Ənvər ağrısı

 

Ənvər Məmmədxanlı – 100

 

“Sən o qədər təksən ki, heç vaxt təklik nə olduğunu bilməyəcəksən...”

 

Ənvər Məmmədxanlı

 

Hələ uşaqlıqdan bədii əsər oxuyanda xəyalımda təkcə qəhrəmanların görünüşünü, səsini, yaşadıqları evi, həyət-bacanı, küçəni, şəhəri yox, həm də yazıçını canlandırmağa çalışırdım. Bəlkə də çalışmırdım... Sadəcə, bəzi suallarıma cavab tapmaq istəyirdim. Sonralar barelyefləri axtarmaq, əsərlərdəki küçələrin əslini, orijinalını tapıb uzlaşdırmaq kimi üzücü (təbii, mənimlə gəzməyə çıxanlar üçün) xasiyyətim də burdan gəlirdi... Həmin axtarışımdan. Məsələn, yazıçı pəncərəsini açanda hansı mənzərəni görüb ki, bunu yazıb?! Onunla eyni binada filankəs yaşadığı üçün əsərində filan adlı obraz var... Yazar laboratoriyalarına hədsiz marağımı indi gözəl başa düşürəm. Məncə, yazıçı olmaq arzusundan irəli gəlir. Dəqiq desəm, daha yaxşı yazmaq istəyindən! Sanki sevdiyim bir yazıçının hansısa reseptini, metodunu mənimsəməklə, sirrini tapmaqla, az qalaevrika” qışqırmaq səviyyəsində “kəşf”lərimlə, “bax bu obraz filankəsin prototipidir” – deyə doğmalarımın üstünə qaçmaqla məqsədimə tərəf addımlayırammış... Şübhəsiz, indi bütün bunların sadəcə uşaq marağı olmasını dərk ediro “kəşf”lərimin yazıçılığa yox, sadəcə oxuculuğa, həssas oxuculuğa doğru apardığını da anlayıram.

Bilmirəm niyə! Son vaxtlarda bu gün yüz yaşına qədəm qoyan Ənvər Məmmədxanlını oxuyanda xəyalımda qəhrəmanlarından daha çox özü, öz obrazı canlanır. Soyuq bir otaqda görürəm onu! Çoxlu kitab şkafları var. Divarlar, demək olar ki, görünməzdi. Bəlkə də otağın divarları yoxdu, eləcə kitab şkaflarından qurulmuş dekorasiyadı... Ənvər Məmmədxanlının özü qurduğu dekorasiya. Hər tərəf kağız-kuğuz, kitab-dəftərdi... Bir yanda bitirilməmiş hekayələrin əlyazmaları, digər yanda əsərlərini tərcümə etdiyi yazıçıların kitabları... Başının üstündə Anar müəllim demiş, Domokl qılıncı asılıb. Amma yazıçı öz işindədir.

...Hansı işində? Ədəbiyyat işində... Başqa gəlmirdi axı əlindən?! Daha doğrusu başından, ruhundan, ürəyindən... Düzdü, Ənvər Məmmədxanlı 1913-cü ildə Göyçayda anadan olmuşdu. Amma qınamasaydılar, yazıçının doğum tarixini dəyişərdim. Məncə o, DÜNYAYA 1934-cü ildə gəlib. Amma buna qədər, Göyçayda ibtidai məktəbi bitirdikdən sonra Bakıda N.Nərimanov adına sənaye texnikumunda təhsil almışdı. İlk vaxtlar Bakıda mexaniki zavodda, sonralar Azərbaycan Neft İnstitutu nəzdində elmi-tədqiqat mərkəzində işləmişdi. Eyni zamanda Azərbaycan Neft İnstitutunda iki il qiyabi təhsil almışdı. Ənvər Məmmədxanlı həyatının həlledici, özü və ədəbiyyatımız üçün vacib məqamı məhz burdadır. Yazımın bu yerində! Valideynlərinin, yaxınlarının bütün təkidlərinə, etirazlarına baxmayaraq, o, 1934-cü ildə təhsilini yarımçıq qoyur, institutu atır... Azərnəşrin bədii şöbəsində fəaliyyətə başlayır. 1936-38-ci illərdə isə Moskvada Ali Kinematoqrafiya İnstitutunun müdavimi olur. Bir müddət “Azərbaycanfilm” kinostudiyasında ssenari şöbəsinin rəisi işləyir. Bütün bunlar yazıçı həyatının avtobioqrafik məqamlarıdır. Amma məncə, onun bioqrafiyasının əsas hissəsi gözəgörünməzdir. Keçdiyi yol ilə tanış olanda, əsərlərini və haqqında yazılanları oxuyanda adamda belə fikir yaranır, sanki o, həyatını ədəbiyyatın, incəsənətin içində gizlədib. Reallığı çətin idi. Daha doğrusu, real dünyadakı çətinliklərin bir çoxunu görmüşdü. Müharibə, itki, qorxu, xəstəlik... Həm də zamanla bu qəlizliklərin heç biri sadələşmirdi, əksinə daha da ağırlaşırdı! Yəqin buna görə də “necəsən?” sualına “həyatım ağrıyır!” – deyə cavab verirmiş. Ağrıyan həyata dərman isə yəqin ki, ancaq sənət ola bilərdi. Xalq yazıçısı AnarSizsiz” romanında yazır:

