Milli bədii təhsilin təntənəsi

  

Bu il 90 illik yubileyinə hazırlaşdığımız mədəniyyət və incəsənətimizin məbədgahı olan Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti sintetik xarakterli ali təhsil ocağıdır. Bədii, yaradıcı və elmi düşüncələrin üzvi sintezi bu təhsil ocağının gözəçarpan özəlliyini müəyyənləşdirir. Uzun illərdir ki, universitetin rəhbərliyini və bütün məsuliyyətini üzərinə götürmüş əməkdar incəsənət xadimi, filologiya üzrə elmlər doktoru, professor Timuçin Əfəndiyev elə ilk gündən öz fəaliyyətinin konseptual proqramını hamıya bəyan etdi və onun həyata keçirilməsi uğrunda yorulmadan çalışmağa başladı.

“Mədəniyyət və İncəsənətimizin məbədgahı” (Timuçin Əfəndiyev, Bakı-2013, ADMİU-nun Nəşriyyat-Poliqrafiya mərkəzi) adlı yeni kitabı da T.Əfəndiyevin uğurla həyata keçirdiyi konseptual proqramının növbəti-bu günkü mərhələsini işarələyən dəyərli tədqiqat əsəridir. Bu ensiklopedik əsər kitabın redaktoru görkəmli alim, filologiya üzrə elmlər doktoru, professor Aqşin Babayevin təbirincə desək, “mədəniyyət və incəsənətimizin səlnaməsidir”.

“Mədəniyyət və İncəsənətimizin məbədgahı” adlı bu əsər Azərbaycanda milli bədii təhsilin görkəmli təşkilatçısı və uzun illər Azərbaycan mədəniyyəti və incəsənəti üçün kadr hazırlığı prosesinə rəhbərlik edən sanballı alimin qələminin hələ ki, son məhsuludur. Sözügedən  kitabda Azərbaycanda 90 yaşlı qocaman bədii təhsil ocağının müxtəlif sahələrinin inkişaf xüsusiyyətləri öz əksini tapıb və onun strukturu da sadədir, produktivdir. Burada milli bədii təhsilin tarixi və inkişaf mərhələləri 90 illik şərəfli yolun uğurları konteksində “Azərbaycanda peşəkar teatr təhsilinin yaranması və inkişaf mərhələləri”-aktyor, rejissor və teatrşünas kadrların hazırlığının yeni mərhələsi, dövrün ictimai sifarişi zəminində “Ekran sənətlərinin tədrisi”, “ADMİU-da musiqi təhsili”-püxtələşmə dövrü və bugünü, “Azərbaycanda ilk ali rəssamlıq təhsili”, “Tədris prosesində ictimai-humanitar elmlərin rolu”, “Kulturologiya yeni elm və tədris sahəsi kimi”, “ADMİU-da tədris prosesinə və yaradıcılığa xidmət edən qurumlar”, “Universitetimiz dünya meridianlarında” adlı hissələrdə araşdırılır. Təqdirəlayiq haldır ki, müəllif milli bədii təhsilin tarixini, onu istiqamətləndirmiş və formalaşdırmış görkəmli sənətkar-pedaqoqların pedaqoji fəaliyyətini ümumi şəkildə araşdırmır, hər bir sənət sahəsinə, hər bir pedaqoq-sənətkara xüsusi və obyektiv bir münasibət nümayiş etdirir.

