Bu dünyanın sevinci, fərəhi də
var...
Tanınmış publisist Fazil Rəhmanzadənin
70 illiyinə
Milli mətbuatımızın
son onilliklərdəki yaradıcılıq aləminin mənzərəsini
səciyyələndirməli olsaq, bir sıra qələm
sahiblərinin adlarını xatırlamadan da keçinə
bilərik. Fəqət tam səmimiyyətlə bildirim ki,
Fazil Rəhmanzadəsiz həmin aləmi təsəvvürə
gətirmək mümkünsüzdür. Bu, elə zənn
edirəm ki, sübuta ehtiyacı olmayan aksiomdur.
Onun anadan
olmasının 70 illiyini qeyd etdiyimiz bu günlərdə bir
daha yaradıcılıq yoluna ehtiram və hörmətlə
xəyali nəzər saldıq. Yuxarıdakı fikrimizin
dürüstlüyünə bir daha əmin olduq.
İndi
jurnalist-publisistlər arasında şərti təsnifat
bölgüsü aparsaq, Fazil Rəhmanzadə romantik-klassik
yönümlü qələm sahibləri sırasında yer
alar. O, hər bir iri həcmli əsərində yeni
ideyaları ortaya qoymaqla ən çətin zirvələri
belə fəth etmək və beləliklə də istəyinə
nail olmaq əzmini cəsarətlə önə çəkir.
Lap təzəcə işıq
üzü görmüş “Yol” tarixi-publisistik kitabını
vərəqləmək kifayətdir. Millət, xalq,
insanlarımızın taleyi, məmləkətimizin tarixi
keçmişi ilə bağlı ən önəmli səhifələri
birər-birər çözələyən müəllif
çox ağrılı, düşündürücü məqamlara
toxunur. Kimliyimiz, xoşbəxtliyimizlə eyni sırada faciələrimiz
də açıqlanır. Bəzən “sapı”
özümüzdən olan “baltalardan” da kəskin
danışır. Deyərdim ki, Fazil müəllimin belələrinə
qarşı üsyankar təbiəti ilə
qarşılaşırıq. Xalqımızın
başına min bir oyun açan, unudulmayacaq bəlalar gətirən
erməni millətçilərinin, onların
havadarlarının qəsbkarlıq və irticaçı xislətini
danılmaz dəlillər, elmi-tarixi mənbələr və
faktlarla açıqlayan müəllifin qəlb
ağrısını, böyük təəssübkeşlik
hissini hər sətirdə sezirik.
Ölməz
bəstəkarımız Üzeyir Hacıbəyli ilə
bağlı epizodlar necə təsirli, kövrəkdir.
Vaxtı ilə barəsində qeyri-etik, nadanlığın,
savadsızlığın, köntöylüyün ifadəsi
olaraq fikirlər söyləyib dahi bəstəkarı təhqir
edən ortabab kamançaçalan Saşa Oqanezaşvilinin (əslində
Saşa Ohanezyandır), habelə özü də sonralar Stalin
repressiyasının qurbanı olan Tağı Şahbazi
Simurqun iç üzünü açıb bunları başqa
bir rakursdan bizə tanıdan Fazil Rəhmanzadənin həmin
qeydlərində böyük təəssübkeşliyinin əyani
şahidi oluruq.
Fazil Rəhmanzadə
“Yol”un birinci kitabında, habelə “Doqquza qədər say”
kitabında başladığı həyati söhbətini təzə
əsərində də məntiqi sonluqla başa
çatdırır.
Publisistin
örnək ola biləcək zəngin, çoxşaxəli
yaradıcılığının, əldən-ələ gəzən
kitablarının əsas gücü – dəyəri nədədir?
Bu, çox geniş söhbətin, ayrıca bir təhqiqatın
mövzusudur. Təsadüfi deyil ki, onun
yaradıcılığı ilə
bağlı universitet tələbələrinin neçəsi
diplom işi müdafiə edib və bunu da qanunauyğun saymaq
gərəkdir.
