Müqəssir göyərçin
(novella)
Gecədən xeyli keçmişdi. Soyuq, sərt
bir payız axşamı idi. Bayırda
külək adamı qılınc kimi kəsirdi. Otaqda odun sobası gurhagur yanırdı. Pambıq qəbulu məntəqəsinin müdiri Əhməd,
baş mühasib Vəli və pambıq qəbulu üzrə
baş əmtəəşünas Əlibala müdirin
kabinetində idilər. Müdir Əhməd
baş tərəfdə öz kreslosunda, Vəli və Əlibala
isə uzun stolun yan tərəfində üzbəüz əyləşmişdilər.
Hər üçü fikirli
görünürdü.
Əhməd
40-45 yaşlarında uca boylu, gur, xurmayı saçları
olan yaraşıqlı bir kişi idi. O,
dörd il idi ki, məntəqə
müdiri işləyirdi. Rayon rəhbərliyi
yanında yaxşı rəhbər işçi hesab edilirdi.
Baş mühasib Vəli qarayanız cavan oğlan idi. Onların hər
ikisindən yaşlı görünən qəbulçu Əlibala
uzun çənəsi, qartal dimdiyinə bənzər burnu və
sərt baxışı ilə onu görənlərdə
xoşagəlməz ovqat yaradırdı. Sükutu Əlibala
pozdu:
–
Müdir, neynəyək, belə lal-dinməz nə qədər
oturacağıq? Sənin tapşırığınla
dörd yüz
otuz ton saxta pambıq qəbulu qaiməsinə qol
çəkmişəm. Orqan işçiləri
bilsələr məni güllələnmə maddəsi ilə
həbs edəcəklər.
Müdir Əhməd
ovqatını pozmadan, özünə xas təbəssümlə
Əlibalanın üzünə baxıb dilləndi:
– Ə, mən
səni bir ürəkli adam bilirdim, sən
lap qorxaq imişsən ki. Əvvəla o
tapşırıqları sənə öz başımdan verməmişəm.
Rayon rəhbərliyi mənə tapşırıb
ki, pambıq planı nəyin bahasına olur-olsun
dolmalıdır. İndi özün fikirləş,
“nəyin bahası” nə deməkdir. O deməkdir ki, get
saxta qaimələrə qol çək. Biz də
bunu eləmişik, dörd yüz otuz ton pambığın
pulunu da kolxoz sədrlərindən alıb qoymuşuq cibimizə.
İşdi, səni tutsalar, gedib üç-dörd il yatıb gələrsən, saxta pambıqdan
aldığın pulu ömrünün axırına kimi xərcləsən
qurtaran deyil. Bir də ki, sən yeddi min ton
faktiki olaraq pambıq qəbul eləmisən, dörd yüz
otuz ton onun yanında kiçik rəqəmdir.
Əlibala
bir qədər fağır görkəm alıb dedi:
– Yox,
müdir, mən səninlə razı deyiləm. Dörd yüz otuz ton bir kolxozun planıdır.
Bir də ki, mən türməyə girmək
fikrində deyiləm. Aldığımız
pulu üç yerə bölmüşük. Türməyə girəsi olsaq,
üçümüz də girəcəyik. Ona görə də vəziyyətdən
çıxış yolu tapmaq lazımdır.
Müdir Əhməd söhbətin bu yerində baş
mühasibin üzünə baxdı. Qarayanız Vəli
daha da qaralmışdı, gözlərində dərin bir təlaş
hiss olunurdu. O, dil-dodağı əsə-əsə dedi:
–
Müdir, Əlibala düz deyir. Çıxış
yolu tapmıq lazımdır, yoxsa üçümüz də
əlli-ayaqlı gedəcəyik.
Müdir Əhməd
bir qədər ciddi görkəm alıb, qolundakı saata
baxdı və dedi:
–
Yaxşı, siz də fikirləşin, bir yol tapaq. İndi isə
gecdir, gedək bir az yataq.
Əlibala
oturduğu stuldan qalxaraq dedi:
– Mən
bir şey fikirləşmişəm.
Müdir
tez onun üzünə baxdı:
– Ə, nə fikirləşmisən, xeyir olsun.