Müəllif milli bədii təhsilin ilkin inkişaf mərhələsindən danışarkən yazır ki, “yarandığı ilk dövrlərdən etibarən Azərbaycanda mədəniyyət və incəsənət üzrə mütəxəssis hazırlayan universitetimiz öz başlanğıcını 1923-cü ildə Azərbaycan Maarif Komissarlığının qərarı ilə yaradılmış Bakı Teatr Məktəbindən götürür. O zaman məşhur sənətkarımız, Milan və Kiyev şəhərlərində təhsil almış, opera sənətimizin ilk professional müğənnisi, SSRİ xalq artisti Şövkət Məmmədovanın təklifi və təşəbbüsü ilə yaradılmış bu sənət məktəbi böyük inkişaf yolu keçmişdir. Məktəbdə ilk illərdən başlayaraq dərs demiş və onun inkişafında xidmətləri olmuş sənətkarlardan Ə.Haqverdiyev, C.Cabbarlı, H.Cavid, A.M.Şərifzadə, Ü.Rəcəb, M.Kirmanşahlı, A.Tuqanov, R.Sarabski və başqalarının adları xüsusi qeyd olunmalıdır. Teatr Məktəbinin ilk məzunları içərisində F.Qədri, R.Əfqanlı, Ş.Şeyxov, H.Qafqazlı, sonrakı illərdə Ə.Bədəlbəyli, Ə.Ələkbərov, Ə.Şərifov, G.Həsənova, N.Zeynalova və başqa tanınmış sənətkarlar olmuşlar”.

Müəllif sonra yazır ki, o dövrdə Bakı Teatr Məktəbi təkcə Azərbaycan üçün deyil, Özbəkistan, Türkmənistan, Dağıstan, Krım və digər regionlar üçün də aktyor və rejissor kadrları hazırlayırdı. Bu kadrlardan görkəmli özbək aktyorları H.Nəsirova, N.Əliyeva, Z.Kabulov, X.Xocayev, S.Curubayev, Q.Yaqubov, məşhur türkmən aktyoru və rejissoru Altı Karlıyev və bir çox başqalarını qeyd etmək olar. Onların bir çoxu, o cümlədən görkəmli özbək aktrisası Həlimə Nəsirova sonralar SSRİ xalq artisti adına layiq görüldü. Bütün bunlar Bakı Teatr məktəbinin 20-30-cu illərdəki maarifçilik missiyasını bir daha təstiq edir.

Mədəniyyəti “xalqın enerji saxlancı” (T.Əfəndiyev. “Mədəniyyətdə tarixilik və müasirlik”, Bakı, 2011) adlandıran T.Əfəndiyev ADMİU-nun 90 illik yubileyinə həsr etdiyi   “Mədəniyyət və İncəsənətimizin məbədgahı” adlı kitabında milli bədii təhsilin tarixini yazarkən tarixilik və müasirlik aspektini bir-birindən ayırmır və tədris ocağının təməli səciyyələrinin heç birini nəzərdən qaçırmır.

Kitabın bütün fəsilləri maraqla oxunulur. Həm teatr və kino sənətini tədris edən pedaqoqlar, musiqi təhsilinin nümayəndələri, həm də rəssamlıq və kulturologiya tədris sahələrinin təmsilçiləri və bu sənətləri öyrənən tələbələr hər sahənin müxtəlif dövrlərdəki tədris prosesinin mürəkkəb mərhələləri ilə tanış olur, müəllifin bədii təhsilin tarixinin çətin çağlarına obyektiv münasibətinin şahidinə çevrilirlər. Bir sözlə, səkkiz hissədən ibarət olan bu kitabın hər bir hissəsi milli bədii təhsil tarixinə dərindən bələd olan təəssübkeş  bir alimin təhsil prosesini ölkənin mədəni-ictimai hadisələri fonunda orijinal araşdırmasıdır və bədii təhsil tarixini bu günümüzün müstəvisində obyektivliklə canlandırmasıdır. Sözügedən kitabda 1945-ci ildə Teatr Məktəbinin bazasında Teatr İnstitutu yaradılmasından, o dövrdə burada dərs deyən görkəmli sənətkarların pedaqoji fəaliyyətindən tarixi-xrolonoji ardıcıllıqla söz açılır. 1968-ci ildə bu ali təhsil ocağı Azərbaycan Dövlət İncəsənət İnstitutu adlandırılır və ölkəmizin teatrları üçün kadr hazırlığı prosesi getdikcə daha da intensivləşir. 1991-ci ildə isə institutumuz Azərbaycanın ali məktəbləri içində ilk olaraq universitet statusunu qazanır.

