin redaktoru işləyən Yusif
Yusifov seçilir. Yusif Yusifov partiya işini tərk etdikdən
sonra Bakı Dövlət Universitetində pedaqoji fəaliyyətlə
məşğul olmuş, tarix
elmələri doktoru kimi ciddi elmi araşdırmaları
olmuşdur.
1948-ci il
fevralın 7-8-ində rayon partiya komitəsinin X konfransından
sonra keçirilən plenumda Məmməd Behbud oğlu Orucov
birinci katib seçilir. M. Orucov 1907-ci ildə Füzuli rayonunun
Sərdarlı kəndində anadan olmuş, 1935-ci ildə
APİ-nin tarix fakultəsini bitirmişdi. O, 1942-ci ildə
Xindiristan MTS-ın də çalışmış, sonra irəli
çəkilərək Jdanov
(indiki Beyləqan ) RPK-nın birinci katibi seçilir. Jdanov
rayonundakı fəaliyyətinə görə 1948-cü ildə
Sosialist Əməyi Qəhrəmanı fəxri adına layiq
görülür. Ağdamdan
sonra M.Orucov bir müddət Quba RPK-nın birinci katibi və Azərbaycan
KP MK-da şöbə müdirinin müavini vəzifələrində
çalışmışdı.
1951-ci
ilin noyabrın 30-da Ağdam
RPK-nın növbəti plenumu keçirilir. Plenum təşkilat
məsələlərinə baxır və M.Orucov başqa
işə keçməsi ilə əlaqədar tutduğu vəzifədən
azad edilir və yerinə isə Məmməd Əliyev
seçilir. Məmməd Əliyev
əslən Ağdamın Xıdırlı kəndindən
olub, uzun müddət rayonda məsul vəzifələrdə
çalışıb. O bu vəzifədə, 1952-cü ilin
dekabrın 26-a kimi qala bilir. Onun rayon prokuroru ilə çəkişməsi,
habelə şəhərə qeydiyyatla bağlı ciddi nəzarətin
olması ilə bağlı atdığı addımlar, sonda
M.Əliyevin vəzifəsinin itirilməsi ilə nəticələnir.
Qeyd edək ki, M.Əliyev bu vəzifəyə Yevlax RPK-nın
ikinci katibi vəzifəsindən gəlmişdi. RPK-nın həmin
gün keçirilən plenumunda Hümbət Mustafayev rayon
partiya komitəsinin birinci katibi vəzifəsinə
seçilir. H. Mustafayev 1914-cü ildə Şəmkir Rayon Zəyəm-Cirdaxan
kəndində anadan olmuş, Qazaxda pedaqoji kursu,1948-ci ildə
Azərbaycan qiyabi Pedqoji İnstitutunu, habelə Ali Partiya Məktəbini
bitirmişdi. 1948-ci ildə Salyanda, 1951-ci ildə Şəmkirdə
sonra Ağdam RPK-nın birinci katibi vəzifəsinə
seçilir.
1959-cu il avqust ayının 18-də Ağdam
Rayon Partiya Komitəsinin plenumunda Hümbət Mustafayev kənd
təsərrüfatında rəhbərlik sahəsində və
partiya siyasi işində ciddi nöqsanlara və səhvlərə
yolverdiyindən tutduğu vəzifədən azad edilmiş,
Soltan Hümmət oğlu Əzizov birinci katib
seçilmişdi. 1962-ci ilin
iyul ayında Ağdam RPK-nın
növbəti plenumunda Soltan Əzizov işdən azad edilir və Tapdıq Mustafayevin bu vəzifəyə seçilir. O,
bu vəzifədə cəmi
altı ay işləyəsi olur. Sonralar T. Mustafayev Mingəçevir
şəhərinin təhsil sistemində
çalışdığı deyilir.
