Yazıçı Afaq Məsuda
açıq məktub
Hörmətli
Afaq xanım!
Sizin
ikicildlik “Seçilmiş əsərləri”nizi böyük məmnuniyyətlə
oxudum. Çoxusu ilə on, iyirmi, hətta otuz il bundan əvvəl
tanış olduğum, etiraf edim ki,
ideya- məzmunundan daha çox poetik intonasiyası yadımda
qalmış bu əsərlər mənə elə
oxuduğum illərdəki qədər təzə- təravətli
gəldi. Və mən bir daha əmin oldum ki, keçən əsrin
70- ci illərindən başlayan
yaradıcılığınız Sizi artıq çoxdan
böyük ədəbiyyatın ön sıralarına çıxarmışdır...
Yüksək intellekt, zəngin hissiyyat, idrak mükəmməlliyi
və kifayət qədər canlı dil- üslub, nə gizlədim,
məni məftun elədi.
Siz o
yazıçılardansınız ki, oxucunu (insanı!) sehrləyə,
xeyirxah cadugər kimi onu öz arxanızca aparıb
qaranlıqlardan işığa çıxara bilirsiniz. Ən
kiçik hekayənizdə də elə güclü psixoloji-
ruhi enerji var ki, adamın içində illər boyu yatmış hissləri oyatmağa,
insanı insan eləyən amillərin
coğrafiyasını (hüdudlarını) müəyyənləşdirməyə
qadirdir.
“Seçilmiş
əsərləri”nizə keçən əsrin 70- ci illərinin “Bekar”, “Tutuquşu” hekayələri;
80- ci illərin “Yataqxana”, “Mədəd”, “Şənbə gecəsi”,
“Uydurma”, “Öldürdülər”, “Tək”, “Gecə”, “Qəza”
hekayələri, “Üzü işıga”, “Suiti” romanları;
90- cı illərin “Sərçələr”,
“Dovşanın ölümü”, “Qu quşu”, “O”, “Dahi”,
“Prezident”, “Alman kilsəsi”, “Müvəkkil Vaysman” hekayələri,
ədəbi- ictimai mühitdə böyük maraq
doğurmuş “İzdiham” və “Azadlıq” romanları; 2000-
ci illərin “S.V.A.C.O”, “İkinci İohan”, “Aysun” hekayələri,
“Can üstə”, “O məni sevir”, “Yol üstə” pyesləri;
son illərin məhsulu olan “Generalın ölümü” hekayəsi,
“Qatarın altına atılan qadın”, “Kərbəla” pyesləri; eləcə də
“Duyğular imperiyası” silsiləsindən bədii- fəlsəfi qeydlər, yaxud təəssüratlar, esselər
və müsahibələr daxildir. Nəzərə alsaq ki,
bunlar Sizin yaradıcılığınızın hamısı
deyil, “seçilmiş”lərdir,
onda etiraf etməliyik ki,
kifayət qədər zəngin bir yaradıcılıq
yolu keçmisiniz. Və əlbəttə ki, məsələ
heç kəmiyyətdə də deyil... Əsərlərinizin,
ümumən yaradıcılığınızın keyfiyyətcə
ən mühüm məziyyəti isə, fikrimcə, ondan ibarətdir
ki, siz definisiyası nə qədər mürəkkəb
(mübahisəli) olsa da, həqiqətin (mahiyyətin) üzərinə getməkdən, onu nəyin
hesabına olursa olsun sona qədər
aydınlaşdırmaqdan (modelləşdirməkdən və
ya formullaşdırmaqdan) qorxmursunuz. Halbuki zahirən gözəl,
təmtəraqlı (sxematik!) bir həqiqət (mahiyyət)
yaradıb oxucuya təqdim etmək (onu aldatmaq!) sizin kimi qüdrətli qələm
sahibi üçün o qədər də çətin
olmazdı... Niyə belə eləmirsiz, niyə İnsanı
bu qədər amansızcasına təhlil edir, söküb
yığırsınız, niyə bu qədər sərt psixoloji pressinqin predmetinə
çevirirsiniz?.. Çünki hər şeydən əvvəl,
bir yazıçı- tədqiqatçı (və insan)
olaraq, sözün geniş mənasında, səmimisiniz... Və
bu səmimilik sizin yaradıcılığınıza elə
ilk əsərlərinizdən (hekayələrinizdən)
başlayaraq avtobioqrafik –
özünü yazmaq ehtirası gətirmişdir. Ancaq burada söhbət keçən əsrin
30- cu, yaxud 50- ci illərində Azərbaycan ədəbiyyatı üçün səciyyəvi
olan avtobioqrafiklikdən getmir. Söhbət ondan gedir ki, siz
hisslərin, yaşantıların, duyğuların avtobioqrafiyasını yazırsınız. Məsələn,
“İzdiham”da olduğu kimi...
