Dərdimin tərcümanı – Xocalı
Bu fevral ayında...
...Bu gün (5 fevral) sərhəd bölgəmizdən
iki Vətən oğlunun şəhid olması xəbərini aldıq. Dəfələrlə olduğu kimi
yenə sözdə “atəşkəs” deyilən
bir dövrdə istər hərbçi, istərsə də dinc əhalimizin düşmən gülləsindən
şəhid olması,
yaralanması faktı
danılmazdı. Elə
yaxın illərdə
Ağdamın sərhəd
kəndində 11 yaşlı
Fariz Bədəlovun ölümünü necə
unutmaq olar?.. Bu həm də düşmənlə
üz-üzə mücadilədə
sinəsini sipər edən bir ailənin
facisidi. Budurmu “atəşkəs”?...
...Bu gün iki gənc
Vətən oğlunun
şəhid olması
xəbəri yenə
ox kimi ürəyimə
sancıldı... İki nər
kimi övladımız
analarının üstünə
yollandı şəhid
kimi. “Vətən
sağ olsun”, deyirik, ürəyimiz parçalana-parçalana.
...Bu gün adından belə dəhşət yağan fevral ayının bir gününü yaşayırıq.
Xocalıda körpələri qanına qəltan edən o bic, vəhşi, nankor “qonşu”nu yenə Allaha tapşırıram.
Ağdamda atamı öldürən, sonra Bərdədə dəmir
vaqonun içində cavan yaşında anamı çərlədib
öldürən o yağını
yenə Allaha tapşırıram...
...Bu gün fevral ayının içində
yaddaşım dillənir
sanki. Ağdamın Qiyaslı kəndində,
qonşu həyətdən
xanəndə Şahmalı
Kürdoğlunun bənzərsiz
avazı gəlir qulağıma. Amma çox çəkmir ki, qucağında al qanına bələnmiş
balaca Şahmalı, özünü küçəyə
atan xanəndənin həyat yoldaşının
tükürpədən naləsini
eşidirəm... Ata-bala
şəhid olurlar gözlərimizin önündə...
...Həmin gün evimizin üzərindən
neçə mərmi
keçmişdi, görəsən?
Mərmi dedim yadıma nə düşdü? Bir dəfə evdə
üzərində açarı
hazır qoyulmuş qumbaranı bilmədən
əlimə götürmüşdüm.
Elə bildim indi əlimdə partlayacaq, yerə qoysam da partlayacaq,
düşünmüşdüm... Elə kənddə yaxınlıqda
13-15 yaşlarında, üç
bacının bir qardaşı qumbara ilə oynayanda parça-parça olmamışdımı?
Uşaqlarımız müharibə
havasına mərmilərlə
oynayanda, böyüklərimiz
döyüşçüsü bir yana
elə qadın və qocası da o qədər düşmən gülləsinə
tuş olurdu ki... Kənddə hər gün
ölən və yaralananların olduğunu
eşidir, ya da elə özümüz
bunun şahidi olurduq.
...Bu gün qonşumuz döyüşçü Arifin
heç vaxt unutmadığım səsi
gəlir qulağıma.
Bir dəfə anamın yanından Bakıya gələndə vaqonda onu anasıyla birgə gördüm.
Yaralı idi, qospitala
gedirdi. Yaraları
yaman göynədirdi,
hərdən elə inildəyirdi sanki ağı deyirdi qanı hopmuş Vətən torpağına...
Adam belə əzabları
yaşayanda, onu qanında, canında hiss edəndə unudur həyatda çox duyğusal, sentemental olmağı... Sızıldamaqdan
zəhləsi gedir, elə hayqırmaq istəyir ki, düşmənin bağrı
çatlasın...
...Kiçik qardaşım müharibənin o qızğın
vaxtlarında hərbi
xidmətdə idi. Döyüş zamanı duman
çəkiləndə bir
də yoldaşları
ilə birgə görür ki, düşmən əhatəsinə
düşüblər. Ayağından və qolundan
yaralanır. Uzağa
getməyə ürəyi
gəlməyən, o dəmir
vaqonun içinə sığınıb oradan
Ağdamın havasını
alan anam
xəbəri eşidəndə
çaşır. Soruşur ki,
ayaq üstdə dura bilirmi? Bundan əvvəl də böyük oğlu yaralanmışdı
axı, indi o, sağalıb yenə ön cəbhəyə getmişdi...
...Bu gün o ikinci qrup müharibə əlili olan qardaşım doğma Ağdamda kirayə ev tutub
yaşayır. Ondan ki, Ergidə salınmış qəsəbənin
yolları könlümüz
kimi cadar-cadardı...
.... Bu gün bu qanlı fevral ayında yaşadıqlarımızı,
başımızdan keçənləri
düşünərkən yenə o fikrə gəlirəm ki, bizim çəkdiklərimiz
XOCALI FACİƏSİnin yanında
nədir ki? Atamın şəhid olması o körpələrə verilən
işgəncə qədər
məni yandırmadı
heç. Məndən böyük bacılarımdan
biri deyir ki, Xocalı müsibətinin baş verdiyi gecənin səhəri qırmızı
qar yağdığını
gözlərimlə görmüşəm.
Düzü, təəccüblənsəm
də inandım...
...Bu fevral ayında fəqət içimizdən
və çölümüzdən
bizi vurmağa həmişə hazır olan düşmənlərin
önündə Azərbaycanımız
unudulmaz, möhtəşəm
bir tarixə imza atdı. İLK
MİLLİ PEYKİMİZ orbitə buraxıldı və 11 dünya ölkəsindən
biri kimi qürur günümüzün
sevincini də yaşadıq...
...Bu fevral ayında doğma qəzetimizdə dərdimin tərcümanı
–XOCALI adına yazılmış bu qanlı şeirimin də çap olunmasını istədim.
Dərdimiz təzələnsin
deyə... Daşına-qayasına, havasına- suyuna
“Qarabağ şikəstəsi”
hopan yurdumuzda düşmən balasına
layla deyilməsinə
dözmək olarmı?
Dərdimin tərcümanı – Xocalı
...Bu gün bu qanlı
fevral ayında uşaqların üzünə
baxıram... Xocalıda
qanına qəltan edilmiş körpələri düşünürəm.
Bəs Siz necə?...
XOCALI SOYQIRIMI
Ağappaq qar üstünə,
Qanı səpilmiş balam.
Gün görməmiş gözləri,
Aman... tökülmüş
balam.
Anası
saçlarından,
Göydən asılı qalmış.
Atası
“VƏTƏN” deyə,
Düz ağzından
atılmış.
Babası
– buz heykəli,
Torpaq üstə
yıxılmış.
Nənəsi havalanıb-
Dili-ağzı tutulmuş.
Bacısı, qardaşları,
Qıyma-qıyma doğranmış.
Utansın belə dünya-
Zülmü artıq ağ olmuş.
Bir oba –bir məzarlıq,
Bütün nəsil qırılmış.
“UNUTQANIQ”
deməkdən,
Demə,
dilim yorulmuş...
Biz elə unutqanıq,
Tarix bunu unutmaz.
Türkün əzəl düşməni-
Türkə heç vaxt
dost olmaz
Türkə heç vaxt
dost olmaz...
Mina RƏŞİD
525-ci qəzet.- 2013.- 26 fevral.- S.5.