İxtisasıma və fəaliyyət sahəmə uyğun olaraq küll halında çox maraqla oxunulan bu kitabın “Azərbaycanda peşəkar teatr təhsilinin yaranması və inkişaf mərhələləri”, eyni zamanda “Aktyor, rejissor və teatrşünas kadrların hazırlığının yeni mərhələsi” bölmələrinin üzərində dayanacağam. T.Əfəndiyev  Mədəniyyət və İncəsənətimizin məbədgahı” adlı əsərində xüsusi olaraq qeyd edir ki, “Azərbaycanda Bakı Teatr Məktəbi yarandığı zaman (1923-cü il) artıq milli teatr sənəti kifayət qədər uzun və səmərəli tarixi inkişaf yolu keçmiş, çox uğurlu və qüdrətli aktyorluq məktəbi formalaşmışdı. Bu mənada, belə bir faktı qeyd edə bilərik ki, Bakı Teatr Məktəbi “quru yerdə” yaranmamışdı, milli teatr prosesinin estetik platforması üzərində bərqərar olmuşdu. Bir həqiqəti də qeyd etmək zəruridir ki, Azərbaycanda teatr təhsili sistemi, daha konkret desək, Teatr Məktəbi dövrün sosial-mədəni və ictimai-siyasi tələbi ilə yaradılmışdı”. Daha sonra müəllif yazır ki, “o vaxt teatrın yaradıcılıq həyatının kökündən dəyişilib yenidən qurulması üçün rejissor mədəniyyəti, aktyor təhsili məsələləri günün vacib şərti kimi irəli sürülürdü. Onu da qeyd edək ki, Bakı Teatr Məktəbi yalnız Azərbaycanda deyil, bütün Şərqdə ilk teatr rəhsili ocağı idi. Bu məktəb eyni zamanda Qafqaz və Orta Asiya xalqlarının mədəni inkişafında, teatr sənətinin professional mərhələyə keçməsində əvəzsiz xidmətlər göstərmişdir. Cəfər Cabbarlının “Türk Teatr Məktəbi” adlı məqaləsində oxuyuruq: “Azərbaycan teatr məktəbi yalnız Azərbaycan deyil, bütün Şərq ölçüsündə böyük bir əhəmiyyətə malikdir”. Oxucu kitabdan öyrənir ki, Azərbaycanın teatr xadimləri Bakı Teatr Məktəbinin təşkilinə böyük inamla başlayır və 1926-cı ildə bu məktəbin ilk buraxılışı (11 nəfər) olur. Milli səhnəmizin ilk peşəkar aktrisası F.Qədri də bu məktəbin məzunu olmuş və 1933-cü ildən Teatr Məktəbində aktyor sənətindən dərs deməyə başlamışdır.

Oxucu eyni zamanda kitabdan öyrənir ki, “Bakı Teatr Məktəbinin işində yaxından iştirak edən görkəmli dramaturq Cəfər Cabbarlı bu illərdə əsas diqqəti yüksək səviyyəli dərs proqramlarının tərtib edilməsinə, dərs prosesində tərcümə işlərinin mükəmməlliyinə, ana dilində dərsliklərin yazılmasına, dərslərin keçiriləcəyi müvafiq bir məkanın tapılmasına, başqa yerlərdən Bakıya, bu məktəbdə oxumağa gələnlərin məişətlərinin qayğısına qalmağa, müəllim heyətinin təşkil olunmasına yönəldirdi. Bu barədə o, mətbuatda da çıxış edir, Bakı Teatr Məktəbinin inkişafı üçün əlindən gələni əsirgəmirdi”.

