Gecikmiş etiraf
Telefonun dəstəyindən
yüz adamın səsi arasından seçilə bilən
gur, qalın səsi qulağımdan daşıb, işlədiyim
otağın boşluğuna töküldü:
– Ə, nə
var, nə yox, haralarda itib batmısan, görünüb eləmirsən...
Bu onun səsi
idi – Tofiq Bayramın! Desəm ki, dost idik, ya da butulka
yoldaşlığı etmişdik, yalan olar. Mən hələ
rayonda yaşayanda bir-iki dəfə bəzən tək, bəzən
də şair tay-tuşları ilə Tovuza oxucularla
görüşə gələndə bir yerdə olmuşduq.(Tovuz İsmayıllı deyildi ki, yaxın
olduğundan Bakıda yerindən duran, “atlanıb” Musa Yaqubun
“Buynuzunda” qərar tutaydı. Uzaqlığından
Bakının “əli” Tovuza ildə-ayda bir dəfə,
handan-hana çatırdı...) Tovuz mədəniyyət evinin
daş qulaqları, elə bilirəm, indi yazacağım
misranı hələ də unutmamış olar. Rəhmətlik
Tofq Mahmud kürsüdən Tovuza həsr etdiyi şeirin son
misralarını, – Çox sevdiyim üçün ana Vətəni,
Deyirəm bu canım Tovuza qurban” – deyəndə adaşı
Tofiq Bayram yerində dura bilməmiş, hamının eşidəcəyi
bir nida ilə: – İçi şərab dolu hovuza qurban”
hayqıranda yer yerindən oynamış, alqış səsləri
salonu titrətmişdi... (Pis-yaxşı, o illərin ədəbi
havası, coşqusu bir başqaydı...)
Əmircanda doğulsa da, uşaqlığı
Ağstafada keçmişdi, bəlkə buna görə də
başqa şair tay-tuşlarından fərqli olaraq bizim tərəflərə
sıx-sıx gələrdi. Ağstafada “vurub-tutan”
Dadaş adlı bir dostu da vardı, əli Dadaşa yetdimi, bir
də görərdin hardansa böyürdən
çıxdı. O zamanlar sərbəst şeir yazanlara
rəhmətlik Rəsul Rza hamilik eləyirdi, heca şeirinin gənc
təmsilçiləri isə anası ölmüş
çolpa kimi Allah ümidinə qalmışdılar. Yaşı elə də çox olmamasına
baxmayaraq, Tofiq Bayram gücünün yetdiyi, imkanının
çatdığı qədər “hecaçılara” kömək
etməyə çalışardı. Belə
bozbulanlıq günlərin birində aramışdı məni
rəhmətlik:
– Ə,
axşam bir bizə gəl səninlə işim var .
İkidən-birdən evinə getməmişdim,
qapısının səmtini də tanımırdım. Ünvanını
soruşdum. İçən olduğunu
bildiyimdən axşama doğru bir araq da alıb
qapısının zəngini çaldım. Çörəyi daşdan çıxan,
halallıqla yaşayan şair evi necə olmalıydısa, eləcə
kasıbyana bir mənzildə yaşayırdı. Evdə bir özü, bir də həyat
yoldaşı idi. Görüşdük, əlimdəki
arağı görüb deyindi:
– Ə, bu nədir, alıf gətirmisən, sən ki
içən deyilsən.
Xudmani
iş otağında oturduq, ənənəvi, havadan-sudan
danışdıqdan sonra əsl mətləbə keçdi:
– Ə,
filankəs (O zamanlar “Gənclik” nəşriyyatında bədii
ədəbiyyat şöbəsinin müdiri işləyən
ağstafalı, hardasa eloğlum sayılacaq, əlindən
istedadlı adamlara badalaq vurmaqdan başqa bir şey gəlməyən
birisinin adını çəkdi,) sənin papkanı (yeni
kitabımın əlyazmasını nəzərdə tuturdu)
çağırıb mənə verdi və üstəlik
tapşırdı da ki, burda Sumqayıt, Daşkəsən,
Neft Daşları mövzusu yoxdur, apar bir mənfi rəy yaz
verək qoltuğuna, mən də alıb gətirdim evə və
oxuduqca bir neçə elə şeirinlə
qarşılaşdım ki, əlimi kəssələr də,
onlara görə kitabına mənfi rəy yaza bilməzdim. Bilirsən, heç yanda işləmirəm,
uşaqlarımı tərcümə və kitab rəyləri
yazmaqla dolandırıram. Qağanın
sözünə baxmayıb kitabına müsbət rəy
yazsam, bir daha mənə rəyə kitab verməyəcək.
