TURAN SEVGİSİ
Ürəyimdə
bir dilək var,
O da
doğru kəsilsin.
O gün
olsun bu göy bayraq,
Turan
üstən asılsın!
C.Cabbarlı
Turan nədir?
Tur babamın yeri-göyü, yaylası.
“Ergenəkon”
işığında
anaların laylası!
Turan nədir?
Turanlının
yurdu, evi-eşiyi,
Layla ilə
dolub-daşan
körpələrin beşiyi.
Turan nədir?
Bir millətin
bütünlüyü, birliyi,
Əvvəldə
də, axırda da
diriliyi,
dirliyi!
Turan nədir?
Arzumuzun
uzaq-uzaq hədəfi,
Qəlbimizin,
ruhumuzun
uca
şanı-şərəfi.
Turan nədir?
Əbədiyyət,
uzun yolun yolçusu,
Sabahları
açmaq üçün
Xoş xəbərin elçisi.
Turan nədir?
Göy
üzünün
Göyə sığmaz işığı.
Sönməz
Ayı, ulduzu,
dünyanın yaraşığı!
Turan nədir?
Sevgimizin solmaz olan rəngidi.
Bizim olan
bayraqların
çiçəkdən çələngidi!
TURANIN İŞIĞI
Vətən
nə Türkiyədir türklərə,
nə
Türküstan,
Vətən
– böyük və mühəbbəd
bir
ölkədir, Turan.
Z.Göyalp
Bir
ocaqdı gah alışar, gah sönər,
Od
yeridi, kül yeridi Turanım.
Çiçəyi
üz, gülü qoxla, barı dər,
Çəmən-çəmən gül yeridi
Turanım.
Tanrı
dağı dağlarının başıdı,
Bəy gölləri gözlərinin yaşıdı.
Altaylardan
dünyaya nur daşıdı,
Yurd yeridi, el yeridi Turanım.
Ucalığı
zirvələrin ağ yeri,
Var-dövləti bağça yeri, bağ yeri.
Yaylaq
yeri, aran yeri, dağ yeri,
Dağdan əsən yel yeridi Turanım.
Atilladı,
Oğuz xandı – Metedi,
Nərələri ildırımdan ötədi.
Yer
üzüdü, okeandı, qitədi,
Bərəkətin bol yeridi Turanım.
Qartalları
qucağında bəslədi,
İgidləri dağdan-dağa səslədi.
Gözəlliyi
naxışladı, süslədi,
Məxmər yurdu, tül yeridi Turanım.
Adı gəldi,
hey ucaldı boyumuz,
Səsi gəldi, gözəlləşdi soyumuz.
Yaxşı
günü sevincimiz, toyumuz,
Nəğmə deyən dil yeridi Turanım.
Sirr
saxlayan sirdaşıdı dünyanın,
Etibarlı qardaşıdı dünyanın.
Bu
başıdı, o başıdı dünyanın,
Ən
müqəddəs yol yeridi Turanım,
Tarixlərin bol yeridi Turanım.
Gah
göyə çəkilər, gah yerə enər,
Yükü sərvət dolu buluddur Turan.
Hələ
ki, can atır həqiqətinə,
Ən böyük arzudur, ümiddir Turan.
Dənizdi,
dəryadı, çaydı, bulaqdı,
Kiməsə yaxındı, kimə uzaqdı.
Dosta ana
qoynu isti qucaqdı,
Düşmənə bir qara tabutdur Turan.
Tamaşa
gün doğub, dan atandadı,
O gün
səs yatanda, əl çatandadı.
Əli
gün doğanda, gün batandadı,
Görür öz işini, sakitdir Turan.
TURANA İNAM
Ey
türk! Kükrə, özünə dön,
sən
özünə dönəndə böyük olursan.
Bilgə
Xaqan
Günəş
qəlbimizdən doğar dünyaya,
İşıqla doludur içimiz bizim.
Dünyanı
sevgiylə dolduracağıq,
Hər şeyə dönəndə heçimiz bizim.
Tanrıdan
Turana verilib bu pay,
Bizim eşqimizdə çağlayacaq çay.
Bizdə
danışacaq Günəş, ulduz, Ay,
Hər yerə gələndə ünümüz bizim.
Arzular
dönəcək durna səfinə,
Uçacaq dünyanın hər tərəfinə.
