Peşəkar sözünün min rəngi
Tanınmış
jurnalist Aslan Aslanovun “Dövlət siyasətinin informasiya təminatı”
kitabı haqqında düşündüklərim
Son illərdə Azərbaycanın informasiya məkanı
xeyli genişlənmiş, onun texniki imkanları, resursları
artaraq çoxalmışdır. Bu gün Azərbaycan
təkcə bölgədə deyil, həm də bütün
dünyada inkişaf etmiş rabitə və informasiya
imkanlarına malik ölkə kimi tanınmaqdadır. Azərbaycan özünün ilk kosmik rabitə
peykini orbitə çıxarmışdır. Bu mühüm hadisə ölkəmizin beynəlxalq
aləmdə nüfuzunu xeyli yüksəltmiş, onun iqtisadi
qüdrətini, inkişaf etmiş rabitə və informasiya
texnologiyaları sisteminə malik olmasını bir daha təsdiq
etmişdir. Dövlət başçısı cənab
İlham Əliyevin 2013-cü ili
informasiya-kommunikasiya ili elan etməsi bu sahədəki irəliləyişləri
özündə ehtiva etməklə yanaşı, həm də
qarşıya yeni tapşırıqlar, vəzifələr
qoymuşdur. Onların yerinə yetirilməsi isə
hər bir təəssübkeş ziyalının, mütəxəssisin
vətəndaşlıq borcudur.
Respublikamızın
aparıcı
informasiya agentliyi olan AzərTAc bu gün informasiya
sahəsindəki yeniliklərin ön cərgələrində
qərarlaşıb. Çağdaş Azərbaycan
cəmiyyətini, onun mətbuat-informasiya məkanını AzərTAc
olmadan təsəvvür etmək mümkünsüzdür.
Bu
yaxınlarda işıq üzü görmüş “Dövlət
siyasətinin informasiya təminatı” adlı kitabda müxtəlif
problemlər, mövzularla yanaşı, kütləvi
informasiya vasitələrini, xüsusən mətbuat
orqanlarını günün yenilikləri ilə,
mühüm xəbərlərlə operativ surətdə təchiz
edən bu informasiya məkanının keçdiyi
böyük, tarixi inkişaf yolu da
işıqlandırılır. Aslan müəllim
sözün həqiqi mənasında jurnalistika sahəsində
əsl peşəkardır. O, 1975-ci ildə Azərbaycan
Dövlət Universitetinin jurnalistika fakültəsini bitirdikdən
üzü bəri bu günə qədər mətbuat aləmində
çalışmışdır və bu gün də
yorulmadan çalışmaqda davam edir.
Aslan müəllim yaşı onillərlə
ölçülən jurnalistlik fəaliyyəti
dövründə soxlu sayda məqalələr, oçerklər,
kitablar yazıb nəşr etdirmiş, müsahibələr,
reportajlar aparmış, çıxışlar etmiş, rəy
və xatirələr yazmış, dövlət tədbirlərinin,
ən mötəbər toplantıların
iştirakçısı olmuşdur. O, “Heydər Əliyev və AzərTAc”,
“AzərTAc-dan AzərTAc-a qədər mürəkkəb və
şərəfli yol”, “AzərTAc – 90”, “Müasir
dünyanın informasiya şəbəkəsində AzərTAc-ın
yeri: təşəkkül tarixi və inkişaf mərhələləri”
adlı kitab və monoqrafiyaların müəllifidir. Aslan Aslanovun ümummilli liderimiz Heydər Əliyevin
xatirəsinə ithaf edilmiş altı yüz səhifədən
artıq tutumu olan yeni kitabı milli mədəniyyətimizə
layiqli töhfə kimi dəyərləndirilə bilər.
Kitabda Aslan müəllimin yaradıcılıq
fəaliyyətinin ayrı-ayrı dönəmlərində qələmə
aldığı məqalələr, rəy və xatirələr,
verdiyi müsahibələr, etdiyi çıxışlar
toplanmışdır.
