Nəsr dilinin şeiriyyəti monoqrafik araşdırma obyekti kimi

 

İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixində xüsusi mövqeyə malik sənətkarlardandır. Onun sənət taleyinin müəyyənləşməsində “Dəli Kür” romanının müstəsna mövqeyi vardır. “Dəli Kür” həm də Azərbaycan romanının tarixində yeni bir mərhələnin başlanğıcıdır. Sosrealizmin estetik prinsiplərinin çərçivəsini tam cəsarətlə dağıdaraq milli ruhun və tarixi yaddaşımızın bərpasına istiqamətlənən bu əsər Azərbaycan ədəbiyyatında epik növün irihəcmli janrının həqiqi roman təfəkkürünün məhsulu olan ilk mükəmməl nümunəsi kimi meydana çıxmışdır.

Professor N.Cəfərov doğru olaraq yazır ki, “epos təfəkkürünə söykənməyən roman roman  deyil”. Bu mənada da “Dəli Kür” Azərbaycan ədəbiyyatının, heç şübhəsiz, ən mükəmməl romanıdır. Türkün epik düşüncəsinin “Kitabi-Dədə Qorqud”dan üzü bəri süzülüb gələn ən əlamətdar keyfiyyətlərini “Dəli Kür”də tapmaq mümkündür.

“Dəli Kür” ilk variantının (birinci hissəsinin) çap olunduğu 1962-ci ildən, tam şəkildə çap olunduğu 1968-ci ildən üzü bəri tənqid və ədəbiyyatşünaslığın diqqət mərkəzində olmuşdur. Bu əsər XIX əsrin sosial və siyasi mənzərəsinin əksi, milli xarakterin, milli məişətimizin və əxlaqımızın bədii təcəssümü baxımından, bu mənada sosrealizmin estetik prinsiplərinə nə dərəcədə uyğun gəlib-gəlməməsi mənasında çoxsaylı müzakirələrə, mübahisələrə səbəb olmuşdur. Bununla belə romanı tənqid edənlər də, ona müsbət yanaşanlar da, ədəbi hadisə kimi təqdir edənlər də “Dəli Kür”ü  yüksək sənət nümunəsi kimi qəbul etmişlər.

“Dəli Kür”də nümayiş etdirilən yüksək sənətkarlığın ilkin şərti milli ruhun və yaddaşın tərcümanı kimi meydana çıxmasıdırsa, ikinci şərti dil baxımından nəhayətsiz zənginliyidir.

Roman haqqında bir neçə ədəbi tənqidi (bəzi hallarda sərt) məqalənin müəllifi, dövrünün görkəmli tənqidçisi Ə.Hüseynov “Dəli Kür”ü “təbii xalq dilində yazılmış əsər” hesab edərək 1970-ci  ildə yazırdı: “Adətən, indiyə qədər yazılan məqalələrin bir çoxunda tənqidçilər ümumiyyətlə hər hansı bir yazıçının dili məsələsini, necə deyərlər, bir növ qəribçiliyə salmış, məqalənin sonunda “xala xətrin qalmasın: bu əsərin dili axıcıdır, sərrastdır və s.” deməklə kifayətlənmişlər. Mən isə bu ənənəni pozaraq, yazıçının öz dilindən və obrazlarının dilindən bəhs etməyi ön plana keçirirəm. Ona görə ki, dil məsələsi bədii əsərin əlifbasıdır, yazıçının ən kəsərli silahıdır. Burada isə sadəlik, aydınlıq və səmimiyyət başlıca şərtlərdir. Mən “Dəli Kür”dəki yazıçı təsvirlərini, bədii təhkiyəni ona görə səmimi adlandırıram ki, burada öyrənilən və qismən də müşahidə olunan həyata heç bir bəzək vurulmamış, hətta cəsarət əlaməti olaraq bir sıra mətləblər kəskin şəkildə irəli sürülmüşdür. Üslubun aydınlığı, yığcamlığı və bunlarla yanaşı tərkibində nəcib bir duyğunu, incə bir əhvali-ruhiyyəni saxlamaq qüdrətini demək olar ki, romanın hər səhifəsində görürsən” (Ə.Hüseynov. Tənqid və ədəbi proses. Bakı. “Nurlan”, 2009, s. 345).

