Don vurmuş arzular

 

Fevral ayının 25-i axşam tərəfi idi. Xəyalə yorğun-yorğun pilləkənləri qalxaraq 3-cü mərtəbədəki mənzillərinin qapısını açıb, ayaqlarını sürüyərək içəri keçdi. O qapını nə qədər asta örtsədə, yenə də anası qapının səsini eşitdi:

– Qızım, sənsən? Nə tez gəlmisən?

Xəyalə anası ilə bu evdə birgə yaşayırdı. Doğma şəhərləri Xocalı işğal olunandan sonra şəhərdən qıraqda dəniz kənarındakı sanatoriyaların birində məskunlaşmışdılar. Bir neçə ay bundan əvvəl isə dövlət tərəfindən tikilən binadan onlara da  mənzil verilmişdir.

Xocalı soyqırımı baş verən gecə Xəyalənin 8 yaşı tamam oldu. Anasının həmin gecə Xəyalənin şərəfinə bişirdiyi plov qazanının ağzı açılmadı...

Bu gün Xəyalə işdən çox tez gəlmişdi. Ona görə də anası maraqla qızını səslədi. Xəyalə isə:

– Ana, mənəm – şapşapları geyinərək, otağa keçdi. Anası təkərli arabada oturub televizora baxırdı. Orda Xocalı soyqırımına həsr olunmuş dəhşətli səhnələr göstərilirdi.

– Ana, yenə sən belə verilişlərə baxırsan? Axı, sənə həyəcanlanmaq olmaz. Bu səhər təzyiqin yenə yüksəlmişdi. Dərmanlarını içdinmi?

– İçmişəm, qızım, içmişəm. İnsan nə qədər dərman atar?

Xəyalə televizorun pultunu götürüb kanalı dəyişir.

– Həyəcanlı verilişlərə baxma, qurbanın olum, ay ana.

– Ay bala, hər gün baxmıram ha. Hər il iki gün Xocalıdan danışırlar, sonra yaddan çıxır. Yenə konsertlər, oxumaq, oynamaq, evlənmə verilişləri başlayır.

– Heç bir gün də baxma. Mən sənin zərrə qədər də üzülməyini istəmirəm. Vallah, məni bu həyata bağlayan tək sənsən. Mənim həyatımda səndən başqa kim var ki? Mən sənə görə Tibb Universitetinə qəbul oldum və bu gün də sənə görə həkim işləyirəm. Bütün bunları sənin ürəyinin az da olsa şad olması üçün etmişəm.

– Mənim ağıllı qızım, atanın adı haqqı, məni şikəst ayağımla bu həyata bağlayan sənsən. Özün bilirsən ki, mənim bu dünyada səndən başqa heç kimim yoxdu. Allah ermənilərin cəzasını versin, bütün əzizlərimi mənim əlimdən aldılar. Mənim tək təsəllim sənsən – deyərək dərindən ah çəkdi.

Anasının halının dəyişdiyini görən Xəyalə ona təsəlli verməyə çalışdı:

– Yaxşı ana, özünü üzmə, indi yenə təzyiqin yüksələcək.

 Xəyalə mətbəxə keçərək bir fincan su gətirib, anasına uzatdı:

– Al iç, ana.

Sonra təzyiq ölçən aparatı dolabın siyirtməsindən götürərək, anasının təzyiqin ölçdü. Anasının təzyiqinin normadan artıq olduğunu görən Xəyalə dedi:

– Görürsən, ay ana, bu gün bütün günü həyəcanlanmısan deyə, təzyiqin səhər neçə idisə, indi də elədir. İndi sənə dərman içirdəcəm, sonra da iynə vurum, bir az dincəl. Günorta nə yemisən?

– Axşamdan qalmış yeməkdən yedim. Səhər – səhər Əntiqəyə pul verdim, getdi ət aldı. Canı sağ olmuş həmin ətdən qəşəng yarpaq dolması bükdü. Ölülərimizin adını anıb halvada çaldı... Axı bu gün rəhmətliklərin ilidir... Əntiqə səndən bir az əvvəl yeməyin altını söndürüb getdi. Hazırdı yemək, get mətbəxə ye, qızım.

– Hələ ac deyiləm, ana. – Dərmanla dolu olan balaca qutunun içindən dərmanı çıxardaraq bir həbi sol əlində, su fincanın da sağ əlində tutaraq anasına yaxınlaşdı.

– Ana bu dərmanı iç, sonra keç otağına iynəni vurum.

