Təkbaşına adam
KAMAL ABDULLAYA
Qardaşım
Kamal!
Təkbaşına
sevinməyi bacaran adam bütün
asılı olduğu şeylərdən ucada dayanan adamdı.
Çünki təkbaşına adamın
heç kimdən heç nə almağa ehtiyacı yoxdu və
heç bir şey istəmədən hər şeyi
başqalarına bağışlaya bilir. O
çoxluğun, qələbəliyin içində yaşaya
bilər, ancaq çoxluq və qələbəlik onun
içində olmayacaqdır.
Elə sənin
kimi!
1
Sükut
pozulmadan
Əzizim
Kamal!
Səninlə
nə vaxt tanış olduğumu
unutmuşam. Və bu tarixi unutduğumdan mənə
elə gəlir ki, səni bu dünyaya gəldiyim gündən
tanıyıram.
Mən üstünə kədər və hüzn
çökmüş hər şeyi sevdim. Hərdən
mənə elə gəlir ki, hüzn və kədər
tanrı önündə tövbəsi qəbul olunmayan bəndənin
peşmançılıq hissindən doğur. Sonralar, lap sonralar anladım ki, kədər tənhalığın,
yalnızlığın dost-doğmaca balasıdı.
Səni tanıyandan ədəbiyyatın əbədiyyət
sözü ilə eyni kökdən yarandığının
fərqindəyəm. Səni mənə doğmalaşdıran nə əsərlərin
möhtəşəmliyi və mükəmməlliyi, nə
də sirli olmağıdı. Əsas məsələ
sənin başqalarından fərqli düşünməyində
və heç kimin bilmədiyi bir şeyləri bilməyindədi.
Gecələr göy üzünün ulduzlarla dolu
olmasının tək nədəni göy üzünün
gözəl görsənməsi olduğu kimi, bizim
yazmağımızın da tək nədəni sözü
aldığımız ucalıqdan elə o ucalığa
qaldırmaqdı.
İsa “İncil”də
deyir ki, “Başlanğıcda kəlam (söz) var idi: Kəlam
Allahın nəznində idi və Kəlam (söz) Allah idi”.
Ancaq mənə elə gəlir ki, sözdən əvvəl
də bu dünyada Yalnızlıq, Tənhalıq və
Sükut adında bir şeylər var idi. Və günlərin
bir günü Tanrı bu Tənhalığı,
Yalnızlığı, sükutu dilləndirmək istədi.
Vaxt, zaman gəldi –Yalnızlığı, Tənhalığı,sükutu sözə daşımaq zamanı.
Mənə elə gəlir ki, böyük ədəbiyyat
sükutu sözə daşımaqdı. Ancaq elə
daşımaqdı ki, sükut pozulmamış olsun. Elə sənin kimi.
Əzizim
Kamal! Sən sükut pozulmadan sükutu sözə
daşıyan adamsan!
Şairlik
məncə bütün həyatın boyu özünəbənzər
bir adam axtarmaqdı və sonunda onu
tapmamaqdı. Bizə, axtaran, tapar söylədilər.
Ancaq mən axtarıb tapdığını
iddia eləyənlərə yox, axtarmadan tapanlara inandım.
Sən heç onu tapmadın ki, itirəsən.
Bu sənin xoşbəxtliyindi. İkicə misralarla
doğmasan mənə:
Kimsə
yox xatırlamağa
Unutmağa kimsə yox.
2
Allaha ən kəsə yol
İnsanın
yaratdığı şey ondan güclü ola
bilməz. Və bir də məzara qoyulan baş
daşı məzardakının başına gələnləri
anlatdığı kimi, sənin yazdıqların da sənin
başına gələnləri anladır. Sən
yazdıqlarınsan, ondan uzaqda deyilsən ki!
Yazdıqların da sənin kimi tam, mükəmməl və
bütündür. Mükəmməl və bütündə
parçaların sahib olmadığı və ola
bilmədiyi bir şeylər var. Və o şeyin nə
olduğunu sən bilirsən.