Bakı Teatr Məktəbinin qarşısındakı mühüm məsələlərdən biri də milli rejissor kadrlarının yetişdirilməsi idi. “Hələ 1930-cu ildə Cəfər Cabbarlı Ümumittifaq Teatr Olimpiadasının nəticələrinə həsr olunmuş, “İnqilab və Mədəniyyət” jurnalında çap etdirdiyi məqaləsində Azərbaycan teatrında savadlı rejissor kadrlarının olmamasını ciddi bir problem kimi gündəmə gətirmiş, yerli peşəkar rejissor kadrlarının qıtlığından söz açmışdı.”

A.Tuqanov da milli teatr üçün yüksək ixtisaslı professional kadrların hazırlanmasında çox fəal iştirak etmiş, “yaradıcı heyətə “Stanislavski sistemi”nin incəliklərini öyrətməyə, Moskva Bədaye Teatrının müsbət ənənələri ilə milli teatr ənənələrimizin vəhdətinə nail olmağa çalışmışdı.” O, həm Bakı Teatr Məktəbinin, həm də ADTİ-nun nüfuzlu pedaqoqlarından olmuşdur. T. Əfəndiyev yazır: “1941-ci ildə Bakı Teatr Məktəbinin “Teatrşünaslıq” şöbəsinin ilk buraxılışı oldu. Həmin illərin məzunları arasında görkəmli yazıçı, ədəbiyyatşünas-alim Əzizə Cəfərzadə də var idi. O, təhsilini bitirdikdən sonra bu məktəbdə müəllim və daha sonra direktor kimi fəaliyyət göstərmişdi. Ə.Cəfərzadə Teatr Məktəbinin sonuncu müdiri olmuşdur.”

1945-ci ildə, yuxarıda qeyd etdiyimiz kimi, Bakı Teatr Məktəbinin əsasında Azərbaycan Dövlət Teatr İnstitutu yaradıldı. İnstitutun direktoru respublikanın əməkdar müəllimi M.Musayev oldu. O, 1959-cu ilə qədər bu təhsil ocağına rəhbərlik etdi. Bu illərdə institutda “Aktyorluq”, “Rejissorluq” fakültələri fəaliyyət göstərirdi. Eyni zamanda, burada “Aktyor və rejissor sənəti”, “Teatrşünaslıq”, “Dil və ədəbiyyatşünaslıq” və başqa kafedralar da təsis edildi. “Aktyor və rejissor sənəti” kafedrasına professor R.Təhmasib, “Teatr tarixi” kafedrasına dosent A.Mudrov, “Ədəbiyyat” kafedrasına filologiya elmləri doktoru, professor Ə.Sultanlı rəhbərlik etməyə başladılar. Görkəmli Azərbaycan rejissorları A.İsgəndərov, M.Məmmədov, M.Haşımov, dramaturqlardan S.Rəhman, filoloq alimlərdən M.C.Cəfərov pedaqoji işə cəlb edildilər. Qısa müddətdə bu ali məktəbdə 7 professor, 3 dosent, 4 baş müəllim, xalq artistləri, əməkdar artistlər, əməkdar incəsənət xadimləri dərs deməyə başladılar.

Müəllif milli bədii təhsil prosesində böyük xidmətləri olan xalq artisti K.Ziyanın və xalq artisti,  professor R.Təhmasibin misilsiz xidmətlərini böyük ehtiramla qeyd edir. 1945-ci ildən Teatr İnstitutunda dərs demiş, yüksək ixtisaslı kadrlar hazırlanmasında fəal iştirak etmiş Kazım Ziya “Səhnə danışığı” fənninin tədrisi və tədqiqi sahəsində böyük xidmətlər göstərmişdir. O, aktyorun səhnə danışığını həm praktik, həm də elmi-nəzəri cəhətdən inkişaf etdirməyə çalışmış, Azərbaycan teatr tarixinə səhnə danışığı ustası kimi daxil olmuşdur. K.Ziya ömrünün sonuna kimi Azərbaycan səhnə dilinin prinsiplərinin tədrisi ilə məşğul olmuşdur. O, milli səhnə dilini sistemə salmış ilk Azərbaycan teatr xadimidir. Onun “Səhnə dili haqqında” kitabı aktyor və rejissorlarımızın ədəbi tələffüzə yiyələnmələrində böyük rol oynamışdır.  