1963-ci
ilin yanvarın 11-də Ağdam Kənd İstehsalat Partiya
Komitəsinin birinci konfransında Behbud Səmədov Kənd
İstehsalat Partiya Komitəsinin birinci katibi vəzifəsinə
seçilir. Məhz həmin ildə rayonların birləşdirilməsi
baş verir, Ağdam və
Ağcabədi rayonları birləşdirilir. Bununla
yanaşı rayon partiya komitələri kənd istehsalat
partiya komitəsi adlanır.
1964-cü
il iyun 5-də Ağdam Kənd İstehsalat Partiya Komitəsinin
plenumu keçirilmiş və birinci katib Behbud Səmədovun
fəaliyyəti ciddi tənqid olunmuş və irəli
sürülən əsas iddia kadrların seçilməsində,
yerləşdirilməsində ciddi səhvlərə
yolverildiyi, kadrlar seçilərkən onların
işgüzarlıqları və
şəxsi keyfiyyətləri nəzərə
alınmadığı qeyd olunur. İlk olaraq plenum Behbud Səmədovu
birinci katib vəzifəsindən azad etmiş və onun yerinə
Xosrov Ağayevi təyin etmişdi.
1965-ci ildə dekabrında Ağdam RPK-nın növbəti
konfransı keçirilir. Konfransdan sonra keçirilən plenumda Nadir Abbasov birinci katib
seçilir.
1970-ci ili
iyul ayında Ağdam RPK-nın
növbəti plenumunda Nadir Abbasov başqa işə keçməsi
ilə əlaqədar birinci katib və büro
üzvlüyündən azad edilir. Xatırladaq ki, Nadir Abbasov
alicənab insan olaraq, savadlı kadrlara qarşı çox
diqqətcil olması ilə fərqlənmişdi. Sonradan
Ağcabədi və Salyan Rayon Partiya Komitələrinin birinci
katibi vəzifəsində çalışmış, partiya
və hökumət qarşısındakı fəaliyyətinə
görə Sosialist Əməyi Qəhrəmanı fəxri
adına layiq
görülmüşdü. Qeyd edək ki, 1970-ci ildə
Nadir Abbasovun yerinə Həsən
Əliyev birinci katib vəzifəsinə seçilir. Bu vəzifəyə elm sahəsindən
gələn H.Əliyevin dövrü müəyyən gərginliklərlə
müşaiyət onunsada, şəhərdə bir sıra
işlər həyata keçirilmişdi.
1975-ci ildən
–1980-cı ilin aprelinədək Ağdam RPK-nın birinci katibi
vəzifəsini Telman Orucov icra edir. T. Orucov oz savadı və
idarəçilik qabiliyyəti ilə digər birincilərdən
seçilmişdi. T. Orucov 1980-cı ildə irəli çəkilərək
komitə sədri təyin edildiyindən, Ağdam RPK-nın
birinci katibi vəzifəsindən azad edilir.
1980-cu
ilin aprelindən 1988-cu ilin noyabr ayına kimi Ağdam
RPK-nın birinci katibi işləyən Sadıq Murtuzayev rəhbərlik
etdiyi dövrü şəhərin tarixində ikinci
qızıl dövr hesab etmək olar. Məhz bu illərdə
şəhərin ümumittifaq və beynəlxaq aləmdə
tanınmasında, o cümlədən şəhərin
görkəminin yaxşılığa doğru dəyişməsində
ciddi addımlar atılmışdır.
