“Daş yuxular”- humanist
idealların çökdüyü yerdə
Bir dəfə
yazmışdım, bizim Qarabağ müharibəsi haqqında
ən dolğun əsəri yazacaqsa da yaşlı nəsil
yazacaq, ən azı müharibə mövzusunun dərkində
böyük bir yol keçmiş yaşlı nəslin
yanaşması həm yazı səriştəsi nöqteyi-nəzərindən,
həm də gerçəklərə yönələn
baxışın intuitiv mənalandırılması cəhətdən
seçiləcəkdir.
Seçilmək mənasında Ə.Əylisli bunu
bacardı. Son vaxtlar gündəmi zəbt edən, ən
çox dartışılan əsər oldu. Amma biz müharibə
aparan bir ölkənin yazıçısından bunu gözləyirdikmi?!
Yox, qarışdırmayaq, söhbət heç də
yazarın müsəlləh əsgər kimi silahı qələmlə
əvəzləyib düşmənə tuşlamaqdan getmir.
Burada söhbət yazıçının ideoloji
dürüstlüyündən gedir ki, ortaya qoyduğu əsərlə
milli cəmiyyətin həssas və ayıq
yanaşdığı məsələlərə müəyyən
təklif və əlavələrdə bulunsun. Yəni, siyasətin
işləyə bilmədiyi dərinlərdə Söz
ideoloji vasitə olaraq qələm çala – Siyasət işlədə
bilsin. Digər tərəfdən, ədəbiyyat, bədii
söz həm də tarixin yuvasıdır, bu günün dərslərini
zamanın sonrakı axarına qatan və gələcəyə
ötürən ən etibarlı məxəzdir. Bu halda
qanunauyğun bir məqam da var: baş verənlərlə
birlikdə ona münasibət də tarixin predmetidir!
Ə.Əylislinin
“Daş yuxular” əsərinin pozitiv çaları nədir? Əvvəla,
Herostrat səviyyəsində olsa belə ədəbiyyatın
varlığını önə çəkdi: Sən demə
ədəbiyyat varmış və həm də nələrə
qadir imiş?! Digər tərəfdən, roman müharibə
mövzusunun bədii təcəssümündə mövcud
“Xordan ayrılmaq” cəsarətində bulundu, oxucu uzun illərdi
gözlərini və qulaqlarını yağır eləmiş
“Qarabağnamə”lərin yuxuya verdiyi sükunətdən
silkinib ayrıldı. İnanaq ki, əsər ətrafında
qaldırılan hay-küy nə vaxtsa Qarabağın
özünün azad olunması yönündə yenidən
alovlanacaq. Bəlkə onda Qarabağı doğrudan da geri ala
biləcəyik. Hələliksə, daş yuxuların
ağırlığı altında çabalayaq...
Əkrəm
Əylislinin “Daş yuxular” əsəri müxtəlif
rakurslardan təhlil edilmiş,
müzakirə təriqi ilə ona hər növ münasibətlər
izhar olunmuşdur. Təbii, ortada bəlli bir mətn var və
mətnin sərgilədiyi həqiqətlər sırası.
Yaxud belə demək daha caiz: psevdohəqiqətlər
sırası...
Milli nəsrimizdə müharibə
ilə bağlı mövcud əsərlərdə hər
cür azərbaycanlı obrazı ilə
rastlamışıq. Döyüşkən obrazlar,
bağışlayan obrazlar, bir qədər gündəm –məişət
basqısı, bir qədər düşmən qadına aludə
olub milli heysiyyata biganə obrazlar və s., və i. Əlbəttə,
siyahını bəlkə uzatmaq da olar, bir şərtlə
ki, sadaladıqlarına yeni cizgi artırmış olasan. Ə.Əylislinin
romanı bizi əzilən deyil əzən, döyülən
deyil döyən, zülmə, təcavüzə
uğradılan deyil, uğradan statusda dünyaya sərgiləyir.
Bəlkə də bu cizgilərin üstündən yenilik
baxımından sükutla keçmək olardı. Axı nə
vaxta qədər zülmə, əzaba uğrayan yalnız biz
olmalıyıq, məzlum, zəif görünməliyik? Amma
bu yeni obrazlar bizim tarixi gerçəkliyimiz və milli portret
cizgilərimizlə uzlaşmırsa necə?
