"Gənc Ədiblər Məktəbi-2" fəaliyyətə başladı  

 

DÜNƏN İLK YIĞINCAĞI KEÇİRİLƏN MƏKTƏBİN NÖVBƏTİ TOPLANTISI MARTIN 13-NƏ NƏZƏRDƏ TUTULUB

 

Ötən gün Azərbaycan Yazıçılar Birliyində (AYB) II Gənc Ədiblər Məktəbinin (GƏM) təsis olunması münasibətilə tədbir keçirilib.

525.az-ın məlumatına görə, AYB-nin katibi,  GƏM-in rəhbəri Rəşad Məcid tədbiri açaraq, Məktəbin yaranma tarixindən, ənənələrindən, istedadlı yetirmələrindən söz açıb: “2008-2010-cu illərdə Mədəniyyət və Turizm Nazirliyinin Yazıçılar Birliyi ilə birgə yaratdığı Gənc Ədiblər Məktəbi istedadlı gənclərin üzə çıxarılmasında, onların bir-birini tanımasında, ədəbi mühitə qaynayıb-qarışmasında böyük rol oynayıb. Onlardan ən istedadlıları Yazıçılar Birliyinə üzv seçilib, prezident təqaüdünə layiq görülüb. Bəziləri Yazıçılar Birliyinin orqanı olan “Ulduz”un bir neçə nömrəsini çap ediblər. Ümid edirəm ki, bu ənənə gələcəkdə də davam edəcək. II Gənc Ədbilər Məktəbindən də istedadlı gənclər yetişəcək və özlərindən əvvəlkilərin yolunu uğurla davam etdirəcək”. Rəşad Məcid gənc yazar Emin Pirinin məktəbin koordinatoru kimi fəaliyyət göstərəcəyini, tədbirlərdə iştirak etmək istəyən gənclərin onunla əlaqə saxlamalarının vacibliyini bildirib.

Tədbirdə GƏM-in ilk koordinatoru, istedadlı yazar, çox gənc ikən dünyasını dəyişmiş Zərdüşt Şəfizadənin xatirəsi yad edilib. Bununla bağlı Rəşad Məcid deyib: “Mən Zərdüştün yazılarına, dünyagörüşünə heyran idim. Onun cismani yoxluğunu böyük ağrıyla qarşıladım, hələ də bu ağrını yaşayıram”. Birliyin rəhbəri çıxışında son dövrlərdə istedadlı gənclər arasında xoşagəlməz bir tendensiya yayıldığını da dilə gətirib: “Bəzi gənclər yazılarını bitirər-bitirməz, redaktə eləməmiş, sosial şəbəkələrdə paylaşırlar, bir az da keçir, özlərini artıq peşəkar yazıçı hesab edirlər. Ancaq bəzilərinin də düşündüyü kimi yazıçılıq bir-iki mətnin çap olunması deyil. Bu, uzun, gərgin  yaradıcılıq zəhməti tələb edən əzablı yoldur. Təəssüf ki, bəzi gənclər vaxtından əvvəl ulduz xəstəliyinə tutulur, əvvəlcə özlərindən çıxırlar, sonra da sıradan çıxırlar”. Birliyin katibi II GƏM-də iştirak arzusunda olan gəncləri Məktəbin toplantılarına dəvət edib və onlara uğurlar arzulayıb.

AYB-nin sədri, Xalq yazıçısı Anar gəncləri Yazıçılar Birliyində görməkdən məmnunluğunu ifadə edib: “Belə bir yanlış rəy formalaşıb ki, guya Yazıçılar Birliyi gənclərin əleyhinədir, cavanlarla dil tapmır. Bu, yalandır. İstedadlı cavanların gözümüz üstündə yeri var. Biz həmişə onları dəstəkləmişik, dəstəkləyirik, dəstəkləyəcəyik. Bircə onu deyə bilərəm ki, bizdə yaşı dəyişməyən, qocalmayan bir şəxs var ki, o da Fikrət Qocadır. O vaxtilə mənə şeir yazmışdı: “Anarın qəzəbi gur səsindədir/ Sifəti burnunun kölgəsindədir”. İndi baxın, onun sifəti burnunun kölgəsindədir, yoxsa mənim? Amma mən də Fikrətə cavab verdim ki: “Fikrətə çatmaq üçün gənc şairlər əlləşir/ Onlar qocalaşırlar, Fikrət Qoca gəncləşir”. Arzu edirəm ki, yaş etibarilə qocalsanız da, gələcəkdə ruhən gənc yazıçı olasınız. Yaşlı yazıçıların təcrübəsinə yiyələnərək, qəlbiniz, ruhunuz həmişə gənc qalsın”.