Həyatın,
varlığın şan-şərəfinə,
Birə min çatacaq gücümüz bizim.
Sağı
var, solu var, yurd-yuvası var,
Öz sazı, öz sözü, öz havası var.
Hələ
bu dünyayla bir davası var,
Hələ alınmayıb öcümüz bizim.
Önə
bax, geriyə yol yoxdur daha,
Şəhidlik müqəddəs, igidlik baha.
Dünya
dar gələcək bir padşaha,
Çox uzaq gedəcək kökümüz bizim.
Əriyib
yolunda ömür də, gün də,
Dayaq biz
olmuşuq ağır günündə,
Tarix
yaratmışıq tarix önündə,
Yoxdu günahımız, suçumuz bizim.
Nə qədər
sirr yatır sükut dilində,
İgidlər danışır igid dilində.
Dünəndən
söz açır şəhid dilində,
Qəsrimiz, qalamız, bürcümüz bizim.
Yersiz
öz işimi öyə bilmərəm,
Tarixin qəlbinə dəyə bilmərəm.
Bir ilmi,
on ilmi, deyə bilmərəm,
Bir az var tezimiz-gecimiz bizim.
Turanın
varlığı əzizdən əziz,
Onun hökmündədi bu çay, bu dəniz.
Torpağı
sağlamdı, havası təmiz,
Olmaz çürüyümüz, puçumuz bizim.
Dünyaya
səs salıb bir igid, bir at,
Min illər beləcə davam edib həyat.
Bizdən
işıq alıb qoca kainat,
Yoxdu heç bir kəsə borcumuz bizim.
ALP ƏR TONQA – ƏFRASİYAB
Ey
oğullarım! Mən artıq çox
yaşlandım.
Çox savaşdım, Tanrıya borcumu ödədim.
Alp Ər
Tonqa
Alp Ər Tonqa öldümü?
Bu pis dünya qaldımı?
Fələk öcünü aldımı?
İndi ürək yırtılır.
Mahmud Qaşğarlının divanından
Bütün
həqiqətlər xəyaldan doğur,
Bütün xəyalların həqiqəti var.
Nə
yaxşı səs gəzir dünya üzündən,
Türkün Turan adlı bir sərvəti var.
Bu millət
Doğudan Batıya qədər,
Bu millət Məğribdən Məşriqə qədər.
Bu millət
Altaydan Anadoluya,
Bu millət
torpaqdan ulduza qədər
Bu sərvət
üstündə bərqərar oldu,
Ucalıq
sevənə dost oldu Tanrı,
Ucalıq sevənə Allah yar oldu.
Göy
yerə ucalıb yer yatanadək,
Gündoğan elindən Gün batanadək.
Bu sərvət
həmişə Türkə yar oldu,
Ucalıq sevənə Allah yar oldu.
Ey
Türk millətinin ulu babası,
Turanın əzəli, ilki sən oldun.
Dünya
səndən dedi, səndən eşitdi,
Dünyanın
dövləti, mülkü sən oldun.
Mənim
Alp Ər Tonqam, Əfrasiyabım,
Tarixə sığmayan tarix kitabım.
Həm
baş ucalığım, həm iztirabım,
Tale
şan-şöhrətə, taca yaratdı,
Səni ucalardan uca yaratdı.
Nə qədər
uğurlu ulularımız,
Səndən pərvazlandı, səndən törədi.
Günəşin
bu qədər gur yanmağı da,
Ayın
bir bu qədər parlaqlığı da,
Turana görədi, Türkə görədi.
Sən mənim
ən yeni arzularımda,
Sən mənim ən qədim aləmimdəsən.
Yenə də
şeirimdə, şeiriyyətimdə,
Yenə dəftərimdə, qələmimdəsən.
Neçə
min il keçib o vaxtdan bəri,
Yenə də odumda, ocağımdasan.
Canımda,
qanımda sənsən dövr edən,
Ruhumda, dilimdə, dodağımdasan.
Başlılar
baş əydi başın önündə,
Dizlilər diz çökdü dizin önündə.
Qaya da
baş əyər, daş da yumşalar,
Vaxtında deyilən sözün önündə.
Turan deyiləndə,
Turan deyəndə,
İlk Alp Ər Tonqanı xatırlayıram.
