Naxçıvandan Qafqaz Hərb Tarixi
Muzeyinə uzanan cığırlar
XVIII əsrin ortalarından etibarən Naxçıvan üçün ciddi sınaqlar dövrü başlandı. Yeni Naxçıvan tarixi dövrünə qədər keçilən bütün yüzilliklərin siyasi sınaqlarına Naxçıvan mərdliklə sinə gərdi. Ötüb gedən bu yüzilliklərdə orijinal tarix səhifələri yarandı və doğma Azərbaycan tarixinin parlaq bir səhifəsinə çevrildi. Bəzi tədqiqatçılar cəhd göstərdilər ki, Naxçıvan tarixini Qafqaz tarixindən təcrid etsinlər. Amma tarix tarixdir və zamandan çox asılıdır. Zaman isə unutqanlığın qənimidir. Yəni hər bir tarixi dövr məsələni öz həqiqi reallığına gətirə bilir.
Diqqət yetirsək, bu gün əksər dünya ölkələrinin qafqazşünaslığında Naxçıvan xüsusi yer tutur. Buna əsas səbəb onun yerləşdiyi geosiyasi mövqe və yaşadığı tarixi hadisələrdir. Ona görə də Azərbaycan tarixinin unikal bir ensiklopediyası olan Naxçıvan tarixi bu gün də Rusiya, Türkiyə, İran, Gürcüstan, Yunanıstan, İngiltərə, Polşa qafqazşünaslığında xüsusi diqqət çəkməkdədir. Qeyd edək ki, erməni qafqazşünaslığında isə obyektiv sənədlər dəyişdirilərək hayların tarixi kimi yazılır və əsassız ərazi iddiaları irəli sürülür. Ancaq necə deyərlər, yel qranit qayadan heç nə apara bilməz.
Yuxarıda adlarını sadaladığımız ölkələrin arxivlərində Naxçıvan və onun hərb tarixi, həmçinin memarlığı ilə bağlı tarixi sənədlər saxlanmaqdadır.
Naxçıvan xanlığının bəzi rəmzləri bir vaxtlar Qafqazın baş şəhəri sayılan Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyində saxlanılıb və muzeyin salonlarında nümayiş etdirilib. XIX əsrin sonlarında yaradılmış bu zəngin hərbi muzey “Şöhrət Məbədi” adını da daşıyıb. Muzey haqqında bir az ətraflı söhbət açmaq yerinə düşər.
Qafqaz Hərb Tarixi Muzeyi Tiflisdə Qafqaz Hərbi Dairəsinin Qərargahının Hərbi tarix şöbəsinin nəzdində Qafqaz müharibələrinin tarixi ilə əlaqədar yaradılmışdır. Elə həmin ildə Qolovin prospektində (indiki Rustaveli) yeni muzey binasının tikilməsi qərara alınır. Muzey binası 1885-ci ildə tikilsə də, onun rəsmi açılışı 1907-ci ilin 11 fevralına təsadüf edir. Arxiv sənədlərindən məlum olur ki, muzey rəsmi olaraq 1906-cı ilin martından Qafqaz Hərbi Dairəsinin Qərargahının tabeçiliyinə verilib. Əvvəlki illərdə müxtəlif sərgilərin təşkil edildiyi muzey tamaşaçıların diqqətini elə də cəlb etmirmiş. 1905-ci ildə Rusiya çarı qraf İllarion İvanoviç Vorontsov-Daşkovu Qafqaza canişin təyin edir. O, işə başlayan kimi unudulmuş, necə deyərlər, sahibsiz qalmış muzeyin yenidən təşkilinə göstəriş verir. Məqamındaca tarixə səyahət edək.
Rusiya Qafqazdakı canişinlik idarəçiliyinə 1844-cü il noyabrın 27-dən başlayıb. Həmin ilə qədər Qafqazın baş sərdarları aşağıdakı hərbçilər olmuşlar: Sisiyanov (1803-1806), Qudoviç (1806-1809), Tormasov (1809-1811), Panuliç (1811-1812), Rtişşev (1812-1816), Yermolov (1818-1826), Paskeviç (1826-1831), Rozen (1831-1837), Qolovin (1837-1842), Neydqardt (1842-1844).