Xalq şairi Fikrət Qoca tədbirə toplaşan gəncləri də öz övladları hesab etdiyini, onların uğurlarına sevindiyini bildirib, cavanlara yeni müvəffəqiyyətlər arzulayıb.

“Ulduz” jurnalının baş redaktoru, yazıçı Elçin Hüseynbəyli II GƏM-in yaradılmasını təqdirəlayiq təşəbbüs kimi qiymətləndirib: “Gənclərlə işləmək məsuliyyət tələb edir. Onların hər birinin öz kaprizləri var, bunlarla yola getmək böyük səbr, hövsələ və gəncliyə sevgi tələb edir. Bu məktəbdən yetişən gənclərin tanınmasında Rəşad Məcidin böyük xidmətləri var. O, həmişə olduğu kimi bu dəfə də uğurlu seçim edərək Emin Pirini II Gənc Ədiblər Məktəbinə koordinator təyin edib. Biz “Ulduz” jurnalında gənclərə həmişə meydan vermişik. Son çap etdiyimiz isə doqquzuncu sinif şagirdi Dəyanət Əlizadədir. Öz üzərində işləsə, ulduz xəstəliyinə tutulmasa, istedadlı nasir ola bilər. Gənc ədiblər indiyədək “Ulduz”un bir neçə nömrəsini özləri buraxıblar, gələcəkdə də bunu davam etdirə bilərlər. Ola bilər ki, sonralar bu gənclər başqa sahələrdə təmsil olunsunlar. Amma əminəm ki, içində yaradıcılıq potensialı olan bu gənclər hara getsələr də, daxilən ədəbiyyata, kitaba, mütaliəyə isti münasibət bəsləyəcəklər”.

Tənqidçi Əsəd Cahangir Yazıçılar Birliyini müqəddəs söz məbədi adlandıraraq klassiklərə hörmətlə yanaşmağı tövsiyə edib. Tənqidçi GƏM rəhbəri Rəşad Məcidin gənclərin yaradıcılığını, fəaliyyətini hərtərəfli izləməsini yüksək qiymətləndirib: “Mən neçə dəfə şahidi olmuşam ki, Rəşad Məcid gənclərin yaradıcılığını necə yaxından izləyir. Hər kəsin psixologiyasını, intellektini, savad dərəcəsini bilir. Məhz buna görə də həmişə düzgün seçimlər edir. İnanıram ki, II Gənc Ədiblər Məktəbinin də istedadlı yetirmələri tanınacaq, əsərləri seviləcək. Ancaq hazır olun, çünki həmişə təriflər yox, bəzən tənqidlər də eşidəcəksiniz. Tənqidi fikrə qarşı heç vaxt düşmən münasibət bəsləməyin. Bizim adımız tərifçi deyil, tənqidçidir. Sonda onu deyirəm ki, MƏBƏDə, SÖZə, BİZə xoş gəlmisiniz”.

“Gənc Ədiblər məktəbinin yetirmələrindən bir neçə nəfər normal yazır. Bəzi gənclərimiz heç düzgün cümlə qurmağı bacarmırlar. Demirəm ki, talantla yazın, adi, sadə cümlələrlə fikrinizi ifadə edin. Hamı istəyir ki, Afaq Məsudun cümlələri ilə qeyri-adi nəsə yaza. Amma məlum olur ki, alınmır da. İstəyirəm ki, sadə cümlələrlə başlasınlar. Yəqin ki, gələcəkdə ən istedadlıları Yazıçılar Birliyinin üzvü olacaq, Elçin Hüseynbəyli “Ulduz”un 50 nömrəsini də istəsəniz, verəcək ki, gedin, çıxarın.  Amma məsuliyyət əsas məsələdir. İstərdim ki, gənclər variantlarını dərhal təqdim eləməsinlər. Bu uşaqların çoxunun kitabı çıxıb. Amma bizim müəyyən vaxt keçəndən, bəzi qadağalarla rastlaşandan sonra kitabımız çıxıb. Onda biz peşman, dilxor olurduq, acığa düşürdük ki, bizi geri qaytarıblar. Ancaq bu gün sizin qarşınızda qadağalar yoxdur. Yaxşı olar ki, gənclər bu qadağaları özləri özlərinə yaratsınlar. Haçan yazınızı çapa layiq bilsəniz, kitabınızı çıxarmağa hazır hiss etsəniz, onda təqdim edin. Xahiş edirəm, Fasebook və SMS dilində yox, doğma Azərbaycanda dilində yazın. Sizə uğurlar və yazıçı məsuliyyəti arzu edirəm”. Bu fikirləri isə tədbirdə şair Qulu Ağsəs səsləndirib. 