Aslan müəllimə Ulu Öndər Heydər Əliyevlə
yol yoldaşı olmaq, bu müdrik şəxsiyyətlə
söhbət etmək, ondan müsahibə götürmək nəsib
olmuşdur. Aslan müəllim 1993-2002-ci illərdə AzərTAc-ın
xüsusi müxbiri kimi Heydər Əliyevi əksər xarici səfərlərdə
müşayiət etmişdir. Və təbiidir
ki, Aslan müəllimin bu böyük şəxsiyyətlə
bağlı çoxlu xatirələri, ürək sözləri
vardır.
Kitabı
vərəqlədikcə, buradakı ayrı-ayrı materiallarla
tanış olduqca ziyalı
düşüncəsinin dərin qatlarına sirayət edir,
fikirlərinin, sözlərinin dəyərini anlayırsan. Aslan müəllim peşəkar jurnalist kimi sözlə
davranmağın, onu yerində işlətməyin gözəl
bilicisidir. Ziyalı insan sənətin, sənətkarlığın
qədrini bildiyi kimi, Aslan müəllim də təmsilçisi
olduğu jurnalistika mühitini, müdrik sözün qiymətini
lazımınca dəyərləndirir.
Söz məramdır, düşüncə
daşıyıcısıdır, maddi və qeyri-maddi aləmin
şüurdan süzülüb gələn ifadə
formasıdır. Söz həm də məlumatdır, fikir
ötürücüsüdür. Tarixən
ulularımız, hikmət və qüdrət sahiblərimiz
sözün bu xassələrinə böyük əhəmiyyət
vermiş, sözü, onun yaratdığı məna
çalarlarını tükənməz mənəvi xəzinə
adlandırmış, məramından asılı olmayaraq
düşünülmüş, yerində və qədərində
deyilmiş kəlama ehtiramla yanaşmışlar. İnsanlar arasında dostluğa və əmin-amanlığa
səsləyən dinimiz İslam da özünün ən
böyük ehkamlarından biri kimi uca Tanrı
sözünü, müqəddəs kəlamın hikmətini
bizlərə bəyan edir. İnsan mənəviyyatının,
əxlaqının, biliyinin aynası olan söz hər zaman
özündə bir məna, kosmoqonik enerji
daşımış, şəxsiyyəti dəyərləndirən
əsas meyarlardan biri olmuşdur. Bu yerdə ustad
Füzulinin məşhur kəlamını xatırlamaq yerinə
düşər:
“Ver
sözə ehya ki, tutduqda səni xabi-əcəl,
Edə hər saət səni ol uyqudan bidar söz”.
Bu məlum həqiqət bəşəriyyətin təşəkkül
tapdığı ilk çağlardan daim onunla olub və yəqinimdir
ki, hər zaman da olacaq.
Söz həm də informasiya mənbəyi, fikir
mübadiləsi vasitəsidir. İnsanlar hər zaman
bir-biri ilə ünsiyyət qurmaq istəmiş, yeniliklərdən
xəbərdar olmağa, bundan öz məqsədləri
üçün istifadə etməyə
çalışmışlar. Sözün
məhz bu funksiyası – informasiya vasitəsi olması zəmanəmizdə
onun qiymətini qat-qat artırmışdır. Çünki informasiya insanı daha
hazırlıqlı, daha güvənli edir. Təsadüfi
deyildir ki, XX əsrin ən məşhur dövlət xadimi və
diplomatlarından olan Uinston Çörçill vaxtilə belə
deyib: “Kim informasiyaya malikdirsə, o, üstünlüyə malikdir”.
Sözün ilahi, fəlsəfi-əxlaqi, poetik dəyərləri
istənilən cəmiyyətin mənəvi sərvəti
hesab oluna bilər. Mən bu sərvətlərə
sözün praktik, gündəlik səciyyəsi olan informativ
xarakterini də əlavə etmək istərdim. Əslində universal xarakter daşıyan bu cəhət
özündə sözə xas olan bütün digər cəhətləri
ehtiva edir. Söz informasiya mənbəyi,
informasiya ötürücüsü olmaqla cəmiyyətdə
əlaqə, rabitə yaradır, onun fəaliyyətini istiqamətləndirir,
həm də böyük maarifçilik missiyasını yerinə
yetirir.
