Qarabağın göz yaşları... (davamı)

 

ÇOX TƏƏSSÜF Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR

 

Malıbəyli-Quşçular

 

Fevralın 11-də (1992-ci il) erməni-rus qoşunu tərəfindən Malıbəyli və Quşçular kəndləri tamamilə yandırılmış, hər iki kənddən 13 nəfər girov götürülmüşdür. 50 nəfərdən artıq adam həlak olmuşdur.

Şahidlər danışır ki, son üç gün ərzində Malıbəyli kəndi erməni silahlı qüvvələri və rus muzdlu dəstələri tərəfindən aramsız olaraq güclü şəkildə atəşə tutulurdu. Kəndin özünümüdafiə qüvvələri hücumların qarşısını kəsə bilsələr də döyüş sursatı tükənirdi...

Malıbəyli beş aydan artıq mühasirədə qalmışdı. Kənd əhalisinin təhlükəsizliyini və Qarabağın ən qədim yaşayış məskəninin müdafiəsini 5-6 avtomat silahla qoruya bilirdilər. Qarabağda ermənilər daha bir faciə törədib, vəhşiliklərini, qaniçən olduqlarını göstərdilər. Fevralın 11-də səhər tezdən hərbi texnika və döyüş maşınları kəndi dörd tərəfdən mühasirəyə alaraq hücuma keçdi. Kənddə qadınların, uşaqların, qocaların harayından qulaq tutulurdu. Mərmilərin gurultusu, güllə yağışı, vahiməli texnika kəndin müdafiəçilərini geri çəkilməyə məcbur etdi. Ermənilər kəndə soxulub evlərə od vurmağa başladılar. Qarşılarına çıxan əlsiz-ayaqsız qocaları qəddarlıqla qətlə yetirdilər...

Malıbəyli od-alov içərisində, qan gölündə döyüşürdü. Düşmən addım-addım irəliləyirdi. Kəndin müdafiəçiləri qadınları, uşaqları, qocaları yaxınlqdakı Quşçular kəndinə tərəf aparır, irəli cuman vəhşi ermənilərlə əlbəyaxa döyüşür, tələfat verərək geri çəkilirdilər. Qanlı döyüşlərdən, ölümün caynağından xilas olmuş kənd sakini döyüşçü Yaşar Kərimov.

– Ermənilərin hücuma keçəcəyini hər an gözləyirdik. Bu barədə bütün orqanlara, Bakıya məlumat vermişdik. Lakin bizim köməyimizə çatan olmadı. Özünümüdafiə qüvvələrinin hesabına kənddən əhalini Quşçulara gətirə bildik. 15 nəfərdən artıq adam həlak oldu. Xeyli yaralı varıydı. Kəndimiz artıq alova bürünmüşdü. Atların kişnərtisi, qadınların harayı Malıbəyli zülmünün necə amansız olduğunu bir daha bəyan edirdi.

Quşçular kənd sakini Surxay Quliyev:

– Ermənilər Malıbəyli ilə bərabər bizim kəndə də hücuma keçmişdilər. Gülləmiz tükənirdi. Əhalinin bir qismi meşələrə, qayalıqlara, yarğanlara qaça bilmişdi. Yerdə qalanları mühasirədən çıxarmaq üçün kürək-kürəyə verərək atışa-atışa adamlarımızı meşəyə tərəf aparırdıq. O qədər güllə atmışdım ki, avtomat silahım əlimi yandırırdı. Meşə yolu ilə irəliləyirdik. Ermənilər yaşayan Harov kəndi yaxınlığında yenidən mühasirəyə düşdük. Düşmən hər tərəfdən bizi atəşə tutmuşdu. Çox çətinliklə mühasirəni yara bildik. Qaş qaralanda Ağdam rayonunun Abdal-Gülablı kəndinə çatdıq.

Surxay danışa bilmədi. Dəhşəti və ölümü gözləri ilə görmüş bu insan qəhərini boğa bilmədi. Ermənilər qaça bilməyən kənd sakinlərini əsir tutmuş, kənddə salınmış yeni qəsəbəni tar-mar etmiş, 10 min başdan çox qaramalı və qoyun-quzunu sürüb aparmışdılar. Hər iki kənddən 4 min nəfərdən çox adam dədə-baba yurdlarından didərgin düşdü.

