Mədəni və bioloji müxtəlifliyin
ahəngdar vəhdətindən doğan Azərbaycan
palitrası
Vətənimiz Azərbaycan müxtəlif etnik və
dini qrupların tarixən dözümlülük və
mehriban şəraitdə yaşadığı çoxmillətli
və çoxdinli bir ölkədir. Uzun əsrlər boyu
etnik və dini azlıqlara mənsub olan xalqlar ölkədə
etnik çoxluq təşkil edən azərbaycanlı
türklərlə sülh və harmoniya şəraitində
yaşayıb və yaşayırlar. Təəssüf
ki, yaxın keçmişdə siyasi oyunlar səbəbi ilə
Ermənistanla Azərbaycan arasında meydana
çıxmış münaqişə, bəziləri tərəfindən
milli və dini münaqişə kimi qələmə verilir.
Hətta bəziləri daha da irəli gedərək,
azərbaycanlıları dözümsüzlükdə ittiham
edir, Dağlıq Qarabağ münaqişəsinin yeni
alovlandığı dövrdə milliyətcə erməni
olan sakinlərə qarşı sərt
davranıldığını iddia edirlər. Qeyd edilən iddiaların boş uydurma olduğu
xalqımızın hər bir nümayəndəsinə
gün kimi aydındır. Bu barədə
çox deyilib, konkret faktlara əsaslanan ətraflı
yazılar yazılıb. Amma bu
iddiaların puç olduğunu sübut etmək
üçün məsələyə bir qədər fərqli
yöndən yanaşmaq istərdim.
Məsələ burasındadır ki, Azərbaycanda
keçmişdən bu günə kimi birgə yaşayan bir
çox millət və din nümayəndələri bu məmləkətin
mədəni müxtəlifliyinin zəngin palitrasını təşkil
etmişdir. Buradakı mədəni müxtəliflik ənənələrini
şərtləndirən amillər və onun əsl səbəblərini
çeşidli yönlərdən izah etmək olar. Qeyd edilən ənənələrin ictimai, psixoloji,
tarixi əsasları indiyə kimi geniş
araşdırılmışdır. Ancaq bu məqalədə mən
ölkəmizdəki mədəni müxtəlifliyi şərtləndirən
təbii amillərin rolundan bəhs etmək istərdim. Bir qədər qəribə görünsə də,
Azərbaycanda təşəkkül tapan mədəni müxtəlifliklə,
burada hökm sürən bioloji müxtəlifliyin
qarşılıqlı münasibətini elmi dəlillərə
istinadən araşdırmağa çalışacağam.
Mədəni müxtəlifliklə biomüxtəliflik. Şübhə
yox ki, bunlar müxtəlif məfhumlar və tamamı ilə
ayrı-ayrı elm sahələrinin tədqiqat predmetidir.
Biomüxtəliflik sırf təbiət elmlərinin predmeti
olduğu halda, mədəni
müxtəliflik humanitar elm sahəsinə aiddir. Ancaq gəlin görək bunlar bir-biri ilə nə dərəcədə
əlaqəlidir, biri digərinə hansı təsir
gücünə malikdir və ümumiyyətlə belə bir
təsir mövcuddurmu?
Müasir elm bu məsələni kifayət qədər
dərindən araşdırmayıb, bunun səbəbi isə
bəlkə də təbii mühitin insan psixologiyasına və
xüsusiyyətinə göstərdiyi təsirin, bəzi
mürtəce ideologiyalar tərəfindən səhv və
şişirdilmiş formada təqdim olunması idi.