1988-cu noyabr 28-də bu vəzifəyə Aydın Quliyev seçilir. Əslən ağdamlı olan Aydın Quliyevin atası Manaf Quliyev uzun müddət rayonda bir sıra məsul vəzifələrdə çalışmışdı. Aydın Quliyevin rəhbərlik etdiyi dövr gərgin siyasi bir vaxta düşür. Ağdam ZDS İK-nın (rayispolkom) sədri vəzifəsindən 1983-cü ildə Gədəbəy RPK- nın birinci katibi vəzifəsinə irəli çəkilən A.Quliyev beş ildən artıq bir dövrdə Gədəbəydə yadda qalan işlərin həyata keçirdiyi deyilir. 1990-cı ilin yanvar 4-də o Ağdam RPK-nın birinci katibi vəzifəsini tərk etməli olur. Bundan sonra Ağdam RPK-nın birinci katibi, sonralar 1991-ci il sentyabrın 14-dən Sov.İKP-nın fəaliyyəti dayandırıldıqdan sonra eyni zamanda rayon sovetinin sədri vəzifəsini Səyyaf Verdiyev icra edir. Həmin dövrdə rayon sovetinin sədrinin müavini vəzifəsini isə Nofəl Mirzəliyev icra edirdi. 1991- ci ilin oktyabrından rayon icra hakimiyyətləri haqqında əsasnamə təsdiq edildikdən sonra, Səyyaf Verdiyev Ağdam Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilir. O, yeni strukturda təyin edilən ilk icra başçısı olur. 1992-ci ilin fervralın 25-dən həmin ilin iyul ayının 17 –ə kimi Gündüz Axundov, 1992-ci ilin iyul ayından 1993-cü ildə iyun ayının 15-ə kimi bu vəzifəni Nadir İsmayılov icra edəsi olur. İyul-avqust aylarında isə müvəqqəti olaraq Qasım Kərimovda rayon icra hakimiyyətinin başçısı vəzifəsini icra etmişdi. Ancaq onun təyinatı ilə bağlı hər hansı sərəncam olmamışdır. 1993-cü ilin avqust ayının birindən Ağdam RİH- başçısı vəzifəsi Səyavuş Vəliməmmədova həvalə edilir. O da əslən Ağdamın Əhmədavar kəndində idi. S.Vəliməmmədov bu vəzifədə 1994-cü ilin iyun ayının 22-ə kimi qala bilir. Sonra bu vəzifə müvəqqəti olaraq 1993-cü ilin oktyabrından başçının birinci müavini vəzifəsində işləyən Həsən Sarıyevə həvalə edilir. Əvvəlcə səlahiyyətlətlərini icra edən Həsən Sarıyev 1995-ci ilin avqustun 15-dən bu vəzifəyə təyin edilir. On dörd il bu vəzifəni icra edən H.Sarıyev hələlik ən uzunömürlü icra başçısı sayılır.
2009-cu ilin sentyabrın birindən Ağdam rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə Nizami Sadıqov təyin edilir. Sələfindən fərqli olaraq N.Sadıqovun rəhbərliyi ilə qısa müddət ərzində Ağdamın işğal altında olmayan ərazilərində bir sıra ciddi layihələr həyata keçirilmişdir. Sultanbud təpəsində Bayraq meydanının salınması, kəndlərə qaz xəttlərinin çəkilməsi, xüsusəndə Ağdam Dövlət Dram Teatrının və Şur ansamblının fəaliyyətinin uzun müddətdən sonra bərpa edilməsi diqqəti çəkən addımlardandır...
Beləliklə, Ağdama 1930-cu ildən bu günədək rəhbərlik etmiş şəxslər barəsində müəyyən məlumatları diqqətinizə çatdırdıq. Ötən 83 il ərzində Ağdama 24 nəfər rəhbərlik edib. Göründüyü kimi, Qasım Kərimovun ay yarımlıq qeyri-rəsmi fəaliyyətini nəzərə almasaq, ən az-altı ay müddətində Tapdıq Mustafayev və Gündüz Axundov, ən cox isə-14 il ərzində isə Həsən Sarıyev rəhbərlik edib. Yerli ziyalılar ötən dövrdə ən yadda qalan rəhbərlər sırasında isə Məmməd Əliyevin, Hümbət Mustafayevin, Nadir Abbasovun və Sadıq Murtuzayevin adlarını çəkirlər. Qeyd edək ki, hazırda fəaliyyətdə olan Ağdam RİH başçısının da fəaliyyəti gələcəkdə onun adının da bu siyahıya düşəcəyindən xəbər verir...
Vüqar Tofiqli
525-ci qəzet.-
2013.- 12 fevral.- S.2.