Hörmətli
Afaq xanım!
Sizin bir
sıra əsərlərinizi, xüsusilə “İzdiham”ı,
“Azadlığ”ı oxuyandan sonra məmnunluqla
düşünmüşəm ki,
bax bu, əsərdir; bax bu, yazıçıdır... Və
bax burada, nə qədər təhtəlşüur olsa da,
böyük yaradıcılıq enerjisi, insanın mahiyyətinə
nüfuz etmək qüdrəti var...
Sizin, demək
olar ki, bütün əsərlərinizdə “ölüm”
motivi mövcuddur. Əlbəttə, bu, müəllifin tərcümeyi- halından – gənc
yaşlarında doğmalarını, yaxınlarını
itirməyindən (və bunun da psixoloji yaddaşa
hopmağından) irəli gəlir deyə bilərik. Ancaq məsələ
bununla bitmir... Ölüm sizin yazıçı təhkiyənizdə
insanın həyata (özünə)
münasibətini, daxili mübarizəsini (və
müqavimətini) izah edən bir ədəbi priyoma, üsula
çevrilir. Eyni xüsusiyyət yuxu motivinə də aiddir...
Sizin qəhrəmanınız yuxudan gerçəkliyə (həyata!),
irreallıqdan reallığa (və ya əksinə) o qədər
rahat, maneəsiz keçir (və bunu o qədər
ustalıqla təsvir edirsiniz) ki, həmin priyom- üsul əsərin
janr keyfiyyətinə təsir edəcək bir səviyyəyə qalxır.
Və
yeri gəlmişkən... Siz bu və ya digər janrın,
hekayə, roman, yaxud pyes olsun, klassik normativliyini saxlamaqdan daha
çox onu improvizə edirsiniz. Virtuozluq bəzən o həddə
çatır ki, hekayə romana, yaxud roman hekayəyə
çevrilir, ənənəvi
süjet- kompozisiya təsəvvürü “pozulur”. “Bu,
yaxşıdır, ya yaxşı deyil?” sualı ortaya çıxanda ən məqbul
cavab, məncə, odur ki, yazıçının missiyası
mövcud normativlərə əməl etmək yox, yeni
normativlər yaratmaqdır... Və siz bunu bacarırsız.
Hörmətli
Afaq xanım!
Sizin
yaradıcılıq texnologiyalarınız içərisində
diqqəti cəlb edən bir cəhət də var... İdeya- məzmundan
başlayaraq ta ifadə- mətnə qədər gələn
bu cəhət, əgər belə demək
mümkündürsə, təkrarlıqdır, yaxud
özünütəsdiqdir. Eyni bir təəssürat, ovqat,
ideya- obraza bu və ya başqa şəkildə az qala
bütün əsərlərinizdə rast gəlmək
mümkündür. Bu ondan irəli gəlir ki, siz özünəməxsus
modellərlə, çərçivələrlə
düşünürsünüz, ənənəvi nəsrdə
olduğu kimi, süjetə, dialoqlara, təhkiyənin
hamarlığına çox da fikir vermirsiniz. Ancaq müəllif
“monoloq”unuz kifayət qədər dramatikdir... Demək olar ki,
bütün əsərlərinizdə irəli
sürdüyünüz hər hansı mühakiməyə “bəlkə
də elə deyil” deyə ideya- psixoloji alternativ gətirməklə
hadisəni müxtəlif tərəflərdən
görmək, hiss etmək üçün şərait
yaradırsınız. Eyni
zamanda bu cür alternativlik mətnə maraqlı bir ritm-
intonasiya verir, müəlliflə oxucu arasında mükalimə- ünsiyyət
yaradır.