Bununla belə qeyd olunmalıdır ki, tarix boyu, insanla təbiət
arasında olan üzvi bağlılıq, diqqətləri təbii
faktorların sosial həyatda oynadığı inkar olunmaz rola
çəkmişdir. Hələ qədim dövrlərdən
başlayaraq əksər görkəmli alim və filosoflar təbii
şəraitin və coğrafi məkanın insan cəmiyyətinin
inkişafına, onun xüsusiyyət və mənəviyyatına
təsiri haqqında bir çox fikirlər söyləmişdir. Ənənəvi olaraq “tarixin
atası” adlandırılan Yunan tarixçisi Herodot, “tibbin
atası” adlandırılan və tibb elminin banisi sayılan
Hippokrat, eləcə də Demokrit, Aristotel, Polibi və Strabon
kimi qədim yunan filosof, tarixçi və coğrafiya alimləri
coğrafi mühit, onun iqlim, torpaq, landşaft, flora və fauna
kimi ayrı-ayrı komponentlərinin cəmiyyət və
xalqların taleyindəki həlledici roldan bəhs etmişlər.
Orta əsrlərdə
yaşamış böyük islam
tarixçisi və filosofu İbn Xəldun (1332-1406), təbii
və coğrafi amillərin sivilizasiyalara təsiri ilə
bağlı mükəmməl nəzəriyyə irəli
sürmüşdür. O, özünün məşhur
“Müqəddimə” əsərinin “Mülayim və sərt
iqlimlər, havanın insanların (dərisinin) rənginə və
bir çox başqa hallarına təsiri” adlı fəslində
Yer kürəsini 7 iqlim qurşağına
bölür-onlardan şimala yaxın olanlar sərt soyuq, cənub
və ona yaxın olanlar qızmar isti, şimal və cənub
arasında yerləşənlər isə mülayim iqlimlərə
malik olduğunu bildirir. İbn Xəldun burada
qeyd edir ki, həddən artıq soyuq və ya isti olan bölgələr
sivilizasiyanın inkişaf üçün əlverişli
deyil, amma mülayim iqlimə malik bölgələrdə isə
elm, sənətkarlıq və maddi mədəniyyət
formalaşır, oranın sakinləri də daha fiziki, əqli
və əxlaqi baxımdan daha mükəmməl olur.
İbn Xəldunun fikirləri sonradan oxşar şəkildə
fransız filosoflar Jan Boden (1530-1596), Şarl Lui Monteskyö
(1689-1755) və Oqüst Kont (1798-1857) tərəfindən irəli
sürülmüşdür. Həmçinin,
coğrafi amilin və təbii mühitin bəşər
tarixinə və sivilizasiyasına təsiri barədə
İbn Xəldunun dedikləri, ingilis tarixçiləri Henri
Tomas Bokl (1821-1862), Arnold Toynbi (1889—1975) və sair Avropa alimlərinin
ideyalarına güclü təsir göstərmişdir.
Yuxarıda qeyd edilən fikirləri ehtiva edən və
müasir dövrdə coğrafi determinizm adı ilə
tanınan konsepsiyanın yaradıcısı fransız mütəfəkkiri
Jan Boden (1530-1596) hesab edilir. Onun ideyalarına
görə təbii faktorlar arasında ən əsas rolu bu və
ya digər ölkənin iqlimi oynayır. Bu mütəfəkkir də
İbn Xəldun kimi başlıca olaraq üç iqlim
bölgəsini fərqləndirir: cənub, mülayim və
şimal. Bodenin fikrinə görə,
sivilizasiyanı inkişaf etdirmək mülayim bölgələrin
sakinlərinə başqalarından daha artıq müyəssər
olur.
Coğrafi determinizm ideyasını daha sonra başqa bir
fransalı alim Şarl Lui Monteskyö da inkişaf
etdirmişdir.
1748-ci ildə nəşr olunmuş
“Qanunların ruhu haqqında” adlı əsas əsərində
Monteskyö cəmiyyətin həyatına coğrafi mühit
faktorlarının təsiri barədə nəzəriyyə
işləyib hazırlamışdı. “İqlimin
gücü dünyada ən birinci gücdür”-deyən
Monteskyö iddia edirdi ki, iqlim şəraiti insanın individual
xüsusiyyətlərini, xarakterini və təmayülünü,
onun bədən quruluşunu müəyyən edir.
