Şərqdən baxış: Qırx
qardaş
Dəyərli şairimiz Məmməd İsmayıl fevralın 1-dən 17-nə qədər Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin dəvəti ilə Rusiyanın paytaxtı Moskvada olub, bir çox tədbirlərdə iştirak edib və görüşlər keçirib. Rusiyanın bir çox nüfuzlu mətbuat orqanları bu görüşlər haqqında xəbər və məqalələr dərc edib. Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin orqanı olan “Obşepisatelskaya Literaturnaya Qazeta” son nömrəsində Məmməd İsmayılın Birliyin sədri İvan Pereverzinlə görüşünü “Literaturnıy posol dobrıy voli” başlığıyla oxucularına çatdırıb: “Rostovların evi”ndə (Beynəlxalq Birliyinin yerləşdiyi bina nəzərdə tutulur) qurultay ərəfəsində Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin sədri İvan Priverzinin SSRİ Yazıçılar İttifaqının keçmiş üzvü, milli ədəbiyyatların parlaq təmsilçisi, məşhur şair Məmməd İsmayılla görüşü olub. Məmməd İsmayıl hazırda Türkiyədə yaşayır və bu ölkənin önəmli universitetlərinin birində – Çanaqqala 18 Mart Universitetində dərs verir. Bu dəfə o, ədəbiyyat elçisi rolunda görüşürdü Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin sədri İ. Pereverzinlə. Görüşdə mərkəzi Türkiyənin paytaxtı Ankarada yerləşən Avrasiya Yazarlar Birliyinin Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinə üzvülük məsələsi müzakirə olunmuşdur. Və əgər Türkiyə tərəfi bu barədə qərar qəbul edərsə ola bilsin ki, yaxın gələcəkdə Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin sıraları daha da genişlənsin... “Obşepisatelskaya Literaturnaya Qazeta” son sayında Məmməd İsmayılın Yuri Kuznetsovun tərcüməsində “Ana əlləri”, ”Nar”, “Qırxıncı illərin qədəmi ağır”, ”Payız meşələri”, “Qərib axşamlar”, “İlk məhəbbət” və “Bizim içimizdə sükut yaşayır“ şeirlərindən ibarət silsiləsinə də yer verib. Silsiləyə yazılan giriş sözündə deyilir: “Məmməd İsmayıl təsirli şeirlər və poemalar ustası kimi məşhurdur. Hazırda doğma Azərbaycanından uzaqda Türkiyədə yaşayır və Çanaqqala Universitetinin professoru kimi fəaliyyət göstərir. İndi onun əsərləri sadəcə Vətənində deyil, eyni zamanda Türkiyədə və başqa ölkələrdə də çap edilir. Şairin adı Rusiyada da unudulmayıb. Kitabları nəşr edilir, şeir və məqalələri Rusiya mətbuatında tez-tez yer alır. Yazıçılar İttifaqlarının Beynəlxalq Birliyinin dəvətlisi olaraq Moskvaya gəldiyində redaksiyamızın da qonağı oldu”.
Məmməd İsmayıl Moskvada olduğu müddətdə bir çox başqa tədbirlərə də qatılıb. Özbəklərin Ümumrusiya Konqresinin dəvəti ilə fevral ayının doqquzunda Millətlər evində türk dünyasının böyük şairi Əlişir Nəvainin doğum gününə həsr olunmuş tədbirdə Azərbaycan və Türkiyə sənətkarları adından çıxış edib.