Əlibala
qapıya tərəf çevrilib:
– İndi
gecdir, sabah eşidərsən, – deyib
qapıdan çıxdı.
Səhər saat səkkizin yarısında müdir Əhmədi
yatdığı çarpayının yanında qoyulmuş
şəhər telefonunun zəngi yuxudan oyatdı. Əhməd yuxulu-yuxulu
gözlərini açıb dəstəyi qaldırdı:
– Bəli,
eşidirəm.
Zəng
vuran rayon partiya komitəsinin növbətçisi idi:
– Əhməd
müəllim, pambıq qəbulu məntəqəsində
yanğın baş verib, yanğınsöndürənlər
işləyir, tez iş yerinə gedin. Yoldaş
katib də ora gələcək. Əhməd
tələm-tələsik paltarını geyinib evdən
çıxdı. Həyətdə
saxladığı öz şəxsi QAZ-21 Volqa
maşınına oturub məntəqəyə tərəf
sürdü. Yolda onun xatirində bir
gün əvvəl Əlibalanın dediyi sözlər
canlandı – “Mən bir şey fikirləşmişəm”.
Deməli, bu əclafın fikirləşdiyi bu
imiş, – deyə Əhməd dəhşətə gəldi.
O, məntəqənin həyətinə daxil olanda iki
yanğınsöndürən maşın işləyirdi. Lakin hər birində iki yüz əlli ton pambıq
olan altı taya alova büründüyü üçün
yanğınsöndürən maşın
çatışmırdı. Bir neçə
dəqiqədən sonra birinci katib, onun ardınca isə o biri
katiblər hadisə yerinə gəldilər. Vəziyyəti görən birinci katib, xidməti
maşında quraşdırılmış telefonla Mərkəzi
Komitəyə zəng vurub kömək istədi. Hadisə yerinə rayon prokuroru və milis rəisi də
gəldilər. Bir saatdan sonra qonşu rayonlardan beş ədəd yanğınsöndürən
maşın gəldi və yanğınla mübarizəyə
qoşuldular. Qonşu tayalara alov keçməsin
deyə, məntəqənin işçiləri və birinci
katibin tapşırığı ilə köməyə gələn
müxtəlif idarələrin işçiləri həmin
tayaların üstünə brezent çadırlar çəkirdilər.
Birinci
katib prokuroru, milis rəisini və müdir Əhmədi kənara
çəkib qısa göstəriş verdi:
–
Yanğın axşama kimi söndürüləcək,
dövlətə dəymiş ziyanı dəqiqləşdirin,
müqəssirləri tapıb qanunun bütün gücü
ilə cəzalandırılmalarını təmin edin. O,
bunları deyib xidməti maşına əyləşdi və
rayon partiya komitəsinə getdi.
Həqiqətən yanğın tamamilə
söndürüldü. Söndürülmüş tayalardan buğ və qara
tüstü qalxması hələ xeyli davam etdi.
Müstəntiqlər ilk növbədə qəbulçu
Əlibalanı dindirdilər. Ona konkret suallar verdilər:
–
Pambıq niyə yanıb, pambığı kim
yandırıb?
Əlibala
üz-gözünə yazıq görkəm verib,
ağlamsınaraq deyirdi:
– Mənim
evim yıxılıb, mənim başıma daş
düşüb, yalvarıram sizə, tapın əsl cinayətkarı,
xalqın malına od vuran düşməni.
Bunu qəsdənmi edib, yoxsa təsadüfən
olub fərqi yoxdur. Məni bu baladan
qurtarın. Mən heç nə bilmirəm.
Həmin axşam mən müdirlə və baş mühasiblə
birlikdə iş yerində olmuşam. Hər
şey öz qaydasında idi.
Bunları deyib, o, müstəntiqin otağından
çıxanda müdir Əhmədlə üz-üzə gəldi. Əhməd sərt
baxışla onun üzünə baxıb soruşdu:
–
Onların yanında artıq-əskik danışmamısan ki?
–
Müdir, mən nə danışdığımı bilən
adamam.
