Xalq üçün yaşanan ömür
AZƏRBAYCAN
NEFT-KİMYA SƏNAYESİNİN İNKİŞAFINDA
ÖZÜNƏMƏXSUS ROL OYNAMIŞ TOFİQ SƏFƏRƏLİYEVİN
ƏZİZ XATİRƏSİNƏ
Məlum
həqiqətdir ki, istənilən dövlətin əsas
dayağı onun iqtisadiyyatıdır. İqtisadiyyatı
güclü olan dövlətin təhlükəsizliyi, onun dünya dövlətləri
arasında sanballı söz sahibi olması, mədəniyyətinin
inkişafı, əhalisinin maddi təminatı da yüksək
səviyyədə olar. Çox əfsuslar olsun ki, dövlətin
bu qüdrətini təmin edən şəxslərin bəxti
heç də həmişə gətirmir. Onlar həyatda olduqları
vaxtlarda bəzən haqsızlıqla üzləşdikləri
kimi, həyatdan getdikdən sonra da çox zaman yada
salınmır, adı, nurlu əməlləri unudulmağa
başlayır. Belə şəxsiyyətlərdən biri də
ömrünü Azərbaycan
iqtisadiyyatının inkişafına sərf etmiş, Azərbaycanın
neft-kimya sənayesinin fəal qurucularından biri, bu sahəyə
əvəzsiz töhfələr vermiş Tofiq Səfərəliyevdir.
Tofiq Səfərəliyev
Qarabağda, sayılıb-seçilən Səfərəliyevlər
nəslində dünyaya göz açmışdı. Bu ailənin
uluları Səfəvilər nəslinə gedib
çıxır. Atası
Şəmil kişi Azərbaycan Kənd Təsərrüfatı
Nazirliyində nazirliyin iqtisadiyyatının təyinedici
simalarından olub. Əmisi Zülfüqar müəllim
Ağdamın ən sayılan ağsaqqallarından, müəyyən
məqamlarda həlledici söz sahiblərindən idi.
O,
uşaqlıq illərində ailədə yaxşı tərbiyə
almış, görkəmli ziyalıların əhatəsində
böyümüşdü. Tofiqdən Allah-Təala heç nəyi
əsirgəməmişdi. Ona gözəl qamət, təşkilatçılıq
qabiliyyəti, səlis nitq mədəniyyəti, ünsiyyətcillik,
qürurluluq və başqa insani keyfiyyətlər bəxş
etmişdi.
Tofiqlə
eyni vaxtda Sənaye İnstitutunda təhsil almışıq.
O, institut illərində idmanla məşğul olurdu,
özü də rus sektorunda oxuyurdu. III kursdan isə Azərbaycan
sektoruna keçdi. İnstitutu bitirdikdən sonra mən
birbaşa təyinatla Yeni Bakı Neft Emalı Zavodunda işləməyə
başladım. Tofiqi isə Əliş Ləmbərənli
öz yanına apardı, Birliyin aparatının təchizat
şöbəsinə işə götürdü. Tofiq
aparatda bir-iki il işlədikdən sonra özünün ciddi
təkidi ilə bizim zavoda işə dəyişildi. Onu
zavodun baş mexanikinin müavini vəzifəsinə təyin
etdilər. Mən isə baş mexanikin tabeliyində olan mərkəzi
təmir sexində sex rəisinin müavini idim. Ona görə
biz, demək olar ki, daim bir yerdə idik. Bundan əlavə
zavodumuz təsərrüfat hesabı ilə ev tikdiyindən
ikimiz də eyni binadan mənzil almışdıq (mənzil
almağımız da milliyyətcə erməni olan partiya təşkilatı
rəhbəri tərəfindən problemə çevrilsə
də, böyük insan Əliş Ləmbərənlinin
işə qarışması məsələni həll
etmişdi) və işdən sonra da
görüşürdük. Yoldaşlıqda, dostluqda sədaqətli,
mehriban insan idi. Tofiq çox qətiyyətli, işgüzar
olduğundan az müddətdə
zavodun baş mexaniki, sonra isə respublikada ən möhtəşəm
zavodun direktoru vəzifəsinə təyin edildi. Zavoda direktor
təyin olunan vaxtı istehsal sahələrinin yenidən
qurulması, genişlənməsi başladı. Elə bu vaxt
Tofiqin rəhbərlik istedadı parladı. Zavod iki dəfə
böyüməli, genişlənməli idi. Bu genişlənmə
zamanı zavodun bütün su təchizatı, kanalizasiya
sistemləri yenidən qurulmalı, su təchizatı dövri
sistemə keçməli, suyun təmizləmə sistemi
yaradılmalı, yeni, müasir texnika və texnologiya əsasında
7 möhtəşəm texnoloji qurğu, ümumi zavod təsərrüfatına
daxil olan emalatxanalar,
laboratoriyalar, inzibati binalar və s. tikilib istifadəyə
verilməli idi.
