Mən yoxsam, orada
kim var?
Almaniyada quşla, heyvanla bağlantılı isimlər
çoxdur. Məsələn, Kölnün ən
böyük və qədim küçələrindən
birinin ismi Vogelsangdır.Yəni oxuyan
quş...Yenə Berlində Məhəmməd
Əsəd Bəyin qaldığı evin küçəsinin ismi də Fassanenstrassedir.
Yəni Sülün küçəsi.
Orada əvvəllər bəzəkli
və rəngli, quyruqlu, nazlı sülünlərin yaşadığı
bilinməz. Amma mən
oraya hər gedişimdə xəyalımda
sülünləri də
o küçədə gəzdirirdim.
Bakıda ən çox getdiyim yerlərdən birisi də Bülbül küçəsiydi. Bizim oraların
bülbülünü, kəkliyini
atam mənə uşaqlığımda tanıtmışdı.
Atam tez – tez ova çıxar,
kəklik ovlardı, amma bülbülə əsla toxunmazdı.
“Onlar quşların
şərqi söyləyənləridir,”
– deyərdi. Sonra
da məşhur bülbül şərqisindən
də bir nəqarət oxuyardı mənə:
Ötmə, bülbül, ötmə,
şən deyil bağım
Dost sənin dərdindən mən yana
– yana...
Necə
də yanıq səsliydi atam! Səsi də, özü də, bülbülləri də
çəkib getdilər
bu vəfasız dünyadan!
Nə isə,
mənim Bakıda sıx – sıx getdiyim Bülbül küçəsinin bizim bülbüllərlə əlaqəsi
olmadığını bilirdim. Orası
Azərbaycanın ünlü
sənətçisi Bülbül
adına verilmiş bir küçədir. Nə
zaman oraya getsəm dilimə Qul Himmətin bu sətirləri gəlirdi:
Sıratı, mizanı bunda geçmişler,
Varlık,
benlik kafasını yıkmışlar
Al giymişler, yas donundan çıkmışlar
Gece kadir, gündüz bayram günleri.
Niyə
Qul Himmət, niyə varlıq, mənlik, onu da yazacağam. O küçədə Prof.Dr.
Səlahəddin Xəlilovun heç
yoxdan yaratdığı
“Fəlsəfə Dünyası”
vardı və mən nə zaman Səlahəddin bəyin yumşaq, dəvətedici səsini duysam, tez hazırlanır
və oraya qaçardım.
Orada kimləri tanımadım ki... Duyğulu və kamil insan
Cahangir Məmmədlini,
Aida Qasımovanı, Könül
Bünyadzadəni , Əbülfəz
Süleymanlını, Eltac
Yüzbaşovu, borçalıların
önəmli isimlərindən
Asif Ozan Barsellini, Asif Rüstəmlini və oranın vasitəsiylə
“Kitabi Dədə Qorqud”umuzun və neçə belə türk dünyasının
baş tacı əsərlərini dilimizə
tərcümə edərək
yorumlayan, çalışqan
alim Prof. Dr.Ramiz Əsgəri...
Onlarla söhbət Azərbaycanla
söhbət, türk
dünyası ilə söhbət deməkdi...Hələ Cahangir Məmmədlinin “525 – ci qəzet”də rəhmətlik
həyat yoldaşına
yönəlik eşqini,
həsrətini , yəni
63 qızıl gülün
hekayəsini oxuduqdan sonra ora ilə
könül bağım
daha da artdı.
Çünki bu torpaqların
vəfasını, yox
olmaz eşqini, insana olan həsrətini
yazan Cahangir Məmmədli kimiləri kamilləşdirən, dilə
gətirən önəmli
mövzular vardı orada.
”Fəlsəfə Dünyası”na getmək sadəcə söhbət
demək deyildi əlbəttə. Divarlardakı rəflərdə düzülən
bir – birindən maraqlı kitablar və oraya gələnlərin
mistik duruşları insanı istər – istəməz fəlsəfəyə,
hikmətə, irfana, varlığa, yoxluğa, mənliyə yönəlik
sualların içinə
atardı. O an ağlınıza
niyə var olduğunuz sualı və ya həyatınızın
nələrdən ibarət
olduğu mövzusu gəlirdi. Bu sualları
da Səlahəddin müəllim də deşdikcə deşərdi.
Müəllimin Bakıdakı türk
dünyası filosofları
toplantısında ortaya
atdığı bir sual hələ də yadımdan çıxmır. Orada bir
türk elm adamının
əxlaqı insanın
toplumdan aldığını
söyləməsi üzərinə
Səlahəddin müəllim
maraqlı bir sual atmışdı ortaya...O, əxlaq cəmiyyətdə yoxsa haradan almalı? Hər kəs bir cavab
vermişdi, amma heç cür gerçək cavab tapılmamışdı. Fəlsəfənin özü
bir az
da həyatı anlamaq üçün min
bir cavablar ortaya çıxaran suallar deyilmi?