Rusiya çarı Qafqazda ilk dəfə canişinlik vəzifəsinə Mixail Semyonoviç Vorontsovu təyin etmiş və ona külli-ixtiyar vermişdir. O, 1845-1854-cü illərdə Qafqazda Rusiyanın müstəmləkəçilik siyasətini daha da dərinləşdirmişdir. Bu, həmin Vorontsovdur ki, ermənilərin Rusiya imperiyasında çox mötəbər vəzifələrə təyin olunması üçün bütün vasitələrdən istifadə etmişdir. Onu böyük rus şairi A.S.Puşkin Bessarabiyadan tanıyırdı və ona ithaf etdiyi bir həcv Vorontsovun tam xarakterini açır:
Yarımigid, yarımavam,
Üstəlik də yarımalçaq.
Lakin burda bir ümid var,
Alçaqlıqda tam olacaq.
Onu
da deyək ki, Rusiyanın Qafqazdakı hərbi əməliyyatlarından
ən uğursuzu lovğa Vorontsova məxsusdur: o, 1845-ci ildə
Şeyx Şamillə döyüşlərdə (məşhur
Darqo döyüşü) 4 general, 186 zabit və 4000 əsgər
itirmişdi.
Sonralar
Muravyov (1854-1856), Baryatinski (1856-1862) və Rusiya imperatorunun
böyük qardaşı knyaz Mixail Romanov (1862-1882) Qafqaz
canişini işləmişlər. Bunların
içərisində Naxçıvana və
naxçıvanlılara rəğbətlə yanaşan knyaz
Romanov olmuşdur.
Rusiyanın
mərkəzi şəhərlərində
iğtişaşlar olmasın deyə, əksər hərbi
hissələri şimala apardıqlarından çarın fərmanı
ilə Qafqaz canişinliyi 1882-ci il
fevralın 22-də ləğv edilir. XX əsrin
əvvəllərində Qafqazda xalqların azadlıq
mübarizəsi gücləndiyi üçün Rusiya
çarı 26 fevral 1905-ci ildə yenidən canişinliyi bərpa
edir və bu vəzifəyə Vorontsovun əmisi nəvəsi
ermənipərəst İ.Vorontsov-Daşkovu təyin
etmişdir. 1905-ci ildən 1915-ci ilədək
Qafqaz canişini olan Vorontsov-Daşkova heç bir canişinə
nəsib olmayan ixtiyar verilmişdi. O da bu fürsətdən
istifadə edib Qafqazı erməniləşdirmək
ideyasını harda gəldi tətbiq edirdi.
Sonuncu canişin Mixail Aleksandroviç Romanov olmuşdur
(1916-1917). Qafqaz canişinliyi 9 mart 1917-ci ildə fəaliyyətini
dayandırmışdır.
Qayıdaq mətləbimizə. Vorontsov-Daşkov
Tiflisdəki Qafqaz Hərb Tarixi Muzeyinin salonlarını zənginləşdirmək
üçün Qafqazın hər yerindən, o cümlədən
Azərbaycandan da müharibələr vaxtı rus ordusunun əldə
etdiyi qənimətləri muzeyə toplamağı verdiyi əmrlərdə
qərarlaşdırır. Naxçıvan
xanlığının 1828-ci ilədək istifadə etdiyi
bayraqları Tiflisə gətirtdirir. Hətta
Moskva və Sankt-Peterburq muzeylərinə aparılan hərbi qənimətlər
muzeydə nümayiş üçün Tiflisə
qaytarılır. “Şöhrət Məbədi”
adını daşıyan Qafqaz Hərb Tarixi Muzeyinin 1907-ci il fevralın 11-də təntənəli
açılışı zamanı çəkilən fotoşəkil
bu gün də Gürcüstan Milli Arxivində
saxlanılır.
