Qarabağın göz yaşları...
(davamı)
ÇOX TƏƏSSÜF
Kİ, DÜNYA BU GÖZ YAŞLARINI GÖRMƏK İSTƏMİR
(Əvvəli
ötən sayımızda)
Xocalı strateji
hədəf kimi
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri Xocalı soyqırımının üstündən uzun illər keçir. Hələ də bu qanlı faciənin üstü açılmayan, gizli qalmış məqamları çoxdur. Bir çox suallara hələ də cavab tapılmayıb. Hələ yüzlərlə insanın taleyindən heç bir soraq yoxdur.
7 minə yaxın əhalisi olan Xocalı Xankəndidən 10 km cənub-şərqdə, Qarabağ dağının silsiləsində və Ağdam-Şuşa, Əsgəran-Xankəndi yollarının üstündə yerləşir. Qarabağdakı yeganə aeroport da Xocalıdadır. Ermənilərin Xocalıya əsas maraqları da buranın bu cür strateji mövqeyə malik olması ilə əlaqədar idi.
Xocalı azərbaycanlıların tarixən məskunlaşdığı yerdir və qədim tarixi abidələr indiyə qədər qalmaqdadır. Xocalının yaxınlığında bizim e.ə. XIV-VII əsrlərə aid edilən Xocalı-Gədəbəy mədəniyyətinin abidələri yerləşir. Burada son bürünc və ilkin dəmir dövrlərinə aid edilən dəfn abidələri-daş qutular, kurqanlar və nekropollar tapılmışdı. Həmçinin burada arxitektur badilər-dairəvi qəbr (1356-1357-ci illər) və mavzoley (XIV əsr) vardır. Arxeoloji qazıntılar zamanı müxtəlif növ daş, bürünc, sümük bəzək əşyaları, gildən ev əşyaları və s. tapılmışdır. Tapılmış muncuq dənələrindən birində Assuriya şahı Adadnerarinin (bizim e.ə. 807-807-ci illər) adı yazılmışdır.
Əhali əsasən üzümçülük, heyvandarlıq, arıçılıq və əkinçiliklə məşğul olmuşdur. Şəhərdə toxuculuq fabriki, 2 orta məktəb və 2 natamam orta məktəb var idi.
Xocalı 1991-ci ilin oktyabrından blokadada idi. Oktyabrın
30-dan etibarən şəhərə aparan bütün
avtomobil yolları bağlanmış, yeganə nəqliyyat
vasitəsi vertolyot qalmışdı.
Xocalıya
sonuncu vertolyot 1992-ci il yanvar ayının
28-də endi. Şuşa səmasında
mülki vertolyotun vurulması, vertolyotun içindəki 47 nəfər
azərbaycanlının həlak olmasıyla şəhərlə
hava əlaqəsi də kəsildi. Yanvarın
2-dən şəhərə elektrik enerjisi də verilmirdi.
Xocalılar ancaq öz qəhrəmanlıqları
və şəhər müdafiəçilərinin cəsurluğu
sayəsində yaşayır və müdafiə olunurdular.
Şəhərin müdafiəsi əsasən
avtomat və ov tüfəngləri ilə silahlanmış
yerli özünümüdafiə dəstəsi, yerli milis
qüvvələri və Milli Ordunun
döyüşçülərindən təşkil
olunmuşdu.
Fevralın ikinci yarısından başlayaraq Xocalı
erməni silahlı dəstələrinin mühasirəsinə
alınmışdı və hər gün toplardan,
ağır texnikadan atəşə, erməni dəstələrinin
həmlələrinə məruz qalırdı.
Xocalıya hücuma hazırlıq fevralın 25-də
axşam 366-cı alayın hərbi texnikasının
döyüş mövqelərinə çıxması ilə
başlanmışdı. Şəhərə
hücum toplardan, tanklardan, “Alazan” tipli zenit toplardan 2 saatlıq
atəşdən sonra başlandı. Xocalıya
üç istiqamətdən hücum
aparıldığından əhali Əsgəran istiqamətində
qaçmağa məcbur olmuşdu. Tezliklə
aydın olmuşdur ki, bu məkrli hiylə imiş. Naxçıvanik kəndi yaxınlığında əhalinin
qarşısı erməni silahlı dəstələri tərəfindən
kəsilmiş və onlar gülləborana tutulmuşlar.
