Təhsildə Çexiya təcrübəsi:
əməkdaşlıq üçün aydın perspektivlər
Müstəqillik
illərində təhsil sahəsində beynəlxalq əlaqələrin
miqyası xeyli genişlənib. Təhsil sahəsində
geniş əlaqələrin yaradıldığı, ikitərəfli
tələbə mübadiləsi proqramlarını həyata
keçirdiyi ölkələrdən biri də
Çexiyadır. Avropanın mərkəzində yerləşən
Çexiya zəngin dövlətçilik ənənələrinə
malikdir. Hələ əsrlər öncə ölkədə
təhsil sahəsinə göstərilən həssas
münasibət və bunun üçün yaradılan əlverişli
şərait nəinki yerli əhalinin, hətta digər
xalqların nümayəndələrinin də Çexiyada təhsil
almasına imkan verib.
Təhsil
naziri Misir Mərdanovun dediyinə görə,Çexiyada
1774-cü ildə 6 illik icbari təhsil sistemi tətbiq olunub.
1869-cu ildən etibarən 8 illik icbari təhsilin tətbiqi sayəsində
əhalinin savadlılıq səviyyəsinin ciddi şəkildə
yüksəlməsinə zəmin yaranıb. Məktəb
şəbəkəsi genişləndirilib, xüsusilə
şəhərlərdə təhsilin inkişafına diqqət
artırılıb.İlk ali təhsil müəssisəsi
1348-ci ildə Praqa şəhərində təsis edilib.
1717-ci ildə Çexiya Texniki Universiteti fəaliyyətə
başlayıb.
Müasir
dövrdə də əhalinin bütün təbəqələrinin
təhsilinə, ümumi savadlılıq səviyyəsinin
yüksəldilməsinə xüsusi diqqət yetirilir. Təhsilin
bütün səviyyələri üzrə keyfiyyətin
yüksəldilməsi və müasir kommunikasiya texnologiyalarının
tədris prosesinə tətbiqi məsələləri daim
diqqət mərkəzində saxlanılır. Çexiya
Respublikasında təhsil sisteminə, təhsil
strategiyasının hazırlanması və həyata
keçirilməsinə Təhsil Nazirliyi və Gənclər
və İdman Nazirliyi nəzarət edir: “Ölkənin təhsil
sistemi məktəbəqədər, əsas orta, texniki peşə,
ali təhsil pillələrinə bölünür. Məktəbəqədər
təhsil müəssisələrinə 3-6 yaşlı
uşaqlar cəlb edilir. Əsas təhsil pilləsi iki mərhələyə
bölünür. Birinci mərhələ I-V, ikinci mərhələ
isə VI-IX sinifləri əhatə edir. 13 illik orta təhsil
pilləsi 4, 6 və ya 8 illik gimnaziyalarda həyata
keçirilir. Şagirdlər 4 illik gimnaziyalara IX sinfi, 6 illik
gimnaziyalara VII sinfi, 8 illik gimnaziyalara isə V sinfi başa
vurduqdan sonra daxil ola bilərlər. Gimnaziya təhsilini tamamlamış
şagirdlər ali təhsil pilləsində oxumaq hüququ əldə
edirlər. Yalnız əsas təhsil pilləsi icbaridir. Tədris
ili sentyabrın əvvəlində başlayır və iyun
ayının sonuna qədər davam edir. Tədris ili iki
semestrdən ibarətdir. Hər semestrin axırında
imtahanlar təşkil olunur”.
M.Mərdanov
bildirib ki, texniki peşə təhsili orta təhsilin yuxarı
pilləsindən (gimnaziya) başlayır. Texniki və peşə
təmayüllü orta məktəblərdə oxuyan
şagirdlər bir sıra ixtisaslara yiyələnir və əmək
bazarının tələblərinə uyğun
hazırlanır. Tarixi baxımdan Çexiyada təhsil
sisteminin təşkili çox erkən dövrlərdən
başlamışdır. Təhsil sistemi hər zaman dəyişikliyə
məruz qalaraq müasirləşməkdədir. Çexiyada
ali təhsilin idarə olunması təhsilin digər pillələrinin
idarə olunmasından fərqlidir.