Belə nəhəng
işin öhdəsindən gəlmək üçün
Tofiq Səfərəliyev kimi fitri istedada malik rəhbər lazım idi. Mən isə onun rəhbərliyi
altında bu möhtəşəm tikintiyə
başçılıq edən direktorun müavini kimi
icraçı idim. Həm zavodun istismarı, həm də yenidənqurma işləri
çox uğurla getdiyi üçün Tofiqin hörməti
istər respublika daxilində, istərsə də İttifaq
miqyasında artmağa başladı. Onunla həm respublika rəhbərliyi,
həm də ittifaq rəhbərliyi hesablaşır,
başqalarına nümunə göstərirdilər. Zavoda
bütün ölkədən (SSRİ-dən) və xaricdən
nümayəndələr axını
başlamışdı. Belə bir vaxtda ona qarşı
respublika neft-kimya sənayesi rəhbərliyi tərəfindən
qısqanclıq hissləri baş qaldırdı. Mən bu
xatirələrimdə Tofiqin gördüyü möhtəşəm
işlərdən deyil, onun
qazandığı möhtəşəm nailiyyətlərdən
deyil, ölkədə artan nüfuzu nəticəsində ona
qarşı olan qısqanclıqların acı nəticələri
haqqında, iştirakçısı olduğum hadisələrdən,
bu hadisələrin ona təsirindən söz
açacağam.
Tofiq
işinin mahir bilicisi olmaqla yanaşı, çox məğrur,
əyilməz şəxs idi. Yaxşı yadımdadır, Azərbaycanın
Neft-kimya Nazirliyinin iclası keçirilirdi. Kollegiyanı aparan
nazir özünəməxsus şəkildə hər
çıxış edən zavod direktorunun sözünü
kəsir, xitabət kürsüsündən salırdı.
Növbə Tofiqə çatanda onun da sözünü kəsmək
istədikdə əsl Qarabağ kişisinə xas olan bir tərzdə nazirə müraciətlə
dedi: “Hörmətli nazir, Siz niyə hesab edirsiniz ki, əgər
o direktordursa, demək, heç nə bilmir. Sizdə olan məlumatlar
düz deyil. Sizə düzgün məlumat verməyiblər.
Düzgün məlumat mənimkidir. Xahiş edirəm,
sözümü kəsməyin, məlumatınızı
yenidən yoxladın”. Təmkin və inamla deyilmiş bu
sözlər iclasın istiqamətini
tam dəyişdi. Əlbəttə, bu cəsarət həmin
naziri gələcək tədbirlər haqda fikirləşməyə vadar etdi
və bu hadisəni heç vaxt yaddan çıxara bilmədi.
Üstəlik, ümumittifaq əhəmiyyətli tədbirlərdə
T.Səfərəliyevin iştirakı və
qazandığı xətir-hörmət onun opponentlərində
qısqanclığı daha da artırırdı. Moskvada
SSRİ neft-kimya sənayesi fəallarının
yığıncağı keçirilirdi. Azərbaycan Neft
emalı və neft-kimya nazirliyinin iştirak etdiyi təntənəli
iclasda SSRİ Neft-Kimya naziri Fyodorov görülən işləri
analiz edərək dedi: “Azərbaycanda neft-kimya sənayesi sahəsində
yeganə bir “mujik” var, o da YBNZ-nin direktoru Tofiq Səfərəliyevdir”.