Amma mən vicdanıma qarşı gedə bilmərəm,
görürəm papkan nəşriyyatda çoxdan yatır,
burada zəif şeirlər də var, al götür, onları
çıxar, yerinə yeni şeirlərindən əlavə
edib gətir, sənə müsbət rəy yazacam.
“Qağa” kəlməsini eşidən kimi bu
qanqaraçılığın içində dodağım
qaçdı.
Bunu görən Tofiq: – Ə, hansı gününə
gülürsən? – deyib
sınayıcı nəzərlərlə altdan yuxarı məni
süzdü. Dodağımın
qaçmasına səbəb isə Zuğulba Gənclik
düşərgəsində keçirilən gənc
yazıçıların respublika müşavirəsində
baş verən bir hadisənin yadıma düşməsi idi.
Yaradıcı adamların işi-gücü qurtarıb
o zamankı müşavirənin müzakirəsinə
“Şeir heca ilə yazılmalı, yoxsa sərbəstlə”
mövzusunu çıxarmışdılar.Tofiq Bayram da
şeirin heca qanadını müdafiə etmək
üçün kürsüyə
çıxmışdı və yavaş-yavaş mətləbə
keçib sərbəst vəznin “qabırğasına”
döşəyirdi. Gənclər
arasında Tofiqin çıxışına qarşı
etiraz səsləri yüksəlirdi ki, salondakılar bir nəfərin
tələsik bayıra çıxdığını
gördülər. Bu, adıbəlli
“qağa”dan başqası deyildi. Qağanın müzakirənin
qızğın yerində bayıra qaçması Tofiq
Bayramı haldan çıxarmışdı ki, cümləsini
yarımçıq kəsib arxasınca
qışqırdı:
– Ə, qağa, məni qızışdırıb
kürsüyə çıxardıb, özün hara
qaçırsan?
Bayıra
çıxmaq üçün qapıya yönələn
“qağanın” cavabı gecikmədi:
–
Ağlın olaydı, qızışmayaydın!
Bu dialoq
salonda gülüşmələrə səbəb
olmuşdu.İndi bəlkə elə o gülüşlərin
dalğası idi gəlib dodaqlarıma qonan...
Tofiqin dediyi kimi də edəcəkdim. Və o nəşriyyatda
işləyən tanrıtanımaz, plana salınan kitabıma
yenə əngəl olmağa çalışacaqdı, amma
ortada Tofiq Bayramın müsbət rəyi olduğundan bir
şey edə bilməyəcək və beləcə ikinci
kitabım işıq üzü görəcəkdi. Yox, bunları söyləməkdə məqsədim
rəhmətlik Tofiq haqqında xatirə yazmaq deyil. Bir gün, əlbəttə, ömür vəfa
qılsa, onunla bağlı xatirələrimi də çap
etdirəcəm. İndisə
sözümün üstünə gələndə məqsədimi
anlayacaqsınız. ”Gənclik” junalının baş redaktoru
işləyəndə (Hardasa səksən doqquzuncu il
olardı) günlərin birində katibə qız Tofiq
Bayramın zəng elədiyini söylədi, hal-əhvaldan
sonra:
– Ə, bir lirik poema yazmışam, istəyirəm onu sən
çap edəsən.
Hər
zaman mənə yaxşılığı keçmiş bu
adama “yox”u necə söyləyim deyə fikirləşib tərəddüd
etdim, amma demək məcburiyyətində idim:
– Tofiq
müəllim, axı bizim jurnal gəncliyin jurnalıdır, səni
çap eləsəm, sonra yaşlıların
qabağını ala bilməyəcəm. Öz
qoyduğum qaydanı özüm necə pozum?!