Daha sonra T.Əfəndiyev qeyd edir ki, “1953-cü ildə “Teatrşünaslıq” ixtisası üzrə ilk buraxılış oldu. Məzunlar arasında görkəmli şair və dramaturq H.Cavidin qızı Turan Cavid də vardı. T.Cavidin həyatı və fəaliyyəti universitetimizlə sıx bağlı olmuşdur. O, uzun illər “Azərbaycan teatrı tarixi”ndən dərs demişdir. Onun pedaqoji fəaliyyəti böyük səmərə vermiş, “Teatr tarixindən səhifələr”, “Kazım Ziya haqqında xatirələrim”, “Bir aktyorun rol dəftərçəsi” əsərləri, habelə “Azərbaycan teatr tarixi” adlı tədris proqramı tələbələr üçün əyani vəsait rolunu oynamışdır”.

Müəllif böyük hörmət və ehtiramla SSRİ xalq artisti, rejissor A.İsgəndərovun, SSRİ xalq artisti, sənətşünaslıq doktoru, professor M.Məmmədovun, görkəmli rejissorlar xalq artistləri M.Haşımovun, T.Kazımovun, Z.Nemətovun, A.Kazımovun,  C.Səlimovanın, AMEA-nın müxbir üzvü, sənətşünaslıq doktoru, professor, teatrşünas-alim C.Cəfərovun, professorlardan M.Allahverdiyevin, İ.Kərimovun, R.Sadıxovun, İ.Rəhimlinin, İ.İsrafilovun və başqalarının pedaqoji ustalıqlarını təhlil edir.

T.Əfəndiyevin   “Mədəniyyət və İncəsənətimizin məbədgahı” əsərini oxuyarkən, görürük ki, milli bədii təhsilin tarixində imzası olan h e ç   k i m   u n u d u l m a y ı b,  h e ç   k i m  y a d d a n  ç ı x m a y ı b...

Müstəqilliyimizin  ilk mərhələsində teatr təhsili sistemində də ciddi çətinliklər özünü göstərməyə başladı. Bu zaman İncəsənət İnstitutu artıq universitet statusu qazanmışdı. Universitetin yenidən qurulması və təkmilləşməsi prosesi başlandı: yeni kafedralar açıldı, elmi-tədqiqat və metodiki işlərin miqyası böyüdü, təzə ixtisaslar yaradıldı və tədris prosesinin inkişafı özünü həm də “Sənətşünaslıq”, “Aktyor sənəti”, “Rejissor sənəti” fakültələrinin yenidən təkmilləşdirilməsi istiqamətində göstərdi”.

2001-ci ildə “Estrada və musiqili teatr” kafedrası yaradıldı. Bu kafedranın ilk müdiri xalq artisti Hacıbaba Bağırov oldu.

“Aktyor sənəti” fakültəsinin zəngin ənənələrə malik kafedralarından biri də “Səhnə danışığı” kafedrasıdır. Hal-hazırda sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent F.Atakişiyevanın rəhbərliyi ilə kafedrada çalışan professor-müəllim heyətinin qarşısında duran əsas məqsəd Azərbaycan ədəbi dilini, onun xüsusiyyətlərini, qüvvətli və təsirli səsə malik olmağın sirlərini tələbələrə öyrətməkdir.

Müəllif çağdaş Azərbaycan teatrının istiqamətini təyin edən, öz yaradıcılığında milli teatr ənənələri ilə dünya teatr prosesinin qabaqcıl təcrübələrini üzvi şəkildə birləşdirən rejissorlardan Vaqif İbrahimoğlu və Azər Paşa Nemətin   pedaqoji fəaliyyətini xüsusi dəyərləndirir.