Sözün universal funksionallığının təzahür
etdiyi informativ mahiyyət milli mədəniyyətimizin ən
işıqlı səhifələrindən biri olan jurnalistika
sahəsində qərarlaşır. Aslan müəllim
“Yaxşılıq heç vaxt unudulmur” sərlövhəli
yazısında jurnalistikanın cəmiyyətdəki rolundan,
böyük nüfuz sahibi olmasından söz açır.
Etiraf edir ki, jurnalist olmaq həvəsi onun qəlbində
hələ orta məktəb illərində baş
qaldırmışdı. Rastlaşdığı bəzi
çətinliklərə baxmayaraq Aslan müəllim arzusuna
çatmış, ali təhsilini başa vurduqdan sonra öz
sevimli sənəti ilə məşğul olmuş, xeyli
müddət Ağcabədi, Zərdab, İmişli rayon qəzetlərində,
sonralar isə “Xalq qəzeti”ndə işləmişdir.
Azərbaycan jurnalistikası zəngin tarixə, milli dəyərlərə
istinad edən ənənələrə malikdir. Əslində
onun yaşı XIX yüzildən deyil, bundan çox-çox əvvəldən
– Azərbaycan hökmdarlarının göstərişi əsasında
tərtib edilmiş cünglərdən, təzkirələrdən,
xronika səciyyəli sənədlərdən, diplomatik
yazışmalardakı informasiya mübadiləsindən,
ayrı-ayrı alimlərimizin, səyyahlarımızın qələmə
aldığı didaktik əsərlərdən, şərhlərdən
başlanır. XIX yüzildə “Tiflis əxbarı”,
“Qafqazın bu tərəfinin xəbəri” kimi məcmuələrdən
tutmuş “Əkinçi”yədək böyük yol
keçmiş, XX əsrin astanasında maarifpərvər
ziyalıların, yazıçı və publisistlərin fəaliyyəti
nəticəsində milli-demokratik ideyaların
carçısına, daşıyıcısına
çevrilmiş Azərbaycan
jurnalistika məktəbi bu gün öz şanlı tarixi
ilə haqlı olaraq fəxr edir.
“Dövlət siyasətinin informasiya təminatı”
kitabı məhz bu şanlı tarix üzərində qərarlaşaraq
onun nailiyyətlərindən bəhrələnmişdir. Aslan müəllimin
qələmindən süzülüb gələn yazılar
çox maraqlı, oxunaqlıdır. Məqalə,
çıxış və xatirələrdəki aydın məntiq,
səlis üslub tərzi, rəvan dil müasir Azərbaycan
jurnalistikasının nailiyyəti kimi dəyərləndirilə
bilər.
Kitaba ön sözü AMEA-nın müxbir üzvü
Nizami Cəfərov yazmışdır. O, haqlı olaraq yazır: “Hər
bir kitabın mahiyyətini üç amillə qiymətləndirmək
olar – məqsəd, məram və nəticə. Məqsəd aydın, məram saf olanda nəticə
də uğurlu alınır”. Aslan müəllim
də məhz aydın məqsəd, saf məramla haqqında
danışılan kitabı ərsəyə gətirmişdir.
Deməli, onun nəticəsi uğurlu
alınacaq – cəmiyyət tərəfindən müsbət
qiymətləndiriləcək, oxucu etimadını qazanacaq.
Kitabın yeni nəşr olunmasına baxmayaraq
artıq bu etimad özünü göstərməkdədir.
Müəllif kitabı dörd əsas hissəyə
ayırmışdır. Bu hissələr
ardıcıllıqla “Publisistik məqalələr”,
“Çıxışlar”, “Müsahibələr” və “Rəylər,
xatirələr” bölmələridir. Bu
bölmələr Aslan müəllimin məhsuldar
yaradıcılıq fəaliyyətinin çoxşaxəli
olmasını özündə əks etdirir.