Qarlı aşırımlarda və meşələrdə
zəifləmiş, taqətdən düşmüş
insanların çox hissəsi məhz Əsgəran-Naxçıvanik
düzündə erməni silahlı dəstələri tərəfindən
xüsusi qəddarlıqla məhv edilmişdir.
Bu hadisələr regiona İran İslam
Respublikasının xarici işlər naziri Əli Əkbər
Vilayətinin vasitəçilik missiyası ilə səfəri
günlərinə təsadüf etmişdir. O, fevralın 25-də Azərbaycanın
hakimiyyət rəhbərləri ilə
görüşmüş və fevralın 27-də
Qarabağa, sonra isə Ermənistana səfər
planlaşdırırdı. Bununla əlaqədar
olaraq tərəflərin razılığı ilə
fevralın 27-dən martın 1-dək üçgünlük
atəşkəs elan edilmişdir. Ermənilər
ona məhəl qoymadılar və vədlərinə xilaf
çıxdılar.
Oxşar vəziyyət fevralın 12-də Avropada Təhlükəsizlik
və Əməkdaşlıq Şurasının
missiyasının vəziyyətlə tanışlıq və
münaqişənin tənzimlənməsi məsələlərinin
təhlili məqsədilə Qarabağa gəldiyi zamanda
baş vermişdi. Missiya sonra Yerevana və Bakıya səfər
etməli idi. Məhz fevralın 12-də erməni
silahlı dəstələri tərəfindən
Şuşanın Malıbəyli və Quşçular kəndləri
qarət edərək yandırılmışdır, təkcə
Malıbəylidə 50 nəfər
öldürülmüş, yaralanmış və əsir
götürülmüşdür.
Həmin günlərdə Azərbaycan silahlı
qüvvələri Xocalı sakinlərinin köməyinə
çata bilmədi, hətta meyidlərin götürülməsi
belə mümkün olmadı. Bu zaman isə ermənilər
vertolyotlarla, ağ geyimli xüsusi qruplarla
meşələrdə gizlənmiş insanların
axtarışını aparır, aşkar edilənləri əsir
götürür, işgəncələrə məruz
qoyurdular.
Fevralın 28-də tərkibində yerli jurnalistlərin
də olduğu qrup 2 vertolyotla azərbaycanlıların həlak
olduqları yerə çata bildilər. Gördükləri
mənzərə hamını dəhşətə gətirdi-
düzənlik cəsədlərlə dolu idi. İkinci vertolyotun havadan mühafizəsinə
baxmayaraq, ermənilərin güclü atəşi altında
ancaq 4 meyidi götürmək mümkün oldu. Martın 1-də yerli və xarici jurnalistlərin
iştirakı ilə hadisə yerində daha da dəhşətli
vəziyyət müşahidə olunmuşdur. Meyidlərin skalplarının götürülməsi,
qulaqlarının və digər orqanlarının kəsilməsi,
gözlərin çıxardılması, çoxsaylı
bıçaq və güllə yaraları, ağır texnika
ilə əzilmələr, yandırılma halları aşkar
edilmişdir.
Xocalı soyqırımına dair dünya mətbuatından
bəzi məqamlara diqqət yetirək.
Krua
Leveneman jurnalı (Paris), 25 fevral 1992-ci il:
Ermənilər Xocalıya hücum etmişlər. Bütün dünya eybəcər hala
salınmış meyidlərin şahidi oldu. Azərbaycanlılar çoxlu sayda ölənlər
barədə xəbər verirlər.
Sandi Tayms
qəzeti (London), 1 mart 1992-ci il: Erməni əsgərləri
minlərlə ailəni məhv etmişlər.
Faynenşl
Tayms qəzeti (London), 9 mart 1992-ci il: Ermənilər
Ağdama tərəf gedən dəstəni güllələmişlər.
Azərbaycanlılar 1200-ə qədər cəsəd
saymışlar.
Livanlı
kinooperator təsdiq etmişdir ki, onun ölkəsinin varlı
daşnak icması Qarabağa silah və adam
göndərir.
Tayms qəzeti
(london), 4 mart 1992-ci il: Çoxları eybəcər
hala salınmışdır, körpə qızın ancaq
başı qalmışdır.