İndi
özümün fərdi fikirlərimi yığcam surətdə
bildirməklə öncəki sualı cavablandırmağa
çalışacağam. İlk növbədə mətbuatın
enişli-yoxuşlu, çətin yollarında cəsarətlə
öz cığırını açmaq əzmkarlığı,
mövzunun təfsirində ənənəviçilikdən
uzaq bənzərsiz təsvir vasitələrini önə
çəkməsi diqqətdən yayınmır. Fazil müəllimin
əsərlərindəki forma yeniliyi, əlvanlığı
ruh oxşayır. Bir çox halda sanki bizim günlərə
qədər qalın örtüklər altında qalıb illər
uzunu tədqiqatçıların, sənətşünasların
gözündən yayınmış faktların, mənbələrin
aşkarlanıb üzə çıxarılmasında,
bunların doğru-düzgün, dəqiq elmi-nəzəri məntiqi
deyimlə təfsirində, hər hansı tarixi məqamın
gerçəkləşdirilməsində həqiqət və
vicdan meyarının sübutunda da Fazil Rəhmanzadə qələminin
qüdrəti heyrət doğurur. Onun son bir neçə
kitabında erməni məkrini açıqlayıb ifşa edən
silsilə qeydlərini həyəcansız oxumaq mümkün
deyil.
Onun bu və
digər qüdrətli yaradıcı sənət xadiminin həyat
mövqeyinin tam müəyyənləşdirilib qiymətləndirilməsi
məsələsində eyforiyaya uymadan, fikirlərini səmimi
çatdırmaq bacarığı, dil gözəlliyi,
böyük təxəyyül məhsulu olan cümlələrinin
şirinliyi və axıcılığı xüsusi təqdirəlayiqdir.
“Erməni məkri”, “Erməni xəstəliyi” və s.
başlıqlar altında kitablarında
rastlaşdığımız qeydləri bu baxımdan
çox səciyyəvidir.
Bu
sadalananların sırasına Fazil Rəhmanzadənin
yaradıcılığına xas olan yüksək peşəkarlıq
xüsusiyyəti, hərtərəfli savadı, geniş bilik
dairəsi, dünyagörüşü, jurnalist çevikliyi,
sərvaxtlığı və mütəfəkkirliyi də əlavə
edilməlidir. Fazil müəllim beyni ilə yazır, ürəyi
ilə yazdıqlarına nəzarət edir. Beyin və ürəyin
sintezi ilə ərsəyə gələn əsərləri
məhz buna görə də misilsiz məna
daşıyır. “Kirpi” jurnalının keçmiş
baş redaktoru, tanınmış yazıçı, mərhum
Seyfəddin Dağlının hələ 30 il öncə
Fazil barədə dediyi cümləni xatırlayıram:
“...sprinter yarışındakı kimi onunla birlikdə uzun
yaradıcılıq marafonunda “rəqabət aparanların”
çoxu tablamayaraq yarı yolda qaldı. Fazil isə gərgin
matçı qalibiyyətlə başa vuran güclü
idmançı timsalındadır”...
Yadımdadır,
ötən əsrin 80-ci illərinin ortalarında Fazil Rəhmanzadənin
“Nəğmə dolu könül” kitabı “İşıq” nəşriyyatında
iki dəfə, özü də o dövrə görə
çox böyük tirajlarla buraxıldı. Xalq artisti Zeynəb
Xanlarovanın həyat və yaradıcılıqının məqamlarını
səciyyələndirən “Nəğmə dolu könül”
o qədər şöhrət tapdı ki, müəllifə
dünyanın bir sıra məmləkətlərindən –
Türkiyədən, İraqdan, İrandan, Misirdən,
Almaniyadan, İordaniyadan, Orta Asiya respublikalarından
çoxsaylı məktublar gəldi. Bu, bir qələm əhli
kimi yalnız Fazil Rəhmanzadənin yox, eyni zamanda Azərbaycan
publisistikasının uğurunun göstəricisi idi.
