Təhsil sahəsində Azərbaycan-Çin əməkdaşlığı: təşəbbüslər və nəticələr

 

Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsil sahəsində geniş əlaqələr yaratdığı, ikitərəfli tələbə mübadiləsi proqramlarını həyata keçirdiyi ölkələrdən biri də Çindir. 1993-1994-cü tədris ilindən başlayaraq məhdud sayda Azərbaycan vətəndaşı Çinin ali məktəblərində təhsil almağa göndərilmişdi. Bu mübadilə Çin hökumətinin Azərbaycana ayırdığı təqaüdlər əsasında həyata keçirilirdi. Ümummilli lider Heydər Əliyevin 1994-cü ildə Çinə səfəri zamanı imzalanmış “Azərbaycan Respublikası hökuməti ilə Çin Xalq Respublikası hökuməti arasında mədəni əməkdaşlıq haqqında müqavilə” Azərbaycanla ÇXR arasında digər sahələrlə yanaşı, təhsil əlaqələrinin də genişləndirilməsi üçün böyük perspektivlər açmışdı.

Təhsil naziri Misir Mərdanovun dediyinə görə, 2002-ci ildə ÇXR Təhsil Nazirliyinin dəvəti ilə Azərbaycanın Təhsil Nazirliyinin nümayəndə heyətinin Çinə səfəri zamanı imzalanmış “2002-2005-ci illər üçün Təhsil Nazirliyi ilə Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş”ə əsasən ikitərəfli tələbə mübadiləsi tənzimlənməyə başladı. Həmin Sazişə uyğun olaraq dövlət təqaüdləri hesabına ÇXR-də eyni vaxtda 15 Azərbaycan vətəndaşı təhsil ala bilərdi.

2007/2008-ci tədris ilində Azərbaycanın Təhsil Nazirliyinin xətti ilə Çində təhsilə başlayan 17 nəfərdən 6 nəfəri bakalavr pilləsində, 6 nəfəri isə magistratura və doktorantura pillələrində təhsillərini davam etdirirdilər. Hazırda dövlət xəttilə Çində təhsil alan azərbaycanlı tələbələrin sayı 26 nəfərdir. Bu tələbələr Çinə gedərkən yalnız bir il xüsusi dil hazırlığı keçdikdən sonra tədris dili Çin dili olan proqramlarda təhsil alırlar. Çin universitetlərində təhsil almış 9 nəfər artıq məzun olmuşdur, onlardan 2 soydaşımız hazırda Xarici İşlər Nazirliyinin əməkdaşlarıdır. Onlar müxtəlif vaxtlarda Azərbaycanın Pekindəki səfirliyində işləmişlər. İndi onlardan biri növbəti müddət üçün Pekindəki səfirliyimizdə diplomatik fəaliyyətini davam etdirir.

 Qüvvədə olan müvafiq Saziş çərçivəsində Çin Xalq Respublikasının 13 nəfər vətəndaşı müxtəlif ixtisaslar üzrə Azərbaycan tərəfinin təqaüdləri hesabına respublikamızın ali məktəblərində ödənişsiz əsaslarla təhsil alır. Hazırda respublikamızda 228 nəfər Çin vətəndaşı təhsil alır ki, bunların böyük əksəriyyəti Azərbaycan Dövlət Neft Akademiyasının tələbəsidir. Onlar Azərbaycan Dövlət Neft Akademiyası ilə Çin Neft Universiteti (13.06.2002), Çin Neft Korporasiyası (CİNOPEK, 09.06.2003) və Çin Milli Neft-Qaz Koorporasiyası (CNPC, 23.08.2004) arasında əməkdaşlıq və kadr hazırlığı barədə imzalanmış müqavilələr çərçivəsində təhsil alanlardır. ÇXR ilə əməkdaşlıq əlaqələrinin davamlılığının təmin edilməsi istiqamətində Azərbaycanın Təhsil Nazirliyi və Çinin Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında yeni Saziş layihəsi hazırlanmışdır. Çinlə əməkdaşlıq əlaqələri bir sıra digər sahələri də əhatə etmişdir. Belə ki, 2001-ci ildə Çin hökuməti tərəfindən Azərbaycan hökumətinə qrant kimi 300 kompüter dəsti ayrılmış, Azərbaycanın müxtəlif regionlarındakı orta məktəblərdə 35 kompüter sinfi yaradılmışdır.

 Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsində 1997-ci ildən Çin dili ixtisası şöbəsi fəaliyyət göstərir. Bu ixtisasın açılması ÇXR-in Azərbaycandakı Səfirliyinin kadr və texniki dəstəyi nəticəsində mümkün olmuşdur.

