Hissin və idrakın
hüdudlarında
“Mənim
beytim beyt deyil, bir məna cahanıdır. Qissələrim bəsit
və sıradan sözlər deyil bir təlimdir. Sözləri
izah və idrak etdirmək üçündür”. Bu sözlər
Şərqin və bütünlükdə türk
dünyasının böyük mütəfəkkiri
Mövlanə Cəlaləddin Rumiyə məxsusdur. Deyəcəklərim
isə tanınmış nasir, dramaturq, filosof və esseist
Firuz Mustafa ilə bağlıdır. Təxminən keçən
əsrin doxsanıncı illərindən mətbuat səhifələrində
yazılarını oxuyuram. Daha doğrusu, ilk öncə
yadımda qalan budur ki, esselərini oxumuşdum. Və bu imza da
elə yadımda esselərindən qalmışdı. Sonralar
onun digər məqalələri ilə də
tanışlığım oldu. Müxtəlif səpkili elmi,
bədii əsərlərini, kitablarını oxudum. Firuz
Mustafa adı qələmi ilə mənə
doğmalaşdı. Qənaətlərim də bu oldu ki, F.Mustafa
yaradıcılığı “bəsit və sıradan”
yaradıcılıq deyil. Düşünməni və
düşündürməni bacaran
yaradıcılıqdı. Bu ilk öncə onun zəngin təbiəti,
həyata, dünyaya özünəməxsus münasibəti
və qiymətləndirmələri ilə
bağlıdı. Burada bir
istiqamətdə istedad məsələsi də var. F.Mustafa səksəninci
illərin nəslinin nümayəndəsi kimi tanınır. Həmin
dövr ədəbiyyatın, elmin, sənətin daha çox qiymətləndirildiyi
bir zaman idi. Orada istedadsızlığın, boğazdan
yuxarı söz demənin yeri yox idi. Sözün yeri ancaq və
ancaq ucalıq idi. Ədəbi mühitdə “kim nə miqdar
olsa əhlin eylər ol miqdar söz” meyarı vardı.
F.Mustafa da məhz bu ucalıqdan keçib ədəbi
mühitə, ədəbiyyata gəlmişdi. Daha həmin
vaxtlar müasir mühitimiz kimi mühit
korlanmamışdı. Ədəbiyyat, kitab, şair,
yazıçı adına hər şey sırınmırdı.
Məhz bu ucalıq və məsuliyyətdi ki, F.Mustafa
düşüncəsində indi də qorunur. İndi o,
kitablar müəllifidir. Zəngin
yaradıcılığını səciyyələndirəcək
müxtəlif istiqamətlər var. Bədii nəsri,
dramaturgiyası, elmi əsərləri, tərcümələri
və s. böyük işlərin olmasından xəbər
verir.
Bir məsələni də qeyd edək ki, F.Mustafa həm elmi, həm də bədii düşüncədə fəaliyyətini bərabər nizamlaya bilən tək-tək ziyalılardandı. Mənim isə hansı səbəbdənsə yadımda daha çox elmi fəaliyyəti ilə qalıbdı. “Mənəvi tələbatın inkişaf dialektikası” (Bakı, Elm, 1985), “Sərhədsiz dünya” (Bakı, Diplomat, 1999), “Mədəniyyət və fəlsəfə” (Bakı, Araz, 2005), “Qloballaşma və mədəniyyət” (Bakı, Araz, 2011) və s. əsərləri də bunun faktıdı. Bu kitablar onun həyat, dünya, cəmiyyət haqqında fəlsəfi mühakimələrini, özünəməxsus yanaşmalarını bir aydınlıqla təsdiqləyir. Elə deyəcəklərimin mühüm bir hissəsi də məhz qloballaşma və mədəniyyət anlamı ilə bağlıdır. Müasir siyasi, mədəni düşüncədə daha çox bir termin kimi işlənən qloballaşma xüsusilə qabardılmadadı. Bizə belə gəlir, bütün zamanlarda qloballaşmaya meyllilik özünü bu və ya digər dərəcədə göstərib. Lap elə orta əsrlərin özündə də bunun cizgilərini görmək, axtarıb tapmaq olar. Hətta imperiyaların ölüm saçan ideologiyasında da bu bir tendensiya kimi hansısa formada irəli sürülə bilər. Ancaq müasir dünyamızda qloballaşmanın görünüşü və təqdimi bir başqa tendensiyalıdı. Və F.Mustafanın problemin ikinci tərəfində mədəniyyət problemini qoyması