XIX əsrdən
başlayaraq İohan Herder, Aleksandr Humbolt, İmmanuel Kant, Georq
Vilhelm Fridrix Hegel və sair alman alimləri də təbii
şəraitin ictimai-siyasi inkişafa təsirini
araşdırmışlar.
İohan Herderin fikrinə görə, sivilizasiyanın
inkişafı daxili və xarici faktorların təsirləri
ilə baş verir. O, xarici faktorlara fiziki təbiəti, əsasən də
onun iqlim, torpaq və coğrafi mövqe kimi ünsürlərini
aid edirdi.
İmmanuel
Kant coğrafiya mühazirəsində fiziki mühitin “mənəvi
coğrafiya”-ya (milli xüsusiyyətə), siyasi coğrafiyaya,
“ticarət coğrafiyası”-na (iqtisadiyyatına) və
“ilahiyyat coğrafiyası”-na (dinlərin ərazi
bölgüsünə) təsiri haqqında fikir söyləmişdir.
Hegel də özünün “Fəlsəfə tarixi” əsərində
coğrafi mövqeyin əhəmiyyətinə və hər
hansı xalqın istehsal ruhunda təbiət amilinin
buraxdığı izə diqqəti cəlb etmişdir.
Yuxarıda qeyd olunan mütəfəkkirlərlə
yanaşı, sadalamadığımız bir çox digər
alimlər də təbii faktorların cəmiyyət həyatının
müxtəlif sahələrinə təsiri ilə
bağlı çoxlu fikirlər söyləmişlər. Burada
xüsusilə vurğulamaq istərdim ki, əksər alimlər
təbiət, iqlim və mədəni şəraitlə
bağlı zahiri fərqliliklərə baxmayaraq, bəşəriyyətin
eyni xarakterə malik olduğunu vurğulamışlar. Mənə belə gəlir ki, bu amillərin insan və
xalqların həyatına və xarakterinə təsirini
mütləqləşdirməyin doğru olmadığı
kimi, onu tam inkar etmək də düzgün olmaz.
İqlim və təbii şəraitin təsiri ilə bağlı
fikirlərdə müəyyən həqiqətin olduğunu,
Azərbaycanın timsalında da görmək
mümkündür. Belə ki, bu ölkənin biomüxtəlifliyi ilə
mədəni müxtəlifliyini müqayisə etsək, burada
maraqlı uyğunluqların olmasını aşkar etmək
olar. Bunu təsdiq etmək
üçün ölkənin təbii və ictimai mühiti
arasında bəzi paralellər aparaq.
Məlum olduğu kimi, Azərbaycan Respublikası nadir
coğrafi mövqeyinə və müxtəlif iqlim
qurşaqlarının mövcudluğuna görə zəngin
biomüxtəlifliyə malik ölkədir. Belə ki, 1956-cı ildə
məşhur iqlimşünas B.Alisovun (1891-1972) hazırladığı iqlim
növlərinin təsnifatına əsasən, hava kütlələrinin
coğrafi tiplərinə və atmosfer sirkulyasiyasının
xüsusiyyətinə görə 13 iqlim qurşağı
ayrılır. Bu təsnifata istinad etsək, qeyd edilən 13 iqlim
qurşağından 9-u Azərbaycan ərazisində
müşahidə olunur.
Mütəxəssislərin fikrinə
görə, ölkə ərazisinin coğrafi mövqeyi,
relyefin mürəkkəbliyi, Xəzər dənizinin
yaxınlığı, il ərzində
yer səthinə düşən günəş
radiasiyasının bolluğu, müxtəlif mənşəli
hava kütlələrinin təsiri altında olması və
s. burada iqlimin müxtəlifliyinə səbəb olmuşdur.
Azərbaycan
Respublikasının təbii şəraiti haqqında olan elmi
mənbələrdə göstərilir ki, onun ərazisində
qeyd edilən iqlim zonaları üzrə 4500-dən çox
çiçəkli, ali sortlu bitki
növü qeydə alınmışdır. Nisbətən
böyük olmayan respublikanın ərazisində dünyada
rast gəlinən bütün bitki tiplərinin demək olar
ki, hamısı yayılmışdır. Növlərin
ümumi sayına görə, Azərbaycanın florası
regionun başqa ölkələrinə nisbətən xeyli zəngindir.
