Böyük şəxsiyyətlər
bütün dünyaya məxsusdur
(davamı)
Rusiya
imperatriçası Deni Didronu ölkəsinə dəvət
etdi və gəlib çıxanda ona təlqin etdi ki, “adamla adam kimi” mülayim qaydada danışaq. Didro
bunu etdi və uzağa gedən siyasi və maliyyə
islahatları barədə məsləhətlər verdi. Lakin Yekaterinanın
maarifçilik islahatı bədbincəsinə
qarşılanırdı. O, Didroya deyirdi: “Əgər mən
inansam ki, hər şey mənim səltənətimdə
aşağı tərəfə dönəcək:
qanunvericilik, inzibatçılıq, maliyyə – bunların
hamısı baş-ayaq olacaq, onda onların hamısı
praktiki olmayan nəzəriyyələrə ev
qurmağa çevriləcəkdir”. Maarifçilik
islahatı Yekaterina üçün reallıqdan daha çox
bir arzu olaraq qaldı. Ona görə də
daha böyük qüdrət və daha çox əhəmiyyətə
sahib olmaq üçün müharibələr aparmağa
başladı.
Yekaterinanın tənqidçiləri onun enerjisini və
inzibati qabiliyyətini etiraf etməklə yanaşı,
hökmranlığının nailiyyətləri
üçün onun öz tərəfdarlarına borclu
olduğunu iddia edirlər. Rusiya cəmiyyətinin
tarixi inkişafı isə imperatriçanın xidməti idi.
Onlar Yekaterinanı qadın kimi mühakimə
etdikdə isə, onunla olduqca sərt davranırdılar.
Onun şəxsi həyatı, etiraf edildiyi kimi, heç
də nümunəvi deyildi. O, 67 yaşında gözlənilməyən
ölüm anına qədər gənc məşuqlara malik
idi. Potyomkinlə sevişməsi başa
çatdıqdan sonra o, bəlkə də
imperatriçanın morqanatik əri idi, rəsmi favoritlər ən
azı bir dəfə dəyişilmişdi. O, qəşəng,
elə bir əhəmiyyəti olmayan gənc oğlanları
seçirdi, onlar birinin dediyi kimi, yalnız “qızlar
saxlayırdılar”. Ona görə də,
çox vaxt onun böyük işləri əvəzinə
qüsurlu əxlaqı yada salınır. Latın
aforizmində deyilirdi: “Ağıllı adam
öz meyllərini idarə edir, səfeh adam isə onun köləliyində
olur”. Yekaterinanı səfeh adam
adlandırmaq ədalətsiz olardı. İmperatriça
məhəbbət anlarını yaşamaqla yanaşı
saysız-hesabsız əyləncələri sevirdi, lakin onlar
bu qadını başqalarından ayırırdı. O,
öz oğlu Paveli sevmirdi, bu adam isə
qanuni varis idi və ana onun taxt-tacını tutmuşdu. Digər tərəfdən o, öz nəvələrinin
vurğunu idi, xüsusən də böyük nəvəsi
Aleksandrın. Yekaterina istəyirdi ki, məhz
bu nəvəsi onu taxt-tacda əvəz etsin. Dostluğunda o, loyal və əliaçıq idi, adətən
öz düşmənlərinə rəhmdillik göstərirdi.
Bu sahədə “clementia”nı – “rəhmdilliyi”
öz həyat devizi etmiş Qay Yuli Sezara bənzəyirdi.
Avropanın ən görkəmli zəkaları
isə onun barəsində bütövlükdə
şişirdilmiş təriflər söyləyirdilər.
Volterin və Didronun dostu olmaqla, o, bu filosoflarla məktublaşırdı. O, ədəbiyyatın himayəçisi
və Rusiya mədəniyyətini irəli aparan idi. O,
özü də yazırdı, elmləri təqdir edirdi, məktəblər
yaradırdı. Rəssamlıq nümunələrini
toplayırdı, özü də hər şeyə ehtirasla
yanaşırdı.
Yekaterinanın tam açıq şəkildə
memuarlarını və məktublarını oxuduqca, biz
canlı və hər şeyə nüfuz edən bir
ağılı müşahidə edirik. O, özünün
maarifçilik prinsiplərini və Rusiyanın kədərli
feodal gerçəkliyini müəyyən mütənasibliyə
gətirməyə və barışdırmağa
çalışır. II Yekaterina tikirdi, fəth
edirdi, ölkəni islahata uğradır və onun həyatını
təşkil edirdi, qururdu. Bu məsələlərdə
o, heç də orijinal nümunə ola
bilməzdi, çünki XVIII əsrin bütün
böyük monarxları özlərini belə
aparırdılar.