Yenə şahidləri dinləyək. Neçə gündür ki, Malıbəyli və Quşçular kəndlərinin sakinləri bir-birini axtarır, ana baladan, oğul atadan, qardaş bacıdan xəbərsiz Ağdamın küçə və meydanlarını dolaşırdılar. 5 ildir çox haqsızlıqların şahidi olan, bu meydanda öz doğma yurd-yuvalarından qovulmuş didərgin bacı-qardaşlarımızın, Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, İmarət-Qərvənd qaçqınlarının göz yaşları axır, meydan isə Xocavənd, Kərkicahan, Cəmilli, Meşəli, İmarət-Qərvənd qaçqınlarının göz yaşları ilə suvarılıb cadar-cadar olurdu. Elə bildik axan bu göz yaşları qaçqın harayının son damlası olacaq. Sən demə, görəcəkli günlərimiz, faciələrimiz hələ qabaqda imiş. Faciəmizə səbirlə, təmkinlə, başsağlığı verənlər Malıbəyli, Quşçular adlı kəndlərin başı üzərində hərlənən qara buludların sıxlaşmasına şərait yaradırmışlar.

Ağdam şəhər meydanı yeni qaçqınların tapdağına çevrildi. Ev-eşiyi dağılmış, yandırılmış, oğul-uşağı erməni güllələri ilə qan-bağır olmuş, dərddən, faciədən dırnaqlarıyla üz-gözünü şırımlamış bir qadın halsız halda bu meydanı dolaşa-dolaşa haray çəkirdi.

–Ay camaat, eşidin! Bizi kənddən qovanda ermənilər dedilər ki, yaxın günlərdə donuzumuz Kürdən su içəcək. Bilin, biz bədbəxtlərə artıq heç nə gərək deyil. Nə yardım, nə ev-eşik, nə pal-paltar. Bizə olan oldu. Birləşin, qoruyun torpağınızı.

Qadının ürəyi sıxılır, danışmağa heyi qalmır. Başqa bir qadın qışqırır:

–Kərkicahan, Cəmilli, Xocavənd, İmarət-Qərvənd, Malıbəyli, Quşçular yandırıldı. Respublikamızın rəhbərləri Qarabağ camaatına təsəlli verə-verə satdılar torpağımızı yağılara. Hay-haray çəkəndə adı bizim, dadı özgənin olan yardımlarla yumdular ağızları. Kəndimiz oda-alova qalandı, naxırımızı düşmənlər apardı. Qocalar, körpələr evlərdə yandırıldı. Yaralılara kömək əli uzada bilmədik. Bu ağır günümüzdə güvəndiyimiz Azərbaycan Respublikası harayımıza, köməyimizə çatmadı.

Bəli, o gün qayaların sinəsi al qana boyandı. Torpaq qeyrəti “çəkənlərin” öz əlilə düşmənlərin güdazına verilmiş Malıbəyli, Quşçular kəndlərinin tüstüsü göylərə bülənd oldu. Namərd düşmənin nə qocaya yazığı gəldi, nə də uşağa. Yer-göy ağladı o gün. Kimsəsiz, köməksiz kənd camaatı düşmən pəncəsində pərən-pərən düşdü...

Qarlı-çovğunlu gündə aşırımları, gədikləri iməkləyə-iməkləyə, sürünə-sürünə körpələr, qadınlar Abdal-Gülablıya sarı qaçırdılar. Amma namərd gülləsi qadın-uşağı Harov kəndinin yaxınlığında yenidən qarşıladı. Ata oğuldan, ana körpəsindən ayrı düşdü o gün! Həyəcandan, mərmilərin gurultusundan başını itirmiş bir ana 3 aylıq körpəsini beşiyindən götürə bilmədi. Namusunu düşmən əlindən xilas etmək üçün qaçırdı. Amma görəsən özü-özündən necə qaça biləcəkdi?! Bu dəhşətə dözə biləcəkmi?! Görəsən bu günahı kimin boynuna yazacaq Allah? Ermənilərinmi, namusunu övladından üstün tutan ananınmı?!

Yoxsa hər şeyə biganə qalmış o vaxtki rəhbərlərinmi?!

  Xocalı sakinləri nicat gözləyirdilər.

Qarabağ hadisələrinin ilk günlərindən qeydlər apardığım dəftərin solmuş vərəqlərini çevirdikcə xəyanət yüklü hadisələr gözlərim qarşısında bir daha canlanır. Çox təəssüf ki, yumruq kimi birləşməli olan əllərimiz şilləyə çevrilib öz üzümüzə dəydi...