 

lll

 

Anasını yatağa uzadandan sonra divanda oturub xəyala dalmışdı. Uşaq xatirələrində ilişib qalmış dəhşətli 25 fevral gecəsini xatırlamaq istəmirdi. Ancaq nə qədər istəməsə də, Xocalı faciəsi onun taleyində müdhiş bir iz açmışdı. O iz, qaysağı bağlanmayan bir yaraya çevrilmişdi   20 il keçməsinə baxmayaraq hələ də sızıldayırdı.

Elə bu vaxt Xəyalədən başqa bir kimsənin olmadığı otaqda bir kölgə əmələ gəldi. Bu kölgə Xəyalənin atasının kölgəsi idi. Xəyalə kölgəni görən kimi dilləndi:

– Ata...

– Xoş gördük, qızım. Sənin doğum gününü təbrik edirəm.

– Atam, sənə qurban, sən hər il bu vaxtı məni təbrik edirsən ancaq özün də yaxşı bilirsən ki, mən 20 ildir ki, doğum günümü qeyd etmirəm.

– Bilirəm, qızım. Ancaq hər bir insanın ən əziz günü övladının dünyaya gəldiyi gündür. Mənim üçün də bu gün, həm şanlı, həm də qanlı bir gündür. Bu gün məhz sənin doğum günün, həm də qonşu hesab etdiyimiz nankorların bizim başımıza gətirdikləri müsibətin ildönümüdür. Hər ikisi tarixdir və hər ikisi unudulmamalıdır! Mənim pərən-pərən düşmüş ruhum tək rahatlığı sənə görə tapır. Sənin bu həyatda olmağın, əldə etdiyin uğurların və uşaqlıqdan arzusunda olduğun həkimlik libasını geyinməyin mənim ruhumu az da olsa şad edir. Sən isə pərişan olma... Biz millət olaraq döyüşü uduzmuşuq, müharibəni yox... Mən və mənim kimi minlərlə insan 4 il əliyalın erməni silahlılarına qarşı döyüşdük, dirəniş göstərdik... Kimlərin nə deməyindən asılı olmayaraq ermənilərin qarşısından qaçmadıq. Biz heç zaman erməniləri güclü saymamışıq. Ermənilərə kömək edən rus ordusu olmasaydı biz doğma Xocalıdan kənara bir addım da olsa atmayacaqdıq. Sən öz  gözlərinlə gördün ki, mən erməni qaniçənlərinin qarşısında sınmadım, onlara tabe olmadım. Şərəfli ölümü, şərəfsiz yaşamaqdan üstün tutdum. Elə etdim ki, sən hamının yanında alnı açıq gəzəsən. Heç kim sənə “atan erməniyə satıldı” kəlməsıni deməsin deyə, mən həmin gecə ölümü seçdim. Başını dik tut, mənim gözəl balam, sən başı dik gəzməyə layiq övladsan. Mənsiz ötən bu 20 ildə öz ləyaqətli və namuslu davranışlarınla bunu özün üçün haqq etmisən. Ananın südü, mənim isə 8 il sənə verdiyim çörək halalın olsun! Hələlik, qızım, ad günün mübarək!

Gəldiyi kimi də, bir anda yox olan kölgə Xəyaləni xəyalən atalı günlərinə qaytardı.  Xəyaləni bu xəyallardan qapı zəngi ayırdı.

– Görən kimdir? – qapıya yaxınlaşıb, gözlükdən baxdı və dərhal qapını açdı. Qarşısında iş yoldaşı Mətanət həkimi gördü.

– Xoş gəlmisən, ay Mətanət – deyərək qonağı evə dəvət etdi. Mətanət həkim mənzilin dəhlizinə daxil olaraq, əlindəki bağlamanı Xəyaləyə uzatdı və dedi:

– Təbrik edirəm Xəyalə, buyur şöbəmiz adından hədiyyəni qəbul et. Bu gün işdən tez çıxdın deyə, hədiyyəni verə bilmədik. Səndən çox narahat olduq, dedik birdən xəstələnib, eliyərsən, ona görə qızlar dediki, mən sizə bir baş çəkim.

– Buyur keç içəri.

Xəyalə dəhlizdən otağa keçərək, Mətanətin verdiyi bağlamanı divanın üstünə qoydu.

– Nə yaxşı gəldin, ay Mətiş. Çox darıxırdım, sən otur, mən çay qoyub gəlirəm.

Divanda əyləşən Mətanət həkim bir neçə saniyədən sonra, Xəyalənin ardınca mətbəxə keçdi.

– Anan hardadır, ay Xəyalə?