Keçən
əsrin 70, 80, 90- cı illərində
yazdığınız əsərlərdə ailə- məişət mövzusu
daha qabarıq idi. 90- cı illərdən etibarən ictimai-
siyasi mövzulara marağınızın gücləndiyi aydın
görünür ki, bu, heç şübhəsiz, həm
sizin yazıçı- mütəfəkkir kimi təkamülünüzün
həm də ictimai həyatda baş verən inqilabi dəyişikliklərin,
təbəddülatların nəticəsidir. Bununla belə
sizin elə qəhrəmanlarınız var ki, onun xarakteri,
mahiyyəti ailə- məişətlə ictimai- siyasi həyatın
qovşağında açılır və ümumiyyətlə,
sizin yazıçı- mütəfəkkir
təsəvvürünüzdə ailə və cəmiyyət
insanı şərh etmək üçün həm
qarşılaşdırılan, həm də biri digərinin
davamı olaraq təqdim edilən kontekstlərdir. Cəmiyyətin tələbləri, yaxud
standartları ilə qurulmuş bir ailədə kişinin və
ya qadının nəticəsiz “üsyan”ı, insanın
subyektiv (özünəməxsus) hissləri, maraqları ilə
sosial mentalitet arasındakı
çoxspektrli ziddiyyətlər, adiləşmiş həyatın faciəsi sizin əsərlərdə yalnız sənətkarlıqla təqdim
olunmur, həm də (və daha çox!) müəllif
mövqeyinin doğruluğu, obyektivliyi baxımından diqqəti
çəkir. Həmin obyektivlik (və doğruluq!) isə bundan ibarətdir
ki, nə ailə, nə də cəmiyyət insan
azadlığı qədər əhəmiyyətli deyil; cəmiyyət
və ya ailə öz absurdluğu ilə insanı məhdudlaşdırır,
insani istəklərindən məhrum
edirsə qeyri- humanistdir. Və təəssüf ki, həmin
qeyri- humanistlik çox zaman məhz “əxlaq” kimi tövsif
edilir.
Sizin
kütlə, kütləvi hərəkatlar (izdiham!)
haqqında yazıçı- mütəfəkkir
düşüncələriniz də bu barədə az-
çox məqbul qənaətə gəlməyə imkan
verir. Tarix elə gətirdi ki, həmin hərəkatları,
müxtəlif miqyaslı izdihamları bizim nəsil kifayət
qədər şüurlu,
dünyadan başımız çıxan vaxtlarımızda
öz gözlərimizlə gördük, daha doğrusu,
onların aktiv, yaxud passiv iştirakçısı olduq. Əlbəttə,
kütlə şüuru (və əxlaqı!) insanın
“eqo”sunu, əgər varsa, deformasiya edir və ya məhdudlaşdırır.
İnqilab – qlobal yeniləşmə,
yaxud təhlükə ərəfəsində insan,
görünür, hansısa qorxu- məsuliyyət hisslərinin
təkidi altında öz “eqo”sundan bu və ya digər dərəcədə
imtina edərək kütlənin tərkib hissəsinə
çevrilir. Və orada
özünü müəyyən qədər rahat hiss
eləmiş olur... Yalnız sıravi adamlar deyil, hətta liderlər belə!.. İnqilab
öz funksiyasını yerinə yetirib sakitləşəndən,
kütləvi hərəkat səngiyəndən sonra da onun
xofu uzun zaman davam edir.
Passionar
insanın (liderin) həmişə kütləyə, daha doğrusu, onun psixoloji gücünə, müdafiəsinə, “eqo”sunun təsdiqinə
(və tərənnümünə!) ehtiyacı var... Kütlə
(kütləvi hərəkat!) da eyni təhtəlşüurluluqla
özünə hər hansı
provakasiya nəticəsində
imtina eləməyə hazır olduğu liderini, yaxud
liderlərini axtarır ki, müvəffəqiyyətsizlik
anında “öz” günahını
boynuna qoyub ondan müvəffəqiyyətlə
imtina etsin...
Mən
heç şübhə etmirəm ki, sizin bir sıra əsərləriniz
– hekayə, roman və pyesləriniz son dövrdə yalnız
ölkəmizdə deyil, ümumən dünyada baş verən
miqyaslı ictimai hərəkatların
(və bu hərəkatların
insan taleyinə, psixologiyasına təsirinin) metafizikasını anlamaqda cəmiyyətşünas
– filosoflara geniş material, hətta metodoloji modellər verir.
Hörmətli
Afaq xanım!