“Şöhrət Məbədi”nə ilk direktor görkəmli
rus hərb tarixçisi, Qafqaz Ordusunun Baş Qərargahında
Hərbi tarix şöbəsinin rəisi, “Qafqaz tarixinin
Nestoru” ləqəbini daşıyan general-leytenant V.A.Potto
(1836-1911) təyin olunur. V.A.Potto Qafqaz müharibələrinə
aid yazdığı məşhur beşcildliyin müəllifidir
(“Qafqaz müharibəsi ayrı-ayrı oçerklərdə,
epizodlarda, əfsanə və bioqrafiyalarda”, Tiflis, 1885-1891).
Onun əsərlərində Naxçıvan
xanlığının tarixi ilə bağlı xeyli qiymətli
məlumatlar vardır. Həmin tarixi faktlar
1826-1828-ci illərə aid bir sıra mübahisəli məsələləri
aydınlaşdırmaq baxımından olduqca orijinal hesab oluna
bilər.
“Şöhrət Məbədi”, əsasən, 3 salondan
ibarət idi.
Sağ salon, orta salon və sol salon. Demək olar ki, bu muzeydə
Rusiyanın Qafqazda, İranda və Türkiyədə
apardığı müharibələrdə iştirak edən
hərbçilərə məxsus şəxsi əşyalar,
döyüş səhnələrinin təsviri olan tablolar və
əldə olunmuş qənimətlər nümayiş
etdirilmişdir.
V.A.Pottonun vəfatından sonra onun köməkçisi,
hərb tarixçisi Semyon Esadze 1912-ci ildə həmin muzeyə
direktor təyin olunmuşdur. Məlumat
üçün deyək ki, Boris və Semyon Esadze
qardaşları hərb tarixçisi olmuşlar. Onların ikisi də zəngin hərbi yol
keçmiş və Qafqaz Hərbi Dairəsinin Baş Qərargahında
Hərbi tarix şöbəsində Pottonun köməkçiləri
kimi fəaliyyət göstərmişlər. “Qafqaz Ordusu”, “Qars” və digər hərbi qəzetlərin
redaktoru olan Boris Esadze 1914-cü ildə vəfat etmişdir.
Digər qardaş Semyon isə 1917-ci ilədək
Qafqaz Hərbi tarix şöbəsinin rəisi vəzifəsində
fəaliyyət göstərmişdir. 1921-ci
ilin avqustundan Gürcüstan Dövlət Arxivinin hərbi
bölməsinin, 1923-cü ildən 1927-ci ilədək Hərb
Tarixi Arxivin müdiri işləmişdir. Çoxlu
elmi əsərləri vardır. 15 noyabr
1927-ci ildə vəfat etmişdir.
Esadzelərin Gürcüstan Milli Arxivində çox zəngin
fondları mövcuddur. Onların yazdıqları əsərlərdə
əks olunan Naxçıvan tarixi ilə bağlı sənədlər,
epizodlar, Kəngərli süvarilərinin fəaliyyətləri
haqqında məlumatlar aktuallığı ilə diqqəti cəlb
edir.
Semyon
Esadzenin yazdıqlarından bizə məlum olur ki, I Ehsan
xanın süvarilərinə məxsus bayraq, Abbasabad
qalasının dəmir açarı, 1830-cu ildən sonra Kəngərli
süvarilərinin 300 nəfərlik dəstəsinə təqdim
edilən bayraq, döyüş mənzərələrini əks
etdirən tablolar və fotoşəkillər bu muzeydə
saxlanılırmış. Bu haqda ilk dəfə
o, 1907-ci ildə yazdığı “Qafqaz Hərb Tarixi Muzeyinin
bələdçisi” adlı kitabında məlumat vermişdir.
1917-ci ildən sonra Naxçıvana məxsus dövlət
rəmzlərinin haraya aparılması bizim əsas
axtarış məqsədlərimizdən biridir.