Sellə
pəncələşən, yellə əlləşən
Şimşəyi, tufanı xatırlayıram.
Ağca
buludları köhlən at kimi,
Minirdin, çapırdın belədən-belə.
Sevirdin
döyüşü bir həyat kimi,
Dönürdün çöllərdə tufana, yelə.
Gördü
öz işini zəhərin gücü,
Şeytan fitvasına min dəfə lənət.
Cəsarət
üz-üzə gələ bilmədi,
Xəyanət öldürdü səni, xəyanət.
Sənin
ölümünə dünya yas tutub,
Analar saç yolub, aləm ağlayıb.
Dinmək
istəyəndə dilə od
düşüb,
Yazmaq istəyəndə qələm ağlayıb.
Qaşğarlı
Mahmuda üz tuturam mən,
Ondan öyrənirəm həqiqətləri.
Çox
şeyi azdırıb, dolaşıq salıb,
Keçmişin dumanlı rəvayətləri.
Tarix
kitabları səndən yazanda,
İşi dolaşdırıb, baş-ayaq salıb.
Düşmənin
əlinə qələm keçəndə
Həmişə
tarixi bu sayaq
yazıb.
Tarix
yaradanlar yaratdı, getdi,
Tarixi yazanlar düz yazaydılar.
Rəngindən
qan daman hər səhifədə,
Ədalət hökmündə söz yazaydılar.
Yaxşı
unudulmaz, yaman daşlanar,
Bir ölməz qanun var qoca dünyada.
Cəsarət
həmişə at üstündədir,
Xəyanət nifrətlə salınar yada.
TURAN MƏDƏNİYYƏTİ
Turana
qılıncdan daha kəskin ulu qüvvət,
Mədəniyyət, mədəniyyət, mədəniyyət.
H.Cavid
“Yol
yeridim gündüz-gecə”,
Axşam
mənim, sabah mənim.
Ən
mübarək yer mənimdi,
Ən müqəddəs dərgah mənim.
Suyum
bulağın gözüdü,
Sözüm göylərin sözüdü.
Uca
Tanrının özüdü,
Hər işimdən agah mənim.
Yurdun axar
çaylarıdı,
Ağır
elli toylarıdı.
Dədə
Qorqud boylarıdı,
Savab mənim, günah mənim.
Həmi
toydu, həmi yasdı,
Dünya mənə qulaq asdı.
Dünyaya
sözüm “Manas”dı,
Şeirim kəskin silah mənim.
Özünü
öyə bilmədi,
Əlləşdi, yeyə bilmədi.
Qəddimi
əyə bilmədi,
Nə dərd mənim, nə ah mənim.
Məni
yardan yarıdandı,
Hər fikrimi arıdandı.
Uca
sözüm Yaradandı,
Əziz dostum Allah mənim.
Ruhu
dünyaya çatan,
Dədə
Qorqud nəfəsli,
Qopuz mənəm,
ud mənəm!
Türkün
səsinə dönən,
Səsin
sözünə dönən,
Kaşğarlı
Mahmud
mənəm!
Türkün
şah əsəriyəm,
Hikmət
dolu, sirr dolu,
“Qutadqu
bilik”
mənəm!
Basılmaz
ordularda,
Yenilməz
birlik
mənəm!
Neçə-neçə
ölkəyəm,
Neçə-neçə
bölgəyəm,
Daşlara
möhür vuran,
Gültəkinəm,
Bilgəyəm!
Mən
yurdumun, yuvamın,
Torpağıyam,
göyüyəm!
Doqquz
iqlimə bağlı,
Doqquz
oğuz
bəyiyəm!
Mövlana
dodağında
Oda
dönmüş
ney mənəm!
Tarixlərin
nişanı,
Orxon
Yenisey
mənəm!
Başında
yüz min mürüd,
Türküstan
yaraşıqlı
Yəsəvi
Əhməd
mənəm!
Yer
altına çəkilən,
Yer
üstünə yaraşıq,
Dillərdə
söhbət
mənəm!
İbn-Sina,
Fərabi,
Biruni hikməti,
Dünyaya
söhbət
mənəm!
Yunis Əmrə
dilində
Haqqa
çatan
söz
mənəm!
Keçmiş
nə, gələcək nə,
Yaxşı
görən
göz
mənəm!