özlüyündə bir istiqamətdə qloballaşmada milli düşüncəni ehtiva edir. Milli dəyərlər, milli mədəniyyətlər və onların bəşər sivilizasiyasında qloballaşmaya hansı kontekstdə yanaşması özlüyündə bir problemdi. Müəllifin qənaətlərində belədir: “Elə-belə, xoş güzarandan yaranmayıb bu kiçilən “qlobal dünya”. Bəşəriyyət dünyanı noosferə çevirmək üçün milyon illər yol gəlib. Hər halda elmi müddəalar “insan növünün” yaşının dörd-beş milyon ilə yaxın olduğunu israr və iqrar edir. Amma bu, uzun yol və məsafə hesab olunmur. Əslində bu, insanlığın keçib gəldiyi ən “qısa” yoldur. Bu yolu qısaltmağa adi adamlar nail ola bilməzdi. Dahilərin seçdiyi və keçdiyi yoldur bu “qısa” yol. Bu yolu məhz onlar qısaldıb. Min illər boyu öz ümid və ehtiraslarının hesabına müqavimət göstərən, vuruşan, çarmıxa çəkilən, boyunları gilyatin baltaları ilə vurulan dahilərdən söhbət gedir, əlbəttə. Tarix təkcə nadanların ümidinə qalsaydı, biz hələ də daş dövründə yaşamağa məhkum idik”. F.Mustafanın məsələyə sırf geniş müstəvidə yanaşması, insanın keçib gəldiyi yol anlamında münasibət bildirməsi məsələnin başlıca və əsas görünən tərəfidir. Bizim isə bu qloballaşan dünyaya hansı tərzdə, hansı yanaşma ilə yanaşmamızdı. Mənim üçün narahatçılıq doğuran budur. Qabaqcıl mədəniyyətlərdən bəhrələnmə problemidir. Heç şübhəsiz dünyamızın bütün ağırlıqları “dahilərin seçdiyi və keçdiyi” yoldadır. Və bəşər oğlunun uğurları da ora bağlıdır. Ancaq mədəniyyət anlamında bu gün mühitimizə daşınanlar və daha çox məqsədli olaraq yeridilənlər özlüyündə milli müqaviməti zəruri edir. Məsələn, təhsildəki, musiqidəki vəziyyət, incəsənət və mədəniyyətin müxtəlif sahələrində baş alıb gedənlər. Lap elə ədəbi mühitdə də belədir. Kitabda bir-birindən maraqlı və düşündürə bilən “Rakurs :Üfiqi və şaquli qloballaşma”, “Qloballaşmanın “radiusu”, “İnsanın zamanı, zamanın insanı”, “Seçənlərin və seçilənlərin tarixi”, “Bir daha Qərb və Şərq haqqında”, “Qloballaşma: Əvvəlin sonu və sonun əvvəli”, “Tarixin və zamanın durma yolu” və s. kimi fəlsəfi düşüncəyə, həm də müasir dünyanın problemlərinə hesablanmış düşündürücü yazılar var. Hamısı da məhz problematikası, qayəsi etibarilə müasir dünyanın inkişaf tendensiyasına hesablanıb. Yuxarıda bir məsələni vurğuladım və dedim ki, məni daha çox müasir dünya durumunda gedən proseslərlə yanaşı Azərbaycanımızın durumu düşündürür. Və bütün məsələlərə həmişə ümidlə, yaxşı sonluq istəyi ilə baxmışam. “İnsanın zamanı, zamanın insanı” məqaləsində F.Mustafa bir epizodu təqdim edir. “MDU-nun tələbə-müəllim heyəti qarşısında çıxış edən D.Medauz bir daha vurğulamışdır ki, bəşəriyyət “qlobal qəza”ya doğru hərəkət etməkdədir. O, dünya elitasını gəmi radarının operatoru ilə müqayisə edərək demişdir ki, gəmini qarşıda böyük, təhlükəli aysberq gözləyir, amma onun (gəminin) istiqamətini dəyişdirən yoxdur”. Mənim düşüncəmcə, Azərbaycan belə çox aysberqlər görüb və həmişə də gəminin radarını dəyişdirən operatorlarını tapıbdı. Dünya elitasını deyə bilmərəm, Azərbaycan elitası gəmini aysberqdən xilas edəcək.