Çexiyanın Təhsil Nazirliyi, Gənclər və
İdman Nazirliyi dövlət təhsil siyasətini həyata
keçirən qurumdur. Nazirlik məktəbəqədər,
orta, ali təhsil pilləsinə, təhsilin
konsepsiyasının hazırlanmasına, islahatların
aparılmasına, elmi tədqiqat, inkişaf
strategiyasının hazırlanması və həyata
keçirilməsinə, uşaqlara dövlət
qayğısının göstərilməsinə, eləcə
də bu sahələr üzrə beynəlxalq əməkdaşlığın
qurulmasına cavabdeh olan dövlət orqanıdır. Nazirliyin
vəzifələrinə həmçinin fasiləsiz təhsil
və elmi dərəcələrin verilməsi ilə əlaqədar
məsələlər aiddir. Müdafiə Universiteti
Müdafiə Nazirliyinin, Polis Akademiyası isə Ədliyyə
və Daxili İşlər Nazirliyinin tabeliyindədir. Əmək
bazarının təhsilin planlaşdırılmasında nəzərə
alınması baxımından Təhsil, Gənclər və
İdman Nazirliyi Əmək Məsələləri Nazirliyi ilə
əməkdaşlıq edir. Təhsil, Gənclər və
İdman Nazirliyi tibb təhsilinin təşkili istiqamətində
Səhiyyə Nazirliyi ilə birgə fəaliyyət göstərir:
“Çexiyada məktəbəqədər təhsilin əsas
məqsədi bilik cəmiyyətində uğur əldə
etməyə yönəlmiş fasiləsiz təlimə zəmin
yaratmaqdan ibarətdir. Bunun üçün erkən
yaşlarından uşaqların zəruri biliklərə yiyələnmələri
və onların bu istiqamətdə
formalaşdırılması təmin olunur. Məktəbəqədər
təhsil uşaq bağçalarında və ya ibtidai məktəblərin
hazırlıq siniflərində təşkil edilir. Bu təhsil
pilləsinə qəbul prosesində ibtidai təhsilə
başlanmasının son yaş dövründə olan
uşaqlara üstünlük verilir. Bağçalarda tədris
siniflər bölgüsü üzrə aparılır.
Uşaqlar həm öz yaşıdlarının oxuduğu
siniflərdə, həm də böyük və ya kiçik uşaqların
sinfinə qəbul edilir. Bu tədris prosesində inteqrativliyin
təmin olunması məqsədilə atılan addımlardan
biridir. Eyni qayda əsasında xüsusi təhsil ehtiyacı
olan uşaqların da adi bağçalara yerləşdirilməsinə
icazə verilir. Bağçalarda iyul-avqust aylarında tətil
dövrü hesab edilir. Əksər məktəbəqədər
təhsil müəssisələrinin təsisçisi bələdiyyələrdir.
Özəl qurumların və kilsələrin nəzdində
fəaliyyət göstərən uşaq
bağçalarına da təsadüf olunur. Məktəbəqədər
təhsil müəssisələrinin fəaliyyət prinsipləri
təsisçinin razılığı əsasında müəyyənləşdirilir.
Ödənişli təhsil verən məktəbəqədər
müəssisələrdə təhsil haqqının
miqdarı bağça direktoru tərəfindən müəyyən
olunur. Onu da qeyd edək ki, məktəbəqədər təhsil
icbari olmasa da, ölkə üzrə uşaqların
müvafiq müəssisələrə cəlb olunma səviyyəsi
kifayət qədər yüksəkdir”.
