“Xoca” və xoca ola bilməyənlər
Olmayan yerdən
ortada bir film var. Onlarla yaradıcı insanın minbir zəhməti hesabına başa gəlmiş, millətin çox böyük bir faciəsini özündə
əks etdirən bir film. Özü də elə
bir faciə ki, hələ də qanı qurumayıb və bu qan yalnız
həmin o dəhşətli
faciənin qurbanlarının
şəhərində Azərbaycan
Bayrağı dalğalananda
quruyacaq.
Və bu film də o müqəddəs
bayrağın həmin
şəhərdə dalğalanması
üçün yaradıcı
insanların özünəməxsus
mübarizəsinin təcəssümüdü.
Söhbət “Xoca” filmindən gedir. Hələ yarasından
qan daman bir faciədən bədii əsər yazmaq, o faciəni ekranlaşdırmaq böyük
bir cəsarət tələb edir. Çünki uzaq keçmiş
deyil. O faciəni
yaşayanlar, o dəhşəti
görənlər, o dəhşətli
gecədə ən doğmalarını itirənlər...
Onların hər biri də bu filmi
öz ürəyincə
qəbul edir və yaşayır, yaxud da qəbul
etmir və bu filmlə yaşamır. Hamı bu
filmdə nəyi isə, kimi isə axtarır və təbii ki, tapa bilmir
və tapa bilməz də. Onda gərək 100 və bəlkə də daha çoxserialı bir film çəkəsən
ki, hamının arzu və istəyini
yerinə yetirəsən.
Bu isə film və ya əsər
olmaz.
Filmin müəllifləri
qarşılarına bir
məqsəd qoyub – Xocalı faciəsinin səbəblərini, bir şəhərin sakinləri
ilə birlikdə özündən yüzqat
güclü bir düşmənlə qəhrəmancasına
döyüşməsi, qırılması,
amma Vaqif Bayatlı Odərin təbirincə desək,
“min illərin gün işığı kimi torpağın üstə
qalıb” yaşaması
və üzü Xocalıya tərəf yaşaması.
Vahid Mustafayev
və yaradıcı kollektiv istəklərinə
çatıblar və
ortaya çox ciddi və uğurlu
bir film qoyublar. Və əvvəldə
dediyim kimi olmayan yerdən bir film.
Və film də
təkcə ölkəmizdə
deyil, ölkəmizdən
uzaqlarda da uğurla nümayiş etdirilir və nümayiş etdiriləcək
də. Hansısa festivallarda da
mükafat və mükafatlar alacağına
da inanıram.
Demirəm oturub bütün günü bu filmi tərifləyək. Amma bu filmə bu qədər
sağdan-soldan tənqid
edilməsini də başa düşmürəm.
Axı bu filmin üzərinə
niyə bu qədər gedirlər?
Maraqlı cəhətin biri budur ki, bir
çox tənqidçilər
“Xoca”ya sənədli
film kimi yanaşırlar. Qardaşlar, Xocalı
ilə bağlı onlarla sənədli film çəkilib, bəlkə
yüzlərlə sənədli
əsər yazılıb.
Vahid Mustafayev bu sənədlərin
hamısı ilə tanışdır. O sənədli filmlərə
də baxıb. Və o sənədli filmin ilkini rəhmətlik qardaşı Çingiz Mustafayev çəkib (əslində Ç.Mustafayev
də Xocalı şəhididir), bir neçəsini də özü. Və o faciəni xocalılar
kimi yaşayıb.
Və indi o gördüklərini,
o yaşadıqlarını, o sənədləri, faktları
yazıçı və
rejissor kimi təxəyyülündən keçirib
bir bədii əsər-film ortaya qoyub.
... Əsgərin forması təzəydi; o vaxt həmin saat yox idi; avtomatın
üstündəki nömrədən
görünür ki,
1992 deyil, 2000- ci ilin istehsalıdı; o vaxt “halal” kolbasa
yox idi...
...bunlar hələ evlənməyiblər niyə
öpüşürlər; iraq ruhlarından, əşi bir qələtdi də eləyiblər, evlənməmişdən
əvvəl öpüşüb
milli mentalitetimizə
zərbə vurublar...
nə isə, at gəldi, örkən apardı...