“Mənə elə gəlir ki, Ənvər Məmmədxanlının tənhalığı – bütün ömrünü təklik içində, amma kitabları, yazıları, qeydləri arasında keçirmiş, zəngin, geniş mütaliəsinin və fenomenal yaddaşının məhsulu olan fikirlər; fikrin daxili təkamülündən doğan düşüncələr, dünya, həyat, hadisələr haqqında mülahizələr, keçmişmüasir insanların təhlili və o sıradan özünutəhlil – ömrü bütün bunlarla dolmuş Ənvər Məmmədxanlının adamlardan təcrid olunmuş yaşayışı – hələ tənhalığın son həddi deyil...”

... Ənvər Məmmədxanlı təkliyinin bu kiçik təhlilini həyəcansız oxumaq mümkün deyil. Həm də əllə toxunulan, gözlə görülən dünyanın əzabından, kirindən, sərtliyindən, amansızlığından, ədalətsizliyindən xilasın kağızdan, qələmdən keçdiyinə bir daha əmin olursan. (Şübhəsiz, hamı üçün yox. O cür yazıçı üçün.) Maraqlıdır ki, yuxarıda sadaladığım mücərrəd hisslərin hamısı onun həyatında baş vermiş konkret hadisələrlə bağlıydı. “Müsavat”çı atanı hər an “itirmək” qorxusu, 37-ci il xofu, əsir düşmüş qardaşa yas saxlamaq, “danoslardan, “senzorlardan bezginlik, anlamazlar arasında bədbinlik və s. Bütün bunlardan, Ənvər Məmmədxanlı ağrıları, zarafatları, söhbətləri, əsərləri, üzləşdiyi haqsızlıqlar, yaşadığı ədəbiyyat, gizlətdiyi həyatdan... Anar “Həyatım ağrıyır” povestində ətraflı yazır. Hətta adı belə, ağrıyla bağlı povestdə yazıçının qəliz dövrü, xarakteri, əsərləri geniş təhlil olunur. (Ağrıyla təsvir olunur. Ənvərin yoxluğu ağrısıyla!) Və bütün bunları oxuyanda təəccüblənməyə bilmirsən. Axı belə çətin yaşamış adam o cür xoş, lirik, ilıq əsərləri necə yaza bilib? Yenə də eyni səhnə gəlir gözümün önünə... Həmin o otaq... Dörd tərəfi kitab şkafı olan. Divarın o üzündəki həqiqi dünyanı “danos”ları, “yonca”ları, sürgünləri, paxılları ilə birgə unutduran aləm! Amma bütün yazılanların da həyatdan gəlməsinə, yaşanmışların cilalanmış ifadəsi olmasına heç şübhə yoxdur!