Sənətkarın üslubunun müəyyənləşməsində, bu üslubun fərdi özünəməxsusluğunda dil məsələsi önəmli faktordur. Bununla biz, dili üslubu müəyyənləşdirən həlledici amil kimi götürən elmi baxışı müdafiə etmək fikrində deyilik. Ədəbiyyatşünaslığın son dövr qənaətlərində fərdi üslubu formalaşdıran xeyli sənətkarlıq keyfiyyətləri tapılıb üzə çıxarılmışdır ki, dil bunların içərisində ən əsas olanlardan biridir.

Bununla belə fərdi və zəngin dilə malik olmayan yazıçıdan həqiqi sənətkar kimi bəhs açmaq mənasız bir işdir. Zəngin və fərdi yazıçı dilindən bəhs açmaq isə sənətkarlığı üzə çıxarmağın vacib şərtlərindəndir. Əgər Ə.Hüseynovun tənqid və ədəbiyyatşünaslıqda sənətkar dilinə “ögey” münasibət haqqında fikirlərini həssas tənqidçi müşahidəsinin nəticəsi olan həqiqət hesab etsək və onu da düşünsək ki, bədii dilə münasibətdə tənqid və ədəbiyyatşünaslıq bu qüsurdan hələ də yaxa qurtara bilməmişdir, onda “Dəli Kür”ün dilinin elmi təhlil predmetinə çevrilməsinin vacibliyini kifayət qədər təsəvvür etmiş olarıq.

Ə.Hüseynovun “Ünvansız məktub”undan sonra “Yazıçı dili və ideya-bədii təhlil” kontekstində yazılan monoqrafik araşdırmalarda eləcə də Q.Kazımovun “Dəli Kür”ün dili”, Q.Mustafayevanın “Dəli Kür” romanında adlar və ya İsmayıl Şıxlının ad seçmək məharəti” adlı məqalələrdə romanın dilinə elmi nüfuz cəhdləri nə qədər qiymətlidirsə də, bu araşdırmalar mövcud boşluğu doldurmaq imkanına malik deyil.

Əzizxan Tanrıverdinin “Dəli Kür” romanının poetik dili” monoqrafiyası heç şübhəsiz ki, konkret bir problemə həsr edilmiş monoqrafik araşdırmanın imkanları baxımından bu boşluğu doldurmaq yolunda uğurlu təşəbbüs hesab edilməlidir.

Professor Ə.Tanrıverdi dil tarixçisidir. “Kitabi-Dədə Qorqud”un söz dünyası” (2007), “Poeziyanın dili, dilin poeziyası” (2008), “Azərbaycan dilinin tarixi qrammatikası” (2010), “Türk mənşəli Azərbaycan şəxs adlarının tarixi-linqivistik tədqiqi” (2012) monoqrafiyaları onu bu sahədə nüfuzlu mütəxəssis kimi tanıtmışdır.  Söhbət ondan gedir ki, Ə.Tanrıverdi Azərbaycan ədəbi dilinin və bədii dilin inkişaf tarixinə və qanunauyğunluqlarına, texnologiyasına yaxşı bələddir. Bu sahənin tədqiqində elmi səriştə sahibidir. Söhbət həm də ondan gedir ki, “Dəli Kür”ün dilinin tədqiqi professor Ə.Tanrıverdinin elmi yaradıcılığında tamamilə məntiqi və qanunauyğun hadisədir. “Dədə Qorqud Kitabı”nın dilinin tədqiqatçısı kimi onun “eposdan roman”a doğru hərəkəti “Dəli Kür”ün dilinin eposdan, milli tarixi və ədəbi ənənədən qaynaqlanan mənbələrini, zənginliklərini doğru-dürüst aşkarlayacağına öncədən inam yaradır, təminat verir.

“Dəli Kür”ün poetik dili” monoqrafiyası ağır zəhmətin və gərgin axtarışların bəhrəsidir. Bu zəhmətin arxasında Azərbaycan şifahi və yazılı ədəbiyyatının tarixinə yetərincə bələd olan, Azərbaycan dilinin tarixi inkişaf yolunu və bədii üslubunu və özəlliklərini incəliklərinə qədər mənimsəmiş dilçi-alim təfəkkürü dayanır.

