Aşıq musiqisi haqqında ilk fundamental dərslik
Əməkdar incəsənət xadimi,
sənətşünaslıq doktoru, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, “Musiqi dünyası” və
“Harmony” beynəlxalq elektron
jurnallarının baş
redakoru, bəstəkarların
yaradıcılığına və musiqi tədrisinə dair onlarla saytın müəllifi Tariyel Məmmədovun musiqi aşıqşünaslığının elmi-nəzəri inkişafında,
aşıq sənətinin
samballı tədqiqində,
aşıq musiqi irsinin yaşaması və təbliğində
görkəmli xidmətləri
vardır. O, elmi-pedaqoji
yaradıcılığını bu qədim və
zəngin xalq-professional
sənətin araşdırılmasına,
aşıq havalarının
toplanılmasına, ustadların
irsinin öyrənilməsinə,
aşıq musiqisinin nəzəri xüsusiyyətlərinin
təhlilinə, aşıq
sənətinin tarixi və nəzəriyyəsinin
tədrisinə həsr
etmişdir. Görkəmli alimin bu çətin və şərəfli işdə
əldə etdiyi nailiyyətlərdən biri
də müxtəlif aşıq mühitlərinə
və nəsillərinə
məxsus ustad aşıqların ifasından
ənənəvi havaları
nota yazması, onların
melostruktur, melopoetika, metr-ritm, lad-məqam, çoxsəslilik kimi özünəməxsus və
mürəkkəb nəzəri
xüsusiyyətlərini aşkar
etməsidir. Görkəmli alim-pedaqoq bu dəyərli yaradıcılığı
sayəsində nəzəri
musiqişünaslığı, eləcə də musiqi aşıqşünaslığını
qiymətli elmi nəticələri ilə
zənginləşdirmişdir.
Professor T.Məmmədovun bir alim kimi
dəyərli xidmətlərindən
biri də məhz aşıq havalarının notlaşdırılması
təcrübəsinə tamamilə
yeni nəzəri və praktik yanaşma, yeni prinsip gətirməsidir. Bu not yazılarında aşıq
havaları özlərinə,
ənənəvi səslənmələrinə,
məktəb üslublarına,
spesifik melodik ifadəliliyinə, ustad ifalarına maksimum yaxındırlar.
Azərbaycanda milli-mədəni irsin qorunması, təbliği,
inkişafı, onun tədris prosesinə daxil edilməsi istiqamətində həyata
keçirilən uğurli
mədəniyyət və
təhsil siyasəti mütəxəssislər qarşısında
ənənəvi aşıq
sənətinə dair
yeni və müasir tələblərə
uyğun dərs vəsaitlərinin yazılması
vəzifəsini qoydu. Etiraf etməliyik ki, incəsənət yönümlü
ali təhsil
müəssisələrində uzun illər aşıq musiqisinə dair yeganə vəsait kimi sənətşünaslıq namizədi
Ə.Eldarovanın monoqrafiyasından
və bir neçə məqaləsindən
istifadə olunurdu. Bu materiallar isə
bir neçə onillik önçə yazıldığından, bəzən
onların əldə
olunmasında çətinlik
yaranırdı. Bu zəruri ehtiyacı ilk olaraq professor T.Məmmədovun
aşıq sənətinə
dair yeni dərs vəsaitləri aradan qaldırdı.
“Azərbaycan ənənəvi
aşıq havaları”
(1989, rus dilində) “Azərbaycan xalq-professional
musiqisi: Aşıq sənəti” (2002), “Azərbaycan
klassik aşıq havaları” (2009), “Koroğlu
aşıq havaları”
(2010) dərs vəsaitləri
ali musiqi
təhsili verən tədris müəssisələrində
müəllim və tələbələr tərəfindən
geniş istifadə edilməkdədir. Bu dərsliklərdə aşıq
havalarının müxtəlif
aspektlərdən nəzəri
təhlilinə də
ətraflı yer verilmişdir ki, bu da musiqişünaslıq
və etnomusiqişünaslıq
ixitaslarının tədrisində
tələbələrin nəzəri-təhlili
biliklərinin formalaşmasına
xidmət edir.