Fəqət
mühüm bir amili qeyd etməyə bilmərəm. Müəllifin
şöhrətli yaradıcı sənət adamları barədə
bundan sonra da irihəcmli, silsilə kitabları da nəşr
olunaraq eyni müvəffəqiyyətlə ürəkləri
fəth etdi. Bir vacib məsələnin də üzərindən
sükutla keçmək olmaz. Dünyaca tanınan, sevilən
dahi yaradıcı adamlar barədə yazmağın öz
çətinliyi var: axı, belələri barədə sənətsevərlər
lazımi biliklərə malikdirlər. Odur ki, bu məşhurlar
barəsində qələmə sarılıb sadəcə nəsə
yazmaq yox, sözün böyük mənasında onların sənət
zirvəsinə layiq misilsiz bədii yaradıcılıq
nümunəsini ortaya qoymaq gərəkdir. Sadəcə oxucu həmin
kitablardan nəsə öyrənməli, ona təkrarsız bədii
təsir qüvvəsi aşılanmalıdır. Fazil müəllimin
istər Tahir Salahov, Müslüm Maqomayev barədə, istərsə
də digər məşhurlarımız haqqında
kitabları bu keyfiyyətlərinə görə sevilə-sevilə
oxunmuşdur. Təsadüfi deyil ki, “Böyük yaşantının
naxışları” (Tahir Salahov barədə) “Humay” Beynəlxalq
mükafatına, Müslüm Maqomayev haqqında “Sən
olmasaydın...” kitabı isə Azərbaycan Mətbuat
Şurasının Diplomuna layiq görülüb.
Tanınmış
publisistin “Doqquza qədər say...” kitabı da ictimaiyyətin
ciddi marağına səbəb oldu. Publisistikamızın ən
son nailiyyətlərinin təcəssümünə
çevrilən həmin kitab qısa zaman kəsiyində
müəllifinə böyük uğur gətirdi. Həmin əsərdən
parçalar ayrı-ayrılıqda bir sıra xarici ölkələrin
mətbuatında dərc olundu.
Lap
öndə Fazil Rəhmanzadənin kitablarındakı forma
gözəlliyini, müəllifin mövzunun
başlanğıcına orijinal yanaşma tərzini
xatırlamışdıq. Təbii ki, bu baxımdan həmin
kitabların hamısının təfsirindən
danışmaq indi imkan xaricindədir. Yalnız onu nəzərə
çatdıraq ki, bu tərz – essenin, mənsur şeirin, nəsr
dilindəki şirinliyin sintezi olaraq oxuculara
çatdırılır. Fazil Rəhmanzadə
yaradıcılığından danışarkən heç
şübhəsiz, vaxtı ilə mətbuatda işıq
üzü görərkən əlbəəl gəzən,
oxucuların intizarla gözləyib, məhəbbətlə
qarşıladıqları “Jurnalistin cib dəftərindən”
silsilə yazılarını xatırlamamaq olmaz. Sonralar həmin
rubrika ilə çıxan kitabları da müəllifini
oxucular arasında çox şöhrətləndirdi. Müxtəlif
mükafatlara layiq görülmüş həmin kitablar müəllifin
yuxusuz gecələrinin, narahat günlərinin, yorulmadan
arayıb-axtarmaq həvəsinin bariz nümunəsidir. Qeydlərinin
elə başlıqlarına nəzər salanda çox
şey bəlli olur: “Hacı Qara” Tehran səhnəsində”,
“M.T.Sidqi xarici mətbuatda”, “Şeyda Əzizin naməlum
şeirləri”, “Şah İsmayıl”ın müəllifi”, Cəfər
Cabbarlının üçüncü “Yumruq” şeiri”,
“İlk azərbaycanlı xoreoqraf”, “Mərdi-Xəsis” Məşhəddə”,
“Mirzə Şəfinin sərgiləri” operettası”, “Səidrza
Əlizadə kimdir?”, “Buxoroyi-şərif”in redaktoru” və s.
Həmin
qeydlər hər birimizə çox mətləbi
aşkarlayır. Yazıları minnətdarlıqla oxuyursan.
Düşünürsən ki, nə yaxşı Fazil müəllim
çox çətin yol tutub, üzücü, yorucu
axtarışlardan bezikmədən, usanmadan fədakarlıqla,
inamla, səbrlə istədiyinə nail olub, mədəniyyət,
incəsənət, ədəbiyyat salnaməmizin, ümumən
tariximizin açılmamış səhifələrinə
can verib, çox dəyərli mənbələrə, faktlara
qanuni sahiblik hüququmuzu bərpa edib.