M.Mərdanov
vurğulayıb ki, Çexiyada icbari təhsil (əsas təhsil)
9 il davam edir. Əqli və fiziki qabiliyyəti qənaətbəxş
hesab edilən 6 yaşı tamam olmuş hər bir uşaq
icbari təhsilə başlaya bilər. Müəyyən problemlər
olduğu halda uşağın təhsilə başlaması 1
il gecikdirilir. I sinifdə maksimum 28 uşaq ola bilər.I sinifdə
ilk mərhələ məktəbəqədər təhsil
pilləsindən icbari təhsil pilləsinə keçid mərhələsi
hesab olunur. İlk mərhələdə sistemli təhsil
nümunələrindən istifadə olunur. Bu mərhələ
əşyaların, hər bir şagirdin fərd kimi
ehtiyaclarının ödənilməsinə, onların bilik,
bacarıq və qabiliyyətlərinin inkişafına xidmət
edir. İkinci mərhələdə şagirdlərin müstəqil
qaydada təlimə cəlb edilməsinə imkan verilir. Bu
dövr onların müstəqil şəkildə bilik,
bacarıq və müvafiq vərdişlərə yiyələnməsi
ilə müşayiət olunur. Şagirdlərin fərdi
maraqları nəzərə alınır, onların
potensialına uyğun təlimə üstünlük verilir.
Qeyd etdiyimiz kimi, əsas təhsil pilləsi iki mərhələyə
bölünür. Birinci mərhələ I-V, ikinci mərhələ
isə VI-IX sinifləri əhatə edir. Rayonlarda və şəhərlərdə
hər iki mərhələ adətən eyni məktəbdə
təşkil olunur. Bəzi kəndlərdə və ucqar ərazilərdə
isə yalnız əsas təhsilin birinci mərhələsi həyata
keçirilir. Digər mərhələdə oxumaq
üçün şagirdlər qonşu məktəblərə
getmək məcburiyyətində qalırlar.İcbari təhsilin
əsas məqsədi şagirdlərin əsas
bacarıqlarını formalaşdırmaq və onları tədricən
inkişaf etdirməkdir. Bu pillədə şagirdlərə
real həyatla bağlı ümumi biliklər
aşılanır, tədrisdə fərdi yanaşma meyarı
əsas götürülür. Əsas təhsil pilləsində
dil və ünsiyyət, riyaziyyat və onun tətbiqi, İKT,
insan və cəmiyyət, insan və təbiət, incəsənət
və mədəniyyət, insan və sağlamlıq, insan və
əmək sahələri üzrə fənlər tədris
edilir. Hər bir təhsil sahəsinə bir və ya daha
artıq fənn aid ola bilər. Eləcə də digər təhsil
sahələrində başqa fənnin tədrisinə imkan
yaradılır: “İcbari təhsilin birinci mərhələsini
tamamladıqdan sonra şagirdlər gimnaziyalarda oxumaq imkanı
qazanırlar. Gimnaziyalar 4, 6 və 8 illik olmaqla 3 qrupa
bölünür. Şagirdlər 4 illik gimnaziyalara IX, 6 illik
gimnaziyalara VII, 8 illik gimnaziyalara isə V sinfi başa vurduqdan
sonra daxil ola bilərlər. Gimnaziyalar müvafiq istiqamətlər
üzrə təmayüllü məktəblər hesab edilir.
Gimnaziyalarda ümumi, riyaziyyat, riyaziyyat və fizika, təbiət
elmləri, proqramlaşdırma, incəsənət, dillər,
klassik dillər, humanitar fənlər, fiziki təhsil və
xarici dildə seçilmiş fənlər üzrə təmayüllü
tədris həyata keçirilir. Şagirdlərin əksəriyyəti
V sinfi bitirərək 8 illik gimnaziyalarda oxumağa
üstünlük verir. Hələ erkən yaşlarından
xüsusi hazırlıq tələb edən ixtisas təmayüllü
gimnaziyalar 8 illik ola bilər. İncəsənət təmayüllü
(rəqs, musiqi və sair) gimnaziyalar məhz 8 illik məktəblər
hesab edilir. Bundan əlavə, xarici dildə seçmə fənlər
üzrə tədrisə üstünlük verənlər də
çoxillik gimnaziyalarda oxuyurlar”.
M.Mərdanov
qeyd edib ki, texniki peşə təhsilinə orta təhsilin
yuxarı pilləsində də (gimnaziyada) yiyələnmək
mümkündür. Texniki peşə təhsili texniki və
peşə təmayüllü orta məktəblərdə tədris
edilir. Bu məktəblərdə oxuyan şagirdlər istəklərinə
uyğun ixtisaslara yiyələnir, maraq və
bacarıqlarına görə peşələr seçirlər.