Professor Tariyel Məmmədov
aşıq sənəti
haqqında “Azərbaycan
aşıq yaradıcılığı”
(“Apostrof”, 2011) adlı
ilk fundamental dərsliyin müəllifidir. Məlum olduğu
kimi, dərsliyin yazılması çoxillik
pedaqoji təcrübəyə,
zəngin mütəxəssis
biliyinə, müasir tədris metodikalarına bələdliyə əsaslanır.
Lakin bütün bu tələblərə cavab
verməklə yanaşı,
dərslik fənn proqramına da tam cavab verməli, keçilən fənnin keyfiyyətli mənimsənilməsi,
fənn üzrə əhatəli məlumat və biliyin verilməsi məqsədi daşımalıdır. Bunlardan əlavə,
dərslik elə üslubda, dildə yazılmalıdır ki, məlumat və bilik bazası kimi asan qavranılan,
tez mənimsənilən
olsun.
“Azərbaycan aşıq
yaradıcılığı” müasir təhsil və tədrisin tələblərinə cavab
verən yüksək
səviyyədə yazılmış
dərslikdir. Dərsliyin elmi redaktoru AMEA-nın müxbir üzvü, Əməkdar
elm xadimi, sənətşünaslıq
doktoru, professor Zemfira Səfərovadır.
Redaktoru sənətşünaslıq
üzrə fəlsəfə
doktoru C.Həsənova
olan dərsliyə Xalq artisti, sənətşünaslıq
doktoru, professor R.Zöhrabov,
sənətşünaslıq doktoru, professor G.Mahmudova, Əməkdar incəsənət
xadimi, professor V.Əbdülqasımov
və sənətşünaslıq
üzrə fəlsəfə
doktoru E.Hüseynova rəy vermişlər.
Dərslik bir çox yenilikləri ilə diqqəti cəlb edir. Ustad aşıqların
ifasında 60 ənənəvi
aşıq havasının
və 80 havanın notu yazısının 2 ədəd SD formatda dərsliyə əlavə
edilməsi ilk növbədə
müəllim və tələbələrə tədris
olunan “Aşıq sənəti” fənnində
kursun əhatəli,
tam şəkildə öyrədilməsi,
musiqi materialının
mənimsənilməsi, aşıq
havalarının qavranılması
və yadda saxlanılması, onların
eşitmə ilə təyin oluna bilməsi üçün
olduqca qiymətli və əvəzsiz bir praktik-əyani vəsaitlərdir. Disklərdə toplanılmış havalar
və notlar tədrisdə keçilən
mühazirə, seminar mövzuların
və təhlil saatlarına tam cavab verirlər. Digər tərəfdən, ənənəvi havaların
bu disk vasitəsilə
dərs zamanı dinlənilməsi gənc tələbələrdə milli
musiqi irsinə maraq və həvəs
yaratmaqla yanaşı,
onların gələcək
mütəxəssis hazırlığında
da vacib amil kimi çıxış
edir. Dərsliyin səslənən ifaların toplusundan və havaların not toplusundan ibarət olan SD-lərlə təmin olunması nəticəsində müəllim
və tələbələr
onların kənarda axtarılması üçün
əlavə vaxt itkisinə də yol vermirlər. Bu baxımdan, oxucuların diqqətini dərsliyin yeni cəhətlərinə
cəlb etmək istəyirəm: 1. Aşıq
yaradıcılığı haqqında ilk dərslikdir;
2. Dərsliyə fənnin
məzmununu əhatə
edən testlər daxildir; 3. Dərsliyə əyani vəsait kimi not yazıları, fotolar, arxiv materialları əlavə
olunmuşdur; 4. Dərsliyə
əlavə olunan iki diskə 80 aşıq havasının
notları və 60 aşıq havasının
ifası toplanılmışdır.
5. Bütün bunların
nəticəsində dərslik
müasir multmedia səciyyəsi daşımışdır.
