əksim və mən
gedirəm.
kölgəm – gah irəlidə,
gah də geridə.
gah da qeyb olur bədənimdə.
dayanmışam qarşısında;
güzgü – əksim
hərəkətdə.
çəkilirəm,
əksim gizlənir
zülmətdə.
oturmuşam. qarşımda
fotolar – şəkillərdə
düzbucaqlı xatirələr.
baxmıram,
yox olur hadisələr.
kölgə (gedirəm),
güzgüdə əksim
(dayanmışam),
fotolar (oturmuşam)
və
mən(gedirəm. dayanmışam.
oturmuşam).
nə sirr var bunlarda,
yəni kölgədə,
güzgüdə, fotolarda?
–
həm mənəm,
həm də mən deyiləm.
nə sirr var? –
birini deyim:
mən üçölçulu
– fəzada hərəkətdə,
onlar müstəvidə
– ikiölçülü təsvirim.
nə sirr var məndə,
nə sirr var? –
birini deyim:
mən də təsvirəm,
üçölçülü güzgüyəm,
şəkiləm, kölgəyəm.
görüş ehtimalı
ideyası: “Ehtimal
nəzəriyyəsi”nin
“görüş məsələsi” və V.Şimborskanın “Vağzal”
şeiri.
görüşəcəkdilər.
yeri də məlum idi, vaxtı da:
dənizə yaxın
metro stansiyasının qarşısında,
saat 5:00-dan 6:00-a kimi.
bir saat ərzində
hər an görüşə
bilərdilər.
tərəfi vahidə
bərabər
kvadrat üzrə paylanmişdi
görüş anları,
–
qəfəsə salınmış
zaman kəsiyidi
“görüş vaxtı”, çərçivədə
şəklidi
təyin olunmuş
görüşlərin.
görüşəcəkdilər təyin
olunmuş vaxtda.
yeri də məlum idi, vaxtı da.
görüş baş tutmadı.
ya biri gəlmədi, ya da hər ikisi.
bütün görüşlər
ayrılıqdı həm
də.
görüşmədilər təyin
olunmuş vaxtda.
görüş məkanı
böyüdü əslində,
zaman müstəvisi də;tərəflərini
iki şəxsin
ömür sərhədləri
cızırdı indi.
ya görüş
baş tutacaqdı
bu müstəvidə,
ya da...
neçə il sonra
təsadüfən üz-üzə
gəldilər,
ani ayaq saxlayıb, uzaqlaşdılar:
əlvida!
bəlkə bir də görüşmədilər,
bəlkə də görüşdülər
təyin olunmuş
vaxtdan kənarda.
əlvida! əl-vi-da!
ə-l-v-i-d-a!
yaşanan hər
an ayrılıqdı əslində.
düz xətt boyunca yaşayanlar
yaxınlığından keçərkən
bəzən
adama oxşadıb diksinirəm.
üzünün donuq ifadəsindən,
soyuq baxışlarından
tanıyaram onları.
görən
beyni olsa
nə düşünər,
nə keçər ürəyindən
qəlbi döyünsə;
təzim eləyər
həvəslə
mağazaya gəlib-gedənlərə,
ya baxıb pəncərədən gülümsəyər
küçədən keçənlərin
üzünə.
yoxsa bezib
gözlərini daima eyni nöqtəyə zilləməkdən
baxışları uzanan düz xətt boyunca
çırpar özünü
pəncərə şüşəsinə,
–
əyilər düz xətt.
sərilər küçəyə.
aparar özüylə
bir parça pəncərə şüşəsini
– üzərində
soyuq baxışlarının
izi.
partlamış ürəyi
qucağında,
üzündə qan-qarışıq
təbəssüm
zilləyər gözünü
laqeyd baxışlara,
təəccüb dolu gözlərə.
bəlkə də
nə təzim eləyər, nə gülümsəyər,
nə də özünü çırpar
şüşəyə.
eləcə
ast-asta çıxıb
qapıdan,
üz alar “heç yer”ə –
kəsişər düz xətlər.
düz xətt boyunca yaşayar manekenlər
real həyatın
gerçək üzü
– manekenlər.
xəyallar
özgə dünyanın
gerçək hadisəsi,
eynən yuxu kimi. yuxularsa
çin olmur bu dünyada həmişə.
təəssüf, çox
təəssüf,
real həyatın o biri –
astar üzü görünmür.
düz xətt boyunca yaşayan manekenlər –
adama oxşadıb diksinirəm
Əli Şirin Şükürlü
525-ci qəzet.- 2013.-23 fevral.- S.30.