Çiçək
üstə arıyam,
Gül
üstündə
şeh
mənəm!
İstanbul
tarixiyəm,
Bu
dünya yaşadıqca
İxtiyar
Ağ Şəmsəddin,
Gənc
olan
Fateh mənəm!
Döyüşdə
keçdi ömrü,
Turan demək
deyilmi
Uca Əmir
Teymurun
Hər
söhbəti,
hər əmri?
Turan dedi
ruhumuz,
Gör nə
zamandan bəri
Hüseynzadə
Əlibəy
Bu ruhun
peyğəmbəri!
Bütöv
Turan deməkdir
Ruhumuzun
özülü.
Bütöv
Turan deməkdir
Nəvai
ilə
Füzuli.
Bütöv
Turan deməkdir
Türkün
dərdindən
halı
İsmayıl Qaspıralı.
Dünyada
qalası deyil
Var-dövlət, mal dünyası.
Qalacaq bu
dünyada
Məmməd
Akif dünyası,
Yəhya Kamal dünyası.
Görür
öz işlərini
Əhməd Cavad dünyası.
“Çırpınır
Qara dəniz” –
Fikrin azad dünyası.
Ənvər
paşa Turanın
Başında
bir
qızıl tac,
Zaman əmrinə
möhtac.
Tanrının
öz eşqi var
hər
ölməz əsərində,
Ruhu
üfüqlərdədi,
köklərisə dərində.
Kim sevməz,
kim istəməz
dünyanın hər yerində
Sədləri,
sərhədləri
qıran
mədəniyyəti,
Bax, bu mədəniyyətdir
Turan mədəniyyəti!
Pisliyi,
yamanlığı
gözlərindən oxladım,
Yaş gəldi
yaş üstünə,
min illəri
haqladım.
Kirpiyimlə
qorudum,
göz
üstündə saxladım
Möhtəşəm
babalarım
quran mədəniyyəti,
Bax, bu mədəniyyətdir
Turan mədəniyyəti!
Sözü
inci, mirvari,
söhbəti ləl deməkdi,
Həqiqətdən
göylərə açılan
əl
deməkdi.
Pirsultan,
Dadaloğlu,
Aşıq
Veysəl deməkdi,
İnam mədəniyyəti,
irfan mədəniyyəti,
Bax, bu mədəniyyətdir
Turan mədəniyyəti.
Yer
üzünə doğmadı,
göy
üzündən gələndi,
Göydən
enib yenidən
göylərə yüksələndi.
Bir
dünyaya sığmayan
neçə əziz kəlmədi,
kitab mədəniyyəti,
Quran mədəniyyəti,
Bax, bu mədəniyyətdir
Turan mədəniyyəti.
Onsuz dənizlər
coşub,
çağlar çağlaya bilməz,
Əbədiyyət
yolunu
heç
kəs bağlaya bilməz.
Nə
zaman, nə də məkan
tutub
saxlaya bilməz,
Sonu bir
sonsuzluğa
varan mədəniyyəti,
Bax, bu mədəniyyətdir
Turan mədəniyyəti.
ƏNVƏR PAŞA
Ənvər
bir Günəş kimi doğmuş,
bir
qürub ehtişamı ilə batmışdır.
ATATÜRK
Türkiyə
ürəyi, Türküstan canı,
Turanın
xəyalı, həqiqəti, hey...
Ölüm
qabağına ölməztək gedən,
Türkün
böyüklüyü, əzəməti, hey...
Qələbə
– havası, çörəyi,
suyu,
Qələbə – sevgisi, bayramı, toyu.
Güclərə
güc gəlib cəbhələr boyu,
Dönməz orduların şan-şöhrəti,
hey...
Qısa
bir zamanda ucalıb enən,
Gur bir
ocaq kimi alışan, sönən,
Hələ
sağlığında dastana dönən
Türküstan
elinin rəvayəti, hey...
Bircə
qəhrəmanlıq min ilin bəsi,
Hər zaman hər yerdən gələcək səsi.
Şəhidlik
elminin uca zirvəsi,
Şəhid
olanların cəsarəti, hey...
Pozan
güclü çıxıb, nizam pozulub,
Yazılan nə varsa, tərsə yazılıb.
Bir dosta
iki yol qəbir qazılıb,
Hardadı
dünyanın ədaləti, hey...
