Müşfiqin 3G proqnozu
Ayrılıq həmişə ayrılıq kimidir – 10 dəqiqə də çəksə, 10 il də. Həmişə də belə olub: ortaya dəniz kimi də düşsə, aradan çay kimi də axsa. Qıtlıq, tamarzılıq elədir ki, çoxu-azı olmur – varsa, var, yoxdursa, yoxdur. Məsələ ayrılığı nə cür yaşamaqda, necə öldürməkdədi...
Onsuz da özlüyündə çox avara, çox namərd vəziyyətdir ayrılıq. Ağlı kəsən, ürəyi döyünən hər adam üçün belədir. Şairin ayrılıq çəkməyi, tamarzı qalmağı isə lap qəliz situasiyadır. İnilti-sızıltının, ah-nalənin biri... havayı. Hələ üstündə də neçə damla göz yaşı “hədiyyə”! Dünya nədir, lap qalaktikanı ovuc içində gətirib versən də, bu dəfə başqa qalaktikaların xiffətiylə gözünün yaşını, burnunun suyunu axıdası bir adamın ayrılıq hissini ovutmaq, tamarzılıq duyğusunu yatırtmaq xam xəyaldır.
Amma insanın – şair olsa da, olmasa da – xəyallarını ən çox “qıdıqlayan”, xəyal gücünü ən yaxşı hərəkətə gətirən də elə ayrılıqlardır bəlkə...
Əzəl gündən belə qərar verilib şairin gün-dirriyinə: ayrı düşdüyü hər haradırsa (evdirmi, eldirmi...), tamarzılıq çəkdiyi hər kimdirsə (sevgilidirmi, “dost”durmu...), ordan bir xəbər bilmək, ondan bir soraq almaq istəyib – “əsən yellər, əsən yellər!..” misalınca. Uzaqdan-uzağa xəbər tutcaq, ya əlinə bir nişanə yetcək, dərhal məktub gətir-götürü, dilcavabı ismarıc alış-verişi keçib könlündən. Sonra səs eşitmək, nəfəs duymaq ehtiyacı, axırda da...
Bəs necə: şair xəyalıdır bu, durub-dincəlmək bilməz.
İndilərdə bütün bu imkanlar ən aciz-əfəl şairin də ya əlinin altında tapılar, ya cibinin dibində. Nə olsun, yenə də nalə-fəryad, sızıltı-göynərti səngimir – “Ney kimi hərdəm...”
lll
Repressiya vaxtı sinəsinə, kürəyinə vurulan məhkum nömrəsi necə yaraşmırdısa Mikayıl Müşfiqə, adının, imzasının üzərinə sonralar yapışdırılan “gözəl şair”, “incə lirik şeirlər müəllifi” kimi yarlıqlar da bir elə uyğunsuz, yetərsiz görünür əslində.
Müşfiqi təkcə “Yenə o bağ olaydı”nın, “Oxu, tar”ın, “Könlümün dedikləri”nin, “Duyğu yarpaqları”nın müəllifi kimi tanıyıb-tanıtmaqda, sözsüz ki, böyük təhrif var. Amma Müşfiqin “sosializmə, Kommunist partiyasına, Leninə, Stalinə...” yazdıqlarıyla “tanıdılması”, guya bu yolla “daha geniş öyrənilməsi” də bir o qədər naqis niyyətdir, yaramaz əməldir.
“İstiqlal mücahidi, alovlu mübariz” ünvanı yersiz ifratdır – şişirtmədirsə Müşfiqə münasibətdə, “partiya-sovet şairi, kommunist əlaltısı” təyinatı isə haqsız təfritdir. Belə görünür, bütün bu yanaşmaların hamısı vacibdir, hər biri ortada olmalıdır ki, onların arasından Müşfiqin əsl şair qədd-qaməti, gerçək yaradıcı siması özünün tam aydınlığı, dolğunluğuyla boy verib görünsün. Yalnız bu şərtlər ödənəndən sonra Müşfiqin təfəkkürünün miqyası, gələcəyə dikilən baxışlarının sərrastlığı, ən əsası da, xəyal gücünün imkanları şəkk-şübhədən arına, fakt kimi biryolluq təsdiqlənə bilər.
lll
İstedad, ilham, duyğu, hissiyyat – bunlar şairliyin, ən əsas da Şərq şairinin fitrətində var, əlbəttə, əsl şairdən söhbət gedirsə. Şərqin (onun da içində bizim Azərbaycanın) şairlərini, xüsusən son yüzillərdə daha çox “intellektuallıq cinahı”ndan, “elmlə texnologiyanı, məzmun planında, şeirin malına çevirmək” səmtindən “vururlar”. Onlara şeirin hissidən rasionallığa keçidindəki ləngiməni, tərəddüdü, hətta bu yoldakı “fərariliyi” irad tuturlar.
