Bir tərcüməçi
imzası: Gülməhəmməd bəy Kəngərli
XIX yüzilliyin ikinci
yarısından etibarən
Naxçıvanın mədəni-maarif
və ədəbi mühitində də böyük canlanma müşahidə olunurdu. Ötən dövrdə
Naxçıvanda nəinki
Şərq, hətta rus və Qərbi
Avropa ədəbiyyatının
təbliği və öyrənilməsi diqqətimizi
çəkir. İlk
dəfə yuxarıda
adları keçən
mövzuya müraciət
edən görkəmli
ədəbiyyatşünas Əziz Mirəhmədov “Yazıçılar, talelər,
əsərlər” (Bakı,
1978) kitabında yazır:
“... Bu qəzetdə (1884,
¹29) N.A.Nekrasovla əlaqədar
olaraq bir materiala rast gəlirik. Həcmcə çox da böyük olmayan bu material iki hissədən ibarətdir.
Şəxsiyyəti hələlik
müəyyənləşdirilməmiş
Gülməhəmməd bəy
Kəngərli redaksiyaya
müraciət edərək
Nekrasovun “Əxlaqlı
adam” əsərinin
bir parçasını
Azərbaycan dilinə
tərcümə etdiyini
bildirir və onu qəzetdə buraxmağı xahiş edir”.
Burada söhbət
“Kəşkül” qəzetindən
gedir. “Kəşkül”
qəzeti 1883-cü ildən
1891-ci ilə qədər
Tiflisdə nəşr
olunmuşdur.
“Əxlaqlı adam”
şeiri rus şairi N.A.Nekrasova məxsusdur. Əsər üçhissəli olsa da, tərcüməçi
redaksiyaya birinci hissəni çap olunmaq üçün göndərib. Yazılanlardan məlum olur ki, tərcüməçi
G.Kəngərli əsərin
hamısını tərcümə
edibmiş.
Daha sonra tədqiqatçı
alim Ə.Mirəhmədov
maraqlı bir məsələni də qeyd edir: “Tərcüməçinin
qısa giriş məqaləsi xüsusilə
maraqlıdır. Burada
XIX əsr Azərbaycan
poeziyasının inkişafı
haqqında qiymətli
fikirlər yürüdülür.
Bəzi Azərbaycan şairlərini
ideyasızlıq və
formalizmdə, “gülə
və bülbülə”
aludəçilikdə günahlandıraraq
Kəngərli sübut
etməyə çalışır
ki, Azərbaycan poeziyasının daha da inkişaf etməsi üçün
rus və Avropa şairlərinin əsərlərinin tərcüməsini
çoxaltmaq zəruridir.
Çünki onların əsərlərində
yüksək əxlaq
və ibrətamiz hikmət vardır”.
Bizcə, artıq şərhə ehtiyac yoxdur. Rus şairi N.A.Nekrasovu məşhur şair adlandıran G.Kəngərli,
sadəcə, ədəbiyyat
həvəskarı ola bilməzdi. Çünki onun tərcümə etdiyi şeirə Ə.Mirəhmədov
yüksək qiymət
verir: “Tərcümənin
müsbət cəhətlərindən
biri də odur ki, Kəngərli
tərcümədə
Nekrasov şeirinin həm məna və məzmununu, həm də kompozisiyasını saxlaya
bilmişdir; həcmdə
isə fərq vardır: Nekrasovda şeirin həmin hissəsi 10 misradır, tərcüməçi isə
müəllifin fikrini
16 misrada ifadə etmişdir”.
Bütün bunlar hamısı tərcüməçinin rus
dilini mükəmməl
bilməsini sübuta yetirən əsas faktlardan biridir.
Maraq üçün
deyək ki, naxçıvanlılar XIX yüzillikdə,
necə deyərlər,
Naxçıvanın təəssübünü
çəkən açıqfikirli
rus şairlərinin yaradıcılığına dönə-dönə
müraciət etmişlər. Məsələn, A.S.Puşkinin 100 illik yubileyi Naxçıvanda xüsusi bir ehtiramla təntənəli
şəkildə qeyd
olunub. Görkəmli maarifçi M.T.Sidqinin
məşhur nitqi elə-belə deyildi.
Vaxtilə A.S.Puşkinin redaktoru
olduğu “Sovremennik” jurnalı Naxçıvan
tarixinə dair bir əsəri və müəllifini müdafiə etmişdi.
Biz bu məsələnin
dərinliyinə varmırıq,
çünki ayrıca
bir yazımızda məlumat vermək məqsədimiz var.