Cəhənnəm
çevrilib bir cənnət olar,
Ən böyük xəyal da həqiqət olar.
Nə qədər
zülm olar, əsarət olar,
Bitsin yer
üzünün əsarəti, hey...
Turanın
qanıyla coşdu, çağladı,
Turanın adıyla ülfət bağladı.
Turanın
ruhunu sağlam saxladı,
Buydu
şeytan ilə ədavəti, hey...
Fikir
qanadıdı, xəyal qoludu,
Mənzili
Altaydı, Anadoludu.
Onun
getdiyi Allah yoludu,
Hələ
çox gedəcək söz-söhbəti, hey...
Turan ellərində
xoş gördük səni,
Dəyməsin
bizlərə göz, Ənvər paşa!
Bir az səbir lazım, bir az da möhlət,
Əmələ
çevrilər söz, Ənvər paşa!
Neməti
çoxalır, suyu bol gəlir,
Neçə nəsil gəlir, neçə qol gəlir.
Turan
yollardadı, uzaq yol gəlir,
Uzun həsrətlərə
döz, Ənvər paşa!
Nöqtə
qoymaq üçün günahımıza,
Təzədən sarılaq silahımıza.
Salavat
çevirək Allahımıza,
Allahın
üzüdü üz, Ənvər paşa!
Məni
qeyrət üstə böyüdüb anam,
Oğuzam, qopuzam, sazam, dastanam.
Turanın
içində Azərbaycanam,
Türkün
nəfəsiyik biz, Ənvər paşa!
Ən
böyük Turançı, ən böyük Turan,
Turanın
eşqiylə saraylar quran,
Mələklər
yanında cənnətə varan,
Yolu Haqqa
doğru, düz, Ənvər paşa!
Çox
fikir eyləmə, Turanım mənim,
Quruyan göylərin yağmağı da var.
Aydın
üfüqlərin, gur işıqların
Zülmət qaranlığı boğmağı da var.
Qoy
xoş üzlə gəlsin il dalınca
il,
“Turanam” deməkdən
yorulmasın dil.
Günəşin
batmağı qorxulu deyil,
Günəşin təzədən doğmağı da
var.
QIZILALMA
İgidlər
qan tökər, bayraq solmaya,
Anadolu başlar Vətən olmaya.
Qızılalmaya
hey...
Qızılalmaya!!!
H.İ.Gəncosmanoğlu
Ucalıqdı
zirvəsində,
Ağ buluddan çalması var.
Min illəri
yola salıb,
Yenə təzə qalması var.
Arzuları
susmaz bulaq,
Ümidləri sönməz ocaq.
Sabahlardan
gəlib soraq,
Xoş xəyala dalması var.
Fürsətini
verməz yada,
Düşmənləri gedər bada.
Nə
yaxşı ki, bu dünyada
Türkün qızıl alması var.
De nədir
açması Qızılalmanın,
Bu bir xəyaldımı, həqiqətdimi.
Birliyi,
dirliyi yaratmaq üçün
Dillərdə dolaşan rəvayətdimi.
Simurğ
quşudursa, tükü hardadı,
Ən ağır, ən dolu yükü hardadı.
Budağı
hardadı, kökü hardadı,
İnsandan-insana hekayətdimi.
Bu dəni
kim səpib bitirmək üçün,
Bitirmək lazımdı yetirmək üçün.
Dünyanı
bir yola gətirmək üçün,
Dünyaya sığmayan cəsarətdimi?
Ayaq kənddi,
orta kənddi, baş kənddi,
Torpaq kənddi, kərpic kənddi, daş kənddi.
Buxaradı,
Səmərqənddi, Daşkənddi,
Harda türk var – orda Qızılalma var.
Açar
bənddi, qıfıl bənddi, sir bənddi,
Bir ağızdı, bir bərədi, bir bənddi.
Borçalıdı,
Dəmir qapı Dərbənddi,
Harda türk var – orda Qızılalma var.
Əbədidi
sevgimizin əzəli,
Öz başıdı, öz ağlıdı, öz əli.
İstanbuldu
almaların gözəli,
Harda türk var – orda Qızılalma var.
Onsuz sevgi
yarımçıqdı, yarımdı,
Sevincimdi, sevgilimdi, yarımdı.