Dindarlar özlərini təmizləmək əvəzinə
qısa yol axtarıb, Məkkədə Kəbəni, Qüdsdə
“ağlayan divarları”, Paqodada (buddist məbəd) Buddanı
yaratdılar.
Bu da cavabdehlik və məsuliyyətdən, sonda Allahdan
qaçmağın özgə bir yoludu.
Sənin yolun bu yol deyil. Məhəmmədlə Kəbənin,
Musa ilə “ağlayan divarların”, məbədlə
Buddanın bağlılığının görüntü
olduğunu bildiyindən, sənin Allaha yolunun qısa
olduğunu gördüm. Allaha ən kəsə
olan yol sənin yolundur.
Bu yolun üstünə oxuduğun duada qorxu yoxdur. Çünki
qorxu ilə oxunan dua saxtadır. Sən hər
şeyə söz-söz, kəlmə-kəlmə, sevgi ilə
toxunmağı bacaran adamsan. Sevmək
tanrını tapmağın ən asan yoludur. Sən o yolu bilirsən. Elə bildiyin
üçün də hər yeni əsərində getdikcə daha çox artır yalnızlığın.
Əzizim,
Kamal! Göy üzündə nə
axtarırsan? Tanrı orda yoxdu ki!
Tanrının göy üzündə
olmadığını bilə-bilə göy üzünə
üz tutub “Tanrım, ona kömək ol ki, məni unutsun” deyən
şair dəlidir.
Və mən dəliliyin, dəlilərin tərəfindəyəm.
3
Seçilmiş adamın kədəri
“Unutmağa
kimsə yox” deyən adam dünyanın ən
tənha adamı olsun gərək. “Kimsə
yoxdu” demək hələ tək olmaq deyil. “Kimsə
yoxdu” da ümid var hələ,hələ
canatma var. Kiminsə olacağına ümid ölməyib hələ:
Ancaq “Kədərli nəğmələr” in adamı
“unutmağa kimsə yoxdu” deyir. Bu artıq sonun
başlanğıcıdı:
Yollar
getdi üzü dağa
Yoxuşlar enişlərdən çox.
Kimsə
yox xatırlamağa,
Unutmağa kimsə yox.
“Kimsə yox xatırlamağa” tənhalıq arzusudu. “Unutmağa
kimsə yox” artıq tənhalıqdı, tənha olmaqdı.
Əzizim
Kamal! Tənhalıqdan
yana bazar yerinin başlandığını bilən
adam.
Tənhalığın
boşluq olmadığını bilən, qardaşım!
Sən tənhalıqda ölüm qorxusunun
olmadığını bilirsən və mütləqa bilməlisən. Bilməsəydin bu kədərli
duyğuları sözün işığına nə
cür çıxara bilərdin, nə cür sakitcə pıçıldaya
bilərdin ki:
Üfüq
məndən qaçmadı,
Məndən uzaqlaşmadı.
Üfüq
mənə başladı
Dərdini danışmağa.
Üzüm
üzünə dəydi,
Gözüm gözünə dəydi.
Mənim
dərdim nəydi,
Onun dərdi yanında.
“Silinməyən
göz yaşları”nın kədəridi
üfüq. Üfüqün kədərini duyan adamın kədəri
üfüqün kədərindən böyükdü Kamal!
Çünki sən deyə bilərsən ki:
Mənə
deyən gərək, nə olub axı,
Nə qabalıyırsan, söylə nə xəbər.
Sən
çətin taparsan axtardığını
Sənin axtardığını itirməyiblər.
Əzizim
Kamal! “Kədərli seçmələr” ində
kədərin belə sirr içindədi. Kədərin tənhalıqdan doğub, tənhalığın
hardandı? Sirlidi hər şey. Sirli
olduğu qədər də gözəldi:
Arzuların
dil açar, yalvarar ki,
Əvvəl-axır bir oyuncaq ver bizə.
Olacağın
olmağına nə var ki,
Bircə dənə “olmayacaq” ver bizə.