Mütəxəssislər bildirir ki, Azərbaycan
Respublikasında floranın zəngin və bitki
örtüyünün rəngarəng olması, onun
fiziki-coğrafi və təbii-tarixi şəraitinin müxtəlifliyi
və həmçinin uzaq floristik sahələrin təsiri
altında formalaşmış mürəkkəb tarixi ilə
əlaqədardır.
Mənbələrdə həmçinin göstərilir
ki, Azərbaycan Respublikası ərazisində təbii şəraitin
müxtəlifliyi ilə əlaqədar onun heyvanlar aləmi də
çox rəngarəngdir. Respublika ərazisində
faunanın 18 min növü qeydə alınmışdır.
Bioloji növ müxtəlifliyi və heyvanlar aləminin
də çox rəngarəng olmasının əsas səbəbi
kimi regionun geoloji tarixi və müxtəlif iqlim şəraitinin
olması göstərilir. Azərbaycanın
heyvanlar aləminin zənginliyi barədə ilk məlumata, qədim
şərq səyyahlarının yazılarında rast gəlmək
olar. Memarlıq abidələri, qədim
qaya və daşlar üzərindəki müxtəlif heyvan təsvirləri
dövrümüzə qədər gəlib
çatmışdır.
İndi isə gəlin baxaq, yuxarıda
sadaladığımız coğrafi və təbii mühit
şəraitinin təsiri məsələsi, Azərbaycan
xalqının həyatı və şəraitində öz əksini
nə dərəcədə tapıb? Məlum olduğu kimi,
Azərbaycan ərazisinin əlverişli təbii-coğrafi
mühiti hələ qədimdən insanların burada məskən
salmasına və sivilizasiyanın ən qədim mərkəzlərindən
biri olmasına şərait yaratmışdır. Antik
müəlliflər Herodot, Polibi, Strabon, Ptolomey və b. öz
əsərlərində Azərbaycanın coğrafi
mövqeyi, təbiəti,
yaşayış məntəqələri, burada məskunlaşmış
müxtəlif tayfalar və s. haqqında məlumatlar
vermişlər. Strabon özünün 17 cildlik
“Coğrafiya” əsərində burada yaşayan müxtəlif
dilli və ləhcəli 26 alban tayfası barədə məlumat
verir.
Azərbaycan xalqının təşəkkülündə
iştirak etmiş bu qədim etnoslar, Qafqaz regionunda
yaranmış qədim mədəni mühitin
formalaşmasında, həmçinin bütövlükdə
Yaxın və Orta Şərqin ictimai-mədəni həyatında,
qədim dövlətçilik tarixində çox
mühüm rol oynamışlar. Azərbaycan xalqı tarix boyu qonaqpərvərliyi
və tolerantlığından dolayı, müxtəlif millət,
din və mədəniyyət nümayəndələrinə
qucaq açaraq, onlara öz qoynunda yer vermişdir.
Məsələn,
Babil hökmdarı II Navuxodonosorun (e.ə. 586-cı il) Yerusəlimi (indiki Qüds) zəbt etməsi
nəticəsində talan olmuş İudeya
çarlığından qaçan yəhudi
köçkünləri Azərbaycan torpağında özlərinə
sığınacaq tapmışlar. İndi
dağ yəhudiləri kimi tanınan bu xalq artıq 2500 ilə
yaxındır ki, Azərbaycan ərazisində mehriban
münasibət şəraitində yaşayaraq öz dini və
milli adət-ənənələrini indiyə qədər
qoruyub saxlayıblar.
(Ardı var)
Rasim ABDULLA,
AMEA-nın Z.Bünyadov adına
Şərqşünaslıq İnstitutunun
dissertantı
525-ci qəzet.-
2013.- 22 fevral.- S.6.