Əhməd
narazı halda başını buladı:
– Gərək mənimlə məsləhətləşmədən
bu işi tutmayaydın. İndi görək sənin
qarışdırdığın bu zibilin altından necə
çıxacağıq.
Əhməd bunları deyib müstəntiqin
otağına daxil oldu. Müstəntiq ona da eyni sualı verdi:
–
Pambıq niya yanıb?
Əhməd
təhər-tövrünü pozmadan təmkinlə cavab verdi:
– Mən
bir müdir kimi məndən asılı olan hər şeyi
etmişəm. Məntəqənin öz gözətçisi,
yanğından mühafizə üzrə müfəttişi,
su hovuzları, yanğınsöndürən nasosları və
balonları var. Qəbulçu da bu işə nəzarət
edənlərdən biridir. Hələlik
yanğının nədən baş verdiyini biz də
aydınlaşdıra bilməmişik, yoldaş müstəntiq.
Gəlin sizli, bizli köməkli axtaraq.
Müstəntiqlər üç gün pambıq qəbulu
məntəqəsinin hər işçisini bir neçə
dəfə dindirdi, lakin yanğının səbəbini və
müqəssiri tapa bilmədilər. Sirli cəhət o idi
ki, məntəqədə altı ədəd tayada
yanğın eyni zamanda baş vermişdi. Bu necə ola bilərdi? Nəhayət, əlləri
hər yerdən üzülən müstəntiqlər
prokurorluqdan xahiş etdilər ki, Bakıdan təcrübəli
müstəntiq dəvət edilsin.
İki
gündən sonra rayon prokurorluğuna Bakıdan ucaboylu,
yaraşıqlı bir kişi gəldi. O,
prokurorun otağına girib özünü təqdim etdi:
–
Respublika prokurorluğunun mühüm işlər üzrə
müstəntiqi, polkovnik Nadir Nəbizadə. Pambıq
məntəqəsində yanğınla əlaqədar sizin sərəncamınıza
göndərilmişəm.
Prokuror onun haqqında çox eşitmişdi, səriştəli
mütəxəssis olduğunu bilirdi. Ona görə də o Nəbizadəni
səmimi qarşıladı, çay gətirilməsini
tapşırdı və dedi:
–
Yoldaş Nəbizadə, xoş gəlmisiniz, çay
için, bir az dincəlin, sonra işə
başlayarsınız.
–
Çox sağ olun, yoldaş prokuror, ancaq
dincəlməyə vaxt yoxdur. Mən dərhal işlə tanış olmaq istəyirəm.
–
Yaxşı, onda çayınızı için, iş
qonşu otaqda, müstəntiq Rəhimov yoldaşdadır.
İşlə tanış olun.
Polkovnik Nəbizadə çayını içib
qonşu otağa keçdi. Müstəntiq Rəhimovdan iş
üzrə qovluqları alıb diqqətlə baxdı, verilən
ifadələri oxudu, sonra başını qaldırıb
müstəntiq Rəhimova dedi:
– Mən
hadisə yerinə getməliyəm, xahiş edirəm mənə
maşın verilsin. Bir də xahiş edirəm
mənim gəldiyim barədə məntəqə
işçiləri bilməsinlər.
–
Yoldaş Nəbizadə, mənim maşınımla gedərik,
– deyə Rəhimov pəncərədən görünən,
həyətdə dayanmış QAZ-21 markalı Volqanı
göstərdi.
– Sağ
olun, yoldaş Rəhimov, ancaq mən tək getmək istəyirəm,
özü də tanınmayan maşınla.
– Olar, bir
dostumuz var xahiş edərəm, öz maşınını
bir neçə günlüyə sizə verər.
Nəbizadə ona verilən maşının
sükanı arxasına oturub, pambıq qəbulu məntəqəsinə
sürdü.
Darvazanın qabağında dayanmış gözətçi
ona yaxınlaşıb soruşdu:
– Nə
lazımdır?
Mülki
formada olan Nəbizadə gözətçini
başdan-ayağa süzüb dedi:
– Mən Bakıdan gəlmişəm, yanğından
mühafizə idarəsindən, hadisə yerinə baxmaq istəyirəm.