Müəllifin qələmə aldığı məqalələrə
diqqət yetirdikdə aydın görmək olur ki, o, Azərbaycan
üçün, dövlətçiliyimiz, milli mənəviyyatımız,
mədəniyyətimiz üçün daha çox önəm
daşıyan mövzulardan yazmışdır. Bu, onun bir
ziyalı kimi vətəndaşlıq mövqeyindən irəli
gəlir. Aslan müəllim Ulu Öndər
Heydər Əliyevin dövlətimizin möhkəmləndirilməsinə,
inkişafına yönəlik böyük əməllərindən,
müdrik siyasətindən, ölkə
başçısı cənab İlham Əliyevin yorulmaz fəaliyyətindən,
AzərTAc-ın inkişaf tarixindən, “Eurovision – 2012”
mahnı müsabiqəsindən, İkinci Bakı Beynəlxalq
Humanitar Forumundan söz açır. Bütün
bu yazılar əsasən son dövrlərin məhsuludur.
Lakin kitabda Aslan müəllimin hələ ötən əsrin
90-cı illərində yazdığı və o zamankı
“Kommunist”, daha sonra isə “Xalq qəzeti”ndə nəşr
etdirdiyi kəskin ruhlu, cəmiyyətdəki mənəvi eybəcərlikləri
ifşa edən tənqidi məqalələri də yer
almışdır. Bu yazılarla tanış
olduqca xəyalən ötən illərə qayıdır,
vaxtilə şahidi olduğumuz hadisələri,
yaşadığımız illəri bir daha
xatırlayırıq. Döyüşkən, bəzən
satirik ruhlu məqalələrin elə adlarına nəzər
salmaq kifayətdir ki, burada qaldırılan problemlərin kəskinliyini,
o dövr üçün aktuallığını hiss edəsən.
“Yollar, a yollar”, “Artan növbələr, dolu vaqonlar və yenə
də gileylər, eyhamlar, əsaslı-əsassız səbəblər...”,
“Fövqəladə tədbirlər görülməsə...”,
“Stəkanlarınızı ehtiyatla işlədin”, “Ətalət
buzu əriyəcəkmi?”, “Kooperativin acı almaları” və
başqa məqalələrin məzmunu elə adlarından bəlli
olur... Düz
fikirdir ki, hər şey müqayisədə bilinər.
Bu yazıları oxuduqca son illərdə baş verən dəyişiklikləri
hiss edə bilirsən. Elə ona görə də
Aslan müəllimin bu yazıları kitaba daxil etməsi olduqca
gərəkli, ibrətlidir. Onun 3 sentyabr 1992-ci ildə
“Xalq qəzeti”ndə çıxmış “Yollar, a yollar” məqaləsinin
çox yox, yalnız ilk iki cümləsini oxuyaq:
“Bakının yol dərdindən çox yazılıb. Heç bir paytaxt şəhərində belə
nahamar, “yamaqlı” yola rast gəlməzsən”. Bəli, doğrudan da elə idi, hər birimiz, hətta
nisbətən gənc insanlar da bunu yaxşı
xatırlayır. Baxın, “köhnə”
yazının müasirliyi də elə bu məqamda
özünü büruzə verir.
Kitab həm də dövlətçilik prinsiplərinin,
dövlət siyasətinin işıqlandırılması,
yayılması, təbliği baxımından böyük
elmi, maarifçi və siyasi çəkiyə malikdir. Aslan müəllim
bu kitabı Ulu Öndərimizin işıqlı xatirəsinə
nahaqdan həsr etməyib. Bu irihəcmli,
fundamental nəşrin demək olar ki, hər bir səhifəsində
Heydər Əliyev şəxsiyyətinin nurunu, ziyasını
görmək olar. Kitabın ideya əsasını
da məhz bu uca məram təşkil edir. Heydər
Əliyevin hələ ötən əsrin 70-ci illərində
reallaşdırdığı böyük quruculuq işləri,
onun sonralar – 1993-cü ildə xalqın tələbi ilə
ikinci dəfə hakimiyyətə qayıdışı, Azərbaycanı
düşdüyü böhranlı durumdan
çıxarması, stabilliyin, bugünkü inkişafın
təməlini qoyan müdrik, uzaqgörən siyasət
yürütməsi kitabda öz əksini tapmışdır.