Fevral, Rusiyanın ən böyük şairlərindən biri olan Yuri Kuznetsovun doğum ayıdır. Ölümündən sonra həyat yoldaşı, qazax qızı Batimə xanımın təşəbbüsü ilə hər il bu böyük şairin yaradıcılığına həsr olunan konfrans keçirilir. Bu il fevral ayının 14-15 tarixlərində yedincisi həyata keçirilən bu tədbirə Y.Kuznetsovun yaxın dostu həmyerlimiz Məmməd İsmayıl da dəvət olunmuşdu. Artıq dördüncü dəfədir ki, bu konfransa qatılan M. İsmayıl bu il konfransada “Y. Kuznetsov və Azərbaycan poeziyası” adlı məruzə ilə çıxış edib. Onu da vurğulayaq ki, keçənilki konfransın materiallarından ibarət çap olunan kitabda şairin “Y. Kuznetsov və İslam dünyası “ adlı geniş məqaləsi də yer alıb. Eyni zamanda həmin kitabda “Lit. rosiyya” qəzetinin baş redaktoru, tənqidçi V. Oqrızkonun Y. Kuznetsovun Məmməd İsmayıldan tərcümə etdiyi şeirləri təhlil edən məqaləsinə də yer verilib. M. İsmayıl redaksiya heyətinin üzvü olduğu Moskvada nəşr olunan “Literaturnıe znakomstva” jurnalının köşə yazarıdır. Bu jurnalın hər nömrəsində onun “Şərqdən baxış” rubrikası ilə məqalələri çap olunur. Jurnalın builki ilk sayında şairimizin yazısına və şeirinə də yer verilib. Oxucularımız üçün də maraqlı olacağını düşünüb, həmin məqaləni dərc edirik.
Məmməd
İSMAYIL
Allahın yer üzündə sevib seçdiyi bəndələri (peyğəmbərlər) olduğu kimi, coğrafi məkanları da var. Nədən peyğəmbərlərin böyük çoxluğu dünyanın bir başqa yerindən yox, Mesopatomiyadan çıxdı, niyə dünya fəlsəfi fikrinin başlıca qaynağı Himalay dağlarıdır? Cavabı asan olmayan bu sualların sayını istənilən qədər artırmaq olar. Bu mənada Gelibolu (Galipoli) yarımadası da Allahın ən seçkin məkanlarından biridir. Gelibolu yarımadasında dünyanın iki önəmli qitəsi qonşuluq edir. Yarımadanın yüksəkliklərinə düşən yağışın bir qismi Avropaya, o biri qismi Asiyaya axıb tökülür. Əski dünyada ilk gözəllik yarışı bu torpaqlarda gerçəkləşdirilib. Troya savaşları bu yarımadada baş verib, Aristotel fəlsəfəni öyrəncilərinə Asosda, yəni Gelibolu yarımadasının qonşuluğunda öyrədib, Homer ölümsüz əsərlərini burada Qaz (İda) dağlarında yazıb. 1915-ci ildə Türklük bu torpaqlarda sınaqdan keçib; Dardanel-Çanaqqala boğazına sahib olmaq üçün ölüm-dirim mübarizəsində qarşı duran tərəflərdən beş yüz min əsgər bu torpaqlarda şəhid olub, beləcə Gelibolu yarımadasının hər qarışı qanla suvarılıb. Türkiyə respublikasının prezidenti Kamal Atatürk iştirakçısı və qəhramanı olduğu hadisələri 1934-cü ildə yenidən xatırlayaraq belə söyləmişdi: “Bu məmləkətin torpaqları üzərində qanlarını tökən qəhrəmanlar! Burada bir dost Vətənin torpaqlarındasınız. Hüzur və sükut içində uyuyunuz. Sizlər bizim əsgərlərlə yan-yana, qoyun qoyunasınız. Uzaq diyarlardan övladlarını savaşa göndərən analar göz yaşlarınız dinsin, övladlarınız bizim bağrımızdadır, hüzur içindədirlər və hüzur içində rahat uyuyacaqlardır. Onlar bu torpaqda canlarını verdikdən sonra, artıq bizim də övladlarımız olmuşlar”.
İndi Gəlibolu yaramadasındakı İngilis, Fransız, Yeni Zellandiya, Avstraliya şəhid məzarları türk şəhid məzarları ilə yanaşı sayğı ilə mühafizə olunur və hər il bu məzarlıqlarda anım mərasimləri düzənlənir.