Filmdəki hadisələr, süjet xətti, aktyor oyunu, uğurlu döyüş səhnələri,
obrazlar, insanların yaşantıları, nakam
sevgilər, gözəl
operator işi, rejissorun
uğurlu bədii həlli... bunlar qalıb bir kənarda.
Simvollar,
sətiraltı ifadələr,
həmin dövrün
təzadları və
faciə içində
faciələr, rejissorun
bütün bunları
uğurla təqdim edə bilməsi...
Bu filmi Azərbaycandan kənara çıxarmaq olmaz! Niyə, qardaşım?! Əvvəla,
film artıq Azərbaycandan
çıxıb və
dünyanı addım-addım
gəzir.
İkincisi, bir yazıçı, bir rejissor öz
millətinin yaşanması
mümkün olmayan dərdini, ağrı-acısını,
yaşam savaşını
qələmə almalı,
göstərməlidi, yoxsa
Avropanın xoşuna necə gələcəyini
düşünməlidir – “Daş yuxular” kimi?!
Üçüncüsü, film haqqında bunu deyən sənətkar da bu millətin
oğlu deyilmi?! Heç
kim onun
istedadına şübhə
etmir və onun filmləri və əsərləri də dünyanı gəzir, çox gözəl, bununla fəxr edirik. Bəs, görəsən niyə bu 25 ildə əlində hər cür imkanı ola-ola və ABŞ-da, Avropada güclü əlaqələri hesabına
bu millətin dərdini, acısını,
işğala məruz
qaldığını, soyqırıma
uğradığını yazıb və ya çəkib dünyaya çıxarmır?
Amma böyük bir yaradıcı kollektivin uğurlu bir filmini aşağılayır.
Və bir də çox
maraqlıdır, necə
olur ki, Hollivudun ABŞ-ın apardığı ədalətsiz
və heç bir humanizmə sığmayan döyüş
filmləri dünyanı
ayaqlarının altına
alıb tapdalaya bilər və dünya (eləcə də biz) bəh-bəhlə
izləyə bilər,
amma Azərbaycan xalqının uğradığı
soyqırıma və
bu xalqın apardığı ədalətli
mübarizəyə həsr
olunmuş döyüş
filmi “Xoca” sərhəddən kənara
çıxa bilməz?!
Sirr deyil ki, bizim haqq
işimiz ortalığa
gələndə dünya
özünü ölülüyə
vurur. Ölünü
də özbaşına
buraxanda...
İndi
biz dünyanı bu filmə və digər belə filmlərə baxmağa məcbur etməliyik! Necə?
Çox
asan. Xaricdə fəaliyyət göstərən
lobbilərimiz, diasporalarımız,
Azərbaycan cəmiyyətləri,
Avropada yaşayan imkanlı soydaşlarımız
bunu etməlidir.
Artıq
dünyanın bir çox ölkələri Xocalı
soyqırımını tanıyıb
və tanımaqdadırlar.
Kino dünyada ən böyük təbliğat vasitəsidir.
Və Xocalı soyqırımının
tanınmasında bu
film də özünəməxsus
bir rol oynaya
bilər.
Və sonda. Filmi bəyənməyənlərin
bir tənqidi də odur ki,
bu film ölkə daxili üçün hesablanıb.
Ədalətsiz bir dünyada, ədalətsiz bir müharibəyə cəlb
edilərək minlərlə
şəhid verən,
torpaqları işğal
altda olan bir millətin yaradıcı şəxsinin
bir missiyası da (bəlkə də ən böyük missiyası) xalqının ruhunu öləziməyə qoymamaq,
özünə inamı
aşılamaq, ümid
vermək və yarınkı qələbəyə
səsləmək və
inandırmaqdır. “Xoca” da bu
missiyanı yerinə yetirə bilib. Burda pis nə var?!
Xoca yaşına çatıb
Xoca ola
bilməyənlər də
millətə yuxarıdan
aşağı baxdıqları
kimi, bu filmə də yuxarıdan aşağı
baxırlar. Millət Xoca saydıqlarını sevgi ilə göyə atır-tutur, atır-tutur, göyə atır və bir gün onların
Xoca olmadıqlarını
anlayıb day tutmur... daş kimi düşürlər
millətin ayaqları
altına!
Aqil Abbas
525-ci qəzet.- 2013.- 22 fevral.- S.5.