Şeyx İbrahim
Gülşəni Bərdəi-ən uzunömürlü
klassik şairimiz
Ölkəmiz
müstəqilliyinə qovuşduqdan sonra istər bizdəki əlyazmalarımızın
tədqiqi intensivləşmiş, istərsə də dünyanın
ən müxtəlif kitabxana və muzeylərində qorunan yazılı
abidələrimizin surətlərinin əldə edilməsi, araşdırılması,
nəşri əvvəlki dövrlərlə müqayisə edilməyəcək
dərəcədə artdı. Bu da öz növbəsində
ədəbiyyat, mədəniyyət, elm tariximizə, tarix
elmimizə yeni-yeni töhfələrini verməkdədir. Əgər
yazılı abidələrimizin araşdırılmasında
və tədqiqatçılara, geniş kütləyə
çatdırılmasında ilkin şərt bu əsərlərin
və ya surətlərinin əldə edilməsidirsə,
ikinci mühüm şərt də onları araşdıracaq
təcrübəli, geniş intellektual səviyyəyə
malik alimlərin olmasıdır. Sevindirici haldır ki, ölkəmizin
əsas əlyazma xəzinəsi olan AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunda yazılı abidələrimizi öyrənib
layiqli şəkildə tədqiqata cəlb etməyə,
oxuculara çatdırmağa qadir olan görkəmli alimlərimiz
yetişmişdir. İnstitutun Türkdilli əlyazmaların tədqiqi
şöbəsinin müdiri, filologiya üzrə elmlər
doktoru, professor Azadə Musabəyli öz
araşdırmalarında adı, xidmətləri müxtəlif
səbəblərdən unudulmuş, vaxtı ilə Vətənini
tərk etmiş, əsərlərinin əlyazmalarının
çoxu xarici ölkə kitabxanalarında saxlanan sənətkarlarımızın
irsinin üzə çıxarılmasına, əsərlərinin
layiqincə tədqiq və nəşrinə, bu yolla ədəbiyyat
tariximizin zənginləşdirilməsinə xüsusi fikir verən
alimlərimizdəndir. O, müxtəlif illərdə Şeyx
Dədə Ömər Rövşəni, Xəlili, Ruhi
Bağdadi və bir sıra digər şairlərin əsərlərini
araşdıraraq nəşr etdirmişdir. Azadə xanım
araşdırmalarında bir daha belə bir cəhəti
xüsusilə vurğulayır ki, azərbaycanlıların
mühacirət ədəbiyyatı hələ orta əsrlərdən
mövcud olmuşdur və orta əsrlərin mühacir
şairlərinin irsini ədəbiyyat tariximizə daxil etmək,
onların xidmətlərini göstərmək zəruridir.
Onun bu yaxınlarda çapdan çıxmış “Şeyx
İbrahim Gülşəni Bərdəi və türk
“Divan”ı (ilkin qaynaqlar əsasında araşdırmalar və
türk “Divan”ı əlyazmalarının müqayisəli mətninin
transfoneliterasiyası)” adlı 2 cildlik, 1215 səhifədən
ibarət kitabı ədəbiyyat tariximizdəki daha bir
boşluğu doldurmağa xidmət edir. Məsələ
orasındadır ki, Gülşəninin doğum yeri və
ili, həyatının bəzi məqamları barədə
fikir müxtəlifliyi mövcuddur. Ayrı-ayrı mənbələri
araşdıran tədqiqatçı şairin h.830-cü ildə
(m.1420) ildə Şimali Azərbaycanın Bərdə şəhərində
doğulduğunu, 15 yaşında ikən elmləri daha dərindən
öyrənmək məqsədi ilə Orta Asiyaya getmək istərkən
Təbrizə çatdıqda burada qalıb mədrəsədə
oxuduğunu, Ağqoyunlu sarayında nüfuz sahibi olduğunu, Səfəvilər
hakimiyyətə gəldikdən sonra Vətənini tərk
etdiyini göstərir. Gülşəni XV əsrin görkəmli
mütəsəvvif şairi Dədə Ömər
Rövşəni ilə görüşdükdən sonra, ona
intisab etmiş, xəlvəti təriqətinə
keçmişdir. Rövşəni ölümündən əvvəl
təriqətin başçısı və mürşidi
olan Şeyx Yəhya Bakuvinin ona verdiyi səccadəni
Gülşəniyə vermiş, başqa sözlə, onu təriqətin
başçısı elan etmişdir.
Şeyx
İbrahim uzun səyahətdən sonra Qahirədə Müəyyədə
camisində qərar tutur, Misir məmlüklərindən
böyük hörmət görür. Məmlük
Sultanları Guri, Tumanbay ona hörmət edir, məsləhətlərinə
qulaq asırlar. 1517-ci ildə Misiri fəth edən Osmanlı
imperatoru Yavuz Sultan Səlim də şeyxə hörmətlə
yanaşır, Sultan Süleymanın vaxtında oğlu Əhməd
Xəyali ilə o, İstanbula, saraya dəvət edilir.