Bir dəfə də “Fəlsəfə Dünyası”na gələn Prof.Dr. Aida Qasımova
insan taleyi ilə maraqlı bir sual vermişdi.
Səlahəddin müəllim
bu suala Əbu Turxan fəlsəfəsindən sadəcə
bir sözlə cavab vermişdi: ”Bəzən biz yolu seçərik, bəzən də yol bizi...”
İnsanların çoxu nə seçdikləri yoldan məmnundurlar, nə də onlar üçün
seçilən yoldan...Elə hey bir gəl-get hadisəsi hamımızın beynini gəmirib durur. Günahkar bizikmi,
yoxsa bizi günaha itələyənlərmi?
Bunlar insanı yoran suallar. Amma nə qədər
yorulsaq da “mənlik” sualının ətrafında dönüb
durmuşuq.
Qərb fəlsəfəsində də
“mənlik” məsələsi
davamlı mübahisəli
bir mövzu olmuşdur. Onlara görə bu
mövzu, yəni “mənlik” (Self) mövzusu fəlsəfənin ən
naməlum qavramlarından
biriydi. Sadəcə
Descartes o məşhur sözüylə,
(‘cogito, ergo sum : “Düşünürəm,
deməli varam.”) mənliyə bir don geyindirməyə çalışmış
və mənliyin düşünən, yalın
və ölümsüz
bir ruh olduğunu,
bunun da hisslərlə qavrana biləcəyini irəli sürmüşdü.
Halbuki İslam
təfəkküründə “mənlik” məsələsi
iki anlamda ələ alınmışdır. Biri, nəfsi
– əmmarə deyilən
və davamlı mücadilə edilməsi lazım olan anlamıyla, o biri isə insanı var edən anlamıyla
bilinmişdir. İnsanı var edən mənliyin
qaynağı isə eşqə bağlanmışdı.
İnsan aşiq olunca həm var olduğunu hiss edər, həm də eşqdə yox olardı.
Bu cür sualların
verildiyi yer olan “Fəlsəfə Dünyası”nda Səlahəddin
müəllim tam girişdə
oturur, arxasını yaxşıca kresloya dayayar, gözlərini qıyar və bir mövzu haqqında qısa bir cümlə və ya bir
kəlmə söylərdi. Məsələn,
gözəllik, məsələn,
mənəviyyat, məsələn,
müdriklik... Müəllim ilə birlikdə bütün gün müxtəlif mövzularda
fikir alış – verişində olan şərqşünas Prof.Dr
Könül Bünyadzadə
eynəyinin arxasından
mənalı baxışlarla
ortaya atılan bir sözə həm Qərbdən, həm də Şərqdən tutarlı
cavablar verməyə çalışırdı.
Bir gün Şah İsmayıl Səlahəddin Əyyubidən
bəhs edərkən
onların milli kimlikləri haqqında ortaya atılan sözləri xatırlatmış
və 1160 – cı illərdə Əbu Munkız adlı ərəb bir yazar tərəfindən yazılmış “İbrətlər
Kitabı”ndan bəhs etmişdim. Ertəsi gün Könül
Bünyadzadə o kitabın
orijinalından anlatdığım
məsələləri oxuduğunu
söyləmişdi. Elm adamı olmaq budur əslində! Zəhmət çəkən, araşdıran,
yorumlayan... Bəlkə
də Səlahəddin
müəllim bir az da bu “elm” ortaya çıxsın deyə
belə bir yer açmışdı.
Ora müraciət yeri olsun, insanlar
çəkinmədən oraya
gəlib fikirlərini
söyləsinlər və
ya suallarını versinlər... İçimizdə belə düşünən
və bu cür zəhmətlərə
girən neçə
insan vardır əcaba?
Bülbül küçəsindən indi
kimlər keçər,
orada sadəcə sənətkar Bülbülü
deyil, atamın mənə tanıtdığı
bülbülü kimlər
anar və türküsünü söylər,
bilmirəm. Mən indi bu sətirləri bir qış günü, minlərcə kilometr uzaqda – Almaniyada yazarkən o küçədən
yüzlərcə insan
keçməkdədir. Amma görəsən neçəsi dönüb
oralarda bir yerlərdə olan “Fəlsəfə Dünyası”na baxır? Bir də görəsən
o evdən içəri
girərək ikinci mərtəbəyə çıxıb
o kitabların arasında
oturan Səlahəddin
müəllimə kim, hansı sualı verməkdədir?
Mən nə qədər orada olmasam da
və həyatda hər sualın da cavabının olmadığını bilsəm
də, suallara veriləcək daha çox cavablar vardır deyə düşünməkdəyəm.
Orxan ARAS
525-ci qəzet.- 2013.- 23 fevral.- S.11.