Yeniseydi,
Ana çaydı, Krımdı,
Harda türk var – orda Qızılalma var.
Səsi
yerdən göyə qalxan əzandı,
Qədimliyin tarixini yazandı.
Avar,
çuvaş, yakut, başqırt,
kazandı,
Harda türk var – orda Qızılalma var.
Qoca
dünya tapınağı, tapısı,
Qurulusu yer üzünün yapısı.
Bir qapı
da Balkanların qapısı,
Harda türk var – orda Qızılalma var.
Cücərəndi,
göyərəndi, bitəndi,
Səsi-küyü fələklərə yetəndi.
Neçə-neçə
Vətənlərə Vətəndi,
Harda türk var – orda Qızılalma var.
Qəzəbindən
dəniz kimi qabarar,
Pislikləri məhvərindən qoparar.
Hara getsə
bir halallıq aparar,
Harda türk var – orda Qızılalma var.
Qeyrətidi
malı, mülkü, ağçası,
Bir tarixdi hikmət dolu boxçası.
Qoca
dünya Qızılalma bağçası,
Harda türk var – orda Qızılalma var.
Ucalığın
şahlığıdı, taxtıdı,
Yetişməyin zamanıdı, vaxtıdı.
Qızılalma
– Türkün qızıl baxtıdı,
Harda türk var – orda Qızılalma var.
Türksüz
dünya qanadsızdı, fağırdı,
Onun ruhu bizi Haqqa çağırdı.
Ağırlığı
Ağrıdağdan ağırdı,
Harda türk var – orda Qızılalma var.
Toxuduğu
rəngi solmaz xalıdı,
Tarix onun kimliyindən halıdı.
Bələdçimiz
şeyxim Ədəbalıdı,
Harda türk var – orda Qızılalma var.
Ağac
yaşıl, torpaq zəngin, yurd ulu,
Tarix köhnə, zaman sonsuz, qurd ulu.
Dərdli
başı hər bəladan qurtulu,
Harda türk var – orda Qızılalma var.
Dilimizin
dildən düşməz dastanı,
Onsuz türkün nə ruhu var, nə canı.
Deməsinlər
Qızılalma bəs hanı,
Harda türk var – orda Qızılalma var.
TURANIM MƏNİM
Əvvəl-axır dünya
Türkün dünyası
Z.Yaqub
Kökü
bir, xalqı bir, eli bir olan,
Ruhu bir,
soyu bir, dili bir olan,
Ötükən
düzündə, Qıpçaq çölündə
Sabaha
uzanan əli bir olan,
Bozqurddan
törəmiş, Buntürkdən gələn,
Bir
türkdən törəyən, bir türkdən gələn,
Sorağı
uzaqdan, yaxından gələn,
Qırğızdan,
özbəkdən, qazaxdan gələn,
Uyğurdan,
tatardan, qıpçaqdan gələn,
Çay
olub Dəclədən, Fəratdan gələn,
Nağıllı,
dastanlı Bağdaddan gələn,
Ulu
Malazgirdi, Çanaqqalası
Yenilməz
cəbhələr yaranım mənim!
Böyük
həqiqətdən, xəyaldan gələn,
Sorğudan
doğulan, sualdan gələn,
Ağıldan,
dözümdən, səbirdən gələn,
Həsrəti
Uraldan, Sibirdən gələn,
Kökü
ən sərvətli bir yükdən gələn,
Göz
yaşı Kərkükdən, Təbrizdən gələn,
Ordusu dəryadan,
dənizdən gələn,
Ən kəskin
qılıncım, ən ötkün sözüm,
Qalamsan, qəsrimsən,
ərkimsən mənim!
Ən
odlu marşımsan döyüş günündə,
Ən
şirin nəğməmsən, türkümsən mənim!
Harda
dayanmısan, hara gedirsən,
Dünyanı
yenidən dərkimsən mənim!
Ulu
atamızın adı Turandı,
Turandan
doğulan Türkümsən mənim!
Neçə
min illərdi yol yeriyənim,
Ulu
dağım mənim, aranım mənim!
Yerlə
göy arası nəfəs ver bizə,
Haqqın
dərgahına varanım mənim!
Turanım!
Turanım!
Turanım
mənim!
Zəlimxan Yaqub
525-ci qəzet.- 2013.-
16 fevral.- S.24-25.