Əminliklə
deyə bilərəm ki, sizin
yaradıcılığınız
ədəbi- fəlsəfi keyfiyyətinə,
müasirliyinə görə Azərbaycan ədəbiyyatının İsa Hüseynov, Anar, Elçin
kimi görkəmli nümayəndələrinin – müəllimlərinizin
yaradıcılığı ilə bir səviyyəyə
qalxmaqda, orjinallığını (özünəməxsusluğunu!)
illər keçdikcə inamla təsdiq eləməkdə və
sizin yazıçı- mütəfəkkir şəxsiyyətinizin
kifayət qədər güclü, mükəmməl
obrazını yaratmaqdadır.
Siz
yaxşı müsahibsiniz!..
Azərbaycan
sovet ədəbiyyatının yaradıcılarından olan
babanız – böyük ədibimiz, “kişi oğlu kişi”
(İsa Muğanna) Əli Vəliyevlə (Qaraoğlu ilə) də,
atanız – böyük ədəbiyyatşünas- alim Məsud
Əlioğlu ilə də daxili- ruhi polemikaya girirsiniz...
Mənim
də sevdiyim dostlarla – Aydın Məmmədovla, Natiq Səfərovla,
Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Zakir Fəxri
ilə həsbihal edirsiniz...
Və
içinizə qapılıb özünüzlə də
danışırsınız!.. Ağıllı müsahibələr
verirsiniz...
Mən
inanmıram ki, sizə bu qədər müdrik (və
pravaksion!) suallar versinlər... Ancaq inanıram ki,
“Seçilmiş əsərləri”nizə fon verən bu qədər
müdrik (və qeyri pravaksion!) cavablar vermisiniz...
Hörmətli
Afaq xanım!
Siz hər müsahibənizdə deyirsiniz ki, mənim
söz ehtiyatım o qədər də çox deyil... Elədir!.. Ancaq hər
sözə elə bir enerji verir, elə bir semopoetik yük
qazandırırsınız ki,
adam məətəl qalır, yaxşı
tanıdığı söz- ifadəni, söz- obrazı
yenidən tanımağa (dərk etməyə!) məcbur olur...
və ana dilini yenidən (!) kəşf edir...
Siz “zillənmək”,
“çönmək” sözlərini, “televizorla üzbəüz
kreslo” ifadəsini elə mərhəmanə şəkildə
işlədirsiniz ki, həssas
oxucu bundan sonra oxuyacağı əsərlərinizdə (və ümumiyyətlə əsərlərdə!) həmin sözləri (və ifadələri)
axtaracaq... Çünki heç bir ideoloji əhəmiyyəti
olmayan bu (və bu cür!)
söz- ifadələrə siz ideya- məzmun vermisiniz.. Məsələ
çox söz işlətməkdə deyil, işlətdiyiniz
hər sözə yaşamaq
(ehya olmaq!) hüququ qazandırmaqdadır ki, siz bunu bir cadugər
istedadı ilə nəinki
qazandırırsınız, hətta sizdən sonra gələnləri
təhrik edəcək qədər yaradıcılıq stimulu
verirsiniz...
“Seçilmiş
əsərləri”nizi, yaxud hər hansı bir əsərinizi oxumuş bir adam sabah, ya o birisi gün
üstünüzə gəlib sizdən nə zamansa itirdiyi
atasını, anasını, yaxud övladını istəsə,
təəccüblənməyin, çünki öhdənizə
elə bir amansız səlahiyyət
götürmüsünüz ki, hər kəsin ən müxtəlif
psixoloji ovqatda sizə müraciət
eləməyə (və imdad diləməyə!) haqqı
var... Kütləvi hərəkatdan
başlamış ta fərdi iddiaya qədər!..
Mən hələ
heç bir əsər-mətndə fizianomiyanın hissə
bu qədər çevik
reaksiyasını görməmişdim,
rəngin iyisini (ətrini), səsini
bu qədər aydın duya, eşidə bilməmişdim,
ağrının (əzabın) soyuğunu (və ya hərarətini)
canımda bu qədər hiss etməmişdim, daxili-mənəvi
“büdrəmələr”ə bu qədər məruz qalmamışdım...
Bütün
bunları öz “Seçilmiş əsərləri”nizlə mənə
yaşatdığınıza görə sizə minnətdaram...Təkcə
mənəmi?..
Nizami Cəfərov
525-ci qəzet.-
2013.- 23 fevral.- S.10.