Peşə sertifikatı əldə etmiş şagirdlər əsasən
müvafiq peşə sahəsi üzrə əmək
bazarına daxil olmağa üstünlük verirlər. Texniki
peşə təhsilinin məqsədi gəncləri dəyişməkdə
olan cəmiyyətin tələblərinə uyğun olaraq
savadlı mütəxəssis və məsuliyyətli
işçi kimi hazırlamaqdan ibarətdir. Texniki təmayüllü
orta məktəblərdə tədris əsasən 4 il, bəzi
hallarda isə 2-3 il davam edir. Həmin tədris ocaqlarında
şagirdlər 260 ixtisas üzrə texniki işçi kimi
hazırlanır. Bu məktəblərdə tədrisin 40 faizi
ümumi təhsil, 60 faizi isə texniki fənlərə həsr
olunur. Praktiki dərslər laboratoriya və məktəb
emalatxanalarında təşkil edilir. Şagirdlərin təxminən
37,5 faizi texniki məktəblərdə oxuyur. Bu göstərici
hər il artmaqdadır.
Peşə
təmayüllü orta məktəblərdə tədris əsasən
3 il, bəzi hallarda isə 1-2 il davam edir. Bu məktəbləri
bitirən şagirdlərə peşə təhsili
sertifikatı verilir. Tədris prosesində praktiki
hazırlığa xüsusi önəm verilir. Şagirdlər
öz istəklərinə uyğun olaraq təklif edilən
260 ixtisasdan birinə yiyələnə bilərlər.
Şagirdlərin təxminən 45 faizi peşə təmayüllü
orta məktəblərdə oxuyur. Bu göstəricinin ilbəil
azalması müşahidə edilməkdədir: “Çexiyada
ali təhsil dövlət, xüsusi təyinatlı (polis və
hərbi) və özəl təhsil müəssisələri
sistemindən ibarətdir. Dövlət universitetlərində
təhsil qeyri-məhduddur və pulsuzdur. Lakin 26 yaşdan sonra
ali təhsil müəssisələrinə daxil olmuş şəxslər
tələbə statusuna malik olmurlar. Həmin şəxslər
sosial xidmətlərdən istifadə statusundan və bir
sıra imtiyazlardan yararlana bilmir, dövlət onların tibbi
sığorta xərclərini ödəmir. Dövlət ali təhsil
müəssisəsi parlamentin qəbul etdiyi aktla təsis və
ləğv edilir. Bu təhsil müəssisələri idarəetmə,
tələbə qəbulu kvotasının müəyyənləşdirilməsi,
qəbul qaydaları ilə bağlı qərarların verilməsi,
dərəcə proqramlarının hazırlanması və
icrası, tədrisin təşkili, müəssisədaxili
elmi tədqiqatın planlaşdırılması, perspektiv
inkişafın təmin olunması, işə qəbul, digər
ali təhsil müəssisələri ilə əməkdaşlıq,
beynəlxalq əlaqələr, maliyyə sərəncamları
və digər məsələlərdə tam müstəqildirlər.
Dövlət
ali təhsil müəssisəsinə rektor rəhbərlik
edir. Rektor universitetin fəaliyyətinin bütün istiqamətləri
ilə bağlı qərar qəbul edən şəxsdir.
Rektor dövlət ali təhsil müəssisəsinin akademik
senatının təqdimatı əsasında ölkə
prezidenti tərəfindən təyin edilir.Akademik senat ali təhsil
müəssisəsinin müstəqil və nümayəndəli
akademik qurumu olmaqla ən azı 11 üzvdən ibarətdir.
Akademik senat üzvlərinin ən azı üçdə bir
hissəsini tələbələr təşkil edir.