İstanbulda alimlər, məşhur adamlar, xalq Gülşənini
böyük ehtiramla ziyarət edir, yaşadığı yerin
yaxınlığındakı camidə cümə
namazından sonra və başqa günlərdə vəz və
nəsihətlərini dinləməyə çoxlu sayda
insanlar toplanır. Şeyx İstanbulda, Ayasofyada 4 cümə
məclisi verir, bunların birində iştirak edən Sultan
Süleyman çox məmnun olur, özü və xalq
Gülşəniyə külli miqdarda mal
bağışlayır, şeyx bunları özü ilə
aparmayıb İstanbulda sərf edir. İstanbulun
havasının ona düşmədiyini bəhanə edən
Gülşəni Misirə qayıdır. 1534-cü ildə
Misirdə taun xəstəliyi yayılıbmış. Şeyx
Ramazan ayının 8-ci günü taundan qurtulmaq
üçün dua etməsini diləməyə gəlmiş
xalqa “mənim ruhum cümlənizə fəda və ivaz olsun”
deyib fatihə oxuyur, gecə səhərə qədər Quran
oxuyur, səhər duadan sonra dərvişlərə nəsihətlər
verir, son məqamında sürəkli şəhadətlə
məşğul olur, sonra “Allah, Allah” deyir, bir dəfə
alçaq səslə “Hu” (“O”, yəni Allah) deyərək
ruhunu təslim edir. 1534-cü ilin 24 aprelində ölərkən
onun 114 yaşı vardı.
Əski
mənbələr göstərir ki, bərdəli
şairimizin təxəllüsü əvvəllər Heyrəti
olmuş, sonralar o, mürşidi Dədə Ömərin təkidi
ilə Gülşəni təxəllüsünü qəbul
etmişdir.
Qeyd
etdiyimiz kimi, A.Musabəylinin 2 cilddə tərtiblədiyi
kitabın birinci hissəsində İbrahim Gülşəninin
həyat və yaradıcılığının tədqiq
tarixi, zamanı kontekstində həyatı, əlyazma irsi,
türk divanı əlyazmalarının elmi-paleoqrafik təsviri, tekstoloji tədqiqi,
müasir əlifbaya transfoneliterasiya problemləri, ideya-bədii qaynaqları,
poetik-üslubi özəllikləri və s. ilk dəfə
olaraq əhatəli araşdırılır. İkinci hissədə
Gülşəninin türk divanı əlyazmalarının
surətləri xarici ölkələrdən
alınmış 6 nüsxəsinin müqayisəli mətninin
və “Pəndnamə” məsnəvisinin transfoneliterasiyası
təqdim olunur. Şeyx İbrahimin türk, ərəb və
fars dillərində 10-dan artıq əsəri əlyazma
halında qalmaqdadır. Tədqiqatçı bunların
içində ən önəmli saydığı türkcə
əsərləri araşdırmışdır. Şairin
türkcə divanının 8 əldə olmayan və 6 surətləri
əldə edilmiş nüsxələri (İstanbul Millət
Kitabxanasında saxlanan 2 nüsxə, Sankt-Peterburqda, Vatikan Apostol
kitabaxanasında, Ankara Milli Kitabxanasında, İstanbul
Universiteti kitabxanasında saxlanan nüsxələr) barədə
ətraflı elmi-paleoqrafik,
tekstoloji məlumat verilmişdir. A.Musabəyli divanın
bütün əvvəlki xarici nəşrlərindən
danışmış, özünün bu son nəşrinin
hazırlanması, müasir əlifbaya transfoneliterasiyası
prinsiplərini açıqlamışdır. Kitabda
Gülşəni Bərdəi divanının ideya-bədii
qaynaqları, ümumən təsəvvüf, təriqətlər
və silsilənamələr, xəlvətilik təriqəti,
onun bir qolu olan gülşənilik, şairin mütəsəvvif
sələflərinə (İbnül-Ərəbi, Mövlana
Cəlaləddin Rumi, Yunus Əmrə, İbnül-Fariz, Nəsimi,
Seyid Yəhya Bakuvi, Dədə Ömər Rövşəni)
münasibəti, onlardan təsirlənməsi geniş şərh
edilir.