... Ənvər Məmmədxanlı yaradıcılığında müharibə və Cənubi Azərbaycan mövzusu da onun avtobioqrafiyasından gəlir. O, 1942-ci ilin axırlarında Şimali Qafqaz cəbhəsində, 416-cı diviziyada xidmət edir. Sonralar Zaqafqaziya cəbhəsinə, oradan İrana hərbi xidmətə göndərilir. Təbrizdə nəşr olunan “Vətən yolundaordu qəzeti redaksiyasında xüsusi müxbir kimi çalışır. Onun Cənubi Azərbaycan mövzusunda yazdığı “Qızıl qönçələr”, “Boyunbağı”, “Karvan dayandı” hekayələri, “Od içində” pyesi xüsusən diqqəti çəkir.

Bu məqamda müharibə barədə, amma çox fərqli yazılmış “Buz heykəl” hekayəsini xatırlayıram. “Buz heykəl” həm də Ə.Məmmədxanlını məktəblilərə tanıtdırdığı, sevdirdiyi üçün maraqlıdır. Və məncə indi ona aid bir çoxlarının, elə mənim özümünsevgimin təməlində bu hekayə durur! Hesab edirəm ki, bu mənada o, bəxti gətirmiş yazıçıdır. Axı uşağın mehri saf, “balaca” ürəyin sevgisi təmənnasız olur?! Hə, elə bu an da həmin illərin düşüncələrinə qayıdıram və maraqlı bir məsələ yadıma düşür. “Buz heykəl”i uzun müddət uşaq hekayəsi hesab etmişəm. İndi o uşağı dindiribüçün belə düşündüyünü tapmaq istəyirəm. Axı orda belini düzəltmək istəyən dəvə, boyunu qısaltmaq arzulayan zürafə, ya da sahibinin əlindən yemək yeyən balaca it yox idi... Bəs onda səbəb nə idi? Hekayəni bir daha oxuyanda hər şey aydın olur. Ənvər Məmmədxanlı həmin hekayəni doğrudan da uşaqlar üçün yazıb... Onlara nə qədər sevimli və əsas olduqlarını anlatmaq üçün. Analarını anlatmaq üçün... Müharibəni... Sevgini...anlatmaq üçün!

“...və ana yenə bir əliylə əynindən nə isə qopardır və bir əliylə əynindən nə qopardırsa, hamısını bir-bir körpəsinin üstünə qalaqlayır və titrəyən son nəfəsini, eşidilməyən son sözünü də körpəsinin üstünə örtürqorxma tifilim, qorxma ufacığım, son nəfəsimin istisi də sənindir... ”

İndi bu sətrlərdə ananın qorxusu, təlaşı daha çox duyulur, həyəcanlandırır. Amma məncə, “Buz heykəli” oxuyan hər bir uşaq özünü buzu yarıb sağ qalan körpənin yerinə qoya, anasını qəhrəman görə və ən nəhayət müharibəni öz uşaq ağlıyla dərk edə bilər...

Ədəbiyyatşünas alim Mikayıl Rzaquluzadə Ənvər Məmmədxanlı haqqında deyirdi ki, o, Azərbaycan nəsrində lirik üslubun banisi sayıla bilər. Yazıçının hələ yaradıcılığının ilk illərində qələmə aldığı “Bakı gecələri” hekayəsini ədəbiyyatımızda lirik üslubda yazılmış ən gözəl əsər adlandırmaq olar. Əyalətdən paytaxta, böyük, çox böyük arzular, ümidlərlə gəlmiş gəncin duyğuları o qədər zərif, incə və axıcı bir dillə təsvir olunur ki, insan hekayəni oxuyanda reallığı unudur.

“Ürəyin səbrsizliyi idimi, intizarın tükənişi idimi, sirli bir səsin çağırışı idimi, nə idisə, məni elə bir həyəcan içində şəhərin yuxarı başından aşağı başına qovmuşdu ki, elə bil o dəniz bu saat ətəyini əlinə alıb qaçmağa başlayacaqdı və mən onun dalınca yüyürəcəkdim, amma çatmayacaqdım, sonra isə bütün ömrüm uzunu itirilmiş o mavi dənizin sorağıyla diyarbadiyar gəzəcəkdim...”

Yazıçı həyatı boyu dəniz görməyən və ona can atan bir gəncin yanğısını, arzusunu elə bir dillə, enerjiylə təsvir edir ki, onun sehrinə düşməmək qeyri-mümkündür. “Ayrıldılar”, “Qaralmaz günəş”, “Ay işığında” bu qəbildən olan hekayələrdəndir. Lakin yazıçının unikallığı həm də ondadı ki, o tarixi, qəhrəmanlıq  mövzusunda yazdığı əsərlərini də eyni zərif, incə “tonallıqda” təqdim edə bilir.