Ən gözəli və qəribəsi odur ki, sən
yetişən narın sevincinin yox, nar yetişsin deyə solan
nar çiçəklərinin adamısan.
Soldu nar
çiçəkləri
İndi nar yetişəcək.
Bu xoşbəxt sonluğun sevinci yox, kədəri
yaşıyır, sənin kədərli nəğmələrində.
Səni
oxuyuram, Kamal! Hüznlü, sirli, kədərlidi hər
şey:
Düz yollar haracan uzanasıdı?
Tutmayacaqlar ki, düzü dünyanı.
Gec ya tez
bu çevrə qapanasıdı,
Sonu çatacaqdır komediyanın.
Bu
dünyada hec kim heç kimin deyil. Bu dünyada adamın kədərindən başqa
heç nəyi özünün deyil. Sən
özünün çox şeyi olan adamsan, Kamal!
Sevdiklərimiz deyil, bizi sevənlər bizimdi. Olmayan olandan, gedən
qalandan daha xoşbəxtdi, Kamal! Çünki olmayan
olmağa, gedən dönməyə can atar həmişə. Sən olanların yox, olmayıb, nə vaxtsa
olacaqların, qalanların yox, gedib nə vaxtsa dönənlərin
şairisən. Sənin kədərli
misralarının ahından Allaha yol görsənir. Ahdan
Allaha olan yol yolların ən gözəlidi Kamal!
Mən
danışmıram, misraların pıçıldayır:
Bütöv ömrünü aynalara xərcləyən
qız kimidi sevən kişi. Sonunda nə qazanar ayrılıqdan başqa. Sənin
peşmançılığın da sirlidi:
... Bu dənizin
sularını
Balıqlardan
başqa
içən olmadı.
Kosmos Xaosun içindən çıxan kimi, biz də,
bu dünya da, bu kainat da yoxun içindən çıxıb
bəlkə.
Bəlkə ona görə qorxa-qorxa yazmısan ki:
Daimi bir
qorxudayıq,
Alınıbdı
nəfəsimiz-
Bəlkə
sənin yuxundayıq,
Allah, sənin yuxunuq biz.
Mübahisə eləmək mümkündü. Ancaq bundan
artığını, sirlisini və kədər
qarışıq qorxu içində olanını demək
çətindi.
Əzizim
Kamal! Allahı yuxusundan oyatmaqdan gözəl nə
var dünyada.
Kədərli
seçmələrin, seçilmiş adamın kədərindən
və ahından Allaha yol görsənir, Kamal!
4
Təkbaşına olmaq
Günlərin bir günündə S. Rüstəmxanlı,
R. Rövşən və bir də mən sənin
Nardarandakı bağında qonaq idik. Səni elə həmin
gün mən yenidən tanıdım. Sən
demə, sən hamının tanıdığı məşhur
yazıçı, akademik, rektor Kamal Abdulladan tamam fərqli
bir adammışsan həm də.
Necə ki, Tanrı alıb verdiyimiz nəfəsdə –
alıb verdiyimiz nəfəsin içindəki nəfəsdədir,
sən də K. Abdulla adlı bir imzanın içindəki
sirr içində sirsən.
Bağına, evinə, otaqlarına, pəncərələrinə
hopan tənhalıq və yalnızlıq deyil, təkliyin
ağrıtdı məni. Sən tənha və
yalnız olan adamdan daha çox təkbaşına yaşayan
bir adamsan.
Təkbaşına
olmaq ağır bir şeydi Kamal! Təkbaşına
olmaq yalnızlıq deyil. Yalnızlıq təkbaşına
ola bilməyən adamın həmdərd
axtarma çabası, anlaşılmamaq iztirabıdır. Sənin təkliyin həmdərd axtarmaq
çabasından, anlaşılmamaq iztirabından ucada dayanan
bir azadlıqdı – hər kəsdən və hər şeydən
ucada dayanan bir azadlıq.