Axtarışlar zamanı məlum oldu ki, inqilab ərəfəsində
muzeyin əsas eksponatları Krasnodar-Stavropol-Moskva-Sankt-Peterburq
istiqamətində Rusiyaya aparılmışdır. 1830-cu ildən
sonrakı Kəngərli süvari dəstəsinin
bayrağı sonralar Milli Azərbaycan Tarixi Muzeyinə
verilmişdir. Amma 1828-ci ilədək
Naxçıvan xanlığına məxsus bayraqların
haraya aparılması hələlik məlum deyil. Bir məsələ var ki, Azərbaycan
xanlıqları işğal edilən kimi bayraqlar
Sankt-Peterburqun Petropavlovsk soboruna, yaxud Moskva Silah Palatasına
aparılırmış. Bu haqda Esadze
qardaşları yazmışlar. Bu istiqamətdə
ciddi axtarışlarımız davam edir. Naxçıvanın
canlı arxivi olan Matan xanım Nəsirbəyova öz
atasından eşitdiklərini bizə danışardı.
Onun dediyinə görə, I Kalbalı xanın
dövründə Naxçıvan xanlığının
bayrağının üzərində, yaxud haşiyəsində
“Quran” ayələri və hətta İmam Əlinin ikiuclu
qılıncının (Zülfüqarın) təsviri
varmış. Hilal ayı və
yaşıl ulduzu da bura əlavə edirdi. Bunlar çox maraqlı məsələlərdir və
tariximizdir. Yəqin ki, axtarışlar bizi
sevindirəcək.
“Şöhrət Məbədi”ndən qalan eksponatlar, əsasən,
Tiflisdəki Gürcüstan Milli Tarix Muzeyində və Milli
Arxivin nəzdində olan fotoarxivdə saxlanılır.
Bir
neçə dəfə Canaşia adına
Milli Tarix Muzeyində olsaq da, şəxsən fonddakı
bayraqlara baxmağa icazə vermirlər. Rəsmi
sənədlər olsa da, bir nəfərin (familiyası
Axalkaçi) inadı ucbatından saxlanılan bayraqlara baxa
bilməmişdik. Həmişə çalışmışıq
ki, nəsə yeni bir məlumat öyrənə bilək.
Fotoarxiv olduqca zəngindir. Burada Krım, Bəyazid
müharibələrinə və 1914-1918-ci il
Dünya müharibəsinə aid fotoşəkillər
saxlanılır.
“Şöhrət
Məbədi” bağlandıqdan sonra bolşeviklər həmin
şəkilləri bağlı fondlarda saxlamışlar, məhv
etməmişlər: yəqin ki, Rusiya tarixi olduğuna görə.
Fotoşəkillərin çoxu adsızdır.
Xüsusi tədqiqata ehtiyacı var. Biz tam
süvari generalı Hüseyn xan Naxçıvanskiyə məxsus
olan 3 ədəd fotoşəkil aşkarladıq. Onlardan birini ilk dəfə çap edirik.
Birinci cərgədə soldan dördüncü
Hüseyn xan Naxçıvanskidir.
Qafqaz Hərb Tarixi Muzeyi ilə bağlı yazılanlar
bizim diqqətimizdədir. Çünki bu muzeydəki
qənimətlərin əksəriyyəti osmanlılara və
azərbaycanlılara məxsus olmuşdur. Siyahılar
qalmaqdadır. Bunlar hamısı bizim
tariximizdir. O tariximizdir ki, yadellilər bu gün də
bizdən onu gizlədirlər. Amma gizlədə
bilmədikləri bir həqiqət var ki, o, bizim
axtarışlarımıza işıq salır. O
işıq Naxçıvanın igid süvarilərinin cəsurluğu,
dönməzliyi və Naxçıvanın şahə qalxan
döyüş atlarının kişnərtisidir. Bunu dəfələrlə Tiflis arxivlərindəki
sənədlər üzərində işləyərkən
və fotolara baxarkən apaydın duymuşam.
Musa QULİYEV,
AMEA Naxçıvan Bölməsinin əməkdaşı,
tarix üzrə fəlsəfə doktoru
525-ci qəzet.-
2013.- 22 fevral.- S.7.