I Pyotrun vəfatından
18 il sonra Avropanın bu qızının
Rusiyaya gəlməsini, o, özü çarın sivilizasiyaya
və böyüklüyə doğru hərəkətinin
davamı kimi hesab edirdi. Naməlum ölkəyə
yollanan və imperator hissiyyatı ilə, ağalıq
ambitsiyaları və Prussiya kralının intriqaları ilə
cuşə gələn bu yeniyetmə qız böyük macəralar
yoluna qədəm qoymuşdu.
Yekaterina məhəbbəti lazım olan yerlərdə
axtarmırdı. “Özüm haqqında deyə bilərəm
ki, qadın ağlı ilə deyil, məhz daha çox
kişi ağlı ilə fərqlənən həqiqi centlmenəm”.
O, Potyomkinə yazmışdı: “Bəla orasındadır
ki, ürəyim bir saat da olsun sevgisiz yaşamaq istəmir. Məni həmişəlik öz yanında saxlamaq
istəyirsənsə, onda bərabər dərəcədə
öz sevgini və dostluğunu göstər, hər şeydən
daha çox yalnız məni sev və mənə həqiqəti
de”.
Rusiyada baş çıxarmaq, onu idarə etmək asan məsələ
deyildi. Yenicə dünyaya gəlmiş ABŞ kimi Rusiya da
quldarlıq ölkəsi idi. Rus
tarixçilərindən fərqli olaraq Qərb tarixçiləri,
Qərb ictimaiyyəti təhkimçiliyi quldarlığın
bir növü hesab edirlər. İngiltərə
bu kölə sistemindən hələ XIV əsrdə
uzaqlaşmışdı. Bu ona görə
quldarlıq hesab olunur ki, təhkimçilik quruluşunda təhkimçi
kəndlilər özəl mülkiyyət hesab olunmaqla, onu
satmaq və almaq olardı.
Amerikanın bani-ataları kimi, Yekaterina tezliklə
Maarifçilik epoxasına özünün entuziazmı ilə
quldarlıq arasındakı paradoksla barışmaq məcburiyyətində
qaldı. O,
Volterlə və Avropa maarifçiliyinin digər nəhəngləri
ilə yarım açıq yazışmasında insan
haqları məsələsini müzakirə edirdi. Bu yazışma da ictimai intellektin və
diplomatiyanın incisinə çevrildi. Fransız
ensiklopedisti Deni Didro bir neçə ay Sankt-Peterburqda
Yekaterinanın qonağı olmuşdu, həm də
imperatriça Didronun kitabxanasını almışdı.
O, həmin dövrdə Avropada satışa
çıxarılan köhnə dahi rəssamların
kolleksiyalarının bir hissəsini almaqla avropalılara
göstərdi ki, “Şərqdə qardan və canavarlardan
başqa da nəsə vardır”.
Yekaterinanın şəxsi həyatının mürəkkəbliyi
ucbatından onu tarixçilər daha çox
qınayırlar. Yekaterinanın bütün ömrü
boyu 12 məşuqu olmuşdur. Onlardan bəziləri
ilə o, uzun müddətli, ehtiraslı və tam sədaqətə
əsaslanan münasibət saxlayırdı. Onlardan bəziləri dahi şəxsiyyətlər
idi. Məsələn, Qriqori Orlov
Yekaterinaya ağlı taraz olmayan əri III Pyotru devirib,
öldürməkdə kömək etmişdi. Digəri, Qriqori Potyomkin Rusiyanın cənubunda
türklərdən nəhəng ərazilər
almışdı. II Yekaterina öz məşuqu
Potyomkini “epoxanın ən böyük orijinalı”
adlandırırdı. Onun digər məşuqları
yaxşı görünüşü olan gənc kişilər
idi, lakin bu münasibətlər uzun sürmürdü.
Ancaq
Yekaterina epoxasında hər bir şəxsi iş də siyasət
hesab olunurdu, bu qadın da öz məşuqlarından
çoxu ilə intim əlaqələri kəsildikdən sonra
da onlardan istifadə etməsini davam etdirirdi. Onlardan
biri olan Stanislav Ponyatovskini Polşanın kralı etdi və məhz
onun vaxtında polyakın doğma Vətəni
parçalandı, sonra isə Rusiya imperiyasının tərkibində
əridi.