F.Mustafanın qənaətləri, bir məsələni də qeyd edək ki, bütünlükdə böyük düşüncələrə, dünyəvi olmaya yüklüdü. Heç şübhəsiz bü böyük düşüncələrdə, dünyəvi olmada Azərbaycan, Şərq də var. Ancaq nədənsə mən qənaətlərimdə bütün məsələləri Şərqdən çıxış etməklə dünyaya, dünyəviliyə aparmağa meylliyəm. Bəlkə bu Şərq sevgisindən, böyük dəyərlərlə bəşər sivilizasiyasına zaman-zaman xidmət etmiş Şərqin müasir durumundan irəli gəlir. Və bunun səbəblərini axtarmaq meylliliyindən güclənir. Deyə bilmərəm, ancaq olan budur. “Seçənlərin və seçilənlərin tarixi” yazısında dünyanın inkişaf tendensiyası, etnos və xalqların özünəməxsusluqları məsələsi qabardılır. Və inkişaf tendensiyasında özünəməxsusluqların kiçik xalqlarda arxa plana keçməsi qeyd edilir. Ən böyük olan, özünəməxsusluqlarla inkişafın paralel aparılmasıdı.
F.Mustafa problemlərə münasibətdə, daha doğrusu, Şərq – Qərb məsələsində ənənəyə xisusi diqqət yetirir. Və “fəqət Şərq özünün mentaliteti, mahiyyəti ilə ənənələrə daha çox bağlıdır” qənaətində dayanır. Çox doğru olaraq islam tendensiyasını bu məsələdə qabardanlara Hindistan, Çin, Yaponiya kimi ölkələri nümunə göstərir. Əlavə edək ki, ənənə təkcə dinlə yekunlaşmır. Məsələn, bizim Azərbaycanımızda islamdan çox-çox əvvəl formalaşmış ənənədən gələn keyfiyyətlər, inam, inanc, etiqad, mərasim və s. kimi məsələlər var. Digər tərəfdən din məsələsi bütünlükdə mentaliteti formalaşdırmır. Bu mərasim, ənənə məsələsində uzaqbaşı bir tərəf ola bilər.
Yazıçı, dramaturq Firuz Mustafanın yaradıcılığına (əlimin altında olanlara) diqqət yetirəndə maraqlı bir tərəf kimi onun filosof olaraq düşüncələrinin bədii əsərlərinə təsiri məsələsini düşündüm. Qənaətlərimi bu yaxınlarda tamaşasında olduğum “Pələng ili” adlı iki hissəli dramı əsasında bölüşdürməyi qərara aldım. Ancaq F.Mustafanın yaradıcılığında olan zənginlik, “Qloballaşma və mədəniyyət” kitabındakılar yazımın məhz bu tərzdə alınmasına gətirib çıxardı. Bir də baxdım ki, düşüncələrim onun fəlsəfi, qlobal səciyyəli yazılarına köklüdü. Xalq yazıçısı Elçin yazır: “Firuz Mustafa filosofdur, fəlsəfə elmi ilə məşğul olur, ancaq onun pyeslərində hissiyyat idrakdan zəif deyil, bəlkə də güclüdür və mən bunu onun pyeslərinin müsbət bədii-estetik spesifikası kimi qəbul edirəm. ...Firuz Mustafanın müasir dünyadakı qloballaşma mövzusu ilə bağlı esselərini mən yaddaqalan yazılar hesab edirəm”. Onun hekayələrindəki, pyeslərindəki, bütünlükdə yaradıcılığındakı hissiyyat və idrak bir-birini tamamlayan faktorlardır. Elə adını çəkdiyim “Pələng ili” pyesinin mahiyyətində də müasir dünyanın, müasir insanın daxilindəki psixoloji məqamlar ifadə olunur. Onu da əlavə edək ki, bunlar hamısı günümüzün reallıqları ilə səsləşir. Orada həyat, həyatın iztirabları, xarakterlərin mürəkkəbliyi bir inandırıcılıqla təqdim olunur. Bir növ mənəvi aləmin ekologiyasının aşınmaları fonunda