Gelibolu yarımadası Baron Vrangelin başçılığı ilə Qızıl ordudan qaçan Ağ qvardiyaçılar üçün də sığınacaq yeri idi. Türk topraqları Ağ qvardiyaçılara qucağını açmış və onlar uzun müddət burada türklərlə iç-içə yaşamışlar. İndi Ağ qvardiyaçılar üçün ayrıca ucaldılmış abidə də Geliboludadır. Əlbəttə tarixə daha geniş bir şəkildə ekskurs etsək daha önəmli faktları gün işığına çıxartmış olarıq. Asiya ilə Avropanı ayıran yox, birləşdirən Çanaqqala-Dadanel boğazının suları sadəcə savaşlara məskən olmamış, Ege dənizi ilə Marmara dənizini birləşdirən bu boğazdan kimlər köçməmiş ki, Bayrondan tutun da Buninə, Brotskiyə qədər. Mən də keçdim o boğazdan:
Zəmanənin
əlindən çəkdiyi az olmadı,
Amma boğaz olmadı
bir kimsənin önündə.
Baxtı kimi qapqara saçları vardı bir vaxt,
Töküləni töküldü,
Çallayanı çalladı.
Özü yetirdiyini qarşısında görəndə,
Tanrı da cığalladı...
...Qanadlansa
bu suyun altında balıqları,
Bu suyun aynasında martıları uçsalar.
Və səndən
soruşlar hər cür xırdalıqları,
Hər
cür ucalıqları və səndən soruşsalar...
...İki
dəniz arası bir boğaza düşmələr,
Bir yandan
ayrılmalar, bir yandan görüşmələr...
Xəyalın
əl çatıb, ün yetməyən sonsuz üfüqlərində
Yolçu
yolda, yol açıq;
Boğazdı
ana bətni, ölüm də bir boğazdı,
Çıxa
bilirsənsə çıx,
Olum
ölüm arası yolun da bir boğazdı...
Ümidi bozbulanlıq sulara yansıyan nur.
Sən ey
bizi var edən, –
Dənizləri
boğazdan keçməyə vadar edən
Gözlərinin
ucuyla bizə də bax nə olur...
Yeri gəlmişkən “Boğaz”
şeirimi uğurla tərcümə etmiş Mixail
İsaakoviç Sinelnikov da günlərin birində bu
boğazdan keçəcəkdi...
Görünür boğaz çoxumuzun qədəridir. Hələ Sovet
İttifaqı dönəmində SSRİ
Yazıçılar İttifaqının Xarici Əlaqələr
Komissiyasına neçə dəfə Türkiyəyə
getmək üçün ərizə versəm də hər
dəfə “Türkiyəyə növbə çoxdur, gəl,
səni filan ölkəyə göndərək” – deyə məni
başlarından edib dünyanın başqa ölkələrinə
yönləndirdilər. Beləliklə mən
Türkiyə yerinə 15-20 ölkəni gəzib
qayıtmışdım. O zamanlar heç özüm də
səbəbini bilmədən bir şeir yazmışdım,
sonluğu belə qurtarırdı: Mən Dardanel
boğazıyam, hamı məndən keçib gedər!” Niyə Bosfor yox, Berinq yox, Cəbbəlütariq yox,
Dardanelə? Cavab axtarılası
sualdır, deyilmi? Bu misraların yazılma tarixindən
onbeş il sonra bir də gözlərimi açıb görəcəkdim
ki, Türkiyənin bir başqa yerində yox, məhz Dardanel
boğazının sahilində qərar tutan Çanaqqala
şəhərindəyəm, həm də buraya turist kimi yox,
işləməyə gəlmişəm. (Bilmirəm,
bu boğaz suları olmasaydı qərib diyarlarda yaşamaq
zorunda qalan mən, qürbət çiləsinə necə
dözərdim?)Buna tale deməyib də nə deyəsən?