“Daş yuxular” romanı Azərbaycan
gerçəklərinə söykənməyən
romandır. Müəllif Saday Sadıqlı adlı azərbaycanlı
obrazın timsalında erməni xalqına öz dərin
iltifatını ərz eləmiş, iki qonşu xalq
arasında baş verən münaqişələrdə erməniləri
elə onların qələm verdikləri şəkildə –
birtərəfli səciyyələndirmişdir.
Əsər
1989-cu ilin sonunda baş verən hadisələrin fonunda
müxtəlif tarix səhnəsini çağdaş müstəviyə
gətirir: qəhrəmanın yarıyuxulu, yarıgerçək
düşüncə qanadında oxucunu gah 1919-cu ilin Əylisinə,
gah 1990-cı illər Bakısına, gah da qayınatası
Abasəliyevin heyranlıqla oxuduğu gündəliklə on
yeddinci əsrlərə aparır. Tarixi faktlar retrospeksiya
olunub çağımıza gətirilir.
Naxçıvanın Əylisi qədim erməni kəndi kimi
təqdim olunur, ordakı on iki kilsənin tarixindən, 1919-cu ildə Ədif bəy tərəfindən
törədilən erməni qətliamından bəhs olunur.
Belə
incə məsələlərdə həssas olmaq, tarixə,
onun dünəninə qarşı diqqətli davranmaq
yazıçıların üzərinə düşürkən
bunun əksinə getmək doğrudan da böyük fiasko doğurur.
Əsərdəki tarixi məqamlara varmaq, onların
dürüstlüyünü təsdiq, yaxud inkar etmək bir
tarixçi dəqiqliyi tələb edir. Bizə isə əsəri
bədiilik meyarları baxımından dəyərləndirmək
qalır.
Ə.Əylislinin
“Daş yuxular” əsərinin qəhrəmanı Saday
Sadıqlı ola bilsin ki, müəllifin təbirincə desək
humanist bir obrazdır. Amma və lakin... Döyülən,
yandırılan, öldürülən erməniyə ürəyi
acıyan, onun ağrısını şəxsi acısı
kimi içindən keçirən bu obraz niyə öz
xalqına münasibətdə belə humanist mövqedə
bulunmur?! Məgər öz xalqının erməni vəhşətinin
qurbanına çevrildiyi məqamlar azmı olub?
Dörd-beş yaşında gözləri
qarşısında öldürülən bir
tülkünün acısını bütün ömrü
boyu daşıyan və buna görə yuxuları ərşə
çəkilən Saday nədən öz həmvətənlərinin
acısına əsərin bir epizodunda belə həssas
yanaşmır. Əvəzində bu haqlı incələməni
ona həyat yoldaşı Azadə xanım etməli olur:
“Po-tvoemu gto narod ustroil v Sumqaite tot adskiy koşmar? Net, rodnoy
moy, net! Gto bılo ustroeno KQB ili, vozmojno, ostatkami vlasti,
razdelivşimisə teperğ na raznıe mafioznıe qruppirovki.
Ə nikoqda ne poverö, Saday, çto bez realğno
suhestvuöheqo orqanizatora azerbaydjanüı moqli poyti na
takuö bezumnuö dikostğ”; “Da, ə bıla v Aylise i
znaö, çto turki zverski jestoko oboşlisğ tam s
nevinnımi lödğmi. A tı bıl v tex mestax, otkuda arməne
vıqnali tısəçi nesçastnıx
azerbaydjanüev. Xotğ raz tı podumal, kakovo gtim
nesçastnım, ostavşimsə teperğ bez krova i bez
maleyşey nadejdı na buduhee? ... Poçemu tı ob gtom ne
dumaeşğ, rodnoy moy? Tı, kak naçalosğ vse gto, stal
sam ne svoy.”
Maraqlıdır
ki, ruhən milli obrazların səhnə həyatının
yaradıcısı kimi təqdim olunan, dövrünün
tanınmış aktyoru Saday Sadıqlı oynadığı
həmin obrazların – Aydının, Kefli İskəndərın
daşıdığı genetik səciyyəyə, onlarda
kodlaşan etnik-ontoloji yaddaşa əks olaraq erməni ruhuna
daha yaxın təsir bağışlayır. Məsələ
heç də həmin humanist jestlə məhdudlaşmır
ki, təsadüfən Saday Sadıqlı küçədə
döyülən qoca bir erməni kişisinin köməyinə
yetməyə çalışır. Bunu bəlkə də
içində insanlıq daşıyan hər bir azərbaycanlı
edə bilər. “Humanizm”in kökləri burda daha dərinlərə
işləyir. Məlum olur ki, Saday Sadıqlı daxilən erməni
acısı ilə yaşayan bir azərbaycanlıdır və
bu fakt əsərdə konsepsiya
səviyyəsindədir.