Bu sözlər xoş olmasına baxmayaraq, Tofiqə
qarşı yeni təqiblərə əsas verdi. Tofiqlə
nazirlik rəhbərliyi arasında yaranmış narazılıqlardan
biri də zavodda tikilməkdə
olan 2 milyon ton gücə malik “Elou Avt” qurğusunun istifadəyə
verilmə ərəfəsində baş verdi. Qurğunun
tikinti təşkilatları təyin olunan vaxtda istifadəyə
verə bilmədiklərindən nazirliyin rəhbərini
inandırmışdılar ki, qurğunu vakuum bloksuz istifadəyə
qəbul etsinlər. O da tikinti təşkilatlarının təkliflərini
qəbul edib həyata keçirilməsi üçün
müavininə göstəriş vermişdi. Təklif Tofiq Səfərəliyevin
yanında müzakirə olundu. Bu təklifin həm iqtisadi, həm
də texniki cəhətdən səmərəsiz, hətta zərərli
olduğunu direktorun isbat etməsinə baxmayaraq nəyin
bahasına olursa olsun onu həyata keçirməyə
israrlı olduqlarından, Tofiqsiz qərar verib icranın rəhbərliyini mənə
həvalə etdilər. Səhərisi nazirlikdə bu məsələ
ilə əlaqədar geniş müşavirə keçirdilər.
(Həqiqət naminə deməliyəm ki, bu təkliflə
bağlı Tofiqlə aramızda heç bir söz
olmamışdı). Müşavirədə mənə
söz verildikdə mən direktorun bu təklifin əleyhinə
olan arqumentlərinin tam əsaslı olduğunu söylədim.
Əks təqdirdə mən də işə rəhbərlikdən
imtina edəcəyimi
bildirdim. Beləliklə,
tikinti təşkilatlarının təklifi qəbul edilmədi.
Qurğuda heç bir dəyişiklik edilmədən tikilib
layihə üzrə istifadəyə verildi. Əlbəttə,
bunları Tofiqə (elə mənə də)
bağışlamadılar. Gördüyü möhtəşəm
işlərin yaratdığı qısqanclıqdan irəli gələn
təzyiqlər onun kimi məğrur, əyilməz insanı xəstəxana
yatağına saldı. Bir neçə ay Neftçilər Xəstəxanasında
müalicədən sonra onu ərizə verməyə məcbur
etdilər, zavod rəhbərliyindən
uzaqlaşdırdılar.
Tofiq bir
müddət işsiz qaldıqdan sonra yenə köməyinə
onu “əsl mujik” adlandıran SSRİ Neft-Kimya naziri Fyodorov gəldi.
Onu rəhbərliyin göstərişi ilə Hindistandakı
sovet mütəxəssislərinə rəhbər təyin
etdilər. Tofiq Hindistanda az müddət ərzində SSRİ
ilə Hindistan arasında yaranmış (mütəxəssislərlə
bağlı) anlaşılmazlıqları aradan
qaldırdı.
Qeyd etməliyəm
ki, Heydər Əliyevin hakimiyyətə gəlməsi ilə
Tofiqə münasibət də müsbət yöndə dəyişdi.
Görkəmli dövlət xadimi H.Əliyev hakimiyyətə
gəldikdən sonra imkan yaranan kimi Tofiq Səfərəliyevi
xatırladı. O vaxt Tofiq Hindistanda idi. Heydər Əliyev
Hindistandakı Sovet rəhbərliyinə müraciət edib,
onun Bakıya qaytarılmasını xahiş etmiş, onun
respublika neft emalı və neft-kimya naziri vəzifəsinə
təyin olunacağını bildirmişdi. Ancaq səfirlikdən
“Tofiq Səfərəliyev Hindistanda Sovet dövlətinə
xidmət üzrə daha vacib vəzifə yerinə yetirir” –
cavabı gəlmiş, beləliklə, onun Vətənə
qayıtmasına imkan verməmişdilər. Sonralar Tofiqin mənə
etirafından məlum oldu ki, bu hadisədən bir il sonra o
zamanlar səfirin iqtisadi məsələlər üzrə
müşaviri olan Alixanov soyadlı erməni “Tofiq mən
günahkaram, o cavab məktubunu mən təşkil etdim. Sənə
də xəbər vermədim, məni bağışla, sənə
pislik etmişəm” – deyibmiş.