Ə.Məmmədxanlı “Bəxtiyar”, “Cazibə qüvvəsi”, “Leyli və Məcnun”, “Fətəli xan” “İntizar” və b. filmlərin ssenari müəllifidir. Lakin bu günə kimi hər birimizin sevə-sevə, qürurla baxdığımız “Babək” həmin siyahıda xüsusi seçilir.

... Rafael Hüseynov “Millətin zərrəsi” kitabında yer alanBağ romanı” essesində Ə.Məmmədxanlının gündəliyindən parçalar verir:

Heç olmasa bircə dəfə, son dəfə onun əlini əlimə alıb doyunca üzünə baxsaydım...

Mənim bu düşüncələrim bəlkə də başqalarına gülünc görünəcək. Olsun!

Mən onu ömrümün sonuna kimi unutmayacağam... ”

Bu cümlələri oxuyanda “Babək” filmindən sonra az qala aforizmə çevrilmiş, Babəkin sevdiyi qadın, Pərvin haqqında dediyi – “Unudulmayan qadın budur!” – ifadəsini xatırladım. Və o otaq, yazıçının yan-yövrəsindəki “kar-kağız səliqəsizliyi”, pırtlaşıq saçlarını bir az da qarışdırıb yazması xəyalıma gəldi. Kim bilir, hansı “unudulmayan”ın, “ömrünün sonuna kimi unutmayacağının” həsrətiylə yazırmış həmin sətirləri.

 

lll

 

Ənvər Məmmədxanlı zəmanəsinin sığalını da – Azərbaycanın Əməkdar İncəsənət xadimi, Xalq yazıçısı fəxri adları almasıyla, silləsini də – “Şərqin səhəri” pyesinin SSRİ Dövlət mükafatına layiq görülüb, mükafat alanların siyahısında adının olmamasıyla... dadmış sənətkardır. Əslində bəlkə hər ikisini daha fərqli, daha ağır dadmışdı. Bütün bunlar onun keçmişində, avtobioqrafiyasında, bizim ədəbiyyat tariximizdə qalıb. Amma İNDİ...?

Xalq yazıçısı Anar “Həyatım ağrıyır” povestində yazır:

 “Ənvər ilk hekayələrinin müəllifi kimi otuzuncu illərdə nə səbəbdənsə, Allah eləməmiş dünyasını dəyişməli olsaydı, bu gün onu məsələn, tutalım musiqidə Asəf Zeynallı, rəssamlıqda Rüstəm Mustafayev kimi çox erkən vəfat etmiş nadir bir istedad kimi xatırlar və qiymətləndirərdilər. Atasına görə, öz çılğın hərəkətlərinə görə 37-ci ilin qurbanı olsaydı, indi daha da artıq bütləşdirilərdi. Vətən müharibəsi cəbhələrində həlak olsaydı, Azərbaycan nəsrinin unudulmaz müharibə qurbanı kimi anılardı... Amma ədəbiyyatda həqiqi, güzəştsiz meyarlara əsaslanan yerini tutması üçün o bütün ömrünü, bütün ağrıyan həyatını yaşamalıymış... Və əgər kiminsə çox doğru söylədiyi kimi, yazıçılıq yalnız peşə deyil, həm də dünyada yaşamaq tərzidirsə, Ənvərin mənəviyyatımızda yeri bu gün təyin olunmuş səviyyəsindən qat-qat yüksəkdir. Ədəbiyyat tariximizdə ona ayrılmış guşədən dəfələrlə böyükdür.”

Son günlərdə Ənvər Məmmədxanlı yaradıcılığına yenidən nəzər salanda o böyüklüyü, yüksəkliyi hiss etdim. Amma bunu daha yaxşı anlamağımız üçün ona başqa gözlə, daha həssas ürəklə baxmalıyıq... Ədəbiyyat dünyasının, divarsız otağının içinə girərək, Domokl qılıncının altında oturaraq!

 

 

PƏRVİN

 

525-ci qəzet.- 2013.- 28 fevral.- S.7.