– Ə, səfeh
(bu, onun ərklə az qala hamıya dediyi
sevimli sözü idi) bu sən deyən poema deyil, ey, oxusan
görəcəksən, orda ol ha, bir yana getmə, gəlirəm,
– deyib telefonu qapatdı
Bir azdan pəncərəmin önündə
“Zaparojis”inin gurultulu səsi eşidiləcəkdi. İçəri girəndə
çoxdan görüşmədiyimizdən gözlərimə
inanmayacaqdım, rəngi solmuşdu axsayışı, əlindəki əsası
ilə səksən yaşlı qoca bir kişini
xatırladırdı. (Zamanın
zanqıldasın dünya, salonları coşduran Tofiq Bayram
getmiş, yerinə yaşlı biri gəlmişdi!) Özümü o yerə qoymadım. Oturub dərdləşdik. İçimdən
keçənləri hiss etmiş kimi:
– Şəkər
axırıma çıxır, – dedi.
Sonra sıra poemanı oxumağa gəldi, əsərin
oxunuşunu sonraya qoymaq istəmirdi, “elə indi oxu” – deyirdi. Təkidini görüb
poemanı nigarançılıqla oxumağa başladım və
oxuduqca da içim rahatladı, bu mənimçün, yeni
arayışlar içində olan jurnalımız
üçün göydəndüşmə, Allahın
yetirdiyi bir əsərdi, onu təbrik etdim, bircə anda
üzünün rəngi dəyişdi, əvvəlki Tofiq
yavaş-yavaş gözümdə canlanmağa başladı,
şairi yaşatmaq üçün ürəkdən gələn
xoş sözdən başqa nə lazımdır ki?!
–
Poemanı elə bu nömrədəcə çap edəcəm,
amma iki şərtim var.
– Ə, səfeh, yenə nə şərtdi qoşursan?
– Mənə
təcili ağ-qara bir şəklini göndərəcəksən,
o şəkli həm pozitiv, həm də neqativ variantda
çap edəcəyik.
Bu şərtimi
eşidib, içi rahatladı:
– Niyə
elə vermək istəyirsən ki?
–
Çünki bu poemada iki Tofiq var; biri, bir zamanlar səhvlər
edən, boğazdan yuxarı kimlərisə tərifləyən,
o birisi isə tutduğu işdən peşman olub etiraf edən
Tofiq! Bu səbəblə də şəklini də
neqativ və pozitiv variantda versək, yaxşı olacaq.
Etiraz etmədi.
– Bəs
ikinci şərtin nədir?
–
İkinci şərtimi yazını jurnalda oxuyanda biləcəksən,
– dedim.
Sonra elə rəhmətliyin öz yanındaca məsul
katibi çağırtdırıb poemanı növbəti
nömrəyə verməsini tapşırdım. Bunu görən Tofiq:
– Ə, bəlkə
qonorarı da öncədən verdirəsən, ehtiyacım
var, – dedi.
Çap
olunmamış yazıya heç zaman əvvəlcədən
qonorar verməmişdik. Amma bu boyda şairin
etirafı içimi sızlatdı və anındaca
qonorarını da ödətdirdim.
Ön sözümlə jurnalın ilk səhifələrində
çap olunan poema geniş dalğa doğuracaqdı, əlbəttə,
bu əks-sədanın mənim ön sözümlə bir əlaqəsi
yoxdu. Ön
sözü ona görə xatırladıram ki, orada ikinci
şərtim-filanım yoxdu, sadəcə ön sözün
sonunda yazmışdım ki, etirafa qalanda, bəlkə də
Tofiq, Yazıçılar İttifaqı üzvləri
arasında sonuncu etiraf edənlərdən olmalıdır, o qədər
illər boyu səhvlər buraxmış yaşlı sənətkarlarımız
var ki, “Gəncliy”in vərəq qapısı onlar
üçün də açıqdır, buyurub etiraf və
tövbə etsinlər. Amma kimə deyirsiniz,
daşdan səs çıxdı, bizim yaşlı yazarlardan
səs çıxmadı.
Və indi yaşımın elə vaxtına gəlib
çıxmışam ki, o etiraflardan birini də mən etməli
olduğumu düşündüm. Bu etirafı etmədən
əvvəl Tofiqlə bağlı kiçik bir xatirəmi də
yazmaq ağlıma gəldi. Aradan xeyli keçmişdi,
qohumlarımdan bir mənə teləfon açıb
narazılığını bildirdi: – A kişi,
sən necə adamsan, Tofiq Bayramın yanına niyə getmirsən,
o da bunu qəzetlərə verdiyi müsahibələrdə
hamıya bildirir.
Qəzeti gəzib tapdım, giley dolu bir müsahibə
idi.