Özəl
ali təhsil müəssisələri təsisçinin
müraciəti əsasında Təhsil, Gənclər və
İdman Nazirliyinin verdiyi dövlət razılığına
uyğun olaraq fəaliyyət göstərir. Özəl təhsil
müəssisələrində təhsil haqqı bakalavr
proqramları üzrə 2000-3000, magistratura proqramları
üzrə isə 3000-10000 avro arasında dəyişir. Onu da
qeyd edim ki, dövlət ali təhsil müəssisələrinin
nüfuzu və bu tədris ocaqlarında təhsilin keyfiyyəti
özəl universitetlərlə müqayisədə daha
yüksəkdir. Odur ki, dövlət universitetlərinə daha
çox tələbə axını müşahidə
edilir. Ali təhsil müəssisələrində
akkreditasiyadan keçmiş dərəcə proqramları, eləcə
də fasiləsiz təlim proqramları təklif olunur. Ali məktəblərin
fəaliyyət forması onun təklif etdiyi dərəcə
proqramları ilə müəyyən olunur. Ali təhsil
müəssisələrində bakalavr, magistratura və
doktorantura proqramları üzrə kadrlar hazırlanır.
Ali təhsil
ocaqları hüquqi müəssisə kimi qeydiyyatdan keçməklə
universitet və qeyri-universitet statusunda ola bilər. Universitet
statuslu ali təhsil müəssisələrində
bütün növ dərəcə proqramları təklif
olunur. Həmin müəssisələr tədris, elmi tədqiqat,
inkişaf, innovasiya və digər müvafiq fəaliyyət
sahələri üzrə ixtisaslaşır. Qeyri-universitet
tipli ali təhsil müəssisələrində bakalavr
proqramları, bəzi hallarda isə magistratura proqramları tədris
edilir. Bu tip ali təhsil müəssisələrində
fakültələr olmur. Ali təhsil pilləsində tədris
ili 12 təqvim ayından ibarətdir. Tədris ilinin hansı təqvim
ayında başlayacağına rektor qərar verir.
Çexiyada 25 dövlət, 40-dan artıq özəl, 2
xüsusi təyinatlı ali təhsil müəssisəsi fəaliyyət
göstərir. Nüfuzlu dövlət ali təhsil müəssisələri
sırasında Çarlz Universiteti, Çexiya Texniki Universiteti,
Tətbiqi Sənət Akademiyası, Mendel Kənd Təsərrüfatı
və Meşə Sənayesi Universiteti, İncəsənət,
Memarlıq və Sənaye Dizayn Akademiyası, Musiqi və Teatr
Sənəti Akademiyası, Kimya Texnologiyası İnstitutu,
İqtisadiyyat Universiteti və Əczaçılıq Universiteti
xüsusi yer tutur. Müdafiə Universiteti və Polis
Akademiyası xüsusi təyinatlı ali təhsil müəssisələri
kimi ixtisaslaşıb. Ali təhsil müəssisələri
qanunvericiliyə uyğun olaraq müvafiq təqaüdlər təyin
edə bilər. Bu zaman yüksək təhsil nailiyyətləri,
elmi tədqiqatların inkişafındakı xidmətlər,
maddi imkanı zəif olan tələbələr, xaricdə təhsilin
dəstəklənməsi, doktorantura təhsilinə yardım
və digər amillər nəzərə alına bilər. Bu
baxımdan Xarici İnkişaf Əməkdaşlığı
Proqramı çərçivəsində təsis olunmuş
Beynəlxalq Viseqrad Fondunun maliyyələşdirdiyi Ali Təhsil
Sahəsində Mərkəzi Avropa Mübadilə Proqramı,
AKTİON (elm və təhsil sahəsində Avstriya ilə əməkdaşlıq)
proqramı və digər təqaüd proqramları xüsusilə
diqqəti cəlb edir”.
M.Mərdanovun
dediyinə görə, Çexiyada xüsusi təhsilin əsas
məqsədi hamı üçün bərabər təhsil
imkanlarının yaradılması, fərdin xüsusi təhsil
ehtiyaclarının nəzərə alınması, ictimai,
etik, mənəvi dəyərləri nəzərə almaqla
şəxsiyyətin ümumi inkişafının təmin
edilməsindən ibarətdir. Xüsusi təhsil ehtiyacı
olan uşaqlar müvafiq imkanlardan, təhsil şəraitindən
yararlanmaq, xüsusi dərsliklərdən, məktəbin onlar
üçün verdiyi kompensasiyadan istifadə etmək və
təhsillərini növbəti pillədə davam etdirmək
hüququna malikdirlər. Ölkədə xüsusi təhsil
ümumi təhsil məktəblərində, xüsusi təhsil
müəssisələrində, qayğı mərkəzlərində
və digər müvafiq yerlərdə həyata
keçirilir. Xüsusi təhsil ehtiyacı olanlara təhsilin
bütün pillələrində eyni münasibət göstərilir.