M.Mərdanov bildirib ki, Şərqi Asiyada yerləşən Çin Xalq Respublikasında mövcud olan çoxşaxəli təhsil sistemi hökumətin nəzarəti altındadır. 1949-cu ildən etibarən Çin Kommunist Partiyası təhsilin idarə olunmasında mühüm rol oynayır. Çin Kommunist Partiyasının müəyyən etdiyi geniş təhsil strategiyasında təhsilin keyfiyyətinin yüksəldilməsi müasirləşdirmə ilə əlaqələndirilib. Partiya təhsil strategiyasının icrasına nəzarət edir, təhsil müəssisələrində işin təşkilini istiqamətləndirir. Çində uşaqlar 3 yaşdan 6 yaşa qədər məktəbəqədər təhsilə cəlb olunur. 6 illik ibtidai təhsilə bölgələrdən asılı olaraq 6 və ya 7 yaşlı uşaqlar qəbul edilir. Orta təhsil isə 12 yaşdan 18 yaşa qədərki dövrü əhatə etməklə 6 il davam edir. Orta təhsil pilləsinin ilk üç ili aralıq məktəblərdə, növbəti üç ili isə orta məktəblərdə həyata keçirilir. Bəzi əyalətlərdə ibtidai təhsil 5 il davam edir. Bu halda aralıq məktəblərdə təhsilin müddəti 4 il təşkil edir: “Ölkə üzrə ibtidai və orta təhsil pilləsində oxuyan şagirdlərin sayı 200 milyon nəfəri ötür. İbtidai və orta təhsilin keyfiyyətinin yüksəldilməsi üçün hökumətin ayırdığı xüsusi maliyyə vəsaiti yeni məktəblərin tikilməsi, təmiri, bərpası və lüzumsuz məktəblərin ixtisarı üçün nəzərdə tutulur. İbtidai və orta təhsil pilləsində adambaşına maliyyələşmə modelinin tətbiqi genişləndirilir, tədris və tədqiqat avadanlıqları, kitablar, dərsliklər, əyani vəsaitlər hər il yenilənir.

2006-cı ildən Çin 9 illik pulsuz icbari təhsil sistemini qəbul edib. İcbari təhsil ibtidai təhsil və əsas təhsil pilləsindən ibarətdir. Uşaqlar 6 yaşdan 15 yaşa qədər icbari təhsil almalıdırlar.İcbari təhsil haqqında qanunda Çinin ərazisi 3 kateqoriyaya bölünmüşdür: şəhərlər və iqtisadi cəhətdən inkişaf etmiş əyalətlər; rayonlar və orta səviyyədə inkişaf etmiş kəndlər; iqtisadi cəhətdən kasıb ərazilər.

Statistik göstəricilərə görə, 2007-ci ildə Çin Xalq Respublikasında 396567 ibtidai məktəb, 94116 orta məktəb və 2236 ali məktəb fəaliyyət göstərib. 2007-ci ilin statistik məlumatlarına əsasən ölkədə yaşı 15-dən yuxarı olan əhalinin 93,3 faizi savadlıdır. 2009-cu ildə Beynəlxalq Şagird Qiymətləndirmə Proqramı (PİSA) çərçivəsində 15 yaşlı məktəb şagirdləri arasında keçirilmiş tədqiqatlarda Çin riyaziyyat, təbiət elmləri və ədəbiyyat üzrə ən yaxşı nəticəyə nail olub. Müəyyən edilib ki, Çinin ən ucqar əyalətlərindəki şagirdlərin müvafiq göstəriciləri orta həddə yaxındır.