Və tale deyilən məni burada dünyanın
çeşitli yerlərindən gələn insanlarla tez-tez
qarşılaşdırır. Nədənsə
Asiya ilə Avropa qitəsini birləşdirən bu torpaqlar
dünyanın çeşitli ölkələrinin
insanlarını maqnit kimi özünə daha çox çəkir.
Xüsusiylə dənizləri qovuşduran, dünyanın nəfəs
borusu kimi uzanan bu Dardanel boğazı! Dünyanın
bütün dəniz və okeanlarının bu boğazla
hardasa bir bağlantısı var. Bəlkə insanları bu
yerlərə çəkən də elə
şüuraltı o bağlantı düşüncəsidir.
Şimalda yaşayan adamları Asiya ilə
Avropanın birləşdiyi isti dənizlər və torpaqlar
maqnit sayağı özünə çəkdiyi kimi Rusiya da
(xüsusilə Moskva) onu bir dəfə görənləri
yüz dəfə özünə çəkər. Aradan uzun illər keçsə də, Moskvada
oxuduğum illəri heç zaman unutmadım.
Atasını savaşlarda itirmiş biri kimi alman
faşizmi üzərindəki tarixi qələbənin 65 illik
yubileyi ilə bağlı tədbirlərdə iştirak etmək
üçün Moskvaya dəvət almışdım. Bu, mənim
uzun illərdən sonra Moskvaya ilk səfərim olacaqdı.
Moskvaya çatar-çatmaz ilk işim
1973-1975-ci illər arasında Ali Ədəbiyyat Kurslarında
oxuduğum binanı ziyarət etmək olacaqdı. Burada, Tverskoy küçəsində yolboyu hansı
hissləri keçirdiyimi yazmayacağam.
Məni binanın ikinci mərtəbəsində xoş
bir sürprizin gözlədiyini bilmirdim. Koridor boyu
vurulmuş kursu bitirmiş ünlü sənətkarlar
arasında öz şəklimi görəndə gizləmirəm,
duyğulu anlar yaşadım. Sevindirici hal o idi ki, aradan
otuz beş il keçsə də burada
unudulmamışdım. Və istər-istəməz
Litinsititut divarları arasında keçirdiyimiz o coşqulu
illər, aylarına, həftələrinə, günlərinə
qədər gözlərim önündə canlandı.
Rusiya ədəbiyyata bağlılığı
baxımından unikal bir ölkədir. Bəlkə
elə buna görə də dünyada tayı- bərabəri
olmayan ədəbiyyat litseyi və insititutu da dünyanın
başqa bir ölkəsində yox, məhz Rusiyada
açılmışdır. Türkiyədə
çalışdığım Çanaqqala 18 Mart
Universitetində müəllim yoldaşlarıma və tələbələrimə
yeri gəldikcə Litinstitutdan danışıram. Və ortaq fikir bu olur ki, ədəbiyyata verdiyi
böyük dəyərə görə də Rusiya, dünya
ədəbiyyatına o qədər böyük sənətkarlar
bəxş edə bilmişdir.
Öz təcrübəmdən
deyə bilərəm ki, Ali Ədəbiyyat Kurslarına
oxumağa gedən adamla, bu kursları bitirən adam arasında ağla gəlməyən fərqlər
yaranır. Çox yox, sadəcə iki müəllimimin
adını çəkə bilərəm ki, onlar
olmasaydı, mən bəlkə də bu günkü şair və
düşüncə sahibi ola bilməzdim.