1988-1991-ci illər ərzində Qarabağ çox ziddiyyətli, mürəkkəb dövrünü yaşayırdı. Ermənilər silaha sarılır, terrora qurşanır, yurd yerlərimizi yandırır, dinc əhalini qırır, güllələyir, didərgin salırdı. Azərbaycanın o vaxtki rəhbərləri isə Moskvadan kömək istəyir, qayda-qanun tələb edirdilər. Daha soruşan yox idi ki, hansı qayda-qanunu istəyirsiniz? Aydın həqiqət başa düşülmürdü ki, düşmənə yalnız öz silahı ilə cavab vermək lazımdır. Orada isə hər şey tərsinə idi. 1990-cı ilin iyul ayında Azərbaycanın o vaxtkı prezidenti A.Mütəllibov bir göstəriş vermişdi: “Azərbaycanlı və erməni kəndləri arasında barışıq müqaviləsi bağlansın”. Boş və mənasız göstərişi əldə dəstavuz edən ziyalıların çoxu, əmək qabaqcılları televiziya ekranlarından, qəzet səhifələrindən, radio dalğalarından ermənilərə deyirdilər: “Əgər bir gün də azərbaycanlılar ermənilər kimi qoşun düzəltsələr, onda nə baş verə bilər? Bizcə, əlavə şərhə ehtiyac yoxdur. Xankəndidə nəşr olunan “Sovetskiy Karabax” qəzeti isə 10 iyul 1990-cı il tarixli sayında yazırdı: “Artsax iqtisadi suverenlik qazandı” və bu münasibətlə ermənilər Moskvanın Dağlıq Qarabağdakı hakimi-mütləqi, Azərbaycandan SSRİ Ali Sovetinə deputat seçilmiş A.Volskinin xidmətlərini xüsusi qeyd etdilər. Məgər azərbaycanın o vaxtki rəhbərləri, bu iqtisadi suverenliyi görmürdü? Əksinə, onlar ermənilərin iqtisadi suverenlik əldə etmələri üçün lazım olan bütün sənədlərə qol da çəkmişdilər. Əvəzində isə respublikada əsassız dedi-qodular, qarayaxmalar baş alıb gedirdi.

Bundan başqa, 1991-ci ilin sentyabr ayında Rusiya prezidenti B.Yeltsin, Qazaxıstan prezidenti N.Nazarbayev və A.Mütəllibov Xankəndinə gəlmişdilər. Həmin vaxt bu sətirlərin müəllifi də Xocalı aeroportunda idi. Aeroport bayramsayağı bəzədilmiş, hər tərəfdə Rusiyanın, Qazaxıstanın, Ermənistanın bayraqları asılmışdı. Azərbaycanın bayrağı gözə dəymirdi. Yüzlərlə erməni aeroportu mühasirəyə almışdı. Erməni qızları duz-çörək, şərbətlə V.Yeltsin, N.Nazarbayevi yüksək səviyyədə qarşıladılar. Azərbaycanın o vaxtki rəhbəri A.Mütəllibov isə bir kənarda büzüşüb qalmışdı. Ermənilər Xankəndidəki danışıqlara da onu buraxmadılar. Və azərbaycanlı jurnalistlər döyülərək təhqirə məruz qaldılar. Bir türk jurnalistini isə ermənilər girov götürdü. Həmin vaxt Xankəndidə fəaliyyət göstərən respublika Təşkilat Komitəsi, şəxsən V.Polyaniçko belə bir rüsvayçı səhnə düzəltmişdi. Məqsəd isə tamamilə aydın idi. Bu səfərdən sonra, yəni 1991-ci ilin sentyabrından 1992-ci fevralın 25-nə qədər ermənilər Dağlıq Qarabağdakı bütün Azərbaycan kəndlərini oda qalayaraq boşaltdılar. Fikir verin, cəmi beş aya Qarabağın dağlıq hissəsindəki dədə-baba yurdlarından, İmarət-Qəqrvənddən, Kərkicahandan, Cəmillidən, Meşəlidən, Malıbəylidən, Quşçulardan, Kosalardan, Nəbilərdən, Xocalıdan və başqa kəndlərdən qovulan dinc əhalinin harayını respublikanın o vaxtki rəhbərləri eşitmədilər. Daha doğrusu, heç bu həvəsdə olmadılar da.

Yaxud respublika Təşkilat Komitəsi Xankəndidə erməni və Azərbaycan rayonları rəhbərlərinin tez-tez iclaslarını keçirirdi. V.Polyaniçko həmişə ilk sözü azərbaycanlılara verirdi. Ayrı-ayrı kəndlərin, rayonların nümayəndələri çıxış edirdilər. Viktor Petroviç isə çox dəqiqliklə soruşurdu ki, nə iş görə bilirsiniz? Həmin adamlar da başlayırdır ki, filan kənddə, filan yerdə səngərlər qazmışıq, üç avtomat əldə etmişik, filan yerdə post qurmuşuq, filan yerdə bir top quraşdırmışıq və s. Bəli, azərbaycanlıların “dostu” adamları qəsdən danışdırırdı ki, həmin məlumatlar aşkarlansın. Bəs ermənilər öz çıxışlarında nə deyirdi: biz mühasirədəyik, ərzaq çatmır, azərbaycanlılar bizi qırıb-çatır, silah-sursatımız yoxdur. Azərbaycan dövləti bizi müdafiə edə bilmir. Onlarla bir yerdə yaşaya bilmərik və s. və i.a.