İzvestiya
(Moskva), 4 mart 1992-ci il: Videokamera
qulaqları kəsilmiş uşaqları göstərdi. Bir qadının sifətinin yarısı kəsilmişdir.
Kişilərin skalpları götürülümüşdür.
Faynenşl
Tayms qəzeti (London), 14 mart 1992-ci il:
General Polyakov bildirmişdir ki, 366-cı alayın 103 nəfər
erməni hərbçisi Dağlıq Qarabağda
qalmışdır.
Le Mond qəzeti
(Paris), 14 mart 1992-ci il: Ağdamda olan xarici
jurnalistlər Xocalıda öldürülmüş qadın
və uşaqlar arasında skalpları
götürülmüş, dırnaqları
çıxardılmış 3 nəfəri
görmüşlər. Bu azərbaycanlıların
təbliğatı deyil, bu reallıqdır.
İzvestiya
(Moskva), 13 mart 1992-ci il: Mayor Leonid Kravets: Mən
şəxsən təpədə yüzə yaxın meyid
gördüm. Bir oğlanın başı yox
idi. Hər tərəfdə xüsusi qəddarlıqla
öldürülmüş qadın, uşaq, qocalar
görünürdü.
Valer
aktual jurnalı (Paris), 14 mart 1992-ci il: Bu
“muxtar regionda” erməni silahlı dəstələri Yaxın
Şərqdən çıxmışlarla birlikdə
müasir texnikaya, o cümlədən vertolyotlara malikdirlər.
ASALA-nın Suriya və Livanda hərbi
düşərgələri və silah anbarları vardır.
Ermənilər yüzdən artıq müsəlman
kəndlərində qırğınlar törədərək
Qarabağdakı azərbaycanlıları məhv etmişlər.
R.Patrik,
İngiltərənin “Fant mey nyus” teleşirkətinin jurnalisti
(hadisə yerində olmuşdur): Xocalıdakı vəhşiliklərə
dünya ictimaiyyətinin gözündə heç nə ilə
haqq qazandırmaq olmaz.
Xocalı
sakini Kamil Hüseynov isə o dəhşətli günləri
belə xatırlayır:
–Ermənilər Xocalıya girəndən sonra hər tərəfi
oda qalayır, qarşılarına çıxan azərbaycanlıları
sorğu-sualsız güllələyirdilər. Fevralın
26-da gecə saat 10-11 radələrində meşə ilə
Abdal-Gülablı tərəfə yol aldıq. Qocalarda, uşaqlarda, qadınlarda taqət
qalmamışdı. Vahimə, soyuq və
aclıq bizi heydən salmışdı. Şərqiyyə
adlı qadın və bir əsgər gözlərimin
qarşısında keçindi. Ermənilər
yaşayan Dəhraz kəndi yaxınlığında
mühasirəyə düşdük və bu zaman 5-6 nəfər
həlak oldu. İki gün bizi Dəhrazda
saxladılar. Girov götürülən
12 nəfər cavanı bir qədər aralıda güllələdilər.
35 gün erməni əsirliyində ən dəhşətli,
işgəncəli anlar yaşadıqdan sonra Qırmız
Xaç tərəfindən əsirlikdən azad olundum.
Həmin
vaxt 15 yaşlı Salman Qasımov anası, qardaşı və
qohumları ilə birlikdə 12 gün ac-susuz meşələrdə
qalmış, dəhşətli anlar yaşamışdır.
Erməni
vəhşiliyinin iç üzü budur! Türk
və azərbaycanlı qanına susayan erməni
daşnaklarının törətdikləri soyqırım, bu
dəhşətli faciə Xocalının salamat qalan sakinlərinin
gözləri qarşısında baş verib.
Şəfiqə
Həsənova sağ qaldığına möcüzə kimi
baxır:
– Fevralın
25-də kişilərin hamısı postda idi. Evimizdəki
təklülə tüfəngə patron qoyub elə
pal-paltarlı yerimə uzandım. Gecə
saat 11 olardı. Atışma
başladı. Tez qalxıb qardaşım
uşağı Rəcəbi də götürüb posta tərəf
qaçdım. Postdan bir qədər
aralıda çökək var idi. Camaat
bura yığışmışdı. Qərara
gəldilər ki, meşəyə tərəf gedək.