hadisələrin gedişi görünür. Elə hadisələr də təbiətin qoynunda baş verir. Bu F.Mustafanın dramatik formada yazdığı bir əsəridir. Ancaq onu da əlavə edək ki, onun yaradıcılığında mühüm bir hissəni dramatik üslubda yazdıqları təşkil edir. Müasir ədəbi mühitdə daha çox bu formada yazmağa üstünlük verən yaradıcıdı. Təkcə onu demək lazımdır ki, qırxdan çox səhnə əsəri var. “Ağıllı adam”, “Qəfəs”, “Vida marşı”, “Qara qutu”, “Su pərisi”, “Müqəvva”, “İfritə”, “Əqrəb bürcü”, “Ayı təbəssümü”, “Dəhliz”, “Tələ” və s. Azərbaycan dramaturgiyası böyük, həm də xeyli dərəcədə uğurlu inkişaf yolu keçib. M.F.Axundovdan başlayan bu yol N.Vəzirov, Ə.Haqverdiyev, N.Nərimanov, Ü.Hacıbəyov, S.S.Axundov, C.Məmmədquluzadə, H.Cavid, C.Cabbarlı və daha sonrakı dövrün sənətkarları tərəfindən uğurla zənginləşib. Həmin zənginlik son dövrün ədəbi prosesində F.Mustafa tərəfindən uğurla davam etdirir. Məhz səhnə əsərləri, səhnədə göstərilənlər və ədəbi mühitin haqqında dedikləri də bunu təsdiqləyir. Ə.Cahangir onun yaradıcılığında bu istiqamətin aparıcılığını vurğulayaraq yazır: “Firuz Mustafa səhnə əsərlərinin sayı baxımından Şekspiri keçən yeganə azərbaycanlı dramaturqdur, qırxdan artıq pyes müəllifi olan F.Mustafanın yaradıcılığının ideya əsasında həqiqət axtarışları durur”. Bu axtarışlar isə həyatın reallıqlarından, problemlərindən qaynaqlanır.
Məhz belə bir yaradıcılıq zənginliyində diqqət yetirməli bir başqa tərəf də var. Bu, F.Mustafanın bədii nəsri ilə bağlıdır. Onun bir-birindən maraqlı “Okean”, “Qış qatarı”, “Vəsiyyət”, “Dinazavr kölgəsi”, “Limon, “Çiçək, “At günü”, “Küt balta” və s. hekayələri özünün psixologizmi, psixoloji situasiyaların bolluğu ilə səciyyələnir. Azərbaycan hekayəsi Ə.Haqverdiyevin, S.S.Axundovun, Y.V.Çəmənzəminlinin, C.Məmmədquluzadənin, A.Şaiqin və başqalarının yaradıcılığı sayəsində yeni-yeni uğurlara imza atmışdı. F.Mustafa tipik şəraitdə tipik xarakterlər yaratmaq, qəhrəmanların psixoloji mahiyyətini verə bilmək qabiliyyəti ilə bədii düşüncəmizə töhfələrini verir. “At günü” hekayəsi haqqında qənaətlərini bölüşən S.Bəşirov yazır: “Firuz Mustafanın yaradıcılığını, o cümlədən “At günü” hekayəsini fərqləndirən cəhətlərdən biri də təbiət təsvirləri, obrazların, obrazlarla bağlı müəyyən məqamların təsviridir ki, bu təsvirlər xarakterin psixoloji durumunun, hadisələrin mahiyyətinin açılmasını şərtləndirən amillərdir”. Doğurdan da, burada təqdim olunan ilxı və susuzluqdan yanan dayça, digər tərəfdə parlayan ulduzlar (canavar) hamısı bədii düşüncənin özünəməxsusluq boyalarıdır. Azərbaycan bədii düşüncəsinin axtarış faktlarıdır. Bütün bunlar, F.Mustafanın məhz bu zəngin düşüncəsi, zəngin yaradıcılığının böyük ideallara, həyati reallıqlara kökləndiyini, “həyatı izah və idrak hadisəsi” olduğunu göstərir.
Mahmud Allahmanlı
filologiya elmləri doktoru,
professor
525-ci qəzet.- 2013.- 23 fevral.- S.28.