Lakin belə seriya şəkilli təknikahlılıq
heç də Yekaterinanın hissiyyatı ilə izah olunmur. O, sevmək və sevilmək
istəyirdi. O, iyrənc əri ilə emosional vakuumda
yaşayırdı. Potyomkinə
yazdığı məktubdan görünür ki, ona təkcə
fiziki məmnuniyyət deyil, həm də ağıllı və
sevilən dostluq ünsiyyəti lazımdır. O, 16
yaşı olanda psixi vəziyyəti ümid doğurmayan
yeniyetməyə ərə getmişdi və bu ər doqquz il ərzində nikah çarpayısında ona
toxunmamışdı. Sonralar Fransa kralı olmuş XVI Lui də
gənc arvadı Mariya Antuanetta ilə yeddi il ərzində
intim yaxınlıq etməmişdi, bu onun cinsi
orqanındakı fəsadla əlaqədar idi və yalnız
qaynı, gələcək Müqəddəs Roma imperatoru II
İosifin təkidindən sonra üzərində cərrahiyyə
əməliyyatı aparılmasına, əslində
özünə sünnət olunmasına razılıq verdikdən
və əməliyyat uğurla başa çatdıqdan sonra
gözəl xanımı ilə əsl ər-arvad münasibətləri
saxlaya bilmişdi.
Yekaterinanın üç uşağını elə
doğum anında qarayaxa və qısqanc ögey nənə
olan Rusiya imperatriçası Yelizaveta onun əlindən
almışdı. Yaşa dolduqca o, gənclik fəvvarəsini
axtarmağa maraq göstərmişdi. O, özünü
gənc qadın kimi aparmaq istəyirdi, bunu ehtirasla və cavan
kişilərə uymaqla eyniləşdirirdi. Yekaterina
təkcə Rusiyanın tiranı deyildi, həm də canı
və qanı olan bir qadın idi.
Bir
imperatriça kimi isə o, öz ölkəsinin sərhədlərini
genişləndirməyə can atır və buna əsasən
nail olurdu. Bu məsələdə də o,
Böyük Pyotrun ləyaqətli varisi olduğunu bir daha
sübuta yetirdi.
Tomas
Cefferson
Fermopil
keçidindəki döyüşün qəhrəmanı,
Sparta çarı Leoniddən soruşduqda ki, niyə adamlar
şərəfli ölümü şərəfsiz həyatdan
üstün tuturlar, o, cavab verdi: “Onlar hesab
edirlər ki, həyat və ölüm təbiətin
işidir, şərəf və şərəfsizlik isə
bizim”.
Plutarx
Azmağa minlərlə yol aparır, həqiqətə
isə yalnız biri.
Jan-Jak
Russo
Birləşmiş Ştatların
üçüncü prezidenti, İstiqlaliyyət
Deklarasiyasının əsas müəllifi və nüfuzlu
siyasi filosof Tomas Cefferson 13 aprel 1743-cü ildə
Virciniyanın Albemarl qraflığının Şadyell şəhərində
anadan olmuşdu. Onun atası qraflığın ilkin məskunlarından
biri və lideri idi. Tomasın 14
yaşı olanda atası ölmüşdü və
oğluna xeyli mülkiyyət qoyub getmişdi. Bu irsin hesabına o, yaxşı klassik təhsil
almışdı. 1760-cı ildə o,
Uilyam və Mariya kollecinə daxil olmuşdu. Gənc olmasına baxmayaraq Uilyamsburqun üç
aparıcı sakini ilə dostluq etmişdi. Bu
üç xeyli yaşlı adam Ceffersona
şəhər cəmiyyətinin dəyərlərinə,
yaxşı cəhətlərinə zövq
aşılamışdılar. Onlardan biri onu
intellektual həvəsə istiqamətləndirmiş, digəri
onda təbiət elmlərinə, tədqiqatın rasional
metodlarına maraq oyatmışdı. Üçüncüsü
isə ona tarixi, mədəniyyəti, institutları və
adamların əxlaqını başa düşməklə,
qanunu öyrənməyin yolunu göstərmişdi.