Xüsusi təhsil imkanlarından fərdi və ya qrup
inteqrasiyası formasında yararlanmaq mümkündür. Fərdi
inteqrasiya proqramları adi məktəblərdə və fərqli
xüsusi ehtiyaclı şagirdlər üçün təsis
edilmiş xüsusi məktəblərdə təşkil
olunur. Qrup inteqrasiya proqramlarının tədrisi isə adi və
ya xüsusi məktəblərin qrup siniflərində
aparılır. Xüsusi təhsilin forma və məzmunu
şagirdin ehtiyaclarına uyğun olaraq müəyyənləşdirilir.
Bəzən fərqli ehtiyacları olan şagirdlər eyni bir
qrupda komplektləşdirilir. Xüsusi təhsil ehtiyacları
olan uşaqların oxuduğu siniflərdə şagirdlərin
təlimi ilə eyni vaxtda 3 pedaqoji mütəxəssis məşğul
olur: “Çexiyada əlavə təhsilin təşkili işi
Təhsil, Gənclər və İdman Nazirliyi, Əmək və
Sosial Məsələlər Nazirliyi, eləcə də Mədəniyyət
Nazirliyi tərəfindən həyata keçirilir. 2007-ci ildə
hökumətin təsdiq etdiyi Fasiləsiz Təhsil
Strategiyası ölkədə əlavə təhsilin məqsədlərini
daha aydın şəkildə ortaya qoyur. Məlum olduğu
kimi, əlavə təhsil müxtəlif yaş
qruplarını əhatə edir. Odur ki, bu əlavə təhsilin
hədəf qrupları özünəməxsusluğu ilə
səciyyələnir. Əlavə təhsil sənaye müəssisələrində
və ya təhsil ocaqlarında təşkil edilə bilər.
Çexiyada əhalinin demək olar ki, az bir hissəsi əlavə
təhsilə cəlb olunur. Bu isə əhalinin əksər
hissəsinin təhsilini orta təhsil pilləsinə qədər
davam etdirməsi ilə izah edilir. Əsas ideyası hər bir
fərdi fasiləsiz olaraq təlimə cəlb etmək olan
yaşlıların təhsili proqramları ümumi təhsil,
əlavə-peşə təhsili və ictimai maraq kəsb edən
təhsil formalarında həyata keçirilir. Bunun sayəsində
əhalinin ümumi təhsil pilləsi üzrə
savadlılıq səviyyəsi yüksəlir, peşə sahələri
üzrə əmək bazarının tələb etdiyi
ixtisaslara yiyələnənlərin sayı artır.
İctimai maraq kəsb edən təhsil isə əhalinin
siyasi, tarixi, mədəni və digər sahələr üzrə
müvafiq biliklər əldə etməsinə yol
açır”.
M.Mərdanov
bildirib ki, Təhsil, Gənclər və İdman Nazirliyi təhsil
sahəsində maliyyələşmə siyasətinin
hazırlanması və icrasına cavabdehlik
daşıyır. Yüksək əks-mərkəzləşdirilmiş
idarəetmənin və təşkilati müstəqilliyin
mövcudluğunu nəzərə alaraq maliyyə siyasətinin
düzgün təşkili mühüm amil hesab edilir. Təhsil
əsasən dövlət və bələdiyyə büdcələrindən
maliyyələşir. Təhsil müəssisələri pullu
fəaliyyət sahələrindən və beynəlxalq
proqramlarda iştirakdan da vəsait əldə edə bilərlər.