Onlardan biri poeziya üzrə seminar rəhbərimiz, rəhmətlik
Aleksandr Mejirov, ikincisi isə bizə estetikadan dərs verən
(Əslində dərsin adı formal olaraq belə idi! ) Gennadi İvanoviç Kunitsin
idi. Xüsusiylə Gennadi İvanoviç
Kunitsinin qeyri-adi və qorxusuz, açıq fikirləri
qulağımızın pasını açmaqla qalmır,
bizi heyrətlər içində buraxırdı. O
zamana qədər eşitməyi xəyal belə etmədiyimiz
fikirləri eşidərkən bir azdan hamımızı cəza
evinə atacaqlarını düşünürdük: –
“Xristianstvo bez Xrista, Leninizm bez Lenina! İndi
Lenin dirilib Kremlə gəlsə onu dəli kimi qapıdan
qovarlar, Kremldə oturanlara Leninin özü yox, onlara sərfəli
olacaq pozulmuş sözü lazımdır!” – söyləyən və bəzilərimizin
qorxduğunu görüb, –“nə qorxa-qorxa
gözünüzü döyüb mənə
baxırsınız, yoxsa doğru demirəm”- deyən də yenə Gennadi
İvanoviç idi. O, bununla da qalmır bəzi gecələrdə
yaşadığımız yataqxanaya gəlir, sabaha qədər
bu və buna bənzər mövzularda (özəlliklə
Kremldəki saraydaxili intriqalardan) heç zaman eşitmədiyimiz,
eşitmək imkanımız olmayan söhbətlər edirdi. Və beləcə Sovet ittifaqının
çökməkdə olduğunu biz hələ bu rejimin ilk
baxışda ən güclü zamanlarında öyrənir,
canımızdan qorxu hissi çıxmağa
başlayırdı.
Bu
misalı gətirməkdə amacım odur ki, Litinstitut bəzilərinin
düşündüyü kimi heç də ələbaxım,
yuxarıların dedikləri ilə durub-oturan yazarlar “ordusu”
yetişdirmirdi, əksinə milli respublikalardan gəlib
oranı bitirən adamların çoxusu öz məmləkətlərinə
yeni ədəbi və siyasi abı-hava aparırdılar. Azərbaycanın timsalında deyə bilərəm
ki, bizim ədəbiyyatın açıq fikirli şair və
yazıçılarının bir çoxu ya Litinstitutu, ya da
Moskvanın digər təhsil ocaqlarını bitirmiş
insanlardı. Ədəbiyyatımıza
bir çox cəsarətli yeniliklər onların əsərləri
ilə gəldi. (Yalnızca Əli Kərimin
adını çəkmək yetərlidir! )
Həm də onlar yalnızca bədii dəyəri
yüksək olan əsərlər yazmaqla qalmırdılar,
eyni zamanda rejimlə müxalifətdə olmağın ilk cəsarətli
gedişlərini də edirdilər. Elə bilirəm,
Litinstitut sadəcə digər millətlər
üçün deyil, elə rus ədəbiyyatının
özü üçün də vazkeçilməz, unikal bir
təhsil ocağıdır... Yuri Kuznetsovun bir
sözü hələ də xatirimdədir; Rusiyanın
ucqarlarında bəlkə də böyük nasir olmaq
mümkündür, amma böyük şair olmaq
üçün mütləq Moskvada oxumaq, yaşamaq və
onun atmosferindən gələn ilahi ilham havasını udmaq
lazımdır. Bu gerçəyi mən
öz təcrübəmdən də bilirəm.
Yeri gəlmişkən,
Litinstitut mənə Vadim Kojinov, Yuri Kuznetsov kimi böyük ədəbi
şəxsiyyətlərlə tanış
və dost olmaq imkanı verdi. M. Sinelnikov kimi bir tərcüməçi
ilə ədəbi dostluğumuz burada başladı, bu əlaqə
və dostluq bu gün də davam edir. Bütün bunları
ona görə deyirəm ki, Litinstitut yalnızca təhsil
vermir, həm də çeşitli ədəbiyyatlar
arasında körpülərin salınmasında da yaxından
iştirak edir...
Biz dünyanın dəyişik məmləkətlərindən
gələn qırx nəfərdik. Dillərimiz ayrı
olsa da ürəklərimiz bir vururdu. 1975-ci
ilin yazında Litinstitut binası qarşısında son şəklimizi
çəkdirib vidalaşanda bu ayrılığın
keçici olduğuna inanırdıq. Və mən bu inamı
“Qırx dost” şeirimdə dilə gətirmişdim. Aleksandr
Kuşnerin tərcüməsində çox yaxşı səslənən
“Qırx dost”, bir neçə şeirimlə birlikdə o
zamanlar hardasa doğrudan da adına layiq hazırlanan “Drujba
narodov“ jurnalında çap olunmuşdu...