Sənin yanında illərlə cavabını
axtardığım bir suala cavab tapdım. Dindarların
“sonunda tanrıya qovuşacağıq” fikri gülməli gəldi
mənə. Biz tanrıdan nə vaxt
aralı durduq ki?
İsanı sevdikləri çarmıxa çəkmişdi. İsa çarmıxdan
endirildiyində biri fahişə olmaqla üç qadından
başqa heç kim gözləmirdi onu. Həvarilər qaçıb aradan
çıxmışdılar. Sənin təkliyin
bunları bildiyindəndir.
İsa Musanın, çarmıx İsanın, Quran da Məhəmmədin
tənhalığıdır. Sənin
yazdıqların da sənin tənhalığındır.
Qardaşım
Kamal !
Təkbaşınasan
təkbaşına...
Təkbaşına
adam
Adamdan
daha çox oxşayır
Məzarlıqda çopur bir baş daşına.
Olsun! Qorxma!
Başını
ilahi olanın
ayaqlarına
qoy,
Nə qədər ki, vaxt var.
Görəcəksən,
aydınlanır
bütün
qaranlıqlar.
Onda
gözlərini ay işığı ilə yu,
Saçlarını
rüzgarla dara;
Sonra
aç pəncərəni,
aç
ayrılıqlara...
Aç
qoxmadan!
Gözlərini
yum,
pəncərəni
aç.
Görəcəksən-nə
qorxu,
Gözlərini qapa və düşün ?
Əbədiyyət
yoxdu...
Ondan
qoparılmış
bir
yarpaq,
bir
ləçək,
bir
an var.
Yum
gözlərini,
Qorxmadan
aç pəncərəni,
və
bax;
Görəcəksən-nə
qədər gözəldi
Sükut pozulmadan
sükutu
sözə daşımaq.
Və
görəcəksən nə qədər gözəldi
gülləni
qan axmadan
çıxarmaq yaradan.
Təkbaşınasan,
Kamal,
təkbaşına...
Yum
gözlərini,
aç pəncərəni;
aç və sorma nə isə.
Görəcəksən
sükut içindədi Kəbə,
Sükut
içindədi Qüdsdə
“ağlayan divarlar”.
Görəcəksən ? yenə səhrada
təkbaşına
yürüyür İsa.
Yum
gözlərini, aç pəncərəni
sonra, nə isə...
Təkbaşınasan,
Kamal,
təkbaşına...
Çoxdan
ölüb aramızdakı
Şeytan;
Qorxma! Sükutun
səsini
yaşa.
Sükutun
içində
günəşin,
ayın, ulduzların,
Rüzgarın
və yağmurun
keyfini
çıxar, nəşəsini
yaşa.
Qardaşım
Kamal!
təkbaşına
olmaq
yalnızlıq deyil;
Təklik sükutun səsidi.
Yalnızlığı boş ver?
Yalnızlıq
təkbaşına
yaşaya
bilməməyin
hüzuru,
nəşəsidi.
Kim nə
deyir, desin ?
Ağacdan
yarpaq gözəldi,
ləçək
çiçəkdən,
an
əbədiyyətdən.
gözəldi,
Göy üzündən ? boşluqdan
da yer.
Anı
yaşa, əbədiyyəti
boş ver.
Qoy hər şey anın olsun.
Allaha ən
kəsə yol sevgidi ?
Sev, qoy o
sənin Tövratın, İncilin
Quranın olsun.
Təkbaşına
adam !
Yum
gözlərini, aç pəncərəni
və
bax;
Görəcəksən
nə qədər gözəldi
Sükut
pozulmadan
sükutu
sözə daşımaq.
P. S. Əzizim
Kamal! İsa yəhudilər zalım olduğu
üçün çarmıxa çəkilmədi. Həvariləri gücsüz olduğu
üçün, özlərini fəda eləyə bilmədikləri
üçün öldürüldü. Məhəmməd
əsabələrinə güvənirdi, İsa yox.
Rüstəm Behrudi
525-ci qəzet.-
2013.-16 fevral.- S.20.