Tənqidçi Vaqif Yusifli GƏM-in yetirmələrinin yaradıcılığı haqqında 12 yazı ilə çıxış etdiyini bildirərək, yenə də burada istedadlı gənclərin yetişəcəyinə inamını dilə gətirib: “Mən gənc ədiblərin haqqında yazanda bildirmişəm ki, bunlar heç kimin getdiyi yolu təkrar etmək istəmirlər, yaradıcılıqda özlərinə məxsus, təravətli, yeni çalarlar var. Yeni gənc ədibləri hələ o qədər tanımıram, arzu edirəm ki, onların içərisindən də Qismət kimi gözəl şair, Pərvin, Cavid Zeynallı kimi yaxşı nasirlər çıxsın. Ədəbiyyatımızın gələcəyi, təbii ki, bu gənclərin çiyinlərində olacaq”. 

“3-4 il əvvəl Gənc Ədiblər məktəbi yarananda Rəşad Məcidə dedim ki, axı ədib sözü bir az yaşlılara aiddir. Proseslər göstərdi ki, həqiqətən Qismət, Cavid Zeynallı əsl ədibdirlər. Sizə nə arzu edə bilərəm? Hər şeyi unudun: ideologiyaları, qurumları, siyasəti... Ana dilinizdə dürüst, doğru yazsanız, bu, elə ideologiya olacaq, ədəbiyyat olacaq.  Bir şeyi unutmayın ki, yazıçının sözü onun özündən daha çox yaşayır”. Bu fikirlərlə tədbirdə şair Səlim Babullaoğlu çıxış edib.

Şair Elxan Zal Rəşad Məcidin Gənc Ədiblər layihəsinin özünü doğrultması ilə bağlı düşüncələrini bölüşüb: “Bir dəfə Rəşad Məcidlə söhbətimiz zamanı o dedi ki, 60 nəfərin içindən 3 nəfər əsl ədəbiyyatçı çıxsa, bunu böyük uğur hesab edərəm. Amma zaman göstərdi ki, onların sayı çoxdur. Xeyli ad saymaq olar. Deməli, layihə çox uğurlu alınıb və ikinci Gənc Ədiblər Məktəbinə də ehtiyac vardı”.

Gənc şair Qismət çıxışında prosesin davamlı və uğurlu olacağına əminliyini bildirib: “İnanıram ki, bu gənclərin də yaxşı mətnləri olacaq, amma bununla belə onlara bir-biri ilə möhkəm dostluq münasibəti arzu edirəm. Gənc Ədiblər Məktəbi gənclərə ustad dərsləri ilə yanaşı, möhkəm dostluqlar bəxş edir. Gələcək həyatda bu, yaradıcılıq qədər vacib amildir”. 

“Hesab edirəm ki, Gənc Ədiblər Məktəbində Rəşad Məcid bizi bayağılıqdan, mənasızlıqdan, şit müzakirələrdən ayırırdı, biz sadəcə, ədəbiyyatla məşğul olurduq. Bütün bunlara görə təşəkkür edirəm. Amma bu gün Məktəbə yeni qoşulan gənclərə demək istəyirəm ki, burada sizə hər cür şərait yaradılacaq, arzularınız yerinə yetəcək – ustad dərsləri, məsləhətlər və sair. Amma bundan yararlanmaq artıq sizin zəhmətkeşliyinizə bağlı olan məsələdir. Gənc Ədiblər Məktəbinin içərisindən bir qapı görünür. Əgər o qapını açıb keçə bilsəniz, hər şey yaxşı olacaq. O qapı “525-ci qəzet”ə açılır. Arzu edirəm ki, o qapını aça biləsiniz”. Bu fikirləri isə gənc yazıçı Pərvin Nurəliyeva söyləyib.

Gənc nasir Cavid Zeynallı II GƏM-in yaranması ilə bağlı sevincini tədbir iştirakçıları ilə bölüşüb: “Sevinirəm ki, Rəşad müəllim yenidən özündə güc tapıb ədəbi qovğaların, dartışmaların mərkəzində dayanmaq əzmindədir. Burada ədəbi müzakirələrlə yanaşı, yaxşı dostlar da qazanacaqsınız. İçinizdə həqiqətən söz sevgisi varsa, mütləq alınacaq”.

Sonda II Gənc Ədiblər Məktəbinin koordinatoru Emin Piri danışıb, yeni üzvlər özlərini təqdim ediblər.

II GƏM-in növbəti toplantısı martın 13-də olacaq.

 

 

Sevinc MÜRVƏTQIZI

 

525-ci qəzet.- 2013.- 13 fevral.- S.7.