Kolleci iki
ilə bitirdikdən sonra axırıncının rəhbərliyi
altında beş il qanunu öyrənməklə
məşğul olmuş və 1767-ci ildə vəkilliyə
qəbul edilmişdi. 1769-cu ildə isə o, koloniya
qanunvericilik parlamentinin aşağı palatasına daxil
olmuş və beləliklə, gələcəkdə onun Birləşmiş
Ştatların prezidentliyindən istirahətə
yollanacağı vaxta qədərki 40 il
müddətində davam edən uzun siyasi karyerası
başlanmışdı.
Cefferson
Burgess palatasına daxil olanda Virciniya və digər koloniyalar
on il ərzində Britaniyanın müstəmləkə
siyasətinə qarşı müxalifət mövqeyində
dayanmışdı, bu isə labüd olaraq inqilaba və
müstəqilliyə aparacaqdı. Cefferson Patrik
Henri ilə yanaşı daim kral III Corca güclü
müqavimət göstərən digər şəxslərə
qoşuldu və tezliklə bu qrupun liderlərindən birinə
çevrildi. Onun siyasi üslubu Henrininkindən
çox fərqli idi. O, bir alim kimi qanunçuluq və
tarix sahəsindəki biliyini Böyük Britaniyaya
qarşı olan hərəkatı daha məharətlə dəstəkləməyə
sərf edirdi. O, nadir hallarda çıxış edirdi,
söz müzakirələrini sevmirdi, səmərəli siyasi
fəaliyyət üçün razılaşmanın zəruri
olmasını qəbul edirdi. Onun ilk essesi olan “Britaniya
Amerikası haqlarına məcmu baxış” (1774-cü il) onun güclü qabiliyyətini və
ehtirasını nümayiş etdirirdi, intellektual radikalizmə
meylini açıb göstərirdi. Bu vaxt onun
kolleqalarından heç kəs Britaniya parlamentinin qanunvericiliyə
görə koloniyalar üçün heç bir səlahiyyətə
malik olmadığı barədə gəldiyi nəticəni
qəbul etməyə hazır deyildi. Ancaq
Böyük Britaniya ilə münasibətlər getdikcə
daha da pisləşirdi.
Onun arqumentləri daha qəbul edilən olmaqla, dili isə
həm inandırıcı, həm də adamları hərəkətə
gətirən idi. “Allah bizə həyat verməklə, eyni
zamanda azadlıq vermişdir; güc əli onları məhv edə
bilər, lakin bir-birindən ayıra bilməz”.
1775-ci ilin yazında Virciniya qanunvericiliyi kral qubernatoruna
açıqca tabe olmamaqla, inqilabi qurultayını
keçirdi və Ceffersonu Filadelfiyada toplaşacaq İkinci
Kontinental Konqressə yollanacaq öz nümayəndə heyətinin
üzvü təyin etdi. Burada o, Konqressdəki radikal qrupa
qoşuldu və bir komitə üzvü kimi yenə də onun
bacarığı, yazı qabiliyyəti və yanaşma
üslubu qiymətləndirildi və bunlardan istifadə edildi.
1776-cı ilin iyununda Böyük Britaniya ilə əlaqəni
tamam kəsmək qərarı yaxınlaşdıqca, Cefferson
bu qərarın səbəblərini göstərən rəsmi
bəyanatın layihəsini hazırlayan komitəyə təyin
edildi. İstiqlaliyyət Deklarasiyasını
hazırlamağa ondan başqa Con Adams, Rocer Şerman, Robert
Livinqston və Bencamin Franklin seçilmişdi. Bencamin Franklin və Con Adams virciniyalının
yüksək istedadını etiraf edib, minnətdarlıq
şəklində buna baş əydilər. Beləliklə, Cefferson İstiqlaliyyət
Deklarasiyasının başlıca müəllifinə
çevrildi. Bu rəsmi dövlət sənədi
idi və sonrakı dövrdəki həyatında da o, bəyan
etmişdi ki, bu sənəd o vaxtlar da amerikan rəyini ifadə
etmək məqsədini güdürdü. Bu, heç şübhəsiz, doğru idi, lakin həm
də bu da doğru idi ki, Deklarasiyanın prinsiplərinə
onun şəxsi münasibətinin özü də dərin və
çox güclü idi. Bu sadəcə ədəbi
müəlliflik deyildi, Cefferson Deklarasiyada ifadə olunan
idealların unikal simvolu olmaq düşüncəsini
yaradırdı.
(Ardı var)
Telman Orucov
525-ci qəzet.-
2013.- 16 fevral.- S.18.