Yalnız
1974-cü ildə Vətənə qayıdan Tofiq Səfərəliyev
Heydər Əliyevin qayğısından faydalanır. H.Əliyev
Tofiqi o hələ zavod direktoru işlədiyi zamandan
tanıyırmış, onun üzləşdiyi
haqsızlıqlardan xəbəri var imiş. Tofiq Vətənə
qayıtdıqdan sonra Azərbaycan Neft-Kimya Nazirliyində nazir
müavini təyin olundu. Az müddət keçdikdən sonra
o vaxt respublikada ən mühüm sahə olan Sənaye Tikinti
Nazirliyinə keçirildi. Nazirin I müavini təyin edildi. Həmin
dövrdə Azərbaycan
inşaat meydançasını xatırladırdı.
Bakıda neft emalı kompleksləri, Sumqayıtda kimya
zavodlarının yenidənqurma işləri, Mingəçevirdə
rezin-tikinti məmulatları zavodu, kabel zavodu inşa edilirdi.
Yevlaxda nəhəng Yuntəmizləyici zavodun inşası,
Ağdamda mexaniki zavodlar, Neftçalada Yod-Brom zavodu və
bütün rayonlarda üzüm emalı, pambıq emalı
zavodları tikilirdi. Bütün bu işlərə birbaşa
Tofiq rəhbərlik edirdi. Onun rəhbərlik, təşkilatçılıq
məharəti respublika rəhbərinin nəzərindən
qaçmırdı. Onun şəxsiyyəti yenə də
parlamağa başlamışdı. O vaxtlar mən onunla az-az
da olsa görüşmək imkanı tapırdım. Sizi
inandırım ki, hər sənaye
obyekti istifadəyə veriləndə bu böyük vəzifə
sahibi uşaq sevinci keçirirdi. Respublikamızın
bütün nailiyyətləri ilə fəxr edirdi. Hətta Sənaye
Tikinti naziri Pyotr Bart respublika rəhbərliyinə müraciətində
etiraf etmişdi ki, Tofiq Səfərəliyev nazirliyə rəhbərlik
üçün məndən daha çox layiqdir, onun məni
əvəzləməsinə şad olaram. Heydər Əliyev
bu imkanı məharətlə dəyərləndirir və fəaliyyətinə
yüksək qiymət verdiyi Tofiq Səfərəliyev nazir vəzifəsinə
təyin edilir.
Tofiqin
yenidən bu cür qısa müddətdə parlaması bədxahları
rahat buraxmır, onun şöhrətinə yenə də
qısqanclıq hissi bəsləyirdilər. Bu
qısqanclıqlar, ona qarşı yeni təzyiqlər H.Əliyev
Azərbaycanda hakimiyyətdə olanda özünü büruzə
verə bilməzdi. Lakin H.Əliyev Azərbaycandan ittifaq rəhbərliyinə
getdikdən sonra bədxahlar əl-qol açmağa, Səfərəliyevin
işində qüsur tapmağa, onu yersiz tənqidlərə
məruz qoymağa başladılar. Qürurlu şəxsiyyət
olduğu üçün o, əlbəttə,
haqsızlıqlara dözə bilməzdi. Bu da onun kimi parlaq
şəxsiyyətin aramızdan vaxtsız getməsilə nəticələndi.
Tofiq Səfərəliyev xalqımıza çox lazım
olduğu bir vaxtda həyatla vidalaşdı. Onun
işıqlı xatirəsi, xalqın rifahına yönələn
əməlləri isə yaddaşlarda yaşayır. Əziz
dostum, görkəmli şəxsiyyət Tofiq Səfərəliyevə
Allahdan rəhmət diləyirəm!
525-ci qəzet.- 2013.- 22 fevral.-
S.4.