Son vaxtlar belə gözlənilməz qonaqların tez-tez
gəlməsinə alışmış gözətçi Nəbizadəni
həyətə buraxıb, özü müdirin yanına
qaçdı.
Nəbizadə maşınla məntəqənin həyətinə
daxil oldu və yanmış tayanın birinin yanında
maşından düşüb, tayanı gözdən
keçirməyə başladı. Bu zaman müdir Əhməd və qəbulçusu
Əlibala özlərini yetirdilər, salam
verib maraqla Nəbizadəyə baxdılar.
Nəbizadə onların salamını dilucu alıb,
özünü yanğından mühafizə müfəttişi
kimi təqdim etdi və başqa bir tayaya yaxınlaşdı. Beləliklə,
o, yanmış tayaların altısını da diqqətlə
gözdən keçirdi. Tayaların
hamısının aşağı hissəsində havalanmaq
üçün hər dörd-beş metrdən bir tunellər
açılmışdı. Tayaların
çöl səthində yeddi-səkkiz santimetr
qalınlıqda pambıq yanmışdı.
Açılmış tunellərdə isə hava
çatışmadığı üçün
yanmış səth daha az idi.
Nəbizadə yanmamış tayalardan birinin yanından
keçəndə, tayanın içində
açılmış tuneldə əlində kiçik bir
çubuq olan yeddi-səkkiz yaşlarında oğlan
çıxdı. Nəbizadə müdir Əhmədə
tərəf dönüb soruşdu:
– Bu
uşaq kimdir və burda nə gəzir?
– Nərahat
olmayın, gözətçinin uşağıdır. Bu tunellərdə göyərçinlər yuva
qurur, uşaq da onlarla oynayır, yumurtalarını
yığır.
Nəbizadə narazılıqla başını
bulayıb başqa bir yanmış tayaya yaxınlaşdı. O, bəzən əlində
tutduğu bloknotda qeydlər edirdi. Onun hərəkətlərini
diqqətlə izləyən Əhməd və Əlibala bir
şey başa düşə bilmirdilər. Xüsusən qəbulçu Əlibala özündən
arxayın şəkildə istehzalı nəzərlərlə
Nəbizadəyə baxırdı. Nəbizadə
işini qurtarıb ətrafa baxdı, qalan tayalar salamat idi.
Ətrafda heç kəs yox idi.
Birdən
o, sərt baxışla Əlibalanın üzünə
baxıb, adamı qılınc kimi kəsən soyuq bir səslə
dedi:
– Ə, vicdansız, pambığı niyə
yandırmısan?
Söz güllə kimi dəydi Əlibalaya. Onun
ayağının altından yer qaçdı. Bir
anlığa nəfəsinin kəsildiyini hiss etdi. Özündən
asılı olmayaraq Nəbizadənin qarşısında diz
üstə düşdü və ağlamağa
başladı:
–
Yoldaş Nəbizadə, kim olduğunuzu
bilmirəm, bir qələtdir eləmişəm, başqa
çıxış yolu tapa bilmədim. Məni
balalarının başına çevir, ələ vermə,
nə istəsən verərəm.
Özünü
təmkinli aparan Əhməd soruşdu:
–
Yoldaş Nəbizadə, siz nəyə əsasən bu qərara
gəldiniz ki, pambıq yandırılıb və onu məhz Əlibala
yandırıb?
– Burada
çətin bir iş yoxdur. Altı tayanın
hamısının səthi eyni qədər yanıb. Əgər
od bir tayadan o birinə keçsəydi,
tayanın biri çox, digəri isə az yanardı. Bu onu
göstərir ki, kimsə tayaları benzin və ya ağ neftdən istifadə etməklə eyni
vaxtda yandırıb. Kimin yandırmağına
gəlincə, bu da aydındır. Mən
fikir verdim, məntəqə çox ciddi mühafizə
edilir. Kənar adam burada belə
arxayınlıqla benzin və ya neft gətirib tayalara od vura
bilməzdi. Deməli, bunu ya müdir edib, ya da qəbulçu.
Mən bayaqdan gözaltı fikir verirəm.