Tərcüməçi Gülməhəmməd bəyin
şəxsiyyəti bizi
çox maraqlandırdı
və axtarışlar
zamanı əldə etdiyimiz nəticələri
oxuculara da çatdırmağı mənəvi
borc bilirik. Axtarışlar nəticəsində məlum
oldu ki, Gülməhəmməd bəy
II Kərim Sultanın
oğul nəvəsi olan Cəfərqulu bəyin oğludur. Cəfərqulu bəyin atası
Fətəli Sultan öz
zəmanəsinin sayılıb-seçilən
hərbçilərindən olub. Sankt-Peterburqdakı
Rusiya Dövlət Tarixi Arxivində II Kərim Sultana aid şəcərə
sənədi saxlanılır.
Naxçıvan xanlığında xanlıq qoşunlarına
başçılar həmişə
Kəngərli tayfasının
Bilici (vəkil kəngərlilər) qolundan
təyin olunduğundan
XIX əsrdə də
onlar diqqət mərkəzində olmuşlar.
Həmin şəcərədən
məlum olur ki, Fətəli Sultanın altı oğlu olub: Cəfərqulu bəy, Əliqulu bəy, Nəcəfqulu bəy, Səfiqulu bəy, İmanqulu bəy və Mustafa Sultan. Gülməhəmməd bəy Kəngərlinin atası Cəfərqulu bəy təxminən
1801-ci ildə Naxçıvanda
anadan olmuşdur.
Cəfərqulu bəy Naxçıvan
xanlığında vergi
məmuru işləmişdir.
Təxminən 1831-ci ilədək bu vəzifədə qalmış, sonralar isə öz mülklərini idarə etmişdir. 1853-1856-cı illər Şərq müharibəsində (Krım
müharibəsində) İrəvan
dəstəsinin Naxçıvan
süvari yüzlüyünə
komandirlik edən Cəfərqulu bəy Rusiya İmperiya Ordusunun yüksək mükafatlarını almışdır.
13 iyun 1855-ci ildə
üzərində “İgidliyə
görə” yazısı
olan 4-cü dərəcəli
Müqəddəs Anna ordeni
ilə təltif edilmişdir. Müharibədən praporşik (gizir) hərbi rütbəsi ilə Naxçıvana qayıdan Cəfərqulu bəy Kəngərli Kəngərli tayfasının
başçısı kimi
fəaliyyət göstərmişdir.
Çar
Rusiyasının 1865-1867-ci illərdə təşkil
etdiyi İrəvan bəy komissiyasının
Naxçıvan üzrə
mötəbər üzvlərindən
olmuşdur.
Gürcüstan Milli Arxivində onun Qafqaz Canişinliyinə
ünvanladığı məktubu
da aşkar etdik. Burada onun möhürünün
də təsviri vardır.
Naxçıvanda, İrəvanda və Tiflisdə sayılıb-seçilən
hərbçilərdən və nüfuzlu şəxslərdən olan
Cəfərqulu bəy
öz övladlarının
təhsil almalarına
da ciddi fikir vermişdir. Biz bunu əyani olaraq Gülməhəmməd
bəyin nümunəsində
görürük. Kameral
siyahılarda və Rusiya arxivlərində onun övladlarının adı aşağıdakı
kimi qeyd edilib: Gülməhəmməd
bəy, Abbas bəy, Nuru bəy, Murtuza ağa, Fətəli
Sultan. Sovet hakimiyyəti illərində
onlara məxsus sənədlər müxtəlif
arxiv fondlarında ört-basdır edilsə də, indi axtarışlar
nəticəsində həmin
sənədlərin bəzilərini
aşkar edə bilirik. Bunlar isə müəyyən
bir dövrün bir çox məsələlərini təsvir
etməkdə bizə
kömək edir.
Yəqin
ki, gələcəkdə
Gülməhəmməd bəyə
məxsus sənədlər
tapılacaq və biz bir vaxtlar Tiflisin
rus və Azərbaycan dillərində
nəşr olunan qəzetlərində maraqlı
yazılarla çıxışlar
edən həmyerlimiz haqqında daha dolğun məlumat əldə edə biləcəyik.
Naxçıvan ədəbi mühitində
tərcüməçi kimi
püxtələşmiş Gülməhəmməd bəy
Kəngərlinin Zaqafqaziyada
tanınması Naxçıvanda
ədəbi tərcümə
məktəbinin olmasından
xəbər verir.
Musa QULİYEV,
AMEA Naxçıvan
Bölməsinin
əməkdaşı, tarix üzrə
fəlsəfə doktoru
525-ci qəzet.- 2013.- 27 fevral.- S.7.