Bir səfərin təəssüratı
Çox az adam tapılar ki, doğma Vətənimiz Azərbaycanı qarış-qarış gəzdiyi ilə öyünsün. Təəssüf ki, mən də onların siyahısındayam. Bu sarıdan mənim də arzularımla imkanım üst-üstə düşməyib, bəzən də iş-güc əlindən macal tapa bilməmişəm. Lakin yurdumuzun elə əziz, qayım-qədim, öydülü yerləri var ki, ora bir dəfə də olsa gedib baş çəkməyi özümüzə borc bilmişik. Dəli dağ, Gəlin qayası, İsti-su, Göygöl, Göyəzən dağı, Qırxqız yaylağı, Turşsu, Əshabi-kəf, İsa bulağı, Şəlvə dərəsi... nəhayət, Cıdır düzü! Əgər təkcə Cıdır düzündə çəkilmiş şəkilləri tapıb toplayan olsa saysız kitablar çap etmək olardı. Orada oxşar şəkillərdən, başqa-başqa talelərdən söz açılardı...
Sovetlər dövründə yaxşı bir ənənə vardı. Kollektiv ekskursiyaya getmək. O zaman hər bir müəssisənin Həmkarlar İttifaqı vardı və bu həmkarlar təşkilatları ildə bir-iki dəfə ölkənin gəzməli-görməli yerlərinə ekskursiya təşkil edirdi. Mən də 70–80-ci illərdə çalışdığım “Yazıçı” nəşriyyatında beş il Həmkarlar İttifaqının sədri olmuşdum. Bu illər ərzində nəşriyyatın kollektivi ilə Moskvada, Riqada, Qəbələdə, Lənkəranda və s. yerlərdə qısamüddətli səfərlərdə olmuşduq.
Doğrudan da, göz yaddaşını heç nə əvəz edə bilməz. İnsan eşitdiyindən çox, gördüyünə inanır və yaddaşında hifz edir.
Yadımdadır, 1984-cü ildə Lənkəran şəhər turizm idarəsinin rəhbəri ilə danışıb “Yazıçı” nəşriyyatının kollektivi üçün mehmanxanada yer ayrılmasını xahiş etmişdim. Razılıq verildikdən sonra tələb olunan pulu da Lənkəran turizm idarəsinin hesabına köçürtmüşdüm. Amma bir həftə sonra oradan zəng vurub dedilər ki, bəs mehmanxana təmirə dayanıb. İstəyirsinizsə iki ay sonra gələ bilərsiniz. Mən bu təkliflə razılaşmadım və pulu həmkarların hesabına geri köçürülməsini xahiş etdim.
İyun ayı idi. Lənkərana səfərimizin baş tutmaması barədə kollektivə məlumat verdim. Təklif etdim ki, gəlin Şuşaya gedək. Adamlar tərəddüd edirdilər. Bakıdan kənara çıxmayanlar Şuşanı çox uzaq bir yer hesab edirdilər. Qəribədir ki, mən illərlə bir yerdə çalışdığım bu doğma insanları Şuşaya getməyə həvəsləndirmək üçün israrla deyirdim: “Şuşanı, İsa bulağını, Cıdır düzünü görməyən Azərbaycanı görməyib!”
Çox təbliğat, təşviqatdan sonra bir səhər 30 nəfər yığışıb (bəzi əməkdaşlar ailəsi ilə gedirdi) “İkarus”la Şuşaya yol aldıq. Dəstədə “Yazıçı” nəşriyyatının direktor müavini Elxan Rəhimov, şairlərdən Zəlimxan Yaqub, Ağasəfa, İslam Turkay, yazıçı Oqtay Salamzadə, Zöhrə Əsgərova, rəssamlardan Ehtiram Lazımov, Əliağa Məmmədov, Etibar, fotoqraf Rauf, Elçin Cabbarov, Nərgiz Qurbanova və b. birlikdə günün batabat çağında Şuşaya çatdıq. Şuşanın saf havası, yaşıllığa bürünmüş uca dağların görüntüsü, quşların cəh-cəhi gərilmiş sinirlərimizi oxşayırdı. Bu səfərin təşəbbüsçüsü kimi hər kəsin üzündə məmnunluq görüb rahatlanmışdım. Başı dumanlı dağları seyr edirdim. Xəyalımda Yusif Vəzir Çəmənzəminlinin bu yerlərlə bağlı yazdığı bir fikir dolaşırdı: “Dağ başında yazı-yayı yaşıllığa, payızı-qışı dumana və qara bürünmüş bir şəhər təsəvvür ediniz. Bu mənim şəhərimdir.
... Şəhərin hər nöqtəsi bir tarix söyləyir: İbrahim xan kahası, Məlik Şahnəzər kahası, Şahnişin, Cıdır düzü, Dovtələb, Divanxana qabağı, Topxana... hərəsi bir kitab, qanlı və dəhşətli bir səhifədir”.
Səhəri gün tezdən bələdçi ilə bir yerdə Gövhər ağa məscidinə gəldik. Elin yaylağa qalxan çağıydı. Seyrək duman vardı. Biz irəlilədikcə duman çəkilirdi. Şuşaya bələd olduğumdan yoldaşlarımdan ayrılıb iyirmi iki-iyirmi beş yaşlı sürücü oğlanın “QAZ-51”-i ilə Qaladan çıxdıq. İsa bulağında kəsmək üçün toğlu alacaqdıq. Bir az üzüaşağı düşüb sürüsünü yamaca yaymış çobana yaxınlaşdıq. Münasib bir toğlunu sövdələşib aldıq.
Geri qayıdırdıq. Gizlicə diqqəti yolda olan cavan sürücünü süzürdüm. Nədənsə oğlan mənə “Qarabağaməlr”də təsvir edilən Batmanqılınc Məhəmməd bəy Cavanşiri xatırladırdı. Uca boyu, qızılı saqqalı, uzun qolları, şana barmaqları dərhal diqqəti cəlb edirdi. Saqqalına işarə edərək:
– Xeyirdirmi? – sorğuma oğlan:
– Anam rəhmətə gedib, qırxı bu günlərdə çıxacaq, – dedi.
– Allah rəhmət eləsin.
– Sağ olun, ölənlərinizə rəhmət, – deyib oğlan sürəti artırdı. Bu vaxt Xankəndidən üzü Şuşaya dolama yollarla avtobus qalxırdı. Avtobus sürücüsünün yolu düz keçməməsi, daha doğrusu, bizə yol verməməsi cavan sürücünü qəzəbləndirmişdi. Mən ona “eybi yoxdur, qoy varıb getsin” desəm də dəliqanlı əhəmiyyət vermədi. Boş “QAZ-51”-i qovub sərnişinlə dolu avtobusu keçdi, xeyli irəliləyib yolu kəsdi. Avtobus yaxınlaşıb “ayaq” saxladı. Oğlan yaşına yaraşmayan əzəmətlə maşından düşüb avtobusa yaxınlaşdı, sürücünü “ağ yuyub, qara sərdi”. Qara çaydaşı dindi, amma qırx-əlli yaşlı erməni sürücüsündən səs çıxmadı. Bir avtobus adam qorxudanmı, ya nədənsə heç qımıldanmadılar da. Guya bu cavan oğlanın söyüş-filanının onlara qətiyyən aidiyyəti yoxdu.
Nəhayət, oğlan qayıdıb maşını işə saldı:
– Müəllim, sən bunları tanımırsan, belə susub oturmalarına baxma, əllərinə fürsət düşsə qanımızı içərlər.
Bakının mədəni havasından ayrılıb əyalət şəhərinə düşən bir adam kimi nə “hə” dedim, nə də “yox”. Aşıq gördüyünü çağırar deyiblər.
Elə həmin gün İsa bulağı başında məclis qurduq. Sürücü oğlan da bizimləydi. İsa bulağı bizim şəxsimizdə bəlkə neçə mininci, milyonuncu qonaqlarını qəbul edirdi. İsa bulağında diqqətimizi cəlb eləyən qəribə adamlardan biri 100 yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu idi. 1885-ci ildə anadan olmuş Mürsəl kişi Nikolayı taxtda, Lenin babanı qundaqda görmüşdü. Haqqında danışırdılar ki, hər gün şəhərdən 7-8 km məsafəni piyada İsa bulağına gəlir, gün batıb, İsa bulağının başından əl-ayaq yığışandan sonra yenə piyada Şuşaya – mənzilinə qayıdır. Mürsəl kişinin 100 yaşı olmasına baxmayaraq səsi yerindəydi və nəmərə oxuyurdu. Arada Mürsəl kişiyə yaxınlaşıb “hörmət” etdim və ondan köhnə bir el havası oxumasını xahiş etdim. Mürsəl kişi kamançaçı Şirinə “başla” işarəsi verib “Nar-nar” mahnısını yaşına yaraşmayan bir səslə oxumağa başladı:
Gəlin gedək bizim bağa,
Hərə çıxaq bir budağa,
Ləb-ləbə, dodaq-dodağa,
Ax nanı-nanı, narı-narı.
Ax nanı-nanı, narı-narı.
Doğrudan
da, Mürsəl kişinin oxuduğu bu mahnını ancaq Xan
Şuşinskinin ifasında radiodan eşitmişdim.
Mürsəl kişi mahnısını bitirdikdən sonra qavalının pərdəsi boşalmasın deyə plaşının altından kürəyinə yerləşdirdi. Mürsəl kişinin açıq havada gəzməkdən tunclaşmış qarayanız sifəti, uzun günlüklü şapkası, uzun çubuq qəlyanı, uzunboğaz çəkməsi dərhal diqqəti cəlb edirdi. Onun duruşu, baxışı, çubuq çəkməyi tabloya köçürüləsi mənzərəsiydi. O, keçmişinin şələsini hələ də kürəyindən yerə qoymamışdı... Bu qeyri-adi insan mənzərəsi Əliağa Məmmədovun nəzərindən yayınmadı, kürəyində günə verdiyi qavala görə əyri qəddini bir az da əymiş qoca xanəndənin eskizini çəkdi.
Nəhayət, biz də İsa bulağıyla “xudahafizləşib” şəhərə qayıtdıq. Yolboyu Ağasəfa Yəhyayevlə Zəlimxan Yaqubun baməzə zarafatları ovqatımızı bir az da ala buludlara qaldırmışdı.
Səhəri gün Vaqifin məqbərəsini, Nəvvabın və b. görkəmli şəxsiyyətlərin məzarlarını ziyarət etdik. Sonra bir neçə yoldaşla Cıdır düzünə getdik. Yamyaşıl çəmənliyə ayaq basmağa qıymırdıq, rəngbərəng xırda, yabanı çiçəklər göz oxşayırdı. Məşhur Xarıbülbül çiçəkləri də çəmənlikdə öz yerini tutmuşdu. Təbiətin bu Xarıbülbül möcüzəsi, öz quruluşu, görünüşü ilə doğrudan da adamı heyrətləndirirdi.
Cıdır düzündə dolaşdıqca adları bizə tanış olan və olmayan insanların bıçaqla daşa, qayaya, cızdıqları adlara rast gəlirdik. Belə görünürdü ki, Cıdır düzündə olmaq hər kəs üçün fəxrdir.
Cıdır düzünün ayağından axıb gedən Daşaltı çayından uşaqların oxumaq səsi gəlirdi:
Gəlin gedək Daşaltına gəzməyə,
Ördək olub o göllərdə üzməyə...
Nə bəxtəvər günlər idi.
O bəxtəvər, o Şuşalı günlərdən bizə bir şəkil qaldı. Axtarsan Cıdır düzündə çəkilşmiş bu cür şəkillər hər bir azərbaycanlının evində var. Axı Cıdır düzü xalqımızın igidlik, comərdlik simvoludur.
Biz Şuşadan ayrılanda ağlımıza da gəlməzdi ki, bir daha oranı görməyəcəyik. Cəmi dörd ildən sonra Qorbaçovun “Yenidənqurma”sı bizi azğınlaşmış daşnaklarla üz-üzə qoydu. Respublikanın hər bölgəsində al qumaşa bələnmiş şəhid məzarlıqları salındı. Torpağımızda mülk tikən gəlmələr üzümüzə ağ oldu. Şuşaya gedən yollar üzümüzə qapadıldı. Mənim ilkin yadıma düşən İsa bulağında “Nar-nar” mahnısını oxuyan yüz yaşlı xanəndə Mürsəl Məşədi Süleyman oğlu oldu. Dost-tanışdan eşitmişdim ki, daha İsa bulağı üstündə məclis qurulmasa da, o, hər gün İsa bulağına gedib-gəlirmiş. Axırda Mürsəl kişinin ürəyi qübar bağlayır. Bir axşam yenə İsa bulağından qayıdanda elə yoldaca canını tapşırır (1989). Bu müharibə dalğası illərlə bir yerdə çalışan, bir-birinin dərdinə-sərinə yarayan insanları, kollektivləri də pərəm-pərəm saldı. Zamanın irəli şütüyən qatarını saxlamağa kimsənin qüdrəti çatmadı.
1992-ci il 8 mayda Şuşa xəyanətlə işğal olunanda iş yoldaşlarım mənə kədər, üzüntü içində: “Sən olmasaydın, Şuşanı görməyəcəkdik” deyəndə cavab verməyə söz tapmadım. Heyhat! Əziz, doğma, öygülü bir şəhəri görmək də zülm, görməmək də! Xəyalən doğma şəhərin məhəllələrini, küçələrini dolaşmaq, o yerlərdə çəkdirdiyin şəkillərə baxıb köks ötürmək nə böyük faciə!
18 fevral 2013
Mustafa Çəmənli
525-ci qəzet.- 2013.- 23 fevral.- S.19.