Sən Əhməd, ağayana adamsan. Belə çirkli işə girişməzsən.
Əgər pambıq nə səbəbdənsə
çatışmırsa, sən onu başqa yolla aradan
qaldırmağa çalışarsan. Ancaq
üz-gözündən cin, şeytan yağan bu adam, – deyə o, qəbulçu Əlibalanı
göstərdi, çıxış yolunu ancaq
pambığı yandırmaqda görüb və bu
ağır cinayəti törədib. İndi o,
“dövlətə külli miqdarda zərər vurmaq” maddəsi
ilə məsuliyyətə cəlb ediləcək.
Bunu deyib
Nəbizadə müdir Əhmədə müraciət etdi:
– Yəqin
sənin burada rahat işləmək üçün iş
otağın var, gedək işimizi davam etdirək.
Əhməd hələ də dizüstə dayanıb
qalmış Əlibalanın qolundan tutub qaldırdı və
onun qulağına pıçıldadı.
– Ə,
deyəsən bu adam bizi ələ vermək
istəmir, toxtaq tut, görək nə olur. Əgər
ələ vermək istəsəydi, mənim kabinetimə yox,
ya milis şöbəsinə, ya da prokurorluğa gedib bizi ora
apartdırardı. Sən yeməkxanaya yemək
sifariş ver, kişi səhərdən
bizimlə çalışır, yəqin acdır. Bunu deyib Əhməd addımlarını yeyinlətdi
və Nəbizadəyə çatıb, onu öz kabinetinə
dəvət etdi.
Bayaqdan qanadı qırıq qarğanı xatırladan Əlibala
müdirin bu sözündən sonra sanki özünə gəldi. Cəld addımlarla
yaxınlıqda olan yeməkxanaya gedib, yemək sifariş verdi və tapşırdı ki, yemək
hazır olan kimi idarəyə gətirsinlər. O, idarəyə
qayıdanda müdirlə Nəbizadə çay içirdilər.
Yarım saatdan sonra bir cavan oğlan əlindəki
sinidə Azərbaycan mətbəxinin ən dadlı yeməklərini
gətirib, süfrə saldı, yeməkləri stolun
üstünə düzdü. Bir
şüşə konyak da vardı.
Nəbizadə içkidən imtina etdi. Yemək yeyilib, süfrə
yığışdırılandan sonra Nəbizadə
portfelindən bir neçə vərəq ağ
kağız çıxarıb Əlibalanın
qabağına qoydu və dedi:
– Yaz,
respublika prokurorluğunun mühüm işlər üzrə
müstəntiqi yoldaş Nəbizadəyə, pambıq qəbulçusu
Bağırov Əlibala tərəfindən izahat:
“Mühüm işlər üzrə müstəntiq”
sözünü eşidən Əlibalanın qələm əlindən
düşdü, rəngi ağardı, huşunu itirdi və
başını stolun üstünə qoydu.
Müdir Əhməd
də narahat oldu, ancaq özünü tox tutdu və stolun
üstündəki qrafindən stəkana su töküb Əlibalaya
uzadaraq dedi:
– Ə,
özünü ələ al, adamın başına iş gələr,
belə mərd müstəntiqin əli ilə mənə
güllələnmə verilsə də “uf” demərəm.
Götür suyu iç.
–
Müdir, evimiz yıxıldı, balalarımız yetim qalacaq.
Mən elə bilirdim bu yoldaş yanğından
mühafizə işinə baxır. Sən
demə, bu müstəntiqin yekəsiymiş, hər şeyi də
bildi, boynumuza qoydu. Bizi güllələyəcəklər.
Mənim buna şübhəm yoxdur.
Bu zaman müdirin stolunun üstündəki telefon zəng
çaldı.
Müdirin yerində oturmuş Nəbizadə
telefonun dəstəyini qaldırdı. Zəng
edən rayon prokuroru Bayramov idi. Onu səsindən
tanıyan Nəbizadə cavab verdi:
–
Eşidirəm, yoldaş Bayramov.
–
Yoldaş Nəbizadə, səhərdən getmisiniz, sizdən
nigaran qaldım. İşiniz necə gedir, nahar
eləmisiniz?