Buralarda isə o cür fikirlərə, adətən, gülüblər, elə indi də çox vaxt gülürlər. Sadə bir səbəbə görə: başlarına töhmət kimi çırpılan o meyarlarla yazılanları şeir saymayıblar çünki. Heç bu zəmindəki doğma bünövrəni, sanballı ənənəni də xatırlamaq istəmirlər, yada salanlara da nəhs istisna kimi baxır, “şeir deyil, əmək təlimidir, politologiya dərsidir, iqtisadi nəzəriyyədir...” tipli rişxəndlərlə guya gülüş hədəfinə çevirirlər. Dava bunların üstündədir – vəzn, ritm, melodiya, hiss, intonasiya, söz oyunu, hüzn, yanğı, 50 qramlıq da göynərti, nisgil...
lll
1931-ci ilə aid edilən “Zəfər səsləri”ndə 23 yaşlı Müşfiq milli-qlobal enerji problemlərinə həm öz vaxtının, həm indinin – hələ adi insanları bir yana – mütəxəssislərindən də həssas, usta yanaşma sərgiləyib:
Zaman gələr
torpaq bizdən
əsirgəyər petrolunu...
...Yer üzündə sular var,
sularda
dalğalar var,
dalğalarda rüzgar
var:
Həpsi
bizim qüvvətimiz,
biz suları, küləkləri
fəth edəriz...
Həp bunlarla genişlənər
dünyamızın
çərçivəsi...
Bu da həmin şeirdəndir:
Su altında qaz alovu yaratmaq –
İnsan
üçün bu, sadə bir oyuncaq...
“Maddi sərvətləri
insan kapitalına çevirək!” – günümüzdə
tez-tez səslənir bu çağırış,
son zamanlar dəbdə
olan fikirlərdəndir.
Müşfiqdə isə
buna 1936-nın “TərtərHES”
nəğmələrində də rast gəlirik:
...Bu dünyada bir kapital
Varmı
İnsan oğlu kimi?;
37-nin “Duyğu yarpaqları”nda da:
...Hər an təbiəti
gözəlləşdirən
Bu İnsan – tükənməz
bir kapitaldır!
Elmi kəşflərin,
texnoloji icadların dini mətnlərdə, səmavi kitablarda hələ çox-çox
əvvəldən xəbər
verildiyi barədə mülahizələr necə,
dövrümüzdə azmı
səsləndirilir? Tez-tez, bol-bol eşidilir! Kimlərin Kitabında xəbər verilir, amma kimlər
kəşf edir, ya da icad
kimi çıxarıb
ortaya qoyur onları – bu, başqa söhbətdir.
Ancaq böyük usta Artur Konan Doylun – “Nəsrlə yaxud nəzmlə yaradılan, insan ruhu üçün faydalı olan bütün əsərlər,
müəyyən mənada,
Başqa Aləmdən
göndərilən kəlamlardır”
– tezisi eynən Müşfiqin “Telefon söhbəti” şeirinin boyuna biçilib:
Sən məndən uzaqsan, mən səndən uzaq,
Uzaqdır sevimli gözlərin yenə.
Yaxındır, telefon sayəsində,
bax,
Ürəkdən saçılan sözlərin
mənə.
Məhəbbətin dərin, xəyalın dərin,
Nə çıxar
sözlərə könlümü
versəm?!
Əslinə varmaqçün bu
söhbətlərin,
Nolur, gözlərini
telfonda görsəm?!
Əlbət, böylə qalmaz
yarın bu ölkə,
Telfonda fikrimi açarkən sənə,
O həsrət qaldığım
üzün də bəlkə
Uzaqdan-uzağa görünər mənə.
Müasir 3G – görüntülülü telefon
əlaqəsinə imkan
verən üçüncü
nəsil rabitə texnologiyası ilə bağlı arzusunun açıq-aydın ifadə
edildiyi bu şeiri Mikayıl Müşfiq 21 yaşında
yazıb. Eşqin, şövqün, xəyalların
gücünə! Ancaq
həm də başındakı ayıq
beynin, o beyindəki sağlam düşüncələrin,
bir də, çox güman ki, dövrünə görə normal mütaliənin,
biliyin hesabına! Ona görə də fikirləri arzudan çox, qəti əminliklə səsləndirilən,
gerçəyə çox
yaxın proqnoz xarakteri daşıyır.
Müşfiqin 85 il sonrakı
– bugünkü yaşıdları
olan “şeirçi”lərə
isə dünyanın
bu gen vaxtında sosial şəbəkələr,
cürbəcür telefonlar
bəs eləmir, 3G ilə yetinmirlər,
4-cünü də böyrünə
qoşurlar... Yenə də
hansısa “əcaib həsrət”, “bədheybət
hicran” guya amanlarını kəsir;
ha güc versələr
də, səsləri iniltidən-ciyiltidən yüksəyə
qalxmır. Baxışlarının hədəfi içki şüşəsindən uzağa
getmir, hislərinin dərinliyi həmin şüşə qədər,
hənirtiləri də
ya o şüşənin
dibindən, ya da yan-yörəsindən gəlir. Ha dinşəyirsən,
elə hey sızıltılar,
fısıltılar eşidilir,
başqa heç nə. Boğaz eyni, avaz eyni,
not eyni...
Müşfiqin ehtiraslı bir etirazı vardı belə “eynilik”lərə:
Nə deməkdir
bu aldanış?!
İşdən danış, gücdən
danış,
Çağır yeni mahnı, şair!
İşə keçməz boş
nəğmələr,
Dodaqaltı zümzümələr:
Orkestrin
hanı, şair?!..
Yenə
Müşfiq olaydı!..
Seyfəddin HÜSEYNLİ
525-ci qəzet.- 2013.- 16 fevral.- S.19.