Həmin iclasların birindən sonra olmuş hadisəni olduğu kimi sizə çatdırıram: “Aprelin 1-dən 2-nə keçən gecə saat 3 radələrində Əsgəran rayonunun Daşbulaq kəndindən 10 nəfər erməni Xocalı şəhərinə basqın etmişdir. Basqın zamanı ermənilər raketlərdən, qumbaraatanlardan istifadə etmişlər. Nəticədə xeyli ev dağılmış, bir neçə evə isə od vurulmuşdur. İnsan tələfatı var” (1991-ci il). Bəli, bu da həmin iclasların azərbaycanlılara dəyən xeyri. Qarqar çayının sağ və sol sahilləri boyunca yerləşmiş Xocalı elə bir strateji əhəmiyyətə malik idi ki, ermənilərin hava və quru yolları buradan keçirdi.

Xocalı erməni kəndlərinin əhatəsində qalsa da, Əsgəranla Xankəndi arasında məğrur dayanmışdı. Xocalıya görə ermənilər çox əl-qol aça bilmirdilər. Dinc əhali isə bütün məhrumiyyətlərə dözürdü.

Xocalı 1991-ci ilin əvvəllərindən hər tərəfdən mühasirəyə alınmışdı. Yollar tamam kəsilmişdi, ümid qalmışdı hava yoluna. Onu da ermənilər hər vaxt atəşə tuta bilirdilər. Bir neçə vertolyot və “AN-2” təyyarəsi ermənilər tərəfindən vurularaq məhv edilmişdi. Həmin illər ərzində Azərbaycan hökuməti tərəfindən Xocalının müdafiəsi üçün heç bir iş görülməmişdi. Və bütün rəhbərlər də bilirdi ki, Xocalı mühasirədə qalıb. Fevralın 25-də isə Xocalının ölüm hökmü oxundu. Keçmiş SSRİ-nin 366-cı motoatıcı alayı və erməni hərbi birləşmələri Xocalıya divan tutdu. Əsl soyqırım törədildi: 613 nəfər həlak oldu, 1275 nəfər əsir düşdü, 8 ailə büsbütün məhv edildi, 200 nəfərdən artıq insan müxtəlif dərəcəli əlil oldu. Faciənin miqyası böyük və dəhşətli idi. Ağdam istiqamətində düzlər, dərələr, dağlar günahsız insanların meyidləri ilə dolu idi. Körpədən tutmuş qocaya qədər hamısı süngülərdən keçirilmişdi.

O vaxt hamını bir sual düşündürürdü: Xocalını xilas etmək mümkün idimi? Bu sualın üstündə isə baş sındırmaq lazım deyil. Sadə bir cavabı var, bəli, mümkün idi. Sadə, dinc əhalinin taleyi üzərində hakimiyyət uğrunda gedən oyunlar qurulmasaydı, Xocalını xilas etmək mümkün idi. Fevralın 26-ı gününü yaxşı xatırlayıram. Soyuq, sazaqlı bir qış günü idi. Şelli dağından ölümün, qəsdin, tələnin pəncəsindən qurtulan uşaqları, qadınları, qocaları qarşılayıb xəstəxanaya yola salırdıq. Yaralarından qan şoralanan bu insanlar bir-birindən, ana baladan, ata oğuldan, qardaş bacıdan ayrı düşmüşdü. Onları ovundurmaq mümkün deyildi. Həmin vaxt Ağdam özünümüdafiə dəstələri ermənilərə qarşı döyüşərək qan bahasına meyidləri düzlərdən, meşələrdən toplayırdı. Xocalı sakinlərini danışdırır, onların necə qurtulduqlarını  soruşurduq. Bu adamlar öz müsibətlərini, faciələrini göz yaşları içərisində danışsalar da, söhbətlərinin sonunda deyirdilər:

– Bizim bu sözlərimizi bütün Azərbaycana çatdırın. Respublika rəhbərlərini lənətləyirik. Onlar satqın və namərddirlər. Ona görə də Heydər Əliyev Azərbaycana gəlməlidir. Gəlsin, bu xalqı qırğından, müsibətdən, zülmdən xilas etsin. Nicatımız yalnız onadır! 1992-ci ilin qarlı-çovğunlu fevral günündə soyqırımın dəhşətini gözləri ilə görmüş insanlar elə o vaxtdan Heydər Əliyevə arxalanırdılar, ondan imdad, kömək gözləyirdilər. Onu da qeyd edim ki, həmin vaxt Heydər Əliyevin adını belə çəkmək onlara baha başa gələ bilərdi. Lakin bu çarəsiz, aldadılmış, təhqir edilmiş insanlar tələb edirdilər. Sadə adamlar böyük bir həqiqəti başa düşürdülər. Çox təəssüf ki, respublikanın o vaxtki rəhbərləri, deputatlar, ziyalıların böyük əksəriyyəti bu aydın həqiqəti başa düşmək istəmirdilər. Məhz elə buna görə də Azərbaycan torpaqlarının 20 faizi itirildi, məğlub edilən tərəfə çevrildik. Yaxşı yadımdadır, fevralın 27-də Ağdamın mərkəzi meydanında mitinq keçirilirdi. Dövlət, hökumət rəhbərlərinə etimadsızlıq göstərildi və həmin mitinqdə Xocalıdan bir qadın çıxış edərək dedi ki, biz respublikanın vətəndaşlığından imtina edirik. Əgər Heydər Əliyev Azərbaycana qayıtsa, biz bu fikrimizdən daşına bilərik. Mən Heydər Əliyevi tələb edirəm! Bu vaxt bütün mitinq iştirakçıları “Heydər Əliyev” deyərək qışqırmağa başladılar. Bəli, bu insanlar haray çəkirdilər, haqq-ədalət tələb edirdilər.

Mitinq təşkilatçıları belə olacağını gözləmədikləri üçün tez-tələsik aradan çıxdılar. Bəli, 1992-ci ilin adi bir həqiqəti idi... Yenidən yaxın keçmişə nəzər salaq.

1988-ci ilin fevral ayından Xankəndidə ermənilərin mitinqləri başlandı. Sanki sehrli dirijor çubuğu ilə idarə olunan mitinqlərdə ermənilər müxtəlif tələblər irəli sürürdülər. Bu tələblərin içərisində isə Dağlıq Qarabağın müstəqilliyi daha çox səslənirdi. Buna baxmayaraq, Azərbaycanın o vaxtki rəhbərliyi bu mitinqlərin sosial-iqtisadi, mədəni tələblərlə bağlı olduğunu bildirir, həqiqəti ört-basdır edirdilər. Keçmiş sovet hökuməti isə Dağlıq Qarabağın sosial-iqtisadi problemlərinin həll edilməsi ilə bağlı qərar qəbul etməklə kifayətlənirdi. Qərarın mürəkkəbi qurumamış Azərbaycanın var-dövləti Xankəndinə daşındı. Ermənilərə də elə bu lazım idi...

1988-1991-ci illər ərzində Dağlıq Qarabağ ətrafında çox ziddiyyətli, mürəkkəb vəziyyət yaranmışdı. Öz dədə-baba yurdlarından- Ermənistandan zorla, vəhşiliklə qovulan azərbaycanlıların harayını eşidən yox idi. Ermənilər isə kütləvi şəkildə silahlanır, vilayətdə yaşayan azərbaycanlılara divan tutur, yurd-yuvalarından didərgin salırdılar. Dağlıq Qarabağda vaxtilə azərbaycanlılar 78 kənddə yaşayıblar. Hadisələr başlayandan sonra məlum oldu ki, orada cəmi beş-on Azərbaycan kəndi qalıb. Hələ hadisələrə qədər erməni-daşnaklar 230-a yaxın azərbaycanlı evini yandırmış, 200-dən artıq evi isə zəbt etmişdilər.

Unutqanlıq isə həmişə yeni faciələrə yol açır. O vaxt Yerevanda nəşr olunan “Kommunist” qəzeti belə bir informasiya dərc etmişdi ki, erməni özünümüdafiə şurasının sədri A.Arutunyan və həmin şuranın üzvü A.Mkırtıçyan Şuşa şəhərinə və Verdazor kəndinə səfərdən sonra Yerevana qayıdaraq bütün erməniləri Dağlıq Qarabağa səfərbərliyə səsləyiblər. Və təbii ki, bu çağırış cavabsız qalmadı. Erməni daşnak-könüllülərin Qarabağa axını başladı və Azərbaycanın bu regionu qaynar qazana çevrildi.

 

(Ardı var)

 

 

Salman Alıoğlu

 

525-ci qəzet.- 2013.- 27 fevral.- S.8.