–
Çox sağ olun, yoldaş Bayramov, nahar eləmişəm,
iş barədə də bəzi ip ucu var.
Yekunlaşdırıb sizə məlumat verəcəyəm.
– Lap
yaxşı, yoldaş Nəbizadə, mən inanırdım
ki, siz bu işin öhdəsindən gələcəksiniz. Sizə uğurlar. Siz gələnə
kimi öz kabinetimdə gözləyəcəyəm. Nəbizadə dəstəyi yerinə qoyub Əlibalanın
üzünə baxdı. Prokurorun zəngini
və Nəbizadənin cavabını diqqətlə izləyən
Əlibala oturduğu stulda diriykən ölmüşdü.
Rəngi ağarmış, dodaqları səyriyir,
əlləri əsirdi. Nəbizadə, Əlibalaya
baxıb sərt səslə dedi:
– Vətəndaş
Əlibala, özünü ələ al, pambıq niyə əskik
gəlib və sən pambığı necə
yandırmısan, hamısını olduğu kimi izahat vərəqinə
yaz.
Əlibala əlləri əsə-əsə yazmağa
başladı.
Müdir Əhməd
bütün iradəsini toplayıb Nəbizadəyə
müraciət etdi:
–
Yoldaş Nəbizadə, siz qalib gəldiniz. Rayon
müstəntiqlərinin neçə gündə sübut edə
bilmədiklərini bir gündə sübut etdiniz. İndi biz sizin əlinizdəyik, əgər bir
çıxış yolu varsa, bizə kömək edin,
balalarımız yetim qalmasın, xəcalətinizdən necə
lazımdır çıxarıq.
Nəbizadə
müdir Əhmədin üzünə baxıb dedi:
– Məni
prokuror gözləyir. Gedirəm onun yanına.
Oradan çıxanda görüşərik.
Nəbizadə Əlibalanın əyri-üyrü xətlə
bir neçə vərəqə yazdığı
izahatını götürüb, müdir Əhmədin və
başqa işçilərin də izahatlarını
topladığı portfelinə qoydu və qapıya tərəf
yönəldi.
İş vaxtı çoxdan qurtarsa da, rayon prokuroru onu
öz otağında gözləyirdi. Prokuror ayağa durub Nəbizadə
ilə görüşdü, oturmasını xahiş etdi.
Çay gətirdilər.
–
Yoldaş Nəbizadə, yəqin gərgin işdən sonra
yorulmusunuz, çayınızı için, sonra iş barədə
məlumat verərsiniz. Biz də əsl cinayətkarların
adını sizdən öyrənib, cəzalandırarıq.
Nəbizadə
çayını içib iş barədə məlumat verməyə
başladı:
–
Yoldaş Bayramov, mən hadisə yerini diqqətlə
araşdırdım, əlaqədar adamları dindirdim və
müəyyən etdim ki, pambıq qəsdən
yandırılmayıb. Məntəqə gözətçisinin
yeddi yaşlı oğlu tayanın içində
açılmış tuneldə göyərçin
tuturmuş. Tunelin içi qaranlıq
olduğu üçün uşaq kibrit yandırıb.
O, sönməmiş kibriti yerə atıb, bu zaman yerə
tökülmüş pambıq alışıb. Alov bütün tuneli bürüyüb. Tunelin
içində olan göyərçinlərin qanad-quyruğu
da od tutub. Özlərini
itirmiş göyərçinlər həmin tuneldən
uçub çıxaraq, yana-yana başqa tayalarda
açılmış tunellərə doluşublar. Beləliklə də, eyni vaxtda bir neçə, daha
doğrusu, altı taya yanmağa başlayıb. Qalanını siz özünüz bilirsiniz.
Hesab edirəm ki, mən işimi qurtarmışam, gecəni
sizin qonaq evində keçirib, sabah
Bakıya qayıtmaq istəyirəm.
Prokuror eşitdiklərinə inanmırmış kimi təəccüblə
onun üzünə baxdı.
Teymur Rəhimov
(Muğanlı)
525-ci qəzet.- 2013.-
20 fevral.- S.7.