– Anamın təzyiqi yenə yüksəlib, iynə vurdum, o biri otaqda yatıb. İşdən gəlmişəm ki, televiziyada Xocalı soyqırımı haqqındakı verilişlərə baxır. Bu verilişlərə baxan kimi də təzyiqi yüksəlir. Neçə dəfə demişəm ki, qurban sənə, ay ana, baxma belə verilişlərə. Cavab verir ki, torpaqlarımızı qaytararlar, xəbərim olmaz. Baxıram ki, görüm torpaqlardan bir xəbər var ya yox...

– Yazıq arvad neyləsin, bununla başını qatır.

– Mətiş, anama bir şey olsa, mən yaşaya bilmərəm. Mənim nəslimdən, doğmalarımdan tək anam qalıb. Həmin gecə mənim kimim var idisə, hamısını erməni vəhşiləri qırdı.

– Xəyalə, bacı qurban, mən indi anladım ki, bu gün sənin halın niyə pərişan idi. Sən bu gün heç ad günü əhval-ruhiyyəsində deyildin. Demək səbəbsiz deyilmiş. Demək sənin doğum günündə ermənilər sizi kəndinizdən qovdular, eləmi? Onda sənin neçə yaşın var idi?

– Həmin dəhşətli gecədə mənim 8 yaşım tamam olacaqdı... – deyib, sükut içində dəmlədiyi çaydan iki fincana süzərək, mətbəxdəki masanın üzərinə qoydu. Sonra soyuducudan şirniyyat və şokoladla dolu olan qabları səliqə ilə masaya düzür. Xəyalə fikrini tamamlamağa tələsmirdi. Sanki edəcəyi dəhşətli söhbətə bir neçə saniyə gec başlamaq istəyirdi. Mətanət isə heç nə demədən, Xəyalənin sonuncu cümləsini düşünürdü. “Həmin dəhşətli gecədə mənim 8 yaşım tamam olacaqdı...” Necə yəni tamam olacaqdı? Bu sözdən heç bir şey anlamayan Mətanəti düşüncədən Xəyalənin səsi ayırdı:

– Hə bacım, həmin gün, yəni 25 fevralda səhər tezdən anam mənim ad günüm üçün tədarük görürdü. Üç ədəd beçə kəsdirdi, plov üçün su qaynatdı, mənim çox xoşladığım noxudlu dovğa bişirdi, beçəli plovu isə sobanın üstündə dəmə qoymuşdu.            

Elə həmin gecə saat təxminən axşam 9 olardı. Atam səngərlərin birində döyüşdə idi. Tez-tələsik evə gəlib, dedi ki, əvvəlki vaxt deyil, evdə oturmaq olmaz. Yığışın Tahirgilin tunelinə. Xocalı çoxdan bəri atəşə tutulduğundan qonşumuz rəhmətlik Tahir əmigilin həyətində tunel qazmışdılar. Anam, mən və bacılarım  tunelə getdik. Qonşularımız Nəzakət xala  oğlanları Orxan, Fuad; Naibə xala – oğlu; Qəmər xala – oğlu Rəşid, qızı Günel. Və başqa qonşularımız tuneldə idi. Sonra Ağdamdan gəlmiş bir neçə könüllülərin köməyi ilə rəhmətlik – Sahib müəllimgilə getdik. Onların evini atəş az tuturdu. Həm də tuneldən isti idi. Sahib müəllimgilin evi Bozdağ tərəfə yaxın idi. O tərəfdə dəhşətli uğultu var idi. Sən demə, tanklar şəhərə soxulurmuş. Biz də xəbərsizik. Döyüşün lap şiddətli vaxtı əmim Şahmar gəldi ki, nə oturmusunuz, artıq şəhəri ermənilər mühasirəyə alıb. O, açarı anamdan alıb, evdən sənədlərimizi götürməyə qaçdı. Gələndə qapımızı bağlamamışdı. Artıq qapını bağlamağın əhəmiyyəti yox idi. Sahib müəllimgilin evlərini tərk etdik. Gecəyarı idi. Yəqin ki, saat iki olardı. Daldalana-daldalana üçmərtəbəli binanın zirzəmisində 1-2 saat gözləməli olduq. Çünki atışma o qədər güclü idi ki, hərəkət emək mümkün deyildi. Göydən güllə yağışı yağırdı. Qranatların partlayışından adam dəhşətə gəlirdi. Mərmilərin uğultusu vahimə yaradırdı. Xocalı od püskürürdü.

 

(Ardı var)

 

 

Etibar Toğrul

 

525-ci qəzet.- 2013.- 20 fevral.- S.4.