Fazil Rəhmanzadənin
özünəməxsus sənət zirvəsi var. Və o, həmin
ucalığın fəthi yolunda çox əziyyətə
qatlaşıb. Belə ki, onun müxtəlif tutumlu, səciyyəli
yazılarının məzmununa varsaq, ilk növbədə təsirli
kompozisiya qurmaq bacarığı önə
çıxır. Bunlarda müəyyən şərtiliyin
arxasında bir reallıq durur. Həyatın gerçəkliyini
sənətkarlıq xüsusiyyəti ilə uyarlı vermək
onun ağıllı təxəyyül qüdrətinə dəlalət
edir. Bu mənada “Bədəlbəylilər” kitabı da diqqətəlayiqdir.
...Şəmsi
Bədəlbəyli ad günü səhər evdən
çıxıb piyada iş yerinə – Azərbaycan Teatr
Xadimləri Birliyinə tərəf yollanır. Birdən o, xəyalən
sanki ikiləşir, yolboyu bunlar bir-biriləri ilə söhbət
aparırlar. Elə bu söhbət də görkəmli
rejissorun “mən”ini, həyat və mənalı ömür
yaşantısını ortaya qoyur. Məhz bu, Fazil Rəhmanzadə
əsərlərinin forma gözəlliyinin ən dəyərli
sübutudur.
Saysız-hesabsız,
müxtəlif səciyyəli məqalələrə,
resenziyalara, reportaj və oçerklərə, toplu kitablara “həyat
vəsiqəsi” vermək asan məsələ deyil.
Nəzərə
alsaq ki, ədəbi-bədii əsərlərdən fərqli
sənədli publisistika insandan daha çox dözüm, səbr,
fakt və rəqəmlərə istinad etmək, dəqiqlik,
dürüstlük, tarixi-elmi mənbələrə obyektiv
yanaşma tərzi tələb edir, onda bu iş prosesinin nə
qədər ağır və çətin olduğunu təsəvvür
etmək mümkündür. Bu mənada Fazil Rəhmanzadənin
bir çox əsəri fundamental məna kəsb edir. Elə
“Yol” kitablarının hər iki hissəsi buna bariz
sübutdur.
Belə
deyirlər ki, jurnalist hər zaman inci axtarışında
olmalıdır. Fazilin öz həqiqəti,
ustalığı ilə qələmə aldığı
müxtəlif taleli insan obrazları – həqiqətdə də
inci timsalındadır. Bəlkə də buna görə onun
nəşr olunan hər bir kitabından sonra mətbuat xəzinəmiz
sanki yeni estetik incilərlə zənginləşir.
İnsan
ömrü də fəsillərə bənzəyir: yayı,
qışı, yazı, payızı var. Xoşbəxt o
adamdır ki, ömrünün bütün fəsillərini
dolğun başa vurmaq zorunda olur. Bu sözləri vərəqlərə
köçürərkən mən ilk növbədə
“Qızıl qələm”, “Dan ulduzu”, “Humay”, “H.B.Zərdabi”
mükafatları laureatı, Azərbaycan Milli
Yaradıcılıq Akademiyasının filologiya doktoru,
respublikanın əməkdar mədəniyyət
işçisi Fazil Rəhmanzadənin yaradıcılıq həyatını
küll halında xəyalımda canlandırıram və
deyirəm: var olsun bu ömür yolu!
O, yenə
də təzə kitablar üzərində ilhamla
çalışmaqdadır. Günləri bağ evində
keçir. Tez-tez “Bu dünyanın kədəri var, qəmi
var” deyən qələm ustası bağ evində
yaşamasının səbəbini geniş açıqlamasa
da, bildirdi ki, şəhərdə mənzili
olmadığına görə buraya sıxışıb. Məsələni
daha araşdırmadım. Sadəcə ürəyimdə
öz-özümə pıçıldadım: “Qəm yemə,
dost! Bu dünyanın sevinci, fərəhi də vardır”.
Hacı MƏMMƏDOV,
respublikanın əməkdar
incəsənət xadimi
525-ci qəzet.- 2013.- 21 fevral.-
S.8.