Çoxsaylı və vacib əyani
vəsaitlərlə təmin
olunan 648 səhifədən
ibarət dərsliyin məzmunu da geniş olmaqla, aşıq yaradıcılığına
dair əhatəli bilik və məlumat
verilməsinə yönəlib. Mündəricatdan da göründüyü kimi, dərslik 33 mühazirədən, 9 əlavə
hissədən ibarətdir.
Oxuculara aydın olsun deyə, bəzi mühazirə mövzularını təqdim
edirik: “Aşıq yaradıcılığının xalq-professional musiqi sənəti kimi şərhi”, “Şifahi ənənəli sənətdə
“xalq yaradıcılığı”
və “professional yaradıcılıq”
bölgü sistemi”, “Aşıq və muğam sənətinin qarşılıqlı əlaqəsi”,
“Şifahi ənənəli
musiqinin yazıya alınması metodikası”,
“Aşıq yaradıcılığına
dair tarixi məlumat”, “Aşıq yaradıcılığında təbəqələşmə”, “Aşıq sənətində
terminlər sistemi”, “Aşıq poeziyasında metrik sistemlər”, “Aşıqların musiqi aləti – saz”, “Dastan yaradıcılığı”,
“Koroğlu dastanı”,
“Koroğlu” dastanının
variantları”, “Koroğlu
instrumental havaları”, “Epik
havaların ifaçılıq
xüsusiyyətləri”, “Koroğlu
havalarının tipologiyası”,
“Məhəbbət dastanları”,
“Aşıq sənətinin
bəstəkar yaradıcılığında
təcəssümü” və
c. Bundan başqa, dərsliyə aşıq
havalarınını məqam
əsası, melodikası,
metr-ritm xüsusiyyətləri,
havanın və şeirin vəzn əlaqəsi, aşıq
yaradıcılığı ilə bağlı tədqiqatlar haqqında ayrıca mühazirələr
daxil edilmişdir.
Doqquz “əlavə” bölmələrinə
daxildir: 1. “Azərbaycanın
görkəmli musiqi xadimlərinin – ənənəvi
musiqinin ilk nota yazanlarının
şəkilləri”; 2. “Koroğlu
aşıq havalarının
not yazıları irsi”;
3. “Aşıq havalarının
cədvəli”; 4. “Ustad
aşıqların şəkilləri”;
5. “Azərbaycan klassik
aşıq havaları”;
6. “Koroğlu aşıq
havaları”; 7. “Koroğlu
türk aşıq havaları”; 8. “Türkmən
baxşı havaları”;
9. “Əminə Eldarovanın
“Azərbaycan aşıqlarının
musiqi-poetik terminoloji lüğəti”.
Dərsliyin bir qiymətli cəhəti də 5-8-ci əlavələrin özündə
81 aşıq, baxşı
havasının not nümənələrini
əhatə etməsidir. Maraqlıdır ki, müəllif bu not nümənələrinə
Türkiyə aşıqlarının
13 Koroğlu havasının,
türkmən baxşılarının
2 havasının yazılarını
da əlavə etmişdir. Bu havaların
ifası və not yazıları vasitəsilə
tələbələrimiz türk
dünyasının aşıq-baxşı
musiqisinə daha yaxından bələd ola biləcəklər.
Dərslik zəngin biblioqrafiya,
notoqrafiya, diskoqrafiya və saytoqrafiya ilə də təmin olunmuşdur.
Etnomusiqişünas-mütəxəssislər, aşıq
tədqiqatçıları, təcrübəli musiqi müəllimləri tərəfindən
yüksək qiymətləndirilən
bu dərslik “Aşıq sənəti” fənninin tədrisində,
aşıq irsinin öyrənilməsində, kadrların
tərbiyəsində öz
yüksək dəyərini
və əhəmiyyətini
daim saxlayacaq, müəllim və tələbələr üçün
hər zaman aktual, müasir və faydalı olacaq.
Ariz ABDULƏLİYEV,
Bakı Musiqi Akademiyasının
dosenti,
böyük elmi işçi
525-ci qəzet.- 2013.- 15 fevral.- S.7.