“No beda
kak raz bıla v tom, çto Saday Sadıqlı ne jil
seyças svoey jiznğö. Gto bılo stranno: Saday
Sadıqlı, v rodu kotoroqo ni u koqo ne bılo ni kapli armənskoy
krovi (odin eqo ded soverşil palomniçestvo v Kerbelu, druqoy — v
Mekku), s nekotorıx por budto nosil vnutri sebə nekoeqo bezımənnoqo
armənina. Toçnee, ne nosil, a skrıval. İ vmeste s
kajdım izbivaemım, oskorbləemım, ubitım v gtom
oqromnom qorode arməninom kak budto sam bıval izbit, oskorblen,
ubit.”
Belə
ki, qəhrəmanın yuxularına dalan oxucu onunla birgə
Saday Sadıqlının içindəki erməni
sevdasını eninə-uzununa seyr etməli olur. Əylisdə törədilən
soyqırımda ermənilərin amansızlıqla
öldürülməsi, onların evlərinə sahib olan
müsəlmanların fəci taleyi, ruhsal-mənəvi
rahatsızlığı, heç bir azərbaycanlı
arvadın yaxın durmadığı yetim Camalın bitli
başını erməni Haykanuşun yuması və onu nəvazişlə
əzizləməsi və s., və i. – bunlar əsərdə
müəllifin humanizm prinsipi kimi əsaslandırdığı
mövqenin mənzərələrini təşkil edirlər.
Əlbəttə,
ədəbiyyat Böyük İnsan ideyasına, Ali həqiqətə
xidmət edir və etməlidir də. Olsun ki, romanın “Drujba
narodov” adlı jurnalın səhifələrində
görünməyi də simvolik anlam kəsb edir, yəni
müəllifin vurğuladığı xalqlar
barışığı sevdasına doğru ilk
addımın adı. Olsun. Yazıçılıq elə
burdan başlayır, humanistik idealların nəşət
tapdığı yerlərdən, məqamlardan. Amma əsərdəki
konsepsiya bu məramın realizəsinə nə qədər
xidmət edir? Yəni romanda altşüurun işlədiyi
gizlin məqamlar bunun belə olduğunu deməyə əsas
verirmi?
Əsərdə
erməni xətti qabarıqdır və mətn boyu – birinci
hissədə Nuvariş Qarabağlının mükalimələrində,
sonrakı üç hissədə isə qəhrəmanın
uşaqlıq, gənclik, ahıllıq
çağlarının xatirə-anım-nostalji
yaşantılarından qidalanır, onun fikir,
düşüncə və xəyallar aləminin predmetini təşkil
edir. Ümumiyyətlə, Ə.Əylisli qələmi daim
xatiratım janrı üzrə köklənməyə meylli
olmuş, yaşantılarını gerçəkliyin
obrazlı modeli əsasında təqdim etmişdir. Amma
“Daş yuxular”da bu gerçəklərin əyaniliyinə həmən
hadisələrin içindən keçib gələn oxucu
şahidlik etmir. Nədən? Çünki əsər
içindən keçib gəldiyimiz erməni-azərbaycanlı
qovğasına birtərəfli münasibət sərgiləməklə
digər tərəfin haqqını almış olur. Nəinki
alır, həm də ermənilərin obıvatel səviyyəsində
iddia etdiyi və qaldırdığı məsələlərə
romanında əsaslandırılmaq şansı
qazandırır.
Bütün
bu məsələni müəllif nədən
qaldırır? Yalnız onunçunmu ki, iki xalq arasında ədavətə
son qoysun və hər iki tərəfin müharibədə
çəkdiyi əzabın üstündən xətt çəkib
də humanistik idealları bərqərar etsin? Əsər
humanist idealların çöküşü kimi daha
böyük effekt doğurur, barışa deyil, savaşa yol
açır. Bunu əleyhimizə işləyən mətnlər
deyir. Hər yerdə vəhşi, zalım, qaniçən azərbaycanlı
obrazına qənşər məzlum, mədəni,
başıaşağı, tərbiyəli, əməksevər,
dininə, Tanrısına bağlı erməni obrazını
irəli çəkməklə. Belə ki, hər dəfə
zorakılığa, zülmə, qırğına, terrora məruz
qalan bu obrazlar o qədər ürəkyaxıcı durumda təqdim
olunur ki, qəhrəmanın öz milli kimliyindən
uzaqlaşması belə heyrət doğurmur. Əvəzində
təəssüf doğurur, mən əsərdə təqdim
olunan öz həmvətənlərimi sevə bilmədimsə,
erməni ruhu daşıyan bir insan necə sevə bilər?!
Əsərdə
barışığa dəvət olunan hər iki xalqın
yeri, məqamı, xalq kimi səviyyəsi necə göstərilir?
Öz tariximız, keçmişimiz, təbii ki, düşmən
tərəflə münasibətdə tarix boyu çəkdiyimiz
acılar ötəri olaraq xatırlanmır da. Axı, hər
necə olsa bunu müharibə aparan, ələlxüsus
işğala məruz qalan bir ölkənin yazarı bilməmiş
deyil, elə tək XX yüzilliyi götürsək əsr
içrə dəfələrlə erməni
basqısından əzab çəkən
bütöv bir tarix sırası var. Qarşı tərəfin
isə acıları növbənöv detallar, epizodlar, fəci
insan taleləri fonunda səxavətlə təqdim olunur.
Küçədə döyülüb öldürülən
qoca erməni, metroda amansızlıqla döyülüb xəstəxanaya
salınan gənc qız, vağzalda yandırılan kişi,
evinin eyvanından atılan qadın və s., və i. Söhbət
hərlənib-fırlanıb bizim üstümüzə gəldimi,
hər yerdə qəhrəmanın mövqeyi bəlli və dəyişməzdir:
“ermənilər yox, biz özümüz pisik”. Ümumiyyətlə,
Sadayın mənəvi dünyasında onu doğma
torpağı və bu torpağın insanı ilə
bağlayan bağlar qırılmış görünür.
Belə bir qırılmış qan və gen yaddaşı
(“Saday Sadıqlı Naxçıvanda doğulub, orada, Ordubad
rayonunda Əylis deyilən bir kənddə”), kök və soy
(“Onun nəslində heç kəsin bircə damla erməni
qanı yox idi, bir babası Kərbəlaya, digəri Məkkəyə
ziyarət etmişdi”) mənsubiyyəti ilə o, müəllifin
humanist iddiliyalarının daşıyıcısı ola
bilmir. Eçmiədzinə getmək, “müsəlmanların ermənilərə
qarşı törətdikləri qəddarlıqlara görə
Allaha əl açmaq istəyi”ndə bulunan qəhrəman nədənsə,
müsəlmanın ağrısına qarşı etinasız
və sərt davranır.
Bədii
sənətkarlıq baxımından əsərdəki publisistik
üslub müəllifin bundan əvvəlki əsərlərində
sərgilədiyi bədii təhkiyə mədəniyyətini
üstələyir. Bəli, hər bir
yazıçının öz fikrini sərbəst şəkildə
ifadə eləmək haqqı var. Amma ədəbiyyat
yalnız nəyi demək yox, həm də onu necə demək
səriştəsi tələb edir. Bu baxımdan, “Daş
yuxular” əsəri uğursuz alınıb. Ə.Əylisli
movizm metodundan çıxış edir, dəyərləri
sanki qəsdən, bilərəkdən korlayır. Nəinki dəyərlər,
hətta yazıçının kifayət qədər
yaxşı bələd olduğu öz peşəkar
üslubunu belə. Birinci hissədə Ə.Əylisli
üslubu ilə tanış olan oxucu çaşır, ona
tanış yazıçını görə bilmir, amma
ikinci hissədə bu yazıçıya məxsus təhkiyə
nisbətən özünü göstərməyə
başlayır. Təəssüf ki, üslub
oynaqlığı müəllifin düşüncə
oynaqlığına təsir etmir, yazıçı sonadək
“erməni məntiqi”ndə israrlı olmaqda davam edir. Azərbaycan
insanı qəhrəmanın nə düşüncələrində,
nə də yuxularında görünmür. Mənzərə
tamamlanmır. Oxucu əsər boyu öz həqiqətinə
rast gələcəkmiş kimi romandan istədiyini ala bilmir.
Sonda qəhrəmanın erməni kilsəsində
canını tapşırması arzusunun reallaşması ilə
bizim əsərdən
umduğumuz gerçəklərin təcəssümünü
görmək arzumuz daşa dirənmiş olur. “Daş yuxular” əsərinin
bunca daşqalağa, mübahisə və hiddətə səbəb
olan tərəfi də məhz, bu amillə
bağlıdır.
Elnarə Akimova
525-ci qəzet.- 2013.- 23 fevral.- S.25.