Oxucu xalq artistləri H.Turabovu, Ş.Məmmədovanı, A.Pənahovanı, Yaşar Nurini, Afaq Bəşirqızını, B.Cəfərovanı, əməkdar incəsənət xadimi B.Osmanovu, əməkdar artistlərdən pro. G.Baxşıyevanı, dosent F.İsrafilovu, Məmmədsəfa Qasımovu, V.Həsənovu, E.Osmanovanı həm də pedaqoq kimi tanıyaraq onların “pedaqoji sirləri”nə agah olur.

Bəli, bu gün universitetimizdə uğurlu kadr siyasəti həyata keçirilir. Təhsil prosesində gənc və istedadlı kadrlara böyük etimad göstərilir. Universitetin yetişdirmələri olan istedadlı gənclərə ölkənin müxtəlif teatrlarında məsul vəzifələr həvalə olunur.

Universitetimizin beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, dünyada teatr təhsilinin tədrisi təcrübəsinin öyrənilməsi istiqamətində əhəmiyyətli addımlar atılır;

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti bilavasitə ölkənin teatr şəbəkəsi ilə sıx əməkdaşlıq edərək, eyni zamanda, mədəniyyət mərkəzi və yeni rejissor, aktyor, teatrşünas kadrlar yetişdirən müəssisə kimi də məhsuldar işləməkdədir”. Azərbaycanda mədəniyyət siyasətinin, incəsənətin tədrisinin düzgün qurulmasında, milli mədəniyyətin inkişafında, mədəni irsimizin qorunmasında, onun tələbələrə, gənc nəslə ötürülməsində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin xidmətləri danılmazdır.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramından, teatr sənətinin inkişafına yönəlmiş Prezident Sərəncamlarından irəli gələn vəzifələrin yüksək səviyyədə həyata keçirilməsi siyasətinin bir qolu da, heç şübhəsiz ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində teatr təhsilinin düzgün təşkili və professional şəkildə tədrisi prosesi ilə əlaqədardır.

Bəli, bu gün müasir sənətşünaslığımızın görkəmli simalarından olan T.Əfəndiyev  mədəniyyət yolu ilə inam və qətiyyətlə irəliləməkdədir. Hörmətli oxucu da şahid oldu ki, tariximizin görünməyən, sezilməyən çağlarından başlayıb sonsuzluğa qədər uzanan bu ulu yolla Timuçin müəllim tək irəliləmir. Bu gün Azərbaycan incəsənətinin bütün sahələrini təmsil edən ən görkəmli sənətkarlar onunla birlikdə  çətin və şərəfli yolun  yolçularıdır.

Səlahiyyət sahibi olduğu gündən  Timuçin müəllim zahiri çox sadə, amma gerçəkləşdirilməsi uzun illər tələb edən konseptual proqramının yeni tədris modelini açıqlamışdı. Bu modelin səciyyələri aydın və konkret idi: –nəzəriyyəçilər tədris proqramlarını bədii yaradıcı məqsəd və vəzifələrə uyğunlaşdırmalıdırlar; –yaradıcı kafedraların müəllimləri tədris prosesini elmi-nəzəri əsaslarla zənginləşdirməlidirlər; –Universitetin inzibati strukturunun fəaliyyəti göstərilən vəzifələrin təmin olunmasına yönəlməlidir. Etiraf etmək lazımdır ki, üçüncü səciyyə tez bir zamanda praktiki təzahürünü tapdığı halda, birinci və ikinci bəndlərin gerçəkləşdirilməsi xeyli zaman və zəhmət tələb etdi. Bunun səbəbi əski təcrübədən qaynaqlandığından, T. Əfəndiyev demək olar ki, sıfırdan başlamalı oldu. İllər lazım oldu ki, universitein istedadlı məzunları professor-müəllim heyətinin aparıcı qüvvəsinə çevrilərək T. Əfəndiyevin konsepsiyası üzərində qurulmuş tədris prosesinin əsas istiqamətlərini müəyyənləşdirməyə qadir olsunlar. İllər lazım oldu ki, yaradıcı kafedralarda dərs deməyə dəvət olunmuş görkəmli sənətkarlar yaradıcı peşələrinin nəzəri əsaslarını da tələbələrə öyrətməyə başlasınlar. T. Əfəndiyevin illərcə əvvəl tərtib etdiyi nəzəri modelin konkret təzahürünü bu gün Universitein Elmi Şurasının tərkibində görmək olar: çiyin-çiyinə çalışan nəzəriyyəçilər və praktiklər, sanballı alimlər və görkəmli sənətkarlar, təcrübəli pedaqoqlar və gənc müəllimlər rektor T. Əfəndiyevin rəhbərliyi ilə üç başlıca məqsəd uğrunda çalışırlar – elm və sənət sintezi, novatorluq və keyfiyyətli tədris prosesinin dinamikası bu günkü ADMİU-nun “siması”nı müəyyənləşdirir. Uzun illərdir ki, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində rektor vəzifəsində çalışan Timuçin Əfəndiyev vaxtilə yalnız 9 ixtisasda kadr yetişdirən, dövlət ali məktəbləri sırasında nüfuzu o qədər də yüksək olmayan İncəsənət İnstitutunu mədəniyyət və incəsənət üçün 40-dan artıq ixtisasda kadr hazırlayan, xarici ölkələrdən öyrəncilər qəbul edən, beynəlxalq aləmdə diplomu tanınan, özünün aspiranturası, doktoranturası, müdafiə şurası, muzeyi, nəşriyyatı, elmi-nəzəri jurnalı, müstəqil “Tədris teatrı”, müasir tədris korpusları və s. olan yüksək statuslu Universitet səviyyəsinə yüksəldib. Mədəniyyət və incəsənətimizin aktual tələb və ehtiyaclarını ödəmək məqsədilə Azərbaycanda bu vaxta qədər olmayan “Balet sənəti”, “Kino rejissorluğu”, “Televiziya rejissorluğu”, “Kinooperatorluq”, “Xalçaçılıq”, “Modaçı rəssam”, “Reklam işləri üzrə rəssam”, “Teatr və kino rəssamı”, “Estrada rejissorluğu” və bir çox başqa ixtisasları tədris edən fakültələri açıb. O, yeni elmi sahələrlə maraqlanır, aşkarladığı yeni problemləri öyrənir, araşdırır və 30-a yaxın kitabında, 300-dən artıq məqalədə əldə etdiyi qənaətləri oxucuları – öyrənciləri ilə səxavətlə bölüşür. Bu gün, ömrünün müdriklik zirvəsində tələbələrlə canlı ünsiyyətdən yorulmayan Timuçin Əfəndiyev gələcək teatrşünaslara dərs deyir, öyrədir və adətinə görə öyrənir. Bəlkə bundadır T.Əfəndiyev düşüncəsinin mütəhərrik olmasının sirri?!

T.Əfəndiyevin şəxsiyyəti haqqında düşünəndə birinci ağla gələn tərif “enerji” olur. Bu adamın yaşayıb-yaratmaq şövqü, hər şeyə səngimək bilməyən marağı, bu günün nailiyyətlərinə qane olmayıb sabaha – daha uzaq gələcəyə yönəlmiş yeni planlar qurmaq həvəsi, həyatın amansız zərbələrinə dözümü, insana müsbət təsir göstərən nikbinliyi keçdiyi uzun yolun mükafatları kimi dəyərləndirilə bilər.

T.Əfəndiyevin “Mədəniyyət və İncəsənətimizin məbədgahı” adlı kitabı isə milli bədii təhsilin təntənəsindən xəbər verməklə, eyni zamanda XXI əsrin milli bədii təhsil sisteminin möhkəm zəmin üzərində, güclü tarixi dayaqlara söykənərək bərqərar olunmasına və gələcəyə inamla yönəlməsinə dəlalət edir.

 

 

Məryəm Əlizadə,

əməkdar incəsənət xadimi,

sənətşünaslıq doktoru, professor

 

525-ci qəzet.- 2013.- 15 fevral.- S.4.