Aradan uzun zaman keçdikdən, Sovet İttifaqı
dağıldıqdan sonra internet saytlarının birində
Buryatyanın xalq yazıçısı əski kurs
yoldaşım V.Mitipovun “Biz hələ oyanacağıq”
adlı yazısını oxuyub kövrəlmişdim. Valodya Ali Ədəbiyyat
Kurslarından bəhs edən çok duyğulu bir yazı
yazmışdı: ”...1970-ci illərin
ortalarında mən Moskvada Ali Ədəbiyyat Kurslarında
(VLK) oxuyurdum. Biz 40 nəfər, necə yaşana bilərsə,
eləcə də yaşayırdıq... Yaradıcılıq
qayğıları, yeni əsərlər... dərs... O
zamanlar Moskva çox gözəldi... Möhtəşəmdi.
Ana kimi övladcanlı, dostcanlı idi.
İki il bitdi və hər şey geridə
qaldı. Keçən illərin uzaq məsafəsindən
baxanda görürəm ki, o zamanlar hansımız hansı
millətdəndik, hansı dinə inanırdıq, adətimiz,
xarakterimiz nəydi, fərqində deyildik! Pərdələr
qaldırıldıqdan və vaxt, çılpaq həqiqətləri
gözlərimiz önünə sərdikdən sonra bildik ki,
sən demə biz hamımız
qardaşıymışıq! Oxuculara təqdim
etmək istədiyim kurs yoldaşım azərbaycanlı
şair Məmməd İsmayılın şeiri məhz bu
hisslərdən doğulub. Bu şeiri haçansa mənə
indi rəhmətlik olan kursumuzun sevimlisi “mavigözlü” yakut Nikolay Qabışev göndərmişdi.
O, davamlı olaraq bizim hamımızla yazışırdı.
Göndərdiyi şeirin altında belə bir qeyd də
yazmağı unutmamışdı: “şeiri 9 dekabr 1982-ci ildə
52 dərəcəlik soyuqda Nikolay Qabişev kağıza
köçürdü... ”
Və bu
qeydi oxuyan zaman fikirləşmişdim: “Görəsən, Məmmədin
Vətənində havalar necədir?” Bu gün
isə fikirləşirəm ki, vəziyyətin necədir Məmməd?
Ölkənin azaldığa
çıxmasına sevinirsənmi? Və ümumiyyətlə
həyatdamısan, dost?!”
Şimaldan gələn bu haraya nə cavab verəydim? Bəlkə tələbə
dostum V.Mitipov şimaldan cənuba qədər geniş bir
coğrafiyaya yayılan “Literaturnıe znakomstvo”
jurnalını oxuyacaq və Vətənimdəki havanı və
mənim sağ olduğumu ona bu cavabı haradan
yazdığımdan öyrənəcək!
Su torpaqdan özgür çıxır, gül
qönçədən özgür açırsa,
azadlığa qovuşan insan sevinməzmi? Bir zamanlar Nikolya Rerix belə
yazmışdı: “Cənub və Şimal bir-birinin
qonşuluğunda yaşayan və heç zaman
görüşməyən iki qardaşdır”.
Amma sevgi səd-sərhəd tanımır. Kurs yoldaşım Nikolay
Qabışevə Allahdan rəhmət diləyir, V. Mitipova
salamlar göndərir və Çanaqqala 18 mart Universitetindəki
Dardanel boğazına baxan iş otağımın 20 dərəcəlik
istiliyindən yazılan məktubla və N. Qabışevin 52
dərəcəlik soyuqda üzünü
köçürdüyü şeirimlə Şimaldakı
bütün dostlarıma salam göndərirəm...
Çanaqqala-Türkiyə
525-ci qəzet.-
2013.- 21 fevral.- S.7.