1992-ci ildə maliyyələşmə mexanizmlərinin əsaslı
şəkildə dəyişdirilməsi ilə vahid meyar əsasında
şagirdbaşına maliyyələşmə mexanizmi tətbiq
edilməyə başlanıb. Təhsili yerli idarəetmə
qurumları da maliyyə vəsaitlərini şagirdlərin
sayına uyğun olaraq məktəblər arasında
bölüşdürür. Bu zaman özəl məktəblərə
də maliyyə vəsaitləri verilir. 2010-cu ilin statistik məlumatlarına
görə, dövlət təhsil xərcləri 162,9 milyard
çex kronu təşkil edib. Bu, ümumi daxili məhsulun həcmi
ilə müqayisədə 4,4 faizə bərabərdir:
“Çexiyada elmi tədqiqat sahələrinin genişləndirilməsinə
və inkişafına, bu sahədə
çalışanların əməyinin
stimullaşdırılmasına ciddi nəzarət olunur.
Ölkədə elmi tədqiqat müəssisələrinin fəaliyyətini
tənzimləyən mərkəzi inzibati orqan Təhsil, Gənclər
və İdman Nazirliyidir. Nazirlik beynəlxalq müqavilələrə
uyğun olaraq, dövlətin milli tədqiqat və inkişaf
siyasətinin icrasını təmin edir. Həmçinin, Təhsil,
Gənclər və İdman Nazirliyi tərəfindən Milli
Tədqiqat Proqramı çərçivəsində
prioritetlər müəyyən edilir və onların həyata
keçirilməsi təmin olunur. Avropa Birliyi ölkələrinin
institutları və müvafiq qurumları ilə elmi əməkdaşlığın
inkişafına da nazirlik nəzarət edir. Onu da qeyd edək
ki, müdafiə, hərbi sənaye və digər bu kimi sahələrdə
elmi tədqiqatın aparılması müvafiq nazirliklərlə
birgə həyata keçirilir. Elmi tədqiqat sahəsində
Avropaya inteqrasiyanı sürətləndirmək
üçün Çexiyada Avropa Tədqiqat üzrə
Komissarlıq fəaliyyətə başlayıb. Bu qurum Avropa
İttifaqı və Avropa Atom Enerji İttifaqının
proqramları çərçivəsində
Çexiyanın Avropa Tədqiqat Zonasındakı
iştirakını əlaqələndirir”.
M.Mərdanov
vurğulayıb ki, Çexiya təhsil, tələbə
mübadiləsi və birgə elmi tədqiqatlar sahələri
üzrə beynəlxalq əməkdaşlığın
genişləndirilməsinə xüsusi önəm verir.
Xarici
İnkişaf Əməkdaşlığı Proqramı
Çexiyanın digər ölkələrlə çoxtərəfli
əlaqələrinin inkişafının təmin edilməsinə
yönəlib. Proqram çərçivəsində hökumətin
təsdiq etdiyi layihələr müxtəlif nazirliklərin səlahiyyətləri
daxilində həyata keçirilir. 2006-2010-cu illər ərzində
proqram çərçivəsində Anqola, Bosniya və
Herseqovina, Moldova, Monqolustan, Vyetnam, Yəmən və Zambiya ilə
səmərəli əlaqələr qurulub. Təhsil, Gənclər
və İdman Nazirliyi bu proqramın təhsil və gənclər
bölməsi üzrə nəzərdə tutulmuş layihələrin
həyata keçirilməsinə cavabdehdir.Bundan əlavə,
Təhsil, Gənclər və İdman Nazirliyi Xarici
İşlər Nazirliyi ilə birgə Çexiya
Respublikasının Təqaüdləri adlı xüsusi
proqramın reallaşdırılmasına məsuldur. Bu proqram
Çexiyada bakalavr, magistratura, doktorantura pilləsində
oxuyan əcnəbi vətəndaşların təhsil və
yaşayış xərclərinin ödənilməsi
üçün nəzərdə tutulub. Onu da qeyd edək ki,
Çexiya Respublikasının Təqaüdləri proqramı
əsasən inkişaf etməkdə olan ölkələrin vətəndaşları
üçün nəzərdə tutulub. Proqram çərçivəsində
ildə təxminən 130 təqaüd təyin edilib.
Sevinc QARAYEVA
525-ci qəzet.- 2013.- 23 fevral.-
S.14-15.