Aslan müəllim bu həqiqətləri
heç də kənardan seyr etməyib. O, bütün
bu hadisələrin, proseslərin daxilində olub. Elə buna görə də peşəkar jurnalistin
qələmə aldığı, səsləndirdiyi sözlər,
fikirlər insanlara canlı, həyati təsir
bağışlayır.
Aslan müəllimin yeni kitabı həm də Azərbaycan
mətbuat-informasiya məkanı tarixinə canlı ekskurs kimi
dəyərləndirilə bilər. Onillər boyu mətbuat
işində çalışmış, adi müxbirlikdən
AzərTAc-ın baş direktorluğunadək inkişaf yolu
keçmiş təcrübəli jurnalist mətbuat-informasiya
tariximizin canlı yol yoldaşı olmuşdur. Onun yazdıqları hansısa kitablardan deyil, həyatın
özündən götürülmüşdür. Respublikada mədəniyyətin, maarifin, mətbuat
işinin inkişafını daim diqqət mərkəzində
saxlayan Heydər Əliyevin rəhbərlik fəaliyyəti, həmçinin
AzərTAc-ın keçdiyi yol bir çox publikasiyalarda öz
əksini tapır. Misal üçün, Aslan müəllim
“Heydər Əliyev siyasətinin informasiya təminatı” məqaləsində
yazır: “Yaşlı və orta nəslin nümayəndələrinin
yaxşı yadındadır ki, həmin illərdə (70-ci
illərdə – T.Ə.) Heydər Əliyevin
keçirdiyi elə bir böyük tədbir, respublikanın
rayonlarına elə bir səfəri olmazdı ki, kütləvi
informasiya vasitələrinin nümayəndələri
iştirak etməsinlər. Azərinform, respublika qəzetləri,
televiziya və radio bütün bunlar barədə nəinki
geniş məlumat yayır, reportajlar verir, eyni zamanda Azərbaycanda
iqtisadiyyatın, mədəni həyatın, elm və təhsilin
inkişafı ilə bağlı bütün mühüm məsələləri
daim diqqətdə saxlayırdı. Ən
mühüm yeniliklər Azərinform vasitəsilə SİTA
kanalları ilə bütün ölkəyə və qismən
də xaricə yayılırdı”. Elə
həmin məqalədə müəllif milli informasiya məkanının
bugününü də işıqlandırır, onun
müasir inkişaf xüsusiyyətlərini, texniki
imkanlarını oxucuların diqqətinə
çatdırır. O, göstərir ki, informasiya
texnologiyalarının müasir inkişaf səviyyəsi
ölkənin bütövlükdə inkişafının tərkib
hissəsidir və bu müsbət tendensiya bu gün də
davam etdirilir.
Həmin
məqalənin başqa bir hissəsində müəllif
yazır: “Hazırda agentliyimizin dünyanın istənilən
ölkəsi ilə birbaşa əlaqə saxlamaq, informasiya
mübadiləsi aparmaq üçün ən müasir texniki
imkanlara malik bazası, mükəmməl elektron poçt
şöbəsi və internet saytı vardır. İndi hər gün AzərTAc-ın internet
saytına dünya üzrə 9-10 min giriş olur. Aparıcı dövlətlərin milli informasiya
agentlikləri AzərTAc-la əməkdaşlığa
böyük maraq göstərirlər. Agentliyimizin
hazırda dünyanın 11 ölkəsinin aparıcı
informasiya agentlikləri ilə əməkdaşlıq
müqaviləsi vardır”. Bu sitat Azərbaycan informasiya
məkanının son illərdəki inkişafını,
onun müasirləşməsini, dünya standartlarına tam
cavab verməsini
aydın şəkildə əks etdirir.