Ölkə üzrə sentyabrın 1-dən başlayan tədris ili 2 semestrdən ibarətdir. Hər bir semestr 19 həftə davam edir. Bundan əlavə, 1 həftə əlverişsiz hava şəraiti ehtimalına görə ehtiyatda saxlanılır. İyul və avqust ayları yay, yanvar və fevral ayları isə qış tətili hesab olunur. İbtidai və orta təhsil pilləsində tədris həftəsi 5 günlükdür.İstedadlı və təlim çətinlikləri olan uşaqların təhsilinin xüsusi qaydalar əsasında təşkil edilməsinin vacibliyi ilə əlaqədar 1985-ci ildə müvafiq proqram təsdiq olundu. Proqramda istedadlı şagirdlər və təlim çətinlikləri olan uşaqlarla bağlı müddəalar əksini tapdı. Ciddi əqli və fiziki qüsuru olan uşaqların təhsili ilə bağlı dövlət müəyyən addımlar atsa da, onların təhsilinə valideynlər cavabdehlik daşıyır. Hazırda Çində 1540 xüsusi təhsil məktəbi fəaliyyət göstərir. Həmin məktəblərdə təhsil alanların sayı 375000 nəfər təşkil edir. Bundan əlavə, Çində fiziki və əqli qüsuru olan uşaqlar üçün 100 peşə təlimi müəssisəsi, 3000 standart peşə məktəbi, eşitmə çətinlikləri olan uşaqların reabilitasiyası üçün 1700 təlim təşkilatı vardır. Hər il minlərlə fiziki qüsuru olan şagird ali təhsil müəssisələrinə daxil olur. Çində yaşlıların təhsili müxtəlif formalarda həyata keçirilir. Yaşlıların təhsili vasitəsilə ölkə vətəndaşlarının siyasət, iqtisadiyyat, mədəniyyət, elm, texnologiya və digər sahələr üzrə hazırlığı təmin edilir. Yaşlıların təhsili ilə məşğul olan 528 müəssisənin 65 faizində magistratura, 30 faizində isə bakalavr təhsili verilir. Belə təhsil müəssisələrinə fəhlə, media, qiyabi və axşam universitetləri, idarəetmə və təhsil kollecləri daxildir. Yaşlıların orta təhsili müəssisələri isə peşə və media məktəbləri, bacarıq təlimi müəssisələrindən ibarətdir. Fəhlə ibtidai məktəbləri yaşlıların ibtidai təhsil müəssisələri hesab olunur. Onu da qeyd edək ki, yaşlıların təhsili əyani, qiyabi, özünütəhsil və distant təhsil formasında təşkil olunur.

Ölkədə mütəşəkkil müəllim hazırlığı sistemi mövcuddur. Çində müəllimlik peşəsi ən mötəbər peşələrdən biri kimi qəbul olunur. Gənc müəllimlər hər zaman təcrübəli pedaqoqların dərslərini müşahidə edir, özlərini daha yaxşı tərəfdən göstərmək üçün var qüvvələri ilə çalışırlar. Müəllimlər mütəmadi olaraq fasiləsiz peşə hazırlığına cəlb olunurlar.1985-ci ildən hökumət vergi əsasında maliyyələşən ali təhsil sistemini ləğv edib. Bununla da abituriyentlərin akademik qabiliyyət əsasında təqaüdlər uğrunda rəqabət aparmasına şərait yaranıb. 80-ci illərin əvvəllərində ilk özəl ali təhsil müəssisələrinin əsasının qoyulmasına icazə verilib”.

M.Mərdanov vurğulayıb ki, Çində peşə təhsili sistemi 130 illik inkişaf tarixinə malikdir. Həyata keçirilmiş köklü peşə təhsili islahatları nəticəsində bu sahədə ciddi inkişaf meyilləri müşahidə olunur. Tətbiq olunmuş yeniliklər sayəsində peşə təhsili müəssisələri təkmilləşib və inkişaf edib. Onu da qeyd edək ki, Çində peşə təhsili orta təhsilin aşağı və yuxarı pillələrində, eləcə də ali təhsil pilləsində həyata keçirilir.

Orta təhsilin aşağı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi müvafiq peşə biliklərinə və bacarıqlarına yiyələnmiş işçilər, fəhlələr hazırlamaqdır. Bu pillədə həyata keçirilən peşə təhsili 9 illik icbari təhsilin bir hissəsini təşkil edir.

Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsilinin məqsədi isə əməli bacarıqlara yiyələnmiş ikinci dərəcəli işçi qüvvəsi hazırlamaqdır. Orta təhsilin yuxarı pilləsində təşkil olunan peşə təhsili 2 ildən 4 ilə qədər davam edən proqramlara əsaslanır. Bu növ peşə təhsili ixtisaslaşmış orta məktəblərdə, bacarıqlı işçi məktəblərində və peşə təmayüllü orta məktəblərdə həyata keçirilir. İxtisaslaşmış orta məktəblərdə 3 və ya 4 illik proqramlar, bacarıqlı işçi məktəblərində isə 3 illik proqramlar əsasında ikinci dərəcəli işçilər hazırlanır. 3 illik peşə təmayüllü orta məktəblərdə istehsalat, xidmət, texnologiya və idarəetmə sahəsi üzrə ikinci dərəcəli mütəxəssislər yetişdirilir. Peşə təmayüllü və ixtisaslaşmış orta məktəbləri başa vuranlar öz təhsillərini ali peşə məktəblərində davam etdirə bilərlər. Ali peşə məktəblərinin məqsədi texniki və idarəetmə sahəsində yüksəkixtisaslı  kadrlar  hazırlamaqdır. Ali peşə məktəbləri 4 yerə bölünür: ali peşə və texnologiya kollecləri; ixtisaslaşmış orta məktəblərdə təşkil olunan 5 illik ali peşə məktəbləri; ali təhsil və yaşlıların ali təhsili müəssisələrində təşkil olunan ali peşə təhsili; təcrübəyönümlü kadrların, yüksək səviyyəli peşəkar və texniki mütəxəssislərin hazırlanması ilə məşğul olan 2-3 illik ali təhsil müəssisələri.