Mündəricatda xüsusi şəkildə fərqləndirilməsə də, ayrı-ayrı yarımbölmələrdə qoyulmuş məsələləri ümumi bir məcraya gətirəndə məlum olur ki, monoqrafiya klassik divan və epik ənənədəki “Dibaçə”ləri və “Kitabın yazılma səbəbi” adlanan müəllif sözünü xatırladan müqəddimə ilə başlayır və tədqiqat üç bölmədə və yaxud fəsildə davam etdirilir.

Birinci fəsildə qoyulan məsələlər tədqiqatın predmetini daha çox ədəbiyyatşünaslığa tərəf çəkir və təhlillərdə müqayisəli ədəbiyyatşünaslıq konteksti kifayət qədər güclüdür. Birinci fəsilin ümumi başlığı müəyyənləşdirilməsə də, yarımfəsillərdəki məsələlər tədqiqatçının “Dəli Kür”ün poetikasını şərtləndirən amilləri, qaynaqları tapıb üzə çıxarmaq məqsədini önə çəkdiyini düşünməyə kifayət qədər əsas verir.

I fəslin “Dəli Kür” romanı rus və Avropa ədəbiyyatı müstəvisində”, “Azərbaycan yazılı ədəbiyyatı və “Dəli Kür” bölmələrində məsələlərin qoyuluşuna ümumi bir nəzər kifayətdir, aydın olsun ki, Ə.Tanrıverdi “Dəli Kür”ün bədii mükəmməlliyini dünya romanının epik ənənəsinə, milli şifahi və yazılı ədəbiyyatımızın keçib gəldiyi tarixi yolun təcrübəsinə bağlayır. Bu tezis, əlbəttə, “Dəli Kür”ə yeni bir elmi baxışın ifadəsi deyil və Azərbaycan ədəbiyyatşünaslığında zaman-zaman öz yerini alıb. Bir çox hallarda isə bu kontekstdə maraqlı mülahizələr irəli sürülüb (professor Nizami Cəfərovun tədqiqatlarını misal göstərmək olar). Yenə də məhz bu kontekstdə “Dəli Kür” Azərbaycan ədəbiyyatının “Səməd Vurğundan sonrakı şah əsəri” kimi (N.Cəfərov) dəyərləndirilib. Bütün bunlar “Dəli Kür”ə tarixi elmi baxışı ifadə edən həqiqətlərdir. Lakin bir həqiqət də var ki, “Dəli Kür”ün bədii mətni milli folklorun epik və lirik janrları, xüsusən də “Dədə Qorqud” və “Koroğlu” eposlarının mətni ilə bu qədər konkretlikdə heç vaxt müqayisə predmetinə çevrilməyib. Etnik yaddaşdan gələn ədəbi təcrübənin həm mətn səviyyəsində, həm epik düşüncənin hüdudları səviyyəsində eposdan romana keçidi şərtləndirən əlamətləri dəqiq müşahidə və tipoloji ümumiləşdirmə obyektinə çevrilməyib.

Bütün bunlarla bərabər, biz düşünürük ki, dilçi alim və dil tarixçisi kimi Ə.Tanrıverdi “Dəli Kür” haqqında əsas qənaətlərini kitabın “Müəllifin və obrazların dili” və “Dəli Kür”ün şeiriyyəti” kimi müəyyənləşən ikinci və üçüncü fəsillərdə daha çox ortaya qoya bilib. Bu xüsusən ona görə belədir ki, hər iki fəsil romanın dili üzərində dəqiq müşahidələrə əsasən yazılıb. Bu fəsillərdə müəllif deyilmişlərdən imtina edib, bütün diqqətini və elmi təfəkkürünün imkanlarını səfərbər edərək əsərin dil zənginliyini ehtiva edən faktlar ortaya qoyub. “Müəllifin və obrazların dili” fəslində müəllif dili ilə bərabər, əsas və epizodik obrazların, bütün kişi və qadın obrazlarının dili ayrı-ayrılıqda müşahidə və araşdırma predmetinə çevrilib.  Bu cür tədqiqat üsulu, ilk baxışda, bir qədər empirik təsir bağışlasa da , professorun hər bir obrazın dili ilə bağlı elmi qənaətlərindəki konkretlk və dəqiqlik bü cür tədqiqat üsuluna tam bəraət qazandırır.