Kitabdakı
“Çıxışlar”, “Müsahibələr” bölmələri
də məndə ciddi maraq oyatdı. Çünki
bu bölmələrdə toplanmış materiallar müəllifin
nüfuzlu görüşlərdə, beynəlxalq tədbirlərdə,
konfranslarda iştirakını, dilə gətirdiyi fikirlərin
vacibliyini əks etdirir. Onun Avropa Xəbər Agentlikləri
Alyansı (EANA) Baş Məclisinin iclasında, Türkdilli
Ölkələrin Xəbər Agentlikləri Birliyi (TKA)
Baş Məclisinin VII iclasında etdiyi
çıxışları, Gələcəyin
informasiyası, Dünya informasiya məkanında Azərbaycanın
uğurları, Niyyətlər, perspektivlər, planlar, Azərbaycan
jurnalistikası – 135 mövzularında
verdiyi müsahibələr zənnimcə, daha aktual təsir
bağışlayır.
Aslan müəllim ustad jurnalist olmaqla yanaşı, həm
də istedadlı publisistdir. Onun çoxsaylı məqalə,
reportaj və müsahibələri ilə yanaşı, təsirli,
gözəl bədii dilə malik ədəbi-bədii yazıları,
xatirələri də var. Əlbəttə, say etibarilə
birincilər daha çoxdur. Çoxsaylı qəzet
materialları, peşə xüsusiyyətindən irəli gələn
gündəlik fəaliyyət, yazılar onun işinin əsasında
dayanır. Lakin Aslan müəllimin
publisistikası sözün həqiqi mənasında kamil bədii
ədəbiyyat nümunələri kimi qiymətləndirilə
bilər. Onun xatirə və oçerkləri
bitkin, dolğun, poetik təsir bağışlayır. Bu poetiklik onun yazılarının bədii mahiyyətini
bir qədər də qüvvətləndirir, ona rəng
qatır. Aslan müəllimin
publisistikası həm də bədii ifadə vasitələrinin
dolğunluğu ilə oxucu qəlbinə yol tapır. Kitabın son hissəsi olan “Rəylər, xatirələr”
bölməsi ilə hətta ötəri tanışlıq
bu cür düşünməyə əsas verir. İstedadlı publisistin “Babam Aslan bəyin ruhu
şad olsun!” başlıqlı xatirəsi görüb-götürmüş
qələm sahibinə xas təfəkkürdən
qaynaqlanır. Bu yığcam, lakin təsirli
yazıda Aslan müəllim öz nəsil şəcərəsindən
bəhs edir, özünün, valideynlərinin
ömür-gün yollarına işıq salır.
Müəllifin tanınmış ziyalılar, alim və
jurnalistlər haqqındakı yazıları da zəngin dil,
kamil bədii-publisistik
ifadə vasitələri ilə yadda qalır.
Kitabda şəkil bloku da yerləşdirilmişdir. Şəkillərin
sayı çox deyil, lakin onlar Aslan müəllimin həyat və
yaradıcılığının ən məsul
anlarını əks etdirir. Bu fotolarda müəllifin
Ulu Öndər Heydər Əliyevlə, ölkə
başçısı cənab İlham Əliyevlə olan
unudulmaz görüşləri, müxtəlif tədbirlərdə
iştirakı əks
olunub.
Əlbəttə, Aslan müəllimin yeni kitabı
yaradıcı insanın öz sənətinə olan tükənməz
məhəbbətini ifadə edir. Həmin dəyərli
əsərlə tanışlıq məndə xoş hisslər
oyatdı. Bu kitab müasir dövrdə
ölkəmizin inkişafını faktların dili ilə
açıb göstərən tutarlı arqumentdir, əsl
jurnalist sözudür.
Timuçin Əfəndiyev,
Professor
525-ci qəzet.-
2013.- 26 fevral.- S.7.