Müxbirin “Dostlarından kimlər yanına gəlir, kimlərin
yanında görmək istərdin” sualına:
– Heç kim gəlmir, Məmməd İsmayıl və Malik Fərruxdan
ötrü burnumun ucu göynəyir, – cavabını
vermişdi.
Bu cavab mənə şillə kimi dəydi. Və
ayından-oyundan alıb axşamların birində
qapısını döydüm. Yox, bu mənim
tanıdığım mənzil deyildi, onda, hardasa Nəsimi
bazarının yaxınlarında başqa bir binada
yaşayırdı. Məni görəndə
sevindi, amma elə də sevinəcək halda deyildi.
– Qanqrena
olan ayağımı
kəsdilər, indi də şəkər
gözümün işığını əlimdən
alır, Məmməd, şəkər axırıma
çıxdı, daha bundan sonra yaşamağın bir mənası
qalmadı.
İstədim
keyfini açam, elə öz sözləri və öz tərzi
ilə dedim:
– Ə, səfeh,
axı sənin məndən on dəfə yaxın
dostların var, niyə onların adını çəkmirsən,
məni qəzetlərdə biabır edirsən.
Bir az qırışığı
açıldı, “ha ha ha”yla başlayan özünəməxsus
gülüşüylə güldü:
– Ə, səfeh, onlar mənim butulka yoldaşlarım
idi, adlarını çəksəm də gələsi deyillər,
mən kimin adını çəkdiyimi yaxşı bilirəm.
Allah sənə rəhmət eləsin böyük
ürək sahibi İnsan. Gecikmiş olsa da, sənin
etirafına bir yenisini də mən əlavə edirəm... Bilmirəm, ömrün qürubunda belə bir
etirafın anlamı varmı?
Mən
çox pis adamam, özüm bilirəm,
Özüm boğuluram öz pisliyimdə.
Şeytan
bazarına meydandı sinəm
Köhnə
bazarkomdu xəsisliyim də...
Vaxtsız
etirafım bir yana varmaz,
Söylədən
zalımdı, söz üzüyola:
Bəlkə
mənim kimi kimsə bacarmaz,
Yaxşı
görünməyi pis ola-ola...
Nəyin
cəzasını çəkir yarasa,
Kor olan
gözümü dünya malında?!
Allahın
yanında üzün qarasa,
Ağartmaz
üzünü ağ saqqalın da...
Sonrakı
peşmanlıq... köhnə məsəlsə,
Çəkən çəkdiyinə peşiman olar.
Fikrimdən
keçənlər dilimə gəlsə,
Gündə
neçə dəfə ölüm-qan olar...
Bu
dünya tordusa, kimdi tor hörən,
Ayları, illəri çidar eyləyər.
İnsanın
bətnində nə varmış görən
Təmizi
aldığını murdar eyləyər...
Çoxdan
unutduğum bir söz var: ayıb!
Axırda
boşuna çıxdı səyim də;
Bəlkə
də sevilən biri olmayıb
Yalandan
özünü sevdirməyim də...
Gönü
axıtdınsa, boşuna yanma,
Qayıdıb gəlməz ki, əldən gedən var.
Mən
çox pis adamam, çox pisəm, amma
Məni də pisliyə bir öyrədən var.
Tanrıdan,
taledən yer yox gileyə,
Sor
özün özündən, sora bilirsən:
Bir
gün tapdığının qədrini niyə
Bir gün itirəndən sonra bilirsən?
Bir də
yaxşılığın qeydinə qalsam,
Köhnə yalanlardan tarımar canım.
Pisəm,
pisliyimi boynuma alsam,
Bəlkə günahlardan qurtarar canım.
Dəyəri
qalmadı çox dəyərlərin
Səxavət umalı pulu olandan.
Yolumu
azmışam, “nə deyərlərin,
Necə deyərlərin” qulu olandan.
Doğrunu görürsə görən gözlərin.
Mən
çox pis adamam, çox pisəm, amma
Məndən yaxşıları varsa, göstərin.
Söz
sözü gətirdi, söhbət uzandı,
Bəlkə
pisliklər də çıxdı aradan;
Özümü
bilmirəm, adım insandı
Belə
yaradıbdı məni Yaradan...
İyul, 2012, Yesentuki –
Fevral, 2013, Peredelkino
Məmməd İsmayıl
525-ci qəzet.- 2013.- 16 fevral.- S.28.