Müəllif
Gülşəni Bərdəinin türk divanının
poetik-üslubi özəlliklərini, buradakı təsəvvüflə
bağlı məqamları, bəzi sufi terminlərini, Qurani-Kərim,
qissələr, hədislər və s. ilə bağlı təlmihləri,
əruz bəhrlərini və heca vəznini, şairin dilini və
sənətkarlığını, şeirlərinin mövzu
dairəsini ayrıca tədqiqat
obyektinə çevirmişdir. Məlum olduğu kimi, təlmih
bədii ifadə vasitəsidir, poetik fiqurdur. Onun əsas əlaməti
tarixi hadisələrə, əsatir və əfsanələrə,
Quran ayələri və hədislərə, məşhur
alimlərin əsərlərinə işarə edilməsindən
ibarətdir. Ədəbiyyat tariximizdə bunun diqqətəlayiq
nümunələri vardır. Alim Şeyx İbrahimin
divanındakı Məhəmməd peyğəmbər (s.ə.),
Adəm, Yusif, Süleyman, Məryəm, Xızır, Tur
dağı və s. ilə səsləşən təlmihləri
açıb şərh etməklə bir tərəfdən
şairin sənətkarlığını sübut edir, digər
tərəfdən gənc tədqiqatçılara klassik
şeirin araşdırılmasına gözəl bir örnək
verir. A.Musabəyli kitabında Gülşəninin İzzəddin Həsənoğlu qəzəli
ilə səsləşən şeirini nəzərdən
keçirmiş, onun özündən sonra gələn
şairlərə təsirindən kifayət qədər
geniş danışmışdır. Əsərdə təbiətin
poetik təsvirində Xəlili, Xətai, Füzuli kimi sənətkarların
Gülşənidən təsirlənməsi ehtimalı da nəzərdən
keçirilir. Gülşəni Bərdəinin mütəsəvvif
xələflərinə-oğulları Əmir Əhməd Xəyali
və Məhəmməd Zə`fiyə, nəvəsi Əli Səfvəti
və nəticəsi Məhəmməd Halətiyə, Yenicəvardarlı
Üsuli və Ruhi Bağdadiyə, Ömər Fuadi, Niyazi
Misri, Hasan Səzai və Übeydiyə təsiri, bu şairlərin
əsərlərinin əlyazma nüsxələri hərtərəfli
araşdırılır.
Nəhayət,
bu 2 cildlik kitabda Gülşəninin anadilli divanının
müqayisəli mətninin və “Pəndnamə” məsnəvisinin
mətninin təqdim edilməsi ədəbiyyat tariximizlə məşğul
olanlar üçün çox dəyərli töhfədir.
Azadə
xanım tədqiqatında xüsusi olaraq vurğulayır ki,
Şeyx İbrahim şəxsiyyətinə,
yaradıcılığına görə yalnız bir xalqa mənsub
deyil, ümumtürk, ümumşərq miqyaslı sənətkardır.
Onun əsərlərinin dərin mənalarına vara bilmək
hər bir ədəbiyyat həvəskarına müyəssər
ola bilməz: “Gülşəni Azərbaycanda, Bərdədə
doğulub, Təbrizdə, Türkiyədə-Diyarbəkirdə,
Misirdə yaşayıb, Qahirədə dünyasını dəyişib,
qəbri də oradadır. Lakin o, Azərbaycana, Türkiyəyə,
Misirə doğma olduğu qədər də ümumtürk,
ümumşərq, hətta ümumbəşəri bir şəxsiyyət,
alim və şair olub. Şeirlərini sadəcə oxumaq yox,
onların üzərində düşünmək gərəkdir.
Bu isə xüsusi bilik və qeyri-adi zövq tələb edir.
Hadisələr, əşyalar, insanlar kimi söylənən
sözlərin də, təbii ki, görünməyən tərəfləri-qapalı,
açılmamış mənaları vardır. Görünən
tərəfi, demək olar ki,
hamı görür. Görünməyən tərəfləri
– daxili mənaları isə görmək hamıya nəsib
olmur. Buna ağlın və qəlbin gözü (Quran, 36-9:
G., D., II, 311) gərəkdir”. Alimin haqqında
danışdığımız yeni kitabı ümumiyyətlə
klassik poeziyanın adi baxışla görünməyən
yüksək məqamlarını qəlbin və ağlın
gözü ilə görməyin, duymağın nümunəsidir.
Bunun
üçün, əlbəttə ki, ilk növbədə
ciddi surətdə çalışmaq, klassik mətni hərtərəfli
araşdırmağı bacarmaq lazımdır.
İnanırıq ki, tədqiqatçılarımz,
xüsusilə gənc araşdırıcılarımız bu
monoqrafiyanın tədqiqat üsulundan, klassik mətnə
yanaşma tərzindən bəhrələnəcək, mənimsədiklərini
öz əsərlərində tətbiq edəcəklər.
Kitabın
redaktoru görkəmli mərhum alimimiz, filologiya elmləri
doktoru Məmməd Adilovdur.
Paşa ƏLİOĞLU,
AMEA M.Füzuli adına Əlyazmalar
İnstitutunun direktor əvəzi
filologiya üzrə elmlər
doktoru
525-ci qəzet.- 2013.- 16 fevral.- S.29.