Çayı keçəndə ermənilər
bizi atəşə tutdular, hamı pərən-pərən
düşdü. Anam Növrəstə,
qardaşımın həyat yoldaşı Mehriban, onun
uşaqları Rəcəb, Şəbnəm və Məhzərdən
aralı düşdüm, –deyir və göz yaşlarını
saxlaya bilmir...
...Doğmalarımı
həmişəlik itirdim. Soyuq bıçaq
kimi kəsirdi. Ayaqlarımızı
şaxta vurmuşdu. Üst
paltarlarımızı cıraraq ayaqlarımıza sarısaq
da xeyri olmadı.
Ermənilər gülləni üstümüzə
yağış kimi yağdırırdılar. Ölənlərin,
yaralanlanların sayını itirmişdik. Bu müsibətə
dözmək mümkün deyildi...
Həmin gün gecədən xeyli keçmiş
Xocalıdakı vəziyyətə dair rəsmi məlumat
televiziya və radio ilə oxundu. Belə məlumat
verildi ki, hadisələr zamanı guya iki nəfər azərbaycanlı
öldürülüb. Bax bu zaman Xocalı
soyqırımını dünyaya çatdırmağa
çox ciddi maneçilik törədildi. Əhali arasında çaşqınlıq
yarandı. Bəlkə də bütün
bunlar qəsdən edilirdi. Çünki qarşıda hələ
Şuşa, Laçın, Kəlbəcər,
Ağdam, Qubadlı, Zəngilan, Cəbrayıl, Füzuli
rayonlarının işğalı dayanmışdı!
Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası
Prokurorluğunda Xocalı soyqırımını
araşdıran istintaq qrupu yaradılmışdır. Həmin
istintaq qrupları ayrı-ayrı vaxtlarda, daha doğrusu 1992-ci
ildən sonrakı dövrlərdə 100 cilddən artıq
istintaq materialları toplamışlar. İstintaq
zamanı 3000 nəfərdən artıq Xocalı sakini və
digər şahidlər dindirilmişdir. Göründüyü
kimi cinayət işi tam sübuta yetirilmişdir. Təəssüf ki, beynəlxalq ictimaiyyət və
beynəlxalq hüquq müdafiəçiləri Ermənistanın
törətdiyi Xocalı soyqırımına hüquqi siyasi
qiymətin verilməsinə göz yumurlar. Bu heç bir məntiqə və demokratiyaya
sığmır. Cinayətkar cəzasız
qalmamalıdır. Sağ qalmış Xocalı sakinləri
ümid edirlər ki, Azərbaycan dövləti öz vətəndaşlarının
hüquqlarını qoruyacaq və cinayətkarların cəzalandırılması
üçün bütün lazımi tədbirləri həyata
keçirəcəkdir.
Xocalı
soyqırımına siyasi qiymət verən və bu barədə
dünyanın ən yüksək tribunalarından
danışan ulu öndərimiz Heydər Əliyev Xocalı
sakinləri ilə görüşündə demişdir:
“...biz toplaşıb Xocalı fəaciəsinin cavabını
verək, şəhidlərin qanının yerdə
qalmaması gününü görək, Azərbaycanın ərazi
bütövlüyünü təmin edək. Müstəqil
Azərbaycanın hüdudlarını tamamilə bərpa edək.
İnanıram ki, Azərbaycan xalqı bu
qüdrətə malikdir”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyevin Ermənistan-Azərbaycan,
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı mövqeyi çox qəti və prinsipialdır:
“Azərbaycan öz torpaqlarının işğal altında
qalması ilə heç zaman barışmayacaqdır.” 20 ilə yaxındır ki bu münaqişənin həlli
ilə məşğul olan ATƏT tunelin sonunda işıq
yandırmaq gücündə deyil. Azərbaycanın
gələcəyinə nur saçacaq bu işığı
yandırmaq öz gücümüzə və Ali Baş
Komandana bağlıdır. Artıq həmin
işığın işartıları görünür.
Mübariz İbrahimovun, Ramil Səfərovun, İbad
Hüseynovun qəhrəmanlığı Azərbaycan xalqını
torpaqların azad olunması uğrunda haqq
döyüşünə səfərbər edib.
Tunelin
sonundakı işıq mütləq yanacaq, Qarabağın
göz yaşlarına son qoyulacaqdır...
Salman Alıoğlu
525-ci qəzet.-
2013.- 28 fevral.- S.8.