Mədəni və bioloji müxtəlifliyin ahəngdar vəhdətindən doğan Azərbaycan palitrası (davamı)

 

Vətənimiz Azərbaycan müxtəlif etnik və dini qrupların tarixən dözümlülük və mehriban şəraitdə yaşadığı çoxmillətli və çoxdinli bir ölkədir. Uzun əsrlər boyu etnik və dini azlıqlara mənsub olan xalqlar ölkədə etnik çoxluq təşkil edən azərbaycanlı türklərlə sülh və harmoniya şəraitində yaşayıb və yaşayırlar. Təəssüf ki, yaxın keçmişdə siyasi oyunlar səbəbi ilə Ermənistanla Azərbaycan arasında meydana çıxmış münaqişə, bəziləri tərəfindən milli və dini münaqişə kimi qələmə verilir. Hətta bəziləri daha da irəli gedərək, azərbaycanlıları dözümsüzlükdə ittiham edir, Dağlıq Qarabağ münaqişəsinin yeni alovlandığı dövrdə milliyətcə erməni olan sakinlərə qarşı sərt davranıldığını iddia edirlər. Qeyd edilən iddiaların boş uydurma olduğu xalqımızın hər bir nümayəndəsinə gün kimi aydındır. Bu barədə çox deyilib, konkret faktlara əsaslanan ətraflı yazılar yazılıb. Amma bu iddiaların puç olduğunu sübut etmək üçün məsələyə bir qədər fərqli yöndən yanaşmaq istərdim.

VII əsrdən sonra Xilafətin tərkibinə daxil olan Azərbaycan ərazilərinə xeyli ərəb tayfası köçmüşdü. Öz ölkələrindən baş götürüb, əsasən indiki Şamaxı rayonu ərazisində məskunlaşan bu tayfalar, elə həmişəlik burada qalaraq, yerli xalqla qaynayıb-qarışmışdı. Həmin dövrdən başlayaraq indiyə kimi Azərbaycanda ərəb etnonimli kənd adları meydana gəlmişdir. Bu hadisənin izlərinə Şirvan toponimikasında (Ərəbmehdibəyli, Ərəbbəsrə, Ərəbqardaşbəyli, Ərəbqubalı, Ərəbsarvan, Ərəbocaqçı, Ərəbəqədim, Ərəbşalbaş, Ərəbşahverdi, Ərəbcəbirli), Naxçıvan toponimikasında-Ərəbyengicə, Qəbələ rayonunun Vəndam kəndinin məhəllələrindən birinin “Ərəbli” istilahı ilə adlanmasında təsadüf olunur.

Azərbaycan çar Rusiyası tərəfindən işğal edildikdən sonra, daha dəqiq desək, XIX əsrin 30-cu illərindən başlayaraq onun ərazisində ruslar da məskunlaşmağa başladı. Çar Rusiyası dövründə minlərlə rus ailəsi Azərbaycana sürgün edilmişdir. Onlar əsasən Rus Pravoslav Kilsəsindən ayrılmış, xristianlığın molokan təriqətinə bağlı ruslardan ibarət idilər və etiqad etdikləri təriqətə görə çar hökumətinin qəzəbinə düçar olub, Rusiyanın mərkəzindən Qafqaza köçürülmüşdülər. Həmin ruslar tez bir zamanda burada özlərinə yurd salıb, yerli azərbaycanlılarla yaxın dost münasibətləri qurmuşlar. Hazırki vaxtda onlar hələ də İsmayıllı rayonunun İvanovka kəndində, Gədəbəy rayonunun Novosaratovka, Novoivanovka, Qorelsk və Slavyanka kəndlərində, Goranboy rayonunun Rus Borisi kəndində, Şamaxı rayonunun Çuxuryurd, Qızmeydan və Nağaraxana kəndlərində kompakt halda yaşayırlar.

Eyni tarixdə, yəni XIX əsrin əvvəllərində yaşadıqları Yaxın Şərq ölkələrinin xalqları ilə yola getməyən ermənilər kütləvi şəkildə Azərbaycanın tarixi torpaqlarında köçürülərək, burada məskən tapmışlar. Xalqımız geniş ürəklilik göstərərək köçkün ermənilərə öz torpağında yer vermiş, onları ölkənin ən səfalı guşələrində yerləşdirmişdi... XIX əsrin əvvəllərindən Azərbaycanda erməni, rus və alman əhalisinin məskunlaşdırılması nəticəsində onun ərazisində qeyri-aborigen etnoslara şamil olan yaşayış məskənləri yaranmışdır.

Ayrı-ayrı xalqların Azərbaycana köç etməsi prosesinin XX əsrdə də davam etməsini görürük. Belə ki, Sovet İttifaqı rəhbəri İ. Stalinin göstərişi ilə 1944-cü il noyabr ayında özlərinin əzəli ata-baba yurdları sayılan Gürcüstanın Ahıska mahalından Orta Asiya və Qazaxıstan çöllərinə sürgün edilən Ahıska türkləri XX əsrin 50-ci illərində bəraət alsalar da, tarixi torpaqlarına qayıda bilmirdilər. Belə bir şəraitdə, 1958-ci ilin sentyabrından Ahıska türklərinin ilk dəstəsi Azərbaycana gəlməyə başladı. Azərbaycan hökumətinin qərarı və razılığı əsasında Orta Asiya və Qazaxıstanda sürgünlük həyatı keçirmiş ahıskalıların bir hissəsinin respublikanın Saatlı, Sabirabad, Quba və Xaçmaz rayonlarında məskunlaşmasına başlandı. Azərbaycanın adları çəkilən rayonlarında bu etnosa aid onlarla kəndlər salındı.

Ahıska türklərinin Azərbaycanda məskunlaşmasının ikinci dövrü isə 1989-cu ilin yayında bu etnosa qarşı çevrilmiş Fərqanə hadisələri ilə bağlıdır. Cinayətkar ünsürlər tərəfindən dinc, zəhmətkeş ahıskalılara qarşı təşkil edilmiş bu qırğından sonra əhalinin burada da yaşaması qeyri-mümkün oldu. Nəticə etibarı ilə güc-bəla ilə özlərinə yaşayış şəraiti yaratmış əhali Orta Asiya və Qazaxıstandakı evlərini tərk etmək məcburiyyətində qaldı. Bu dövrdə də onlar yenə Azərbaycan xalqına pənah gətirib, onsuz da Ermənistanın işğalı nəticəsində böyük sayda qaçqınlar ordusuna malik olan ölkədə sığınacaq tapdılar. Beləliklə, XX əsrin sonunda respublikanın etnik xəritəsində Ahıska türklərinə məxsus yeni yaşayış məskənləri yaranmış oldu. Hazırda respublikada 100 mindən artıq Ahıska türkü yaşayıb-yaradır. Onların hər biri Ahıska adlı əzəli torpaqlarına dönmək arzusu ilə yaşasa da, lakin Azərbaycanı özlərinə ikinci Vətən sayır. Çünki onlar həm dövlət və həm də Azərbaycan xalqının qayğısı ilə əhatə olunmuşlar.

Göründüyü kimi, özünün qədim tarixi, maddi və mənəvi mədəniyyəti, həm də zəngin etnik tərkibi ilə məşhur olan Azərbaycanda əsrlər boyu müxtəlif dinli və etnik mənşəli xalqlar yaşayıb-yaratmışlar. Bu xalqlar sayca azlıq və çoxluq təşkil etmələrindən asılı olmayaraq, özlərinə Vətən saydıqları bu məmləkətdə daim dinc, əmin-amanlıq şəraitində yaşamışlar. Bunun bir səbəbi də bizə görə Azərbaycanın çoxsaylı və aparıcı etnosu sayılan türksoylu azərbaycanlıların bu ərazidə yaşayıb, sayca onlardan xeyli azlıq təşkil edən bütün xalqlarına doğma münasibət bəsləməsi, burada arxayın yaşamalarının qayğısına qalması ilə izah edilməlidir. Elə bunların nəticəsidir ki, tarixən Azərbaycan özünün polietnikliyi – yəni qoynunda onlarla xalqları, milli azlıqları və etnik qrupları saxlaması ilə seçilir. Azərbaycan bəlkə də yeganə dövlətdir ki, onun ərazisində bu gün dünyada analoqu, oxşarı olmayan etnik azlıqlar yaşayır. Misal üçün, Azərbaycan Respublikasının şimal-şərq hissəsində, Böyük Qafqazın Şahdağ platosu boyunca Şahdağ etnik qrupu və ya Şahdağ xalqlarının deyilən Azərbaycanın aborigen əhalisi yaşayır. Bu milli etnik qrupuna daxil olan etnoslar Quba rayonunun Buduq, Cek, Əlik, Haput, Qrız, Xınalıq və Yergüc kəndlərinin adlarına müvafiq olaraq buduqlular, ceklilər, əliklilər, haputlular, qrızlılar, xınalıqlılar, yergüclülər  adlanır. Say etibarı ilə az olsalar da, bu kəndlərin hərəsinin əhalisi ayrı-ayrılıqda bir etnik qrupdur. Bu yeddiliyin hər birinin özünə xas adət-ənənəsi, mədəniyyəti, hətta ayrıca dili mövcuddur. Onlar mənsub olduqları kəndin dilində danışırlar, başqa sözlə, hər kiçik kəndin özünün dünyada heç oxşarı olmayan unikal bir dili var.  5000 illik tarixə malik olan “Şahdağ xalqları” fenomeni təkcə Azərbaycan tarixində deyil, həm də bəşər tarixində ən zəngin etnoqrafik dəyərlərdən biri, əfsanəvi yaşayış məntəqəsi hesab olunur. Şahdağ xalqlarının əcdadları barədə məlumatlara Strabon və Plininin əsərlərində rast gəlinir. Belə ki, bu xalqların, yuxarıda qeyd etdiyimiz qədim yunan alimi Strabonun “Coğrafiya” əsərində göstərdiyi, hərəsi öz dilində danışan 26 alban tayfasından olduqları güman edilir.

O da qeyd olunmalıdır ki, Azərbaycanı özünə Vətən seçən bu millət və etnoslar tarix boyu öz milli, mədəni və dini adət-ənənələrini qoruyub saxlaya bilmiş və bu adətlər buradakı digər xalqlarla onlar arasında heç bir qarşıdurma və ya ixtilafa səbəb olmamışdır. Hazırda ölkədə milli azlıqların 20-yə yaxın mədəniyyət cəmiyyəti fəaliyyət göstərir. Eləcə də respublikada 1000-dən çox məscid, 22 kilsə, altı sinaqoq və digər dini məbədlər fəaliyyət göstərir. Ötən il Azərbaycanda daha bir neçə müxtəlif təmayüllü dini icma qeydiyyatdan keçib və bununla da ölkədə dini qurumların sayı 576-ya çatıb. Bunların hamısı ölkədə olan tolerantlıq və qarşılıqlı ehtiram mühitinin bariz nümunəsidir.

Maraqlıdır ki, ölkədəki çoxsaylı millətlərin etiqad etdikləri müxtəlif dinlər də monolit olmayıb, hər biri öz daxilində müxtəlif qollara ayrılır. Misal üçün, Azərbaycanda xristianlıq özünün pravoslavlıq, katoliklik və protestantlıq qolları, habelə müxtəlif sektant icmaları ilə təmsil olunmuşdur. Hazırda Azərbaycanda pravoslavlıq rus və gürcü pravoslav kilsələrindən ibarətdir. Azərbaycanda həmçinin pravoslavlıqdan çıxmış köhnə ayinçiliyə mənsub 11 malakan icması da fəaliyyət göstərir. Malakanlar xüsusi səlahiyyətə malik kilsə iyerarxiyasını rədd etdiklərinə görə onların kilsəsi yoxdur, dini ehkamları isə xüsusi “ayin kitablarında” verilmişdir.

Azərbaycanda yəhudilik də yekcins deyil. Burada üç yəhudi icması – dağ yəhudiləri, əşkinazi yəhudilər və gürcü yəhudiləri icmaları mövcuddur. Əsasən Bakı, Quba və Sumqayıtda yaşayan yəhudilərin ölkə üzrə bütövlükdə sayı 16 mindir.

Azərbaycanda ən geniş yayılmış İslam dini də burada müxtəlif qollarla- şiə-imami, sünni-hənəfi, şafii məzhəbləri və habelə yenicə yayılmağa başlamış sufi təriqətləri ilə təmsil olunmuşdur. Ümumiyyətlə, son zamanlar ölkədə yaradılan dini sərbəstlik və etiqad azadlığı buraya  bir sıra qeyri-ənənəvi din və məzhəblərin yol tapmasına şərait yaratmışdır.

Azərbaycanın təbii və etnik-mədəni-dini mühiti barədə aparılan bu paralellərdən sonra artıq qəti şəkildə bu qənaətə gəlmək olur ki, Azərbaycanın təbii mühiti ilə etnik-mədəni mühiti arasında doğrudan da sıx əlaqə mövcuddur. Belə ki, burada özünü göstərən təbii və bioloji müxtəliflik, onun üzərində yaşayan xalqın milli, etnik və mədəni müxtəlifliyi ilə düz mütənasibdir. Bu qədər təbii, həmçinin etnik-mədəni müxtəlifliyi bir araya gətirmək hər ölkənin qismətinə yazılmayıb. Buradakı fərqin açıq-aşkar şahidi olmaq üçün heç də uzağa getməyib, Azərbaycanın rəngarəng, zəngin təbiəti və çoxmillətli, multikultur əhalisi ilə onunla eyni regionda yerləşən, qonşu Ermənistanın kasıb təbiəti və monoetnik əhalisini müqayisə etmək kifayətdir.

Bütün bunlar qədim zamanlardan bəri dünyanın bir çox məşhur alim, filosof və tarixçilərinin təbii və coğrafi amillərin insanlar və xalqlar üzərində olan təsiri barədə dediklərini təsdiq edir. Azərbaycanın təbiəti və coğrafi mövqeyi ilə, onun xalqının xüsusiyyətini  müqayisə etdikdə bu fikirlərdə bir çox həqiqətin olduğunu görürük. Azərbaycan bir çox təbii və mədəni müxtəlifliklərin üzvi və harmonik surətdə birləşdiyi unikal bir məkandır. Onun iqlimi və təbiəti kimi etnomədəni tərkibi də tarixən zəngin olub. Bu torpağı özünə əbədi məskən seçən xalqların əksəriyyəti zaman keçdikcə doğmalaşıb, bəziləri isə yerli xalqlarla qaynayıb qarışıblar. Lakin bu etnosların hər biri Azərbaycan türkləri ilə ümumi, vahid mənəvi dəyərlərə sahib olmaqla yanaşı, öz etnik spesifikliyini də xeyli dərəcədə qoruyub saxlayaraq, bütövlükdə Azərbaycan mənəvi mədəniyyətinə özünəməxsus rəng qatmışlar. Məncə bu, Azərbaycanda nə zamansa hansısa xalqa qarşı sərt davranıldığını iddia edənlərə təbiətin özü tərəfindən verilən tutarlı bir cavabdır.

 

 

Rasim ABDULLA,

AMEA-nın Z.Bünyadov adına Şərqşünaslıq

İnstitutunun dissertantı

 

525-ci qəzet.- 2013.- 23 fevral.- S.22.