İ.Şıxlının “Dəli Kür”ü müəllifin və obrazların dilinin səciyyəsi baxımından sənətkarın bədii təfəkkürünün  imkanlarını, obrazların dünyagörüşü, həyat fəlsəfəsi və xarakterini, bir obraz kimi onların hər birinin fərdi bütövlüyünü ortaya qoymaq imkanına malikdir. Ə.Tanrıverdinin elmi təqdimatında Cahandar ağanın milli tarixi varlıqdan güc alan zəhmli kişi xarakteri, Molla Sadığın hiyləgər siması, Zərnigarın və Mələyin, eləcə də Salatının və Güləsərin, xüsusən Şahnigarın fərqli qadın təbiətləri sanki vizual görüntüyə gəlir. Ə.Tanrıverdi hər bir obrazın xarakterini açan dil faktlarını bir yerə toplayıb elmi düzənlə onları sərgiləyəndə bu obrazlar öz “dilləri”, danışıqları vasitəsilə oxucu gözləri qarşısında tam şəkildə canlana bilirlər. Bu “canlanma” ilk növbədə müəllifin iti müşahidəsindən, Ə.Hüseynovun dediyi kimi, “nəcib bir duyğunu, incə bir əhvali-ruhiyyəni saxlamaq qüdrəti”ndən güc alırsa, ikinci növbədə, alimin dilə həssas münasibətindən, milli tarixi varlığa böyük məhəbbətindən, tarixi varlığı etnoqrafik incəliklərinə qədər mənimsəməsindən qidalanır.

Sənətin tarixi inkişaf yolu sübut edir ki, “yazıçının dil mədəniyyəti, bir tərəfdən, onun dil-nitq normalarına necə əməl etməsi ilə, digər tərəfdən, dilin təbii imkanlarından istifadə ustalığı ilə bağlıdır” (Kazımov Q. Sənət düşüncələri. Bakı. 1997, s. 10). Bu mənada İ.Şıxlının dil mədəniyyəti Azərbaycan dilinin daxili imkanlarını açıb göstərmək, onu daha da inkişaf etdirib cilalamağın parlaq nümunəsidir. Ə.Tanrıverdinin “Dəli Kür”ün poetik dili” monoqrafiyasının üçüncü fəslində İ.Şıxlının nəsr dilinin şeiriyyəti araşdırılır və bu zaman tədqiqatçı, heç şübhəsiz ki, belə bir elmi həqiqətə söykənir ki, “həqiqi proza poeziyadır” (Q.Kazımov). Bu həqiqətin mahiyyətini açmaq üçün tədqiqatçı “Dəli Kür”ün dilindəki obrazlılığın təzahürlərini dilin müxtəlif səviyyələrində (fonetik, leksik, qrammatik) araşdırır və nəticə olaraq, bu dilin “səlisliyi, aydınlığı, məntiqiliyi, sadəliyi, dəqiqliyi, zənginliyi, ardıcıllığı, təmizliyi, təsirliliyi, axıcılığı” (Q.Kazımov) barədə dolğun təəssürat yaradır.

Monoqrafiyada epitet, təşbeh, metafora, metonimiya, mübaliğə, litota və s. kimi məcaz növlərinə aid yüzlərlə səlis nümunələr tipoloji ümumiləşdirmə predmetinə çevrilir və İ.Şıxlının nəsr dilinin bədii dilimizin inkişafında oynadığı rolun əhəmiyyətli faktları kimi təqdim edilir.

“Dəli Kür”ün poetik dili” monoqrafiyasının həm elmi-ədəbi sferanın, həm də geniş oxucu auditoriyasının marağına səbəb olacağını düşünürük

 

 

Təyyar SALAMOĞLU,

Filologiya üzrə elmlər doktoru,

professor

 

525-ci qəzet.- 2013.- 12 fevral.- S.7.