M.Mərdanov deyib ki, Çində ali təhsilin səviyyəsi yüksək, əhatə dairəsi çox genişdir. Son 10 ildə bakalavr pilləsində təhsil alanların və doktorluq dərəcəsinə malik olanların sayı dəfələrlə artıb. Ölkədə 100-dən çox nüfuzlu ali təhsil müəssisəsi fəaliyyət göstərir. Onlardan ən tanınmışı Pekin və Sinxua universitetləridir: “Çinin ali təhsil sistemi Amerika Birləşmiş Ştatlarının (ABŞ) və Birləşmiş Krallığın ali təhsil sistemlərinin vəhdətindən ibarət olsa da, daha çox ABŞ təhsil sisteminə bənzəyir. Ölkədə ali təhsil pilləsi əsasən ödənişlidir. Ali təhsil üçmərhələli bakalavr, magistratura və doktorantura pillələrindən ibarətdir. Bundan əlavə, dərəcə verməyən proqramlar üzrə tədris aparılan universitetlər də var. Magistratura və doktorantura dərəcəsi müvafiq Dövlət Şurası tərəfindən akkreditasiyadan keçmiş universitetlər və tədqiqat müəssisələrində verilir.

Ölkənin ali təhsil sistemində həm 3 illik, həm də 4 illik proqramlar tədris olunur. 3 illik proqramların tədrisi istənilən ali təhsil müəssisəsində aparılır. 4 illik proqramlar isə 4 illik kolleclərdə və ya universitetlərdə tədris olunur. 4 illik proqramlardan fərqli olaraq, 3 illik proqramların sonunda bakalavr dərəcəsi verilmir. Tələbə 3 illik proqramın davamı kimi əlavə olaraq 2 il təhsil aldıqda bakalavr dərəcəsinə sahib ola bilər.

Çində 1650 adi ali təhsil müəssisəsi, 528 yaşlıların ali təhsili müəssisəsi və 214 özəl ali təhsil müəssisəsi fəaliyyət göstərir. 2005-ci ilin statistikasına görə, Çinin ali təhsil müəssisələrində 23 milyon tələbə təhsil alıb. Bu isə əvvəlki illə müqayisədə 10 faiz çoxdur (2004-cü ildə təxminən 21 milyon nəfər olub).

Ölkənin ali təhsil müəssisələri adi universitetlər, texniki universitetlər, kənd təsərrüfatı, xarici dillər və tibb sahələri üzrə ixtisaslaşmış ali təhsil müəssisələri, peşə kollecləri – müəllim hazırlığı müəssisələri və ixtisaslaşmış kolleclər kimi qruplara bölünür.

Ali təhsil müəssisələrinin bəziləri əyalət hökumətləri (Şanxay Universiteti), bəziləri müxtəlif nazirliklər və dövlət idarələri (Pekin Aeronavtika Universiteti) tərəfindən idarə olunur. Bundan əlavə, Təhsil Nazirliyi tərəfindən idarə olunan ali təhsil müəssisələri (Pekin Universiteti) də vardır. Bu tip universitetlər mərkəzi və yerli hökumət tərəfindən müştərək idarə olunur.

Son zamanlar həyata keçirilən islahatlar nəticəsində ali təhsil sisteminin təkmilləşməsinə böyük diqqət yetirilir. Bir çox sənaye universitetləri və ixtisaslaşmış kolleclər təsis olunub. Yeni ixtisaslar, o cümlədən avtomatika, nüvə enerjisi, enerji resursları, okeanoqrafiya, nüvə fizikası, kompüter elmləri, polimerlər kimyası, polimerlər fizikası, radiokimya, fiziki kimya ixtisası üzrə mütəxəssis hazırlığı aparılır.

 

 

Sevinc QARAYEVA

 

525-ci qəzet.- 2013.- 16 fevral.- S.14.