Oralarda kimlər var:
Narahat ruhlar
XOCALIDA BİR GECƏ...
Türkiyədə
ən nüfuzlu qəzetlərdən
biri olan “YENİASYA”,(internet saytı www.yeniasya.com.tr bizdə bir çox məqamlarda
NURÇULAR adıyla tənqid olunan bir ortamın
üstünlük verdiyi,amma heç də qaraguruhçu
olmayan bir qəzet) nüfuzlu qəzetlərdən biri hesab
olunur.Türkiyədə yaşadığım illərdə
bu qəzetdə uzun zaman yazılarım çap olundu və
bu qəzetin əməkdaşlarını hələ də
sayqıyla yad edirəm.Və onların da bizim məmləkətə
simpatiyasını bilirdim.Həmin zamanlarda mən HOCALI hadisəsi
ilə bağlı bir səhifə çap etdirmişdim.Sonra
daha bir yazı yayınlatdım.Bunu xüsusi olaraq
vurğulamaq istəyirəm: Mən bilən “XOCALI SOYQIRIMI”
İFADƏSİ 1993-CÜ İLDƏ İLK DƏFƏ MƏNİM
YAZIMDA TÜRK MƏTBUATINDA GÖRÜNMÜŞDÜR.
Tarixin dərsləri
unudulursa tarix həmin dərsləri yenidən yaşamağa məhkumdur. İnsanlarıyla birgə. Tarix dərs
və ibrət alınaraq yaşanmalıdır məncə.
Amma bəzən elə olur ki, tarixin dərsləri və ibrət
alınacaq şeylər unutulmadan belə,bəzi
şeyləri təkrar yaşamağa məcbur olunur. Bunun ən dəhşətli nümunəsi
Xocalı soyqırımı.
TARİXİN FOTO YADDAŞI
Sabah
Güneş öyle parlak doğacak ki
Sanki gecə
hiçbir felaket
yaşanmamış gibi
Ketlin
Ferrier
İngilis müğənnisi.
Oxuduğu
mahnıdan
Dünyanı
lərzəyə gətirən və ermənilərin
iç üzünü dünyaya göstərən Xocalı
faciəsi Azərbaycan torpağının bu
ağılsız müharibədə aldığı ən
unudulmaz yaralardan biridir.
Xocalı
soyqırımı unudulmaz hələm-hələm...
Unudulmaz,
qan yaddaşı olan millət tərəfindən...
Tarix belə şeyləri yaşamışdır və
insanlar da tarixlə birgə yaşamışdır belə
şeyləri.
Amma insanlar dərs almamışlar belə şeylərdən,
belə faciələrdən ki, onu yenidən təkrar edirlər.
Bu faciənin ağırlığını və
acılığını bəzi türk qəzetləri
dünyaya çatdıra bildilər o zaman.
... Mən bu sətirləri yazan zaman bu faciədən
artıq bir xeyli vaxt keçirdi. Amma bu faciəni əks ətdirən
bir foto var ki, hər
gecə mənim yuxuma girir və
hər gecə olmasa da, zaman-zaman onun acısını yenidən
yaşayıram.
Bu bir şair sözü deyil. Bu bir poetik cümlə
də deyil. Bu acı bir həqiqətdir.
Bu yaşanılmaz bir həqiqətdir.
O fotoda əks
olunan hadisə və onun altında yazılan sözlər bir
millətin acizliyini və gücsüzlüyünü bir sənəd
kimi əks etdirir.
Mən o fotonu hər dəfə xatırlayanda
arvadımın və uşaqlarımın üzünə dik
baxa bilmirəm. Başım köksümə əyilir.
Uşaqlarımın və arvadımın bu fotodan
heç xəbəri də yoxdur bəlkə. Amma neyləyim ki, bu foto
başımın üstündən bir Demoklis
qılıncı kimi asılmışdır.
TARİXCƏSİ BELƏDİR BU FOTONUN :
Moskvada çap olunan “Moskovski novosti” qəzetindəydi. Sanki jurnalist də,
bu şəkli çəkən də qabaqcadan
hazırlanmış bu soyqırımı bilirmiş.
Bu rus
jurnalist və bu fotonu çəkən fotomüxbir ermənilərlə
birlikdə bir tanka minərək Xocalıya gəlmişlər.
Jurnalist
öz gözləriylə görmüş bu
qırğını və anlatmış bu olanları
:
“4-5 nəfər əlləri arxadan bağlı olaraq
torpağa çökdürülmüş. 4-5 əsgər
də əllərində avtomatla onların başının
üstünü kəsdirmişlər. Bu əsgərlər,
əlləri bağlı adamların önündə
xoruzlanan əsgərlər ermənilərdir. Namərdcəsinə gülürlər. Bu
soyqırım, bu faciə gecə gec saatlarda olsa da,foto çox
təmiz çəkilmiş və sanki bunu qəsdən belə
montaj etmişlər və sanki
bunu azəri türklərinə olan nifrətlərini ifadə
eləməyin bir yolu olaraq düşünmüşlər,
dünyaya duyurmaq üçün, dünyaya meydan oxumaq
üçün.
“BU ADAMLAR
MƏHSƏTİ TÜRKLƏRİDİR. İNDİ
BUNLAR KİMDİR? BU ADAMLAR
ÜÇÜN BİR QAB BENZİN İSTƏDİK AZƏRİLƏRDƏN.
AZƏRİLƏR VERMƏDİLƏR. BUNLAR
BİR QAB BENZİN QƏDƏR DƏ QİYMƏTLİ
DEYİL. ”
Bəli,
beləcə yazılmışdı fotonun altında...
Bu nifrət hardandır bu ermənilərdə?
Əslində,kim tərəfindən deyilərsə deyilsin
və söylənilirsə söylənilsin,bu sözlər
insanlıq adına bir ləkədir.
Yuxuma girər
o foto...
Qulaqlarımda
səslənər o sözlər...
Uşaqlarımın gözlərinin içinə baxa
bilmirəm.
Həmin
o xoruzlanan ermənilər, rusların xəyanətinə
sığınıb xoruzlanan erməni əsgərlər,bir az sonra əsir düşəndə dillərini
bir qarış çıxarıb yalvaracaqlar və biri-birilərini
satacaqlar.
Bunları
da biz televiziyalarda çox gördük.Bu müharibədə
onlara kömək eləyən rusları da, satmağa qalxan
ermənilər sadəcə kim
olduqlarını göstərdilər dünyaya...
Onlar insan
deyil, bəlkə də bir “manqurtdurlar”...
Ya elə,ya belə. XX yüz ilin sonlarında törədilən
bu vəhşi faciənin iştirakçıları olan ermənilər
bu azərilərə və bu türklərə nədən
belə nifrət edirlər hələ də...
Bu vəhşilik hardandır?
... Bir
zamanlar çox böyük bir demokrat olaraq tanınan erməni
yazıçısı Qrant Matevosyanın bir hekayəsi var.
Bu hekayədə
belə yazır, Qrant Matevosyan:”bizim kənd bir
türk kəndi ilə qonşu idi. Türk insanları bizim kəndə
bal satmağa gələrdilər. Dədələrimiz
türklərdən bal alardılar.
Türk insanları getdikdən sonra dədələrimiz həmən
balı əvvəlcə itə yedirirdilər,
sonra biz yenə də qorxa-qorxa yeyirdik o balı. Əgər it
ölməsəydi yeyərdik o balı...
”
Bu bir erməni yazarının fikridir. Bizim günlərin
yazarının fikri.
Bunu oxuyan
erməni uşağı necə ola bilər,
əcaba?
Bir atalar
sözünü xatırladım: “Gedər xəncər
yarası, getməz söz yarası”...
İzahata bir ehtiyac varmı?
... Yuxuma
girər hər gecə o foto...
Türkcəsi:”YeniAsya”
qəzeti, 27 sentyabr 1993.
XOCALIYA
GEDƏN YOL “QARA YANVAR”dan KEÇDİ
1.
Bütün
ömrümüzə dağıldı Yanvar
Bütün
ilimizə dağıldı Yanvar
Yanvarın
soyuğu əriyəmədi
yayın
istisində
qızmarında da
bütün qapıları bağladı Yanvar
işə bax
ağlaya
bilməyən belə ağladı
adam-adam
gülüş əksildi dodaqlardan
içindən ağlayan oldu
özü göz yaşında boğulan oldu
güllədən diksinib ölənlər oldu
güllədən diksinib doğulan oldu
azğın adamların gözündən çıxan
azğın güllələr
Yanvarın
yağışı, qarı yerinə
Yağdı,
nə yağdı
biçdi adamları
güllələr daraq-daraqdı
gecə
yaralandı, il yaralandı
Vətən
yara aldı,el yara aldı.
Haçansa,
haçansa bitmişdi bu Ay
yetmiş
il illərin aralarında
itmişdi bu Ay
Bu Ayı
görürdük
oxşatmayırdıq
onu bəxtimizdə
aramayırdıq
Yanvara
ayların Hirsi dağıldı
Ürəklərdə yara qaldı Yanvar adlı.
Oğlum,qızım –
bu
dünyanın üzü belə getsə əyər
biz də
qalsaq yata-yata
qorxuram
ki,
bu
Yanvarın
qan
qoxulu isti ucu
sizdən
sonra gələnlərə gedib çata.
2.
Bakıda
Yanvar qırğınında
Beynəlxalq
aləmdə qadağan olunmuş
5.45 kalibirli güllələrdən istifadə olunub.
“Komsomolskaya Pravda” qəzetindən.
neçə ildi yol gəlirmiş bu Güllə
neçə dildə yol gəlirmiş bu Güllə.
gündüzdən keçə-keçə
gecədən keçə-keçə.
cavandan
keçə-keçə
qocadan
keçə-keçə
sağalmayan yaraları tanış Güllə
sağalmayan yaraları tanış
lülə
tuşlayan da tanışdı
tuşlanan da tanışdı.
bu
Güllənin yarasıyla
kimlər
necə barışdı.
Allahım,
neçə ildi yol gəlirmiş bu Güllə
atan
qorxusundan sapsarı olub
bu
Güllə Allaha sarı olub.
Allahından
düşüb güllə
bu
Güllə cavan da deyil
bu
Güllə necə qarıyıb
ürəklərdə batır səsi
axı
bizə tanış idi
bu
Güllə də, atan da
Bir
Allahım
sənə görə inandıq
bəs
sən demə Allahsızmış atan da.
bu
Güllənin qara rəngi al qan oldu
itdi
azadlığın içində Güllə
batdı
azadlığın içində Güllə
axtarsaq,
axtarsaq tapmarıq onu
gərək ki tapaq
yoxsa
inanıram nəvəm yazacaq
neçə ildi yol gəlirmiş bu Güllə
bu
güllə də tanışdı
o
lülə də.
bir milləti
al qanına boyayan
işıq donlu qara rəngli o Güllə də.
tuşlayan da tanışdı.
tuşlanan da.
3.
qaranlıq gecə də bitən zəmiydik
güllərlə biçilərək əyildik
indi bənövşəyə
oxşarımız var
biz belə
deyildik ,belə deyildik
bu
Yanvardan o yanası yoxdu ki...
isti –
isti tökülən qan donmadı
biz
görmüşdük nə vaxt isə bu anı
demişdilər,inanmışdıq anam hey
bu inamla
çöllər qana boyandı
bu
Yanvardan o yanası yoxdu ki...
unutmağı peşə bilən el varmı
bayrağımla sarıdılar yaramı
gizli-gizli
saxlanılmış qatlarla
gətirdilər bu günümü, varammı
bu
Yanvardan o yanası yoxdu ki...
mənim
balam, nə düşmən ol,nə unut
bu
ağrını nə car elə, nə də ud.
harda isə
bu gün durub yenə də
aldanma
ki, sən Nəbisən,ya Qorqud
bu
Yanvardan o yanası yoxdu ki...
azadlığa gedən yolda təkcəsən
hap-gop
ilə tovlanma gəl təkcə sən
ölmək üçün hələ vaxt var,zaman var
ölmək asan AZAD olsa bu Vətən
bu
Yanvardan o yanası yoxdu ki...
Tofiq